Bakıda 15 nəfərlik transmilli cinayətkar dəstə zərərsizləşdirilib
21 yanvar 2010 17:00 (UTC +04:00)

Bakıda 15 nəfərlik transmilli cinayətkar dəstə zərərsizləşdirilib

Yanvarın 21-də Bakı şəhər Baş Polis İdarəsində (BŞBPİ) 2009-cu ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.


İdarədən APA-ya verilən məlumata görə, müşavirədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov da iştirak edib. Müşavirədə çıxış edən nazir bildirib ki, paytaxt Bakı nəinki bütün MDB məkanında, hətta Avropada ən sabit, təhlükəsizliyin yüksək səviyyədə təmin olunduğu şəhərlərdən biridir.


Sonra BŞBPİ rəisi, general-mayor Rafiq Abbasov hesabat dövründə paytaxtda cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və təhlükəsizliyin təmini, əməliyyat-xidmət fəaliyyətinin digər sahələrində həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış edib.


Qeyd edilib ki, paytaxtda kriminogen durum nəzarətdə saxlanılıb. Hesabat dövründə Bakı şəhərində 10.781 cinayət qeydə alınıb. Onların 85,9 faizi az ağır və böyük ictimai təhlükə törətməyən, 14,1 faizi isə ağır və xüsusilə ağır cinayətlər olub. Qabaqlayıcı profilaktiki tədbirlərin düzgün təşkili və həyata keçirilməsi sayəsində 2008-ci illə müqayisədə qəsdən adam öldürmələrin sayı 11,9 faiz, soyğunçuluqlar 5,2 faiz, ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı cinayətlər 11,6 faiz, hədə-qorxu ilə tələb etmə 4 dəfə, adam oğurluğu cinayətləri 12,5 faiz azalıb.


Qeydə alınmış cinayətlərin açılması 81 faiz təmin olunub, keçən illə müqayisədə 982 cinayət çox açılıb. Ağır növ cinayətlərin açılması 5,8 faiz yaxşılaşaraq 79,7 faizə çatıb, qəsdən adam öldürmələrin 84,7 faizi, ölümə sui-qəsdlərin 100 faizi, quldurluqların 86,7 faizi, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin 93,4 faizi açılıb. Ötən il ərzində 90 quldurluq və 47 soyğunçuluq törətmiş 170 nəfərdən ibarət 44 cinayətkar qrup, eləcə də 61 mənzil oğurluğu törətmiş 15 nəfərdən ibarət 17 cinayətkar qrup ifşa edilərək zərərsizləşdirilib.


BŞBPİ sədri daha sonra bildirib ki, paytaxt polisi ötən il ərzində 15 nəfərdən ibarət transmilli cinayətkar dəstə və 87 qrupu aşkar edərək zərərsizləşdirib, cinayətkarlardan ümumilikdə 195 kq (2008-ci ildə 151 kq) narkotik vasitə götürülüb.


Məruzə ətrafında çıxış edən BŞBPİ-nin bir sıra xidmət və ərazi polis orqanlarının rəisləri qazanılmış yüksək göstəricilərlə yanaşı, görülmüş işlər barədə də məruzə edib, mövcud nöqsanları qısa müddətdə aradan qaldıracaqlarına söz veriblər.


Tədbirə yekun vuran nazir R.Usubov müşavirə iştirakçılarına tapşırıq və tövsiyələrini verib, nöqsanların aradan qaldırılması yollarını göstərib və qeyd edib ki, əməkdaşların peşəkarlığının, intellektual səviyyəsinin, rəhbər işçilərin idarəçilik bacarığının artırılması, nizam-intizamın daha da gücləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin müasir forma və üsullarının mənimsənilməsi üçün lazımi tədbirlər görülməli, bu istiqamətdə işin müasir tələblər səviyyəsində təşkili məqsədi ilə beynəlxalq təcrübədən faydalanmalı, iş keyfiyyətini, peşə hazırlığını və bilik səviyyəsini artırmaq üçün müasir axtarış və informasiya texnologiyalarından səmərəli şəkildə istifadə olunmalıdır.


R.Usubov Daxili İşlər Orqanları, o cümlədən paytaxt polisinin cinayətkarlığa qarşı mübarizəni qətiyyətlə davam etdirəcəyini, dövlət başçısının sabitliyin, əmin-amanlığın, ictimai asayişin nümunəvi təmini istiqamətində qarşıya qoyduğu bütün tapşırıqları, vəzifələri əzmlə yerinə yetirəcəyini, Azərbaycanın dövlətçiliyinin və müstəqilliyinin keşiyində bundan sonra da sayıq dayanacağını vurğulayıb.
# 522

Oxşar yazılar