“Hizbullah”la bağlı vəziyyətin təkrarlanmaması üçün İslam İnqilabı Keşikçiləri Korpusunun bütün üzvlərinə rabitə avadanlıqlarından istifadə qadağan edilib.
Lent.az bildirir ki, İranın iki yüksək rütbəli təhlükəsizlik məmurunun “Reuters” agentliyinə verdiyi məlumata görə, qərar onun Livandakı “Hizbullah” müttəfiqlərinin istifadə etdiyi minlərlə peycer və radionun keçən həftə ölümcül hücumlarda partlamasından sonra verilib.
Təhlükəsizlik rəsmilərindən biri deyib ki, İran İnqilabı Keşikçiləri Korpusu təkcə rabitə avadanlıqlarını yox, bütün cihazları yoxlamaq üçün genişmiqyaslı əməliyyat keçirir. Onun sözlərinə görə, bu cihazların əksəriyyəti ya evdə hazırlanıb, ya da Çin və Rusiyadan gətirilib.
İran İsrail agentlərinin, o cümlədən İsraildən maaş alan iranlıların sızmasından narahatdır və artıq orta və yüksək səviyyəli SEPAH üzvlərini hədəf alan şəxsi heyətlə bağlı hərtərəfli araşdırmaya başlayıb, məsələnin həssaslığı səbəbindən adını çəkməkdən imtina edən məmur əlavə edib.
“Bura onların həm İrandakı, həm də xaricdəki bank hesablarını, habelə onların və ailələrinin səyahət tarixçələrini yoxlamaq daxildir”, - təhlükəsizlik rəsmisi bildirib.
İranın xarici işlər, müdafiə və daxili işlər nazirlikləri təhlükəsizlik rəsmilərinin “Reuters” agentliyinə verdiyi şərhlərə operativ cavab verə bilməyiblər.
Ötən həftənin çərşənbə axşamı günü koordinasiyalı hücum zamanı peycer cihazları “Hizbullah”ın yerləşdiyi məntəqələrdə işə düşüb. Çərşənbə günü yüzlərlə “Hizbullah” radiosu partladılıb. Hücumlarda 39 nəfər ölüb, 3000-dən çox insan yaralanıb.
Livan və “Hizbullah” hücumların arxasında İsrailin olduğunu bildirir. İsrail iştirakını nə təkzib, nə də təsdiqləyib. Təhlükəsizlik rəsmisi SEPAH-ın 190 000 nəfərlik qüvvəsi tərəfindən kommunikasiyaların necə idarə olunduğu barədə təfərrüatları açıqlamaqdan imtina edib.
"Hazırda mesajlaşma sistemlərində uçdan-uca şifrələmədən istifadə edirik", - o deyib.
Eyni rəsminin sözlərinə görə, İranın hakim strukturunda geniş narahatlıq var. SEPAH rəsmiləri texniki qiymətləndirmələr üçün “Hizbullah”a müraciət edib və partladılan cihazların bir neçə nümunəsi iranlı ekspertlər tərəfindən müayinə olunmaq üçün Tehrana göndərilib.