“Fərda məni öldürmək istəyirmiş”
10 iyun 2010 13:00 (UTC +04:00)

“Fərda məni öldürmək istəyirmiş”

Təqsirləndirilən şəxs: “Nadirin yüz sifəti var”

İyunun 10-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) ötən ilin aprel ayında baş verən qətliamla bağlı cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


Lent.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə prosesdə təqsirləndirilən şəxslərin ibtidai istintaq vaxtı onlara verilən işgəncə və fiziki zor tətbiq edilməsi haqqında məhkəmə tibbi-ekspertizasının təyin olunması ilə bağlı verdikləri vəsatət müzakirə olunub. Dövlət ittihamçısı ekspertizanın keçirilməsinə etiraz etmədiyini bildirib. Məhkəmə təqsirləndirilən şəxslərin vəsatətinə baxmaq üçün müşavirəyə yollanıb. Müşavirədən qayıdan məhkəmə təqsirləndirilən şəxslərin vəsatətini təmin edib. Məhkəmə qeyd edilən işgəncə faktlarının araşdırılması üçün tibbi ekspertizanın təyin edilməsi haqqında qərar qəbul edib.


Daha sonra məhkəmə prosesi davam etdirilib. Məhkəmə ifadə vermək üçün təqsirləndirilən Cavidan Amirova söz verib. Lakin C. Amirov ifadə verməyəcəyini bildirib: “Mən məhkəmənin ədalətli olduğuna inanmıram”.


Sonra təqsirləndirilən Nəcəf Süleymanov ifadə verib. O, təqsirləndirilən şəxslərdən Ariz Qabulovdan başqa hamısını tanıdığını bildirib: “2001-ci ildən Bakıda santexnik işləyirəm. 2008-ci ildə payızında atam xəstələndi. Oktyabrın 29-da Gürcüstana, atamın yanına getdim. Atamın vəziyyəti ağır idi. Bir müddət orada qalandan sonra Bakıya qayıtdım. 2009-cu ilin martın ortalarında atamın vəziyyəti ağırlaşdığına görə yenidən Gürcüstana getdim. Həmin vaxt Fərda Qədirovu evlərinin eyvanında gördüm. Onunla salamlaşdıq. Bundan sonra onu görməmişəm. Bakıya qayıdandan sonra martın 31-də Fərda mənə zəng elədi. O, mənimlə görüşmək istəyirdi. İşdə idim. Ona vaxtım olmadığımı söylədim. Bir daha onunla danışmamışam. Aprelin 6-da atam rəhmətə getdi. 15-nə kimi Gürcüstanda, kənddə qaldım. Lakin maddi vəziyyətimiz pis olduğundan Bakıya qayıtmalı oldum. Çünki 400 dollar alacağım var idi. Həmin pulu alıb atama baş daşı qoymalı idim. Elə oldu ki, pulu gec aldım. Aprelin 30-da məni polislər tutub “banditizm”ə apardılar. İfadəmi aldılar, heç nədən xəbərsiz olduğumu söylədim. Lakin müstəntiq Fəxrəddin Pənahov Fərdanı haradan tanıdığımı soruşdu, kəndçi olduğumuzu söylədim. Sonra məndən Fərda ilə bir yerdə Gürcüstandan silah almağımı soruşdu. Dedi ki, Nadir guya, mənim Fərda ilə bir yerdə silah aldığımı söyləyib. Bunların yalan olduğunu bildirdim. Orada mənə fiziki təsir göstərildi”.


N. Süleymanov ilkin olaraq ona 15 sutka cəza verildiyini söyləyib: “15 gün ərzində mənə dedilər ki, Cinayət Məcəlləsinin 307.3-cü (Qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddəsi ilə məni ittiham edəcəklər. Bircə, mən onların yazdığı sənədə qol çəkim. Amma mən razılaşmadım. Ona görə də, bütün maddələri yıxdılar üstümə”.


Sonra N. Süleymanov dövlət ittihamçısı Abdulla Yusifovun suallarını cavablandırıb. N. Süleymanov A. Yusifovun “martın 31-də Fərda sizinlə nə səbəbdən görüşmək istəyirdi? sualına belə cavab verib: “İndi fikirləşirəm ki, Fərda məni görüşə çağırıb öldürmək istəyirmiş. Mənim dayım Seyid Qasımı öldürmək istəyən, nəslimi qırmaq istəyən mənimlə nə səbəbdən görüşmək istəyər axı...”


Prokurorun “Nadirin sənin üzünə durmasını və sənə qarşı ifadə verməsini nə ilə izah edirsən? sualına isə N. Süleymanov belə cavab verib: “Nadir özünü qurtarmaq üçün nəyə desən əl atar. Onun 100 sifəti var”.


Proses təyin olunan tibbi-ekspertizanın rəyi açıqlanana qədər qeydi-müəyyən vaxta qədər təxirə salınıb.


Qeyd edək ki, 2009-cu il aprelin 30-da ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açması nəticəsində 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törədən şəxs sonra özünü vurub. Onun Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu olduğu müəyyən edilib. Bu iş üzrə Nadir Əliyev, Ariz Qabulov, Cavidan Əmirov və Nəcəf Süleymanov tutularaq istintaqa cəlb olunublar.



Amirov Cavidan Fərman oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3 (terrorçuluq), 28,120.2.1 (qəsdən adam öldürməyə hazırlıq), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.10, 29,120.2.11, 29,120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 228.2.2, 228.3 (qanunsuz olaraq odlu silah, döyüş sursatı, əldə etmə, saxlama, daşıma və gəzdirmə) və 234.1-cü (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma) maddələri ilə, Əliyev Nadir Şirxan oğluna və Süleymanov Nəcəf Novruz oğluna 214.2.1, 214.2.3, 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.11, 120.2.12, 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12, 206.4 və 228.3-cü maddələri ilə, Qabulov Ariz Zahid oğluna 206.3.2 və 228.2.1-ci maddələri ilə ittiham irəli sürülüb.



Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.

Fərid Əkbərov
# 281

Oxşar yazılar