Eynulla Fətullayevlə bağlı məhkəmə istintaqı yekunlaşdı
16 iyun 2010 13:00 (UTC +04:00)

Eynulla Fətullayevlə bağlı məhkəmə istintaqı yekunlaşdı

Qaradağ rayon Məhkəməsində həbsdə olan jurnalist Eynulla Fətullayevin barəsində başlanan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.


APA-nın xəbərinə görə, hakim İsmayıl Xəlilovun sədrliyi ilə keçirilən prosesdə Eynulla Fətullayev ona qarşı irəli sürülən ittihamla razılaşmadığını bildirib.
Fasilədən sonra prosesdə məhkəmə istintaqının yekunlaşdığı bildirilib.


Prokuror isə çıxış üçün iyunun 23-dək vaxt istəyib.


Qeyd edək ki, “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin sabiq baş redaktoru Eynulla Fətullayev 2007-ci il aprelin 20-də həbs edilib. Jurnalist 2005-ci ildə qələmə aldığı “Qarabağ gündəliyi” adlı silsilə yazılarında xocalıları təhqir etməkdə günahlandırılıb və ona 2 il 6 ay həbs cəzası verilib. Tutulandan sonra ona əlavə ittihamlar irəli sürülüb və jurnalist 2007-ci il oktyabrın 30-da 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


2009-cu il dekabrın 30-da isə 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan E. Fətullayevin üzərində 0,223 qram həcmində heroin aşkarlanıb. Bununla əlaqədar olaraq ona qarşı Qaradağ RPİ-nin istintaq şöbəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi qaldırılıb.


İş üzrə təyin edilmiş Məhkəmə-bioloji-kimyəvi ekspertizasının rəylərinə görə, istintaq zamanı E. Fətullayevdən götürülmüş qan və sidik nümunələrində diasetil-morfi (heroin), amfetaminil narkotik vasitələri və flunitrozepam-M psixotrop maddəsi aşkar edilib.
Göstərilənlərlə yanaşı, məhkəmə-narkoloji ekspertizasının rəyinə görə, təqsirləndirilən şəxs E. Fətullayevdə narkotik vasitə olan diasetil-morfi (heroin), amfetaminil və psixotrop dərman vasitəsi olan benzodiazepindən istifadə etmə halları olub, lakin müayinə zamanı narkomaniya xəstəliyindən əziyyət çəkməməsi baxımından E. Fətullayevin narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. E. Fətullayevin narkotik vasitələr və psixotrop maddələrdən istifadə etmə halları nəzərə alınaraq narkoloji profilaktik qeydiyyata alınması məsləhət görülüb
# 459

Oxşar yazılar