Təyyarələr eniş zolağına yaxınlaşarkən elan verilir. “Xahiş olunur, ayağa qalxmayın. Çıxış icazəsi verilənə qədər oturmağınız rica olunur”.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, pilot blogger Aleksey Koçemasov təyyarə dayandıqdan sonra baş verə biləcək riskli hallar barədə danışıb.
“Təyyarə dayansa da, bu onun yenidən hərəkət etməyəcəyi anlamına gəlmir. 10 enişdən ən azı 3-də təyyarənin yerini dəyişmək, hərəkət etdirmək lazım gəlir. Çox zaman təyyarəni xüsusi zəncirlərlə bağlayıb, qoşquyla dartıb öz dayanacağına aparmaq lazım gəlir, gözlənilməz təkanlar, vəziyyətlər yarana bilər. Ona görə təyyarə dayanan kimi dərhal yükünüzü götürüb qapıya doğru tələsməyin. Mənim şəxsi təcrübəmdə olub, təyyarəni dartan avtomobilin sürücüsü əyləclə qaz pedalının yerini səhv salıb, təyyarə onu dartan avtomobillə toqquşmuşdu.
Belə olanda təyyarədə ayaq üstə olan sərnişinlər yıxıla və yaralana bilər”,- 38 il iş təcrübəsi olan pilot qeyd edib.
Qeyd edək ki, Aleksey Koçemasov sosial şəbəkələrdə çox aktivdir və 67 min izləyicisi var. Onun bloqunu izləyənlər təyyarə və uçuşlar barədə çox şey öyrənə, dünyanı virtual səyahətə çıxa bilirlər.