Vaqif Səmədoğlu: “Mircəfəri salona gətirəndə gözlərim yaşardı...” - MÜSAHİBƏ
11 noyabr 2009 20:00 (UTC +04:00)

Vaqif Səmədoğlu: “Mircəfəri salona gətirəndə gözlərim yaşardı...” - MÜSAHİBƏ

Lent.az-ın “Persona” rublikasının qonağı Azərbaycanın xalq şairi, “Şöhrət” ordenli, müxtəlif dillərdə çap olunmuş şeir və dram əsərlərindən ibarət 10-dan çox kitabın müəllifi, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri komissiyasının üzvü, millət vəkili Vaqif Səmədoğludur. Vaqif Səmədoğlu bizimlə söhbətdə ömür yolundan söz açdı, həyatının ən ağır və sevinci məqamları, xatirələrini dilə gətirdi.

- Ömrünüzün 70-ci baharını yaşayırsınız. Keçən illəri necə xatırlayırsınız?

- 70-ci bahar yanlışdır. Ömrün də dünyanın fəsilləri kimi fəsilləri var. Baharı, yayı, payızı, qışı var. Mənim 70 yaşım artıq ömrümün qışıdır. Ömrümün qışına gəlib çıxmışam. Açıq deyim ki, 70 yaşı şəxsi qələbəm sayıram. Yəqin ki, Allahın mənə verdiyi, mənim layiq olmadığım qələbədir. Bu qələbə ictimai-siyasi fəaliyyətimə görə deyil. O ömür ki, mən yaşamışam... Söhbət bogema həyatdan, məclislərdən, ov əziyyətindən gedir. Mən gərək ki, 40-42 yaşımda dünyamı dəyişəydim. Amma bilmirəm ki, necə oldu, 70 yaşa gəldim. Bəlkə ondan oldu ki, mən idmanla məşğul oldum. Yəni fzioloji varlığımın hansısa potensialını uşaqlıqda, yeniyetme dövründə, gənclikdə gücləndirmişəm, ovçu kimi havada çox olmuşam.
70 yaş qənimətdir. İdmanda marafon qaçışında 42 kilometr olur. Qaçıb gəlirsən və stadiona girirsən. Mənim ömrümdə artıq küçələrdə qaçış qurtarıb, stadiona girmişəm. Ancaq idmandan çalışırsan ki, finiş xəttinə birinci gələsən, burada yox. Əlindən gələni gərək edəsən ki, axırıncı gələsən. Gərək arxadan gələnləri buraxasan ki, səni keçsinlər.
Yazıçı, şair kimi kəmiyyət nöqteyi-nəzərindən özümdən razıyam. Çünki mənim mənsub olduğum nəsildə mənim qədər yazan olmayıb. İndinin özündə hərəsini 20 çap vərəqi götürsək, evimdə hələ ki, 10 cild çap olunmamış əsərlər var. Yəni nə isə etmişəm. Nə vaxt etmişəm, necə etmişəm, yadıma gəlmir.

- Azərbaycan Dövlət Konservatoriyasının ifaçılıq fakültəsini piano üzrə qurtarmısınız. Ancaq mən tərcümeyi-halınızla geniş tanış olmazdan əvvəl sizin filologiya, yaxud ədəbi ixtisaslardan biri üzrə ali təhsil aldığınızı düşünürdüm.

- Ona görə ki, bu, məndən asılı olmayıb. Atam məni musiqi məktəbinə qoyub. İndi həmin musiqi məktəbi Bülbül adınadır. O zaman həmin musiqi məktəbi Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoryiası nəzdində 10 illik musiqi məktəbi idi. Ora da çox prestijli məktəb idi. Mənimlə bir sinifdə oxuyan yalnız yazıçı uşaqlarının adını çəkəcəm. Onların sırasında Mirzə İbrahimovun qızı Sevda, Sabit Rəhmanın qızı Gültəkin, Cəfər Xəndanın oğlu Rəfiq Zəka, Osman Sarıvəllinin oğlu, indi professor olan Babək Qurbanov vardı. Məndən bir sinif yuxarıda Rəsul Rzanın oğlu Anar oxuyurdu. O cümlədən, bu müsiqi məktəbində Məmməd Rahimin oğlu, Süleyman Rəhimovun qızı oxuyurdu. Hətta Mircəfər Bağırovun oğlu Cem də bu musiqi məktəbində, rus sektorunda oxuyurdu. Cem Mircəfər Bağırovun özünün və həyat yoldaşı Yelenanın adının birləşməsidir. Cem çox tərbiyəli bir insan idi. Nazirlər Sovetinin sədri Teymur Quliyevin qızı Svetlana da burada oxuyurdu. Bu musiqi məktəbi belə prestijli bir məktəb idi. Görünür ki, buna görə də Səməd Vurğun uşaqlarının üçünü də bu musiqi məktəbinə qoymuşdu. Əvvəlcə Yusifi skripka sinfinə, sonra bacım Aybənizi fortepianoya qoymuşdu. Amma onların ikisi də bu musiqi məktəbində axıra qədər oxumadılar. Aybəniz 132 saylı, Yusif də 44 saylı məktəbə keçdi. Yusifin hansısa mənada filologiya təhsili var, çünki sonra Moskvada Qorki adına Ədəbiyyat İnstitutunda oxudu. Mən yox. Ümumiyyətlə, mən bilmirəm, şair mütləq filologiyada oxumalıdır? Mənə elə gəlir ki, Füzuli, Sabir, Mirzə Cəlil filologiya fakültəsində oxumayıblar. Puşkini də yadıma sala bilərəm, yarı hərbi litseydə oxuyub. Əlbəttə, zarafat edirəm. Amma təsəvvürə gətirin. Səməd Vurğunun oğlu! Uşaq dünyaya gözünü açandan xəbəri var idi ki, hansı intriqalar, dava-dalaşlar, çəkişmələr, uğurlar var. Gözümü açandan bunlar gözümün qabağında idi. Hər gün evdə 7-8 yazıçı, kimsə Səməd Vurğunu kimə qarşısa qızışdırırdı, kimisi nə isə kitab məsələsindən danışırdı. Yəqin ki, mən buna görə 11 yaşımda filologiya fakültəsində dərs deyə bilərdim, oxumağa ehtiyac yox idi. (gülür). Ancaq bunu zarafatla desəm də, səmimi deyirəm. Mən onu həmişə deyirəm ki, Səməd Vurğunda ilk qələm təcrübəsi var, ilk şerləri ilə sonda yazdığı şerlər arasında professionallıq nöqteyi-nəzərindən xeyli fərq var. Yəni qələm püxtələşib. Amma Yusif Səmədoğlu və Vaqif Səmədoğluda bu fərq, ilk qələm təcrübəsi yoxdur. Çünki bunu keçmişik. İstər-istəməz atanın, Səməd Vurğunun əlyazmalarına baxırdıq, görürdük ki, bu sözü pozub, başqasını yazıb, bu sözü buradan bura gətirib. Redaktə məsələsini biz artıq yeniyetməlikdən bilirdik. Eləcə də Anar və sonradan əli qələm tutmuş yazıçı uşaqları da bu təcrübəni keçib.
Amma musiqi ilə poeziya arasında çox oxşarlıq var. Musiqi daha çox zəhmət, həm də sistemli zəhmət tələb edir. Mən Moskva Konservatoriyasından sonra 8 il dərs dedim.

- Moskva Konservatoryiasında ali təhsil almısınız?

- Yox, Azərbaycan Dövlət Konservatoriyasını qurtarmışam. Moskva Dövlət Konservatoriyasında aspirantura səviyyəsində, ona stajorluq, təlimatçılıq deyirdilər, onu keçmişəm. Sonra Bakıya qayıtmışam və Azərbaycan Dövlət Konservatoriyasında 8 il fortepiano müəllimi olmuşam. Ancaq gördüm ki, yox. Bir müddət, Konservatoriyada işləyə-işləyə 1968-ci ildən 1971-ci ilə qədər Ensiklopediyanın İncəsənət redaksiyasının müdiri oldum. Gördüm ki, yox, çatdıra bilmirəm. Üstəgəl, bir müddət kinostudiyada ssenari emalatxanasına da üzv oldum. Bir şeyi də bilmirəm ki, deyim, deməyim.

- Deməyiniz maraqlı olardı.

- Hesabladım. Gördüm ki, ən az maaş Konservatoriyadadır. Ensiklopediyada 300 manat maaş alırdım. Bu, o vaxt faktiki nazir maaşı idi. Kinostudiyada 150 manat alırdım. Bu, 450 manat edirdi və artıq nazir maaşından çox idi. Konservatoriyada isə 105 manat maaşım idi. Bunu da götür-qoy etdim. Fikirləşdim ki, cavan insana pul lazımdır. Musiqini pula qurban verdim. (gülür) Zarafat edirəm, qurban verməmişəm. Musiqi həmişə mənimlədir. Evdə fortepiana var, hərdən çalıram.

- Mahnı mətnləri necə, yazmısınızmı?

- Mahnı mətnlərim çoxdur. Əksəriyyəti də populyardır. Teatr tamaşalarına yazdığımız mahnıları, operettaları əlavə etsək, təkcə rəhbətlik Eminlə 100-dən çox mahnımız var. Məsələn, məşhur “Hicran” operettasındakı mahnıların mətninin hamısı mənimdir. Sabit Rəhman o əsəri Musiqili Komediya Teatrı üçün deyil, Azərbaycan Dram Teatrı üçün yazmışdı. Amma ona ömür möhlət vermədi.

- Atanız Səməd Vurğunun böyük mənada həyatınıza, yaradıcılığınıza təsirini necə qiymətləndirmək olar?

- Buna atamın təsiri də, tərbiyəsi də demək olar. Mən atama bir neçə şeyə görə minnətdaram. Bayaq dedim, 70 yaşım var, kifayət qədər insanlar görmüşəm. 5 il Avropa Şurası Parlament Assamblnyasında Azərbaycan nümayəndə heyətinin üzvü olmuşam, Avropa demokratiyasının nümayəndələrini görmüşəm. Bu nəticəyə gəlmişəm ki, mən həyatda Səməd Vurğun qədər demokratik insan görməmişəm. Bir dəfə mənə demədi ki, onu oxuma, bunu oxu, o, yaxşıdır, bu, pisdir. Caz musiqisini sevmirdi, çünki başqa müsiqi üstündə köklənmişdi. Baxmayaraq ki, özü sazdan, tardan, tütəkdən başqa çox yaxşı skripka da, viola da çalırdı. Firudin bəy Köçərli Qori seminariyasını Qazağa köçürdüb, Səməd Vurğun orada oxuyanda onlara bu musiqi alətlərində çalmaq da öyrədiblər. Buna baxmayaraq, cazı sevmirdi. Lakin onun kabinetinin yanındakı otaqda mən, Vaqif Mustafazadə, Rafiq Babayev fortepiano bir yana, trubada, zərb alətlərində çalanlar bir yerə yığılırdılar. Yazıq Səməd Vurğun! Bir dəfə belə də demədi ki, bu, nə səs-küydür. Çox qəribə fenomen idi. Ona görə Səməd Vurğuna minnətdaram.
Bir də əlbəttə, Səməd Vurğunun oğlu olmasaydım, həyatın adi insanlar üçün bağlı tərəfləri mənim üçün asan olmazdı. Bayaq Xalçaçılıq muzeyinin yanından keçib gələndə orada keçirilən paradlardan danışdım. Məsələn, Səməd Vurğunun oğlu olmasaydım, mən Mircəfər Bağırovu yaxından necə görəcəkdim? Necə onların söhbətlərini eşidəcəkdim? İndi mənim yadıma salmağa elə insanlar var ki…
Səməd Vurğunun oğlu olmasaydım, Stalini 1952-ci ildə Kremldə yolka bayramında 6 metrdə canlı görəcəkdim? O zaman Prezidiumun (sonra adı Politbüro oldu) üzvləri gəldilər. Əlbəttə, Səməd Vurğunun oğlu olmasaydım, onları görə bilməyəcəydim. Yaxud 1951-ci ildə mən 1 günümü Mircəfər Bağırovla keçirmişəm. Cıdır meydanında, hökumət tirbunasında məni gördü. Soruşdu ki, “tı çey”, yəni kimin oğlusan. Dedim ki, Səməd Vurğunun oğlu. Bir az oturdu, sonra mənə dönüb “Ey, Samed Vurquna, idi suda” dedi. Yanına gəldim. Dedi ki, “poexali na futbol”. Bu futbola görə çox sevindim. Ona görə yox ki, Mircəfər Bağırovla futbola gedirəm. Ona görə ki, təzəcə Bakıya 001 nömrəsiylə bir “Zim” maşın gəlmişdi, o da Mircəfər Bağırovda idi. “Zim” maşınında özü arxada, mən qabaqda oturdum. Oradan gəldik futbola. Keçmiş “İnturist” mehmanxanasının, indi də yerində “Hilton” tikiblər, həmin yerdə stadion vardı. “Neftyannik”, o zaman “Neftçi” adlanmırdı, hansısa komanda ilə onayırdı. Necə mən Mircəfər Bağırovla tirbunaya gəldim, hamı ayağa qalxır, mən də onun yanında bir gedirəm ki!.. Dünya ayağımın altındadır. Futbolda bir az oturduq, Mircəfər Bağırov yenə darıxdı. Dedi ki, “poexali, postrelyaem”. Oturtdu məni “Zim”ə. İndi “Avropa” mehmanxanasının yerində də ovçular üçün atıcılıq stendi vardı, ora gəldik. Bir az orada atdıq. Sonra yemək gətirdilər. Bax burada mən həyatımın ən ağır xatirəsini danışmaq istəyirəm. Yeməyi gətirdilər. Mircəfər Bağırov mənə dedi ki, araq içirsən? Dedim ki, yox, Mircəfər baba. Dedi ki, içəcəksən, başından yekə danışma, atan içir, dayın Ağabəy küpünə girir. Yeri gəlmişkən, vaxtilə dayım Ağabəylə Mircəfər Bağırov Həştərxanda bir yerdə olublar. Səməd Vurğunun tutulmamasında da deyirdilər ki, Ağabəy dayımın dostu olması rol oynayıb.
Orada barının qabağında dəmir torlarla hörmüşdülər, bir qəfəs yaratmışdılar, o qəfəsin də içərisində bir qaban, erkək çöl donuzu vardı. Mən zooparkda, ovda qaban görmüşəm, neçə dəfə vurmuşam. Amma mən həyatımda elə nəhəng qaban görməmişəm. Bunun dişləri elə bil ki, kəl buynuzu idi, 300 kiloqramdan az gəlməzdi. Mircəfər Bağırov qabanı göstərərək dedi ki, onu görürsən. Dedim ki, hə. Dedi, o qabanı azı 100 adam tutub, üstünə gedərək təkləyiblər, məni də elə görmək istəyənlər var. Dedi ki, “ya toje kaban dlya etix…”.
Sonra 1956-cı ildə, o zaman atam yataqdan qalxa bilmirdi, Mircəfər Bağırovun məhkəməsi başlandı. Mirzə İbrahimov Ali Sovetin Rəyasət Heyətinin sədri idi. O və İmam Mustafayev icazə verdilər ki, mən bütün məhkəmə iclaslarında iştirak edim və yazılı qeydlər aparım. Yalnız mənə icazə verdilər ki, məhkəmədən sonra gəlib atama danışa bilim. Mircəfər Bağırovun məhkəməsi indiki “Şəhriyar” klubunda keçirilirdi. Nürnberqdə SSRİ-nin nümayəndəsi, prokuror Rudenko onun məhkəməsini aparırdı. Birinci məhkəmədə Mircəfər Bağırovu çıxardılar, mənim yadıma qaban düşdü. 16-17 yaşlarında idim, gözlərim yaşardı. Bir-iki adam mənə baxdı ki, niyə ağlayır. Bunu görən Möhsin Poladov dedi ki, onun atası Səməd Vurğuna zülümlər verib, ona görə uşaq kövrəlir. Amma mən ona görə kövrəlməmişdim. Ancaq bunu da demək olmazdı. Möhsin Poladov məni aradan çıxarmaq istədi ki, söz gəlməsin…
Bu mənada, istər-istəməz minnətdaram ki, Səməd Vurğunun oğluyam.

- Həyatınızda ən çətin məqamlar nə zaman olub?

- 1952-i ildə Səməd Vurğunun həbs olunması haqqında artıq Respublika prokuroru order imzalamışdı. Amma sonradan iş elə gətirdi ki, həmin Musa Əliyev Elmlər Akademiyasının prezidenti, Səməd Vurğun vitse-prezidenti oldu…
Səməd Vurğunun həbsi haqqında order imzalamışdı və bizim ailənin Qazaxıstanda gedəcəyi Kustanay vilayətində hətta kəndin də adı məlum idi. İstintaqda Səməd Vurğun dəfələrlə dindirilmişdi. Səməd Vurğunun kitabları kitabxanalardan yığışdırılmış, əsərləri götürülmüşdü. Bu ağır günlər, gözləmək 4 aya qədər davam etdi. Çox ağırdır. Özümüzlə götürməyə cəmi 2 çemodan icazə vermişdilər. Ötən gün Musa Əliyevin qızı televizorda danışırdı ki, Səməd Vurğun Musa Əliyevə deyib ki, 3 aydır ki, mən pencəkdə, ayaqqabı ayağımda yatıram, bu cür yatmaq çox ağır şeydir, amma necə edək ki, məni tutmazdan əvvəl ailəmi sürgünə göndərsinlər, mən tutulmaq istəmirəm. Sonra anam balışının altından tapançasını tapdı. Yəqin istəyrmiş ki, ailəni sürgünə göndərsinlər, özü intihar etsin. Tapança da marşal Rokosovskinin hədiyyəsi idi.
Burada mən bir şeyi də mütləq deməliyəm, çünki tarix yalan sevmir.
Deyirlər, yazırlar ki, Səməd Vurğunu həbsdən Stalinin ölümü qurtardı. Stalin martın 6-da ölüb, 1953-cü ildə iyunda Beriya həbs edilib. Bu, faktiki düzdür, amma tam həqiqət elə deyil. Çünki 1953-cü ilin yanvarında evdəki ağlaşma indiki kimi yadımdadır. Anam, xalam ağlayırdı. Axşamüstü qapımızın zəngi çalındı. Bir zabit, iki əsgər idi. Gəldilər, atam da evdə idi. Atamın qabağına 1 maşın açarı qoydular, dedilər ki, maşın aşağıdadır. O cümlədən 3 parçanın atrezini verdilər. Biri jatı triko, pencəklik, bir paltoluq qabardin, bir də qadın paltosu üçün gülməxmər idi. Dəftərlər, uşaq portfelləri və yemək də gətirmişdilər. Bir iri karobka yemək gətirmişdilər. İçərisində kolbasa, kürü və s. var idi. Bunların hamısını qoydular, dedilər ki, yoldaş Bağırov göndərib.

- Bu, Səməd Vurğunun üzərindən təhlükənin götürülməsi demək idi?

- Bəli, onunla da Mircəfər Bağırov fikrini dəyişmişdi. Onunla da qurtardı. Amma Səməd Vurğunun əsərlərinin səhnəyə, kitablarının kitabxanalara qayıtması Stalin öləndən, Beriya tutulandan sonra oldu. 3-4 ay çəkmiş sadizmi indiyə qədər başa düşmürəm. İnsana bu qədər zülm verəsən, sonra bir gün maşın bağışlayasan...

- Deməli, Səməd Vurğunla bağlı bu prosesin başında duran əsas şəxs Bağırov olub?

- Yox. Məhkəmədə Mircəfər Bağırovdan Rudenko soruşdu ki, niyə Səməd Vurğunu həbs etmək və öldürmək istəmisiniz? Mircəfər Bağırov dedi ki, əgər bunu istəsəydim, edərdim. Ancaq 1937-ci ildən Səməd Vurğunun sağ çıxması… Səməd Vurğunun əmiləri, Mustafa ağa Vəkilov, Rəhim ağa Vəkilov, Məmmədrza ağa Vəkilov Müsavat Partiyasının Mərkəzi Komitəsinin 21 üzvündən 3-ü olub. Səməd Vurğunun 1937-ci ildə tutulmaması insana möcüzə kimi gəlir.

- Adnı çəkdiyiniz bu 3 insanın taleyi necə olub?

- Rəhim ağa Vəkilov qaça, adlaya bilmədi, Tiflisdə Fətəli xan Xoyski kimi özünü öldürdü. Mustafa ağa Vəkilov da Məhəmməd Əmin Rəsulzadə ilə Polşada, Türkiyədə bir yerdə olublar. Məmmədrza ağa Vəkilov da həbsxanalarda ölüb. Digər tərəfdən, Müsavat Partiyasının fəal üzvləri, Üzeyir bəy Hacıbəyov və Abdulla Şaiq də tutulmayıb. Müsavat Partiyasına dəxli olmayan Hüseyn Cavid, estetik, ancaq ədəbiyyatla, gözəlliklə, fəlsəfə ilə məşğul olan bir insan tutuldu, gedib zülmlər içərisində öldü. Yaxud yaş nöqteyi-nəzərindən Mikayıl Müşfiq. 28 yaşında həbs olunub. Səməd Vurğunun 1937-ci ildə sağ qalması ilə bağlı ən ağlabatan sözü mənə bir dəfə Moskvada Konstantin Simonov dedi. Atamın dostu, böyük insanlardan biridir. O dedi ki, bilirsən nə var Vaqif, diktatorların, böyük sərkərdələrin xasiyyətləri fərqli olur, ancaq onları birləşdirən müəyyən xüsusiyyətlər var və tarixən onlarda olub. Bu da onların öz yaddaşlarını nümayiş etdirməsidir. Bütün diktatorlarda olduğu kimi, Stalində də bu xüsusiyyət olub. 1935-ci ildə Kremldə Səməd Vurğun və digərlərini Stalin qəbul etmişdi. Səməd Vurğun da tirbunadan “Rəhbərə salam” oxuyub. Muzeydə stenoqram var. Şeiri oxuyandan sonra Səməd Vurğun nə isə demək istəyəndə Stalin onun sözünü kəsir. Stalin ondan soruşur ki, “A çto oznaçaet Vurqun?”. Səməd Vurğun da deyir ki, “vlyublonnıy, tovariş Stalin”. Stalin deyir ki, “v koqo, devuşku?” Səməd Vurğun deyir ki, “net, tovariş Stalin, Rodinu i v vas”. Gopa bax ey!
Stalin də qayıdır ki, “molçi, ne vıdumıvay, tı toqda menya ne znal”. Stalin soruşur ki, “eto psevdonim?”. Səməd Vurğun deyir ki, “da”. O da soruşur ki, “a familya kak?”. Deyir ki, Vekilov. Stalin bu familyanın azərbaycanda necə olduğunu soruşur. Səməd Vurğun da deyir ki, Vekilzade. Stalin də deyir ki, “vot tak i nado qovorit”.
Gör familiyaları dəyişmək üçün nə qədər gözəl məqam olub, istifadə etməyiblər, bu “ov”ları, “yev”ləri atmayıblar. Stalinin ağzından çıxıb, özü deyib Səməd Vurğuna.
Simonov mənə dedi ki, ola bilməz ki, dəhşətli yaddaşı olan Stalinin yadında bu qalmasın. 1937, 1938-ci ildə Mircəfər Bağırov Stalinin yanına gələndə Stalin mütləq öz yaddaşını nümayiş etdirməyə başlayırmış. Mircəfər Bağırovdan pambıqyığan Bəsti Bağırovanı, Bülbülü, Üzeyri, Səməd Vurğunu soruşurmuş. Simonov deyir ki, ola bilər, məhz bu Mircəfər Bağırovu saxlayıb. Doğrudan da 1935-ci ildə Azərbaycan mədəniyyəti günlərində Stalinlə görüşdə iştirak edən insanlardan heç biri həbs olunmayıb.

- Həmin 4 aylıq ağır dövrdə kimlər evinizin qapısını açır, gəlb-gedirdilər?

- 1952-ci ildə o ağır günlərdə bizim evə yazıçıların gəlib-getməsi yox idi. Mən heç kimi də burada ittiham etmirəm. Düz ediblər, deyirlər ki, səni çox istəyirəm, özümü səndən çox istəyirəm. Ancaq 3 adam həmişə atamın yanına gələrdi. Bunlardan ikisi atamın ovçu dostları - Allahyar əmi Cavanşirov, bir də Allahyar əmi Behbudov idi. Bunlardan biri iuzun, biri qısa idi. Atam da bunlara bir dəfə Allahyar demirdi. Birinə həmişə “ay uzun”, o birinə də “ay gödək” deyirdi. Bir də evimizə Xan Şuşinski gəlib. Xan Şuşinski ağır günlərdə, dekabrın 25-də, Yusifin ad günündə də gəlmişdi. Evdə plov və s. bişirilmişdi. Bir də gördük ki, Xan Şuşinski dəstəsiylə, dəfiylə gəldi. Dedi ki, ay Səməd, ürəyini yemə. Oturdu, yedi-içdi, oxudu. Gecə saat 3-4-də çıxıb getdi. Bu 3 nəfər ağır günlərdə bizə gəlib. Amma yazıçıları qınamayın. Biz o imtahandan heç vaxt keçməmişik, amma indi asan qiymət veririk. Mən bilmirəm ki, bizim nəsil, bizdən sonra gələn nəsil 1937, 1948 və 1952-ci illərdə özlərini necə aparardılar.
Bir xatirəni də qeyd etmək istəyirəm. Səməd Vurğun Qobustan qayaüstü rəsmlərini xilas edib. Mirzə İbrahimovun “Zim” maşınını götürdü, mən də yanında idim, oturduq. Prokurorluqdan da bir nəfər, Qobustana gəldik. İsaq Cəfərzadə ilə Yampolski orada idilər. Qobustanda bir neçə qayaüstü rəsmlər əldən getdi. Uçurdular, kəsdilər. Bütün Qobustanı kəsirdilər. Ora gələndə atam prokurordan tapançasını aldı, maşından düşən kimi başladı atmağa. Söydü, dedi ki, nə edirsiniz?! Səməd Vurğunun Qobustan qayalarınıni qalmasında rolu oldu. Sonra oranı qoruq etdilər.

- Vaqif Səmədoğlunun həyatında ən böyük uğurlar hansılardır?

- Mənim elə böyük uğurlarım olmayıb. Uğur nəyə deyirik? İnsan ömrü uğur və uğursuzluqdan ibarətdir. Belə bir zəncirdir. Bu zəncirlə insan bağlanıb. Ən böyük uğurun da sonu ölümdür, heçdir. Nə yaradıcılığımda, nə ictimai-siyasi həyatda heç nəyi deyə bilmərəm. Kim üçünsə deputatlıq uğurdur, mənim üçün yox. Mənim üçün Azərbaycan şəraitində yaxşı maaşdır. Amma Avropa deputatlarının maaşının 1/20-i deyil. Açığını deyim, Allah-təala hərəyə bir cür biclik verib. Mənə də bir biclik verib. Həyat mənim əlimdən tutanda da, vuranda da mənim üçün o şey mövzu olub. Onun üçün mən bir şerimdə deyirəm ki, düya bəhanəymiş şer yazmaq üçün. Mən elə vəziyyətə düşmüşəm ki, yerimdə başqası olsaydı, bəlkə də intihar haqqında düşünərdi. Ya ölkədən qaçmağa üstünlük verərdi, yaxud oturub ağlayardı. Mən oturub o vəziyyətim haqqında şeir yazmışam. Özümün o vəziyyətimi konkret göstərməyə-göstərməyə.
Bir məsələni də demək istəyirəm. Çoxlu şairlər var ki, həbsxanalarda yatıblar. Həbsxananın ağırlığından, fiziki əzabından sonralar şerlər yazıblar. Bu, bütün dünyada yüz illərlə davam edib. Əla şerlər var ki, onlara əl çalıram. Azərbaycanda da belə şairlər olub. Ancaq mən həbsxanada yatan o şairin qarşısında baş əyirəm ki, həbsxanada məhəbbətdən, bir qızdan, yaxud bir bulaqdan yaza. Elə şairlər qəhrəmandır. Yəni sən konkret çəkdiyin əzabdan, mənəvi sarsıntıdan yazırsansa, bu, konkretdir. Ancaq təsəvvür edin ki, həbsxana kamerasında oturub məhəbbətdən, tər-təmiz bir şer bir şer yazırsan. Onların qarşısında baş əyirəm.
Antonioninin “Alatoran” adlı bir filmində obrazları yadımda deyil, baş qəhrəmanları, birja maklerini Alen Delon, onun sevgilisini Monika Vitti oynayır. Birjada dəhşətli uçurum, aksiyalar sıfra enir, dövlətli insanlar bir anda müflisləşir. Birja bağlanandan sonra Alen Delonla Monika Vitti bir küçə kafesinə gəlir, qəhvə sifariş verirlər. Qarşıdakı masanın arxasında bir qoca kişi oturub, qəhvə içir və qələmlə kağızın üstündə nə isə yazır. Alen Delon qıza deyir ki, mən gedim o qocanın yanına, onu sakit edim, bu gün 5 milyard itirdi, burada belə hadisələrin çox şahidi olmuşam, yəqin ki, özünü öldürəcək, intihar qabağı doğmalarına məktub yazır. Qıza bu sözləri deyib, ayağa qalxanda görür ki, qoca yoxdur, gedib. Tez qocanın oturduğu stolun yanına gəlir, görür ki, kağız oradadır. Kağıza baxanda görür ki, qoca bir gül şəkli çəkib. Yəni 5 milyard itirməsi qocanın vecinə deyil, həyat davam edir. Bu, qəhrəmanlıqdır.

- Vaqif Səmədoğlunu həyatının bu dövründə o gül çəkən qoca kimi təsəvvür etmək olarmı?

- Yox. Mən yəqin ki, gül çəkməzdim, bir şer yazardım. Mütləq! Mən özünü mühafizə edə bilməyən insanlardan o qədər də xoşum gəlmir.

- Konkret desəniz…

- Yəni yaddaşından istifadə edə bilməyən insanlardan xoşum gəlmir. Bəzən mən elə ağır vəziyyətə düşürəm ki… İndi bir vaxt vermək lazımdır ki, bu ağır vəziyyətdən çıxmağın yollarını tapasan. Bu zaman gərək yaddaşı işlədəsən. Mən onu bacarıram. Özümə mən bunu lap cavan vaxtlardan öyrətmişəm. Bax indi xüsusilə. Gözəl bir qız, 40-50 il qabaq gördüyümü yadıma salır, onunla söhbət etməyimi, onun əlindən tutmağımı, kinoya getməyimizi, qorxa-qorxa onu qucaqlamağımı, görəsən reaksiyası necə olacaq! Artıq bununla özünü qorudun, mühafizə etdin. Ancaq insanlarda tam mənada mühafizə də olmur. Məsələn, oğlan uşaqları, yeniyetmələr həmişə təyyarəçi, futbolçu olmağı arzulayırlar. Mən uşaqlığımda, yeniyetməliyimdə həmişə arzu etmişəm ki, qoca kişi olum, heç kim mənə göstəriş verməsin. Deməsinlər ki, orada oturma, burada otur, niyə çox yatdın, qalx, məktəbə getmək vaxtıdır, siqaret çəkmə, içki içmə. Bax bunu arzulamışam həmişə. Arzuma yetdim, lakin yarısına. Fiziki cəhətdən qocaldım, göstərişdən qurtarmadım. Yenə göstərişlər var (gülür). Göstərişlər iqtidardan, müxalifətdən, arvaddan gəlir. Yaşamaq lazımdır, görək nə olur.

- Vaqif Səmədoğlu fotoaparatlara, fotoşəkillər çəkməyə marağı ilə də diqqət çəkib...

- Bir dəfə Səməd Vurğun mənə bir fotoaparat alıb, “Komsomolets”, o da indi kolleksiyamda durur. Bu saat mənim 96 fotoaparatım var. Səməd Vurğun bir də mənə tüfəng alıb. Amma o tüfəng durmur. Ov zamanı yeyib-içiblər, tüfəngi kiməsə bağışlayıb. Səməd Vurğunun 1 tüfəngi qalıb, hamısını bağışlayıb. Amma indi mənim 12 tüfəngim var. Ovdan da əl çəkməmişəm, indi də gedirəm.

- Şəkil çəkməyiniz nə ilə bağlıdır?

- Videomaterial qaçıb gedir, onunla ünsiyyətə girmək olmur. Amma bir foto ilə saatlarla söhbət etmək olur. Ədəbiyyata yaxın sənətdir. Uşaqlıqda dostlarınla çəkdirdiyin foto ilə söhbət edə bilirsən. Məsələn, söhbət edirsən ki, bu dostun əclaf çıxdı, bu etibarlı çıxdı, hayıf ki, bu öldü. Bütün o mühit, məktəb illəri, dostların, məhəllə uşaqları, işlədiyin insanlar gözünün önünə gəlir...



Ramiz Mikayıloğlu
# 3438

Oxşar yazılar