İranda baş örtüyü üstündə öldürülən Mahsa Aminin ölümündən sonra aylardır davam edən etiraz aksiyalarının ardından ölkə üzrə 30 məktəbdə 400-ə qədər şagird qızın zəhərlənməsi məsələsi gündəmə gəlib. Qızların zəhərlənməsində radikal qruplaşmaların əlinin olduğu bildirilir.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, son 3 ayda İranda müxtəlif bölgələrdə yerləşən 30 məktəbdə 400-ə qədər şagird qzın zəhərlənərək xəstəxanaya aparılmasına dair araşdırmalara başlanılıb. Ölkənin Səhiyyə nazirinin müavini Yunis Pənahi zəhərlənmələrdə İranda bütün qız məktəblərinin bağlanmasını istəyən qüvvələrin əli olduğunu bildirib.
İranın millət vəkili Əli Reza Monadi də bu hadisələrin hökumətə qarşı etiraz qaldıran radikal qruplar tərəfindən qəsdən törədildiyini deyib.
Qeyd edək ki, 6 aydan çoxdur İranda davam edən etiraz aksiyalarında 530 nəfər ölüb, 20 minə yaxın insan həbs edilib.