Üçüncü sektor və media: tanışlıqdan əməkdaşlığa doğru
14 noyabr 2009 16:00 (UTC +04:00)

Üçüncü sektor və media: tanışlıqdan əməkdaşlığa doğru

Biz jurnalistlərin hər zaman işimizə kənardan baxmaq imkanımız olmur. Gərgin çalışmalar üzündən çevrənin kənarına çıxmaq elə də asan deyil. İndiyə kimi bu imkanı qazananlardan həmişə “maraqlı səhnələrlə qarşılaşdım”, “heç belə təsəvvür etmirdim” və s. kimi sözlər eşidirdik. Doğrudan da ilginc mənzərə ilə qarşılaşırıq.

Media İnkişaf Mərkəzinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sifarişi ilə həyata keçirdiyi layihə medianın işinə kənardan nəzər salmağa imkan yaratdı.

Azərbaycanda üçüncü sektorun inkişafında medianın rolunu tədqiq etməyin bir üsulu da KİV-in monitorinqi idi. Bu ilin may ayından başlayan monitorinq göstərdi ki, istənilən halda, nə qədər az yer versə belə, hər bir KİV-in fəaliyyəti vətəndaş cəmiyyətinin inkişafına bu və ya digər şəkildə xidmət edir. Lakin hər bir media orqanının bu sahəyə öz baxış bucağı var. Məsələn, bəzi KİV yalnız məhdud sayda QHT-lərlə işləyir, digər təşkilatların fəaliyyətinə az yer verir, yaxud heç yer vermir. Düzünü söyləsək, Azərbaycanda mövcud olan QHT-lərin hamısının fəaliyyətini hərtərəfli, qərəzsiz, davamlı olaraq işıqlandıran çox az sayda KİV tapmaq olar.

Məsələn, monitorinq göstərir ki, “ANS press” saytı Qarabağ Azadlıq Təşkilatının hər hansı bir açıqlamasını, tədbirini qaçırmır. Bu təşkilat həmin internet saytının ən çox diqqət etdiyi təşkilatdır. Amma eyni gündə digər qeyri-hökumət təşkilatlarının çox önəmli açıqlamaları həmin saytda yer almaya bilər. Day.az, 1 news, SİA-da da “İrəli” təşkilatının bütün fəaliyyətini izləyə bilərsiniz, ancaq bu saytların bütün gənc təşkilatlara bu qədər diqqət yetirdiyini təəssüf ki, söyləyə bilmərik.

Media Forum, Lent.az, APA-da isə QHT-lərin fəaliyyətinin tərəfsiz işıqlandırıldığını və xəbərə obyektiv, operativ yanaşıldığının şahidi oluruq.

Ancaq bu məsələdə təqsiri yalnız mediada axtarmaq da düz deyil. Bəzi hallarda QHT-lərin də öz işinə diqqətlə yanaşmadığının şahidi oluruq. Bəzi QHT-lər var ki, onların gün ərzində verdiyi açıqlamaya bütün saytlarda rast gəlmək mümkündür. Məsələn, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinə bütün KİV-in münasibəti eynidir. Bu, təşkilatın və onun rəhbərliyinin mətbuatla münasibətləri doğru qurduğunu göstərir.

Bu fikirlər təkcə internet mediaya və agentliklərə deyil, eyni fikirləri qəzetlər haqqında da söyləmək olar. Çap mediasında daha çox insan haqları, qanunçuluq, media və iqtisadiyyat sahəsində fəaliyyət göstərən QHT-lərə yer ayrılır. Bu, ilk növbədə, qəzetlərin ölkə həyatının daha çox diqqət ayırdığı sahələridir. Həmin sahələrdəki QHT-lərin qəzetlərdə fəal görünməsinin bir səbəbi alternativ rəy ehtiyacından doğursa, digər səbəb rəsmi mənbələrdən informasiya almağın çətin olmasıdır. Ümumiyyətlə, KİV-QHT münasibətləri çox geniş bir mövzudur, bu barədə gələcək yazılarımızda çıxış etməyi planlaşdırırıq.


Səbinə Əvəzqızı,
layihə koordinatoru

# 551
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar