Bu il itkin düşən 47 nəfərin taleyinə aydınlıq gətirilib
10 iyun 2010 12:15 (UTC +04:00)

Bu il itkin düşən 47 nəfərin taleyinə aydınlıq gətirilib

Onların adı itkinlərin siyahısından çıxarılıb
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu tərəfindən 2010-cu ilin ötən dövrü ərzində keçirilmiş axtarış-araşdırma tədbirləri nəticəsində Komissiyada itkin düşmüş şəxs kimi qeydiyyata alınmış şəxslərdən 47 nəfərin taleyinə aydınlıq gətirilib.

Lent.az-ın komissiyanın saytına istinadən məlumatına görə, onların adları itkinlərin siyahısından çıxarılıb. Həmin şəxslərdən 15 nəfərinin döyüşlərdən və mühasirələrdən sağ çıxdığı, 17 nəfərin döyüşlərdə həlak olduğu, meyitlərinin tanınaraq dəfn edildiyi, 12 nəfərin siyahılardan təkrar keçdiyi, 3 nəfərin isə münaqişə bölgəsində kənarda itkin düşdüyü müəyyənləşdirilib.

Beləliklə, 1 iyun 2010-cu il tarixinə əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4090 nəfər təşkil edib. Onlardan 3297 nəfəri hərbçi, 787 nəfəri mülki şəxsdir. 6 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil. Mülki şəxslərdən 48 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq (17 nəfər azyaşlı qız), 252 nəfər qadın, 353 nəfər yaşlı şəxsdir (151 nəfər qadın). Əsir, itkin düşmüş 4090 nəfərdən 783 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olub, şahid ifadələri alınıb.

Əsir və girovluqdan 1397 nəfər azad edilib. Onlardan 343 nəfər qadın, 1054 nəfər kişidir. Eyni zamanda 169 nəfər uşaq (65 nəfər azyaşlı qız), 289 nəfər yaşlı şəxsdir (112 nəfər yaşlı qadın). Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 553 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyənləşib. Onlardan 104 nəfər qadın, 448 nəfər kişidir. 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər isə naməlum şəxsdir.
# 235

Oxşar yazılar