Aristokrat qadın sekta qurbanı oldu, qatillə qaçdı, öz körpəsini öldürdü
07 mart 2023 18:27 (UTC +04:00)

Aristokrat qadın sekta qurbanı oldu, qatillə qaçdı, öz körpəsini öldürdü

Bu il mart ayının 2-də London polisi meşədə iki aylıq uşaq meyitinin qalıqlarının tapıldığını bildirdilər. Bu tapıntı ilə aylardır davam edən cinayət işi yeni mərhələyə girdi. Cinayət işi əsl - nəcabətli, aristokrat ailəyə məxsus bir britaniyalı qadının sekta qurbanı olmasından, bir qatillə qaçmasından, ondan doğulan körpəsini öz əlləri ilə öldürməsindən bəhs edirdi.

Lent.az qorxu filmlərini andıran cinayət işi barədə məlumat verir.

Ötən il yanvarın 5-də kral ailəsinə yaxınlığı ilə bilinən Konstansa Martenin yoxa çıxması ilə bağlı xəbərlər yayılmışdı. Böyük Mançester qraflığında, Bolton yaxınlığında yolda yanmış bir avtomobil tapıldı. Nömrələr yoxlanıldı və maşının Konstansaya aid olduğu məlum oldu. Polis müəyyən etdi ki, qadın yanan avtomobildə uşaq doğub. 

Yaxın qohumları Konstansanın özünə yeni sevgili tapdıqdan sonra çox dəyişdiyini deyirdilər. Ailəsi övladı dünyaya gəldikdən sonra Konstansanın dəyişəcəyinə ümid edirdi, amma o əksinə bütün doğmalarından qaçır, uzaq dururdu.

Konstansa kökləri XV əsrə dayanan aristokrat nəslin nümayəndəsiydi. Onun nəslindən çıxanlar əsasən hüquq və siyasətlə məşğul olurdular. Ailənin Cənubi Dorset qraflığında yerləşən böyük malikanəsi 115 milyon funt dəyərindəydi.

Nənəsi tanınmış arxeoloq, Britaniya İmperiyası Ordeninin kavaleri idi. Qadın İran və SSRİ ilə bağlı bütün tarixi faktları araşdırır, maraqlanırdı. Mariya Marten kralliyyət ailəsinə yaxınlığı ilə tanınırdı. Mariyanın atası Neypir Marten II Yelizavetanın  pajı ( kralın şəxsi qulluğunda olan zadəgan əsilli gənc) olmuşdu. Məhz Neypirin saraya bağlı keçmişi və qeyri - adi maraq dairəsi qızının gələcək taleyində rol oynadı.

Neypir

Neypir 1959-cu ildə doğulmuşdu. O İton kollecini bitirmiş və hüquqla məşğul olurdu. Günlərin birində həkim bir xanımla evləndi, bir qızı və iki oğlu doğuldu. Lakin birdən-birə sakit həyatın axını dəyişdi, günün birində Neypir yoxa çıxdı. Uzun axtarışlardan sonra o, Avstraliyada tapıldı və tapılarkən qəribə bəyanat verdi. “Beynimdən bir səs mənim bura gəlməyimi tələb etdi, mən də gəldm”. Neypir arvadından  boşandı, onu uşaqları ilə bərabər taleyin ümidinə buraxıb dini görüşlərini kamilləşdirmək üçün getdi. Çox axtarmağa gərək qalmadı. O okean üzərindəki qayada avstraliyalı aborigenlərə rast gəldiyini və axtardığını onlarda tapdığını bildirdi.

İllər sonra vətəninə qayıdan aristokrat zadəgan həyatının onu mənən boşluğa sürüdüyünü deyərək saraya dönmək istəmədi, o bir yük maşınında yaşamağa başladı, aşpaz kimi işə düzəldi. Sonralar iki oğlunu da yanına alıb yaşıllığa xidmət firması açaraq ətraf aləmə qayğı göstərməyə başladı. Neypir hazırda musiqiçi və prodüser kimi fəaliyyət göstərir.

Atası mənəvi axtarışlarda olarkən qızı Konstansa nənəsinin yolu ilə gedərək Şərq tarixini araşdırmağa və ərəb dilini öyrənməyə başladı. Lids Universitetini bitirən qız “Əl- Cəzirə” teleşirkətinin London bürosunda işə girdi və hər şey də burdan başlandı. Konstansa nigeriyalı pastor Ti Bi Coşua haqqında film çəkmək istəyirdi. 2021-ci ildə həyatını itirmiş bu keşişi afrikalılar öz mənəvi ataları hesab edirdilər.

Coşua

Coşuanı müasir dövrün peyğəmbəri hesab edənlər var idi. O bir çox hadisələri öncədən görüb demişdi. Məsələn, Maykl Ceksonun ölümünü, Malayziyaya məxsus təyyarənin itməsini (2014). Keşiş duaları ilə insanları sağaltdığını və ilahi gücə malik olduğunu iddia edirdi. Onun “fitri istedadından” uzaqdan yararlanmaq istəyənlər ekran qarşısına toplanır, pasterin dualarını qəbul edirdilər. Bu bir növ rusiyalı şarlatanlar Çumak və Kaşpirovskinin metodunun davamı idi. Konstansa bu insanla tanış olmaq üçün Nigeriyaya getdi və gözlənilmədən bu sektanın toruna düşdü. Gənc aristokrat xanım Coşuanın tələbəsi olduğunu bəyan elədi. 6 ay sonra geri dönəndə isə kimsə Konstansanı tanımadı. Nigeriyada nə baş verdiyini sirr kimi saxlayan qız başdan ayağa dəyişdi. O ailəsi ilə üz-üzə görüşmək istəmir yalnız telefonla danışırdı. Özü barədə məlumat vermirdi. Yaxınları qızın dəli olduğunu düşünürdülər.

Bir müddət sonra o Coşuanın təsirindən çıxdığını bildirdi, işindən ayrılıb azad fotoqraf kimi fəaliyyətə başladı. 
2015-ci ildə Konstansa Mark Qordon adlı bir kişiylə görüşməyə başladı. Qordon 28 yaşlı Konstansadan 13 yaş böyük idi. O zorlama və təcavüzə görə ömrünün 20 ilini həbsdə keçirmişdi. Cütlük Londonun kənar məhəllələrindən birində çox kasıb həyat yaşayırdı. 2022-ci ildə ailəsi Konstansanın hamilə olduğunu eşidəndə ona evə qayıtmağı təklif etdi, qız rədd cavabı verdi.

2023-cü il yanvarın 5-də Konstansanın yanan avtomobili tapıldı. Konstansa avtomobilin arxa oturacağında doğmuşdu, uşaq isə yox idi. Bir neçə günlük axtarışlardan sonra Konstansa və Mark Qordonun marketlərdən alış - veriş etdiyi, lakin yeni doğulmuş körpə üçün heç nə almadıqları məlum oldu. Onlar videokameralarda bir neçə dəfə körpə uşaqla da görünmüşdülər. Fevralın 28-də Braytonda saxlanılan Konstansa və Mark körpənin taleyi barədə məlumat vermək istəmədilər. Polis 2 aylıq körpənin cəsədinin qalıqlarını Brayton rayonu ərazisində meşədən tapdı. Körpənin valideynləri onu öldürməkdə ittiham olundular. Konstansa ən qəribə taleyi olan aristokrat kimi tarixə düşdü. Onu zadəganlıqdan səfil həyata sürükləyən, öz övladını öldürəcək qədər qəddarlaşdıran səbəb nə idi, bu hələ də sirr olaraq qalır.

Bəziləri bunu Konstansanın atasının onda yaratdığı psixoloji təsirlə, bəziləri Coşuanın sektasında aldığı travmalarla əlaqələndirilər. Konstansa hər zaman “pis oğlanlara” cazibə hiss edir, onlara can atırdı. Körpəsinin ölümünə keçmiş qatil olan sevgilisi Qordon səbəb olmuşdumu? Bütün bu suallara hələlik cavab yoxdur. Mark və Konstansa üçün həbs olunmaq da faciə sayılmırdı. Onlar bunu çox sakit qarşıladılar. Bir sözlə, kraliyyət ailəsinin səfil nümayəndəsinin sirri hələ də sirr olaraq qalır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2859

Oxşar yazılar