Oş hadisələrinin azərbaycanlı şahidi danışdı
18 iyun 2010 19:00 (UTC +04:00)

Oş hadisələrinin azərbaycanlı şahidi danışdı

“Şəhərdə vəziyyət nisbətən sakitləşsə də, insanlara hələ də qorxu hissi hakimdir”


“Oş vilayətində vəziyyət sakitləşməyə başlayıb, insanlar artıq küçələrə çıxırlar, lakin yenə də adamlara həyəcan və qorxu hissi hakimdir”.



Bu sözləri APA-ya açıqlamasında hazırda Oş şəhər hava limanında olan həmyerlimiz, tələbə Kərimov Sabir Məcid oğlu deyib. O, növbəti təyyarə ilə Bişkekə gedəcəyini bildirib. Oş Dövlət Universitetinin hüquq fakültəsinin məzunu olan Sabir Kərimov buraxılış imtahanlarını versə də, şəhərdə iğtişaşlar başladığına görə diplomunu ala bilməyib.


O, baş verən hadisələrlə bağlı təəssüratlarını APA-ya bölüşüb: “Baş verən hadisələrin mənə birbaşa təsiri olmadı. Mən mənzil kirayə edərək dostlarımla bir yerdə qalırdım, təhlükəsiz yerdə idim. Küçəyə çıxmaq təhlükəli idi, iğtişaşlar başlamışdı, adamlar hər yeri dağıdır, alt-üst edirdilər. Bu gün vəziyyət nisbətən sakitdir. Adamlar küçələrə çıxırlar. Hər yer əsgərlərlə doludur, onlar ictimai asayişi təmin etməyə çalışırlar. Amma yenə də qorxu hissi qalmaqdadır”.



Sabir Kərimov Oş şəhərini valideynlərinin təkidi ilə tərk etdiyini bildirib. Onun sözlərinə görə, valideynləri Azərbaycanın Qırğızıstandakı səfirliyi ilə əlaqə saxlayaraq övladlarının Bişkekə evakuasiya olunması üçün yardım istəyiblər: “Səfirliyin əməkdaşları mənimlə əlaqə saxladılar və Bişkekə uçmağıma yardım etdilər”.


Oş şəhərində azərbaycanlıların qalıb-qalmadığı barədə sualı cavablandıran soydaşımız bildirib ki, burada yaşayan və təhsil alan Azərbaycan vətəndaşları ilə əlaqəsi olmayıb: “Lakin eşitdiyimə görə, Oşda bir neçə azərbaycanlı ailəsi yaşayır”.


Azərbaycanın Qırğızıstandakı səfirliyinin müşaviri İlqar Cabbarov APA-ya bildirib ki, Sabir Kərimov Bişkekə qayıtdıqdan sonra səfirlik onun Bakıya dönməsini təmin edəcək. İlqar Cabbarov soydaşımızın Bişkekə evakuasiya olunmasında göstərdiyi köməyə görə Qırğızıstan Daxili İşlər Nazirliyinin general-mayoru Abdılda Surançiyev və Qırğızıstan Sosial Fondunun sədrinin səlahiyyətlərini icra edən Mukam Abıl Qaziyevə öz minnətdarlığını bildirib.
# 408

Oxşar yazılar