“Azanı yüksək səslə verməklə eyiblərini gizlətməyə çalışırlar” - MÜSAHİBƏ
03 noyabr 2009 13:30 (UTC +04:00)

“Azanı yüksək səslə verməklə eyiblərini gizlətməyə çalışırlar” - MÜSAHİBƏ

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun APA-ya müsahibəsi

- Son günlər azan verilməsinin məhdudlaşdırılması, guya qadağan edilməsi ilə bağlı müxtəlif fikirlər səslənir. Bu fikirləri nə dərəcədə həqiqət saymaq olar?

- Dövlət Komitəsi bu məsələyə münasibətini bildirib. Mən bir daha bəyan etmək istəyirəm ki, azanın qadağan olunması və ya nə vaxtsa qadağan ediləcəyi barədə deyilən fikirlərin heç bir əsası yoxdur. Əslində, bu, yalan, hətta deyərdim, böhtan xarakterli məlumatlardır. Məqsədli şəkildə yayılan bu fikirlərlə ictimaiyyəti çaşdırmağa cəhdlər edilir və bəzən bu prosesə bilərəkdən kütləvi informasiya vasitələri də cəlb olunur. Azərbaycanda indiyədək azan verilib, bundan sonra da veriləcək. Buna heç kimin şübhəsi olmamalıdır. Amma azanın insanlara narahatlıq yaratmamaq şərti ilə verilməsinin zəruriliyi nəzərə alınmalıdır.


Təəssüf ki, bəzi şəxslər müqəddəs İslam dininin mahiyyətindən irəli gələn bu prinsipə əməl etmək istəmirlər. Etiraf etmək lazımdır ki, son illər din sahəsində əhalinin narahatlığına və narazılığına səbəb olan məsələlərdən biri məscid və ziyarətgahlarda azanın səsgücləndiricilər vasitəsilə yüksək səslə verilməsindən qaynaqlanır. Bəzi ibadət yerlərində, xüsusilə əhalinin sıx məskunlaşdığı, eləcə də təhsil müəssisələrinin və xəstəxanaların yaxınlığında yerləşən məscidlərdən azanın yüksək səslə verilməsi vətəndaşlar arasında ciddi narazılıq hallarının yaranması ilə yanaşı, müqəddəs İslam dininin mahiyyətinə də kölgə salır. Mövcud vəziyyət nəzərə alınaraq, məscidlərin Axund və imamları ilə dəfələrlə lazımi söhbətlər aparılıb, vətəndaşların narazılıqları onların diqqətinə çatdırılıb. Lakin həyata keçirilən tədbirlər gözlənilən nəticəni verməyib, məscidlərdə azanın yüksək səslə verilməsi məsələsinin köklü həll olunması zərurəti yaranıb.


Ona görə də, ölkə vətəndaşlarının rahatlığını təmin etmək və müqəddəs İslam dininin humanist mahiyyətinə kölgə salınmasının qarşısını almaq üçün respublika ərazisində azanın səsgücləndiricilər vasitəsilə verilməməsi, tədricən canlı azana keçilməsi məqsədəuyğun sayılır. Dövlət Komitəsinin azanla bağlı məscidlərə verdiyi tövsiyənin mahiyyətində bu dayanır. Lakin bəzi “dindar” qruplar bu tövsiyəni azanın qadağan olunması kimi qələmə verməyə, hətta bundan hökumət qurumlarının, xüsusilə Dövlət Komitəsinin əleyhinə istifadə etməyə çalışır.


- İctimaiyyət, xüsusilə sağlam dindarlar azanla bağlı tövsiyəni dəstəkləyirmi? Ümumiyyətlə, cəmiyyətdən kəskin reaksiya gözləyirsinizmi?


- Biz cəmiyyətin bu məsələyə normal yanaşdığından əminik. Belə olmasaydı, məscidlərə azanla bağlı tövsiyə verilməzdi. Əslində, həmin tövsiyə cəmiyyətin ümumi mövqeyinin ifadəsidir. Başqa ifadə ilə desək, bu, azanın yüksək səslə verilməsi ilə bağlı əhalinin narazılığının məntiqi nəticədir. Çünki Dövlət Komitəsinə və digər dövlət qurumlarına daxil olmuş yüzlərlə şikayətə biganə yanaşa bilməzdik. Təsəvvür edin ki, azanla bağlı Dövlət Komitəsinə hər gün şikayət daxil olur.


Şikayət edənlər təkcə sadə vətəndaşlar deyil, onların arasında xəstəxanalar, uşaq evləri, ali məktəblər də var. Hətta bəzi təhsil müəssisələri xahiş edir ki, yaxınlıqda yerləşən məscidlərdə günorta azanı verilməsin. Bu cür müraciətləri başa düşmək olar. Çünki Bakı şəhərində elə məscidlər var ki, həyətinin o biri başında uşaq evi yerləşir. Belə olan təqdirdə azanla bağlı tövsiyədə məkrli niyyət axtarmaq ən azı insafsızlıqdır. Bəziləri bu addımı İslama, dini ənənələrə zidd hərəkət kimi qələmə verməyə çalışır. Halbuki, digər dinlərdən humanistliyi ilə fərqlənən İslam heç bir halda din pərdəsi altında insanların rahatlığının pozulmasına haqq qazandırmır. Əksinə, insanların ümumi maraqlarını həmişə nəzərə almağa çalışır.


Məsələn, azanla bağlı böyük İslam alimlərinin konkret mövqeyi var. Onlar xəstələr, uşaqlar və ahıllar üçün narahatlıq yaradacağı təqdirdə hətta azanın verilməməsini məqsədəuyğun sayırlar. Əsl din xadimləri bunu başa düşürlər. Ona görə də tövsiyəyə əməl edirlər.


Təəssüf ki, bəzi şəxslərin “gücü” azanla ölçülür. Onlar eyiblərini azanı yüksək səslə verməklə gizlətməyə çalışırlar. Təsəvvür edin ki, bəzi məscidlərdə adam olmadığı üçün səhər namazı qılınmır. Amma həmin məsciddən verilən azan şəhərin kənarından eşidilir. Məncə, bunun izahı çox sadədir: onlar mövcudluqlarını bununla sübut etmək istəyirlər.


- Hidayət müəllim, bu məsələnin qanunla tənzimlənmə mexanizmi varmı?


- Əlbəttə. Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy normaları haqqında ölkə prezidentinin fərmanı var. Həmin Fərmana əsasən, ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy normaları təsdiq edilib. Bir sıra məscidlərdən verilən azan bu normalara uyğun deyil. Çünki məscidlərin böyük əksəriyyətində istifadə olunan səsgücləndiricilər köhnəlib, onların istifadə müddəti çoxdan bitib. Bəzi məscidlərdə isə normalara zidd yeni səsgücləndiricilər quraşdırılıb. Təbii ki, məscidlərə tövsiyə verilərkən bütün bunlar nəzərə alınıb.
# 602

Oxşar yazılar