Ali Məhkəmənin qərarını saxtalaşdıranlara hökm oxundu
10 iyun 2010 12:45 (UTC +04:00)

Ali Məhkəmənin qərarını saxtalaşdıranlara hökm oxundu

İyunun 10-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Ali Məhkəmənin qərarını saxtalaşdırmaqda təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az-ın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, Füzuli Orucov 12 il, Kənan Şərifov 9 il və Kənan Qafarov 1 il müddətinə azadlıqdan məhrum edilib.


İttihama görə, Gəncə Apellyasiya Məhkəməsinin 24 iyul 2008-ci il tarixli qərarı ilə Türkiyə Respublikasının vətəndaşı Hasan Tarım Yakupa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının müddəti 8 il müəyyən olunub. Ali Məhkəmənin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 9 iyun 2009-cu il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin həmin qərarını dəyişdirilmədən saxlayıb. Ali Məhkəmənin qeyd edilən qərarının surəti məhkumun cəza çəkdiyi müəssisəyə göndərilib.


Lakin Penitensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisəsinin Xüsusi Şöbəsindən 24 avqust 2009-cu il tarixdə Ali Məhkəmənin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının katibliyinə daxil olan şifahi məlumatda məhkum Hasan Tarım Yakupun barəsində həmin kollegiyanın 9 iyun 2009-cu il tarixli qərarının olmasına baxmayaraq, hazırda müəssisəyə onun cəzasının Ali Məhkəmənin Cinayət İşləri Üzrə Məhkəmə Kollegiyasının 17 iyul 2009-cu il tarixli qərarı ilə dəyişdirilərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi barədə əlavə qərar təqdim edildiyi müəyyən olunub.


Həmin saxta sənəd Ali Məhkəmə tərəfindən araşdırılıb hüquqi qiymət verilməsi üçün 25 avqust 2009-cu il tarixdə Baş Prokurorluğa göndərilib.


Aparılan istintaqla müəyyən olunub ki, “AzPak Companien” şirkətində icraçı direktor vəzifəsində işləyən Kənan Şərifov tərəfindən Ali Məhkəmənin 9 iyun 2009-cu il tarixli qərarı saxtalaşdırılaraq, məzmununa məhkum Hasan Tarım Yakupun cəzasının yüngülləşdirilərək, guya sonuncunun cəzasının 3 il müddətinə azadlıqdan məhrum etmə ilə əvəz olunması barədə yalan məlumatlar daxil edilib. Onunla birlikdə bu əməli törədən Kənan Qafarov və Füzuli Orucov da saxlanılıblar.


Qeyd edək ki, təqsirləndirilənlər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci
(dələduzluq) və 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunublar.


Fərid Əkbərov
# 318

Oxşar yazılar