Nazir müavini: “FHN əməkdaşlarının fədakarlıqları nəticəsində itki vermədik”
08 iyun 2010 16:45 (UTC +04:00)

Nazir müavini: “FHN əməkdaşlarının fədakarlıqları nəticəsində itki vermədik”

Milli Məclisin bu gün keçirilən iclasında “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanun layihəsi müzakirə olunub.


Lent.az-ın məlumatına görə, iclasda fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev və nazirliyin digər iki yüksək vəzifəli nümayəndəsi iştirak edib. Məlumat verilib ki, 36 maddə və 7 fəsildən ibarət qanun layihəsində fövqəladə hallar orqanlarında xidmətkeçmənin hüquqi əsasları, əməkdaşların sosial müdafiə məsələləri, işə qəbul və xidmətə xitam vermə qaydaları, rütbələr, dərəcələr və s. əksini tapıb. Qeyd olunub ki, Fövqəladə Hallar Nazirliyi (FHN) çox qısa bir müddətdə həm maddi-texniki, həm də elmi baza ilə təmin edilmiş olsa da, indiyədək qurumda xidmətkeçmə haqqında qanun yox idi. Bu qanun qəbul olunandan sonra FHN-in hüquqi mənada tam, yüksək səviyyədə fəaliyyəti üçün artıq normativ baza olacaq.


Çıxış edən deputatlardan Səyavuş Novruzov, Elmira Axundova, Qüdrət Həsənquliyev və Məlahət İbrahimqızı FHN əməkdaşlarının fəaliyyətinə, xüsusən son vaxtlarda ölkənin fəlakət bölgəsində gördüyü işlərə yüksək qiymət veriblər.


Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev bildirib ki, FHN-in əməkdaşları təxminən bir aydır fəlakət bölgəsindədir. Onun sözlərinə görə, FHN-lə yanaşı, Müdafiə və Daxili İşlər nazirliklərinin və digər qurumların əməkdaşları bölgədə fədakarlıq göstəriblər: “Burada ayrı-ayrı fərdlərdən yox, dövlətdən söhbət gedir”.



E.Mirzəyev fəlakət bölgəsində olan FHN əməkdaşlarının 48 saat yatmadan fəaliyyət göstərdiklərini, çalışdıqlarını deyib: “Biz həmin insanların fədakarlıqları nəticəsində itki vermədik”.


“Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanun layihəsinin hazırlanması və parlamentdə müzakirə olunmasından məmnunluğunu da ifadə edib.


Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul olunub.


Pərvin Abbasov
# 832

Oxşar yazılar