Nuşirəvan Məhərrəmli: “Efir başdan-ayağa müğənnilərin əlindədir”
30 oktyabr 2009 13:15 (UTC +04:00)

Nuşirəvan Məhərrəmli: “Efir başdan-ayağa müğənnilərin əlindədir”

Bu gün Milli Televiziya və Radio Şurasında (MTRŞ) “Teleradio yayımına dair qanunvericiliyin tələbləri və yayımçıların proqram siyasəti” mövzusunda treninq keçirilib. Teleradio aparıcıları üçün təşkil edilən treninq kursda MTRŞ sədri Nuşirəvan Məhərrəmli və hüquqşünas Ələsgər Məmmədli televiziya və radio işçilərinin verilişlərdə yol verdikləri hüquq pozuntularından danışıblar.


Lent.az-ın məlumatına görə, MTRŞ sədri telekanallarda peşəkarlıq baxımından səviyyəsiz verilişlərin çox olduğunu söyləyərək, belə halların aradan qaldırılmasının vacibliyini qeyd edib. O qeyd edib ki, televiziya rəhbərləri peşəkarlıq baxımından verilişlərin səviyyəsini qaldırmasa, MTRŞ öz üzərinə düşəni edəcək.


Nuşirəvan Məhərrəmli bildirib ki, telekanallar dövlətin ərazi bütövlüyünə xələl gətirməmək, dini, irqi, milli ayrı-seçkiliyə yol verməmək, terrorizmə, zorakılığa çağırış etməmək, pornoqrafiya, erotika yaymamaq, uşaqların və yeniyetmələrin baxa biləcəyi verilişlər vermək kimi qanunvericilikdə nəzərdə tutulan müddəalara ciddi əməl etməlidir.

Onun sözlərinə görə, aparıcılar 5-10 dəfə efirə çıxan kimi özlərini hamı tərəfindən qəbuledilən kimi qiymətləndirir: “Onlar elə hesab edirlər ki, artıq cəmiyyətdə tanınır, hətta bəzən öz ailələrində, stol arxasında edə bilmədikləri söhbətləri efirə gətirirlər. Efir başdan-ayağa müğənnilərin əlindədir. Bu müğənnilərin savad səviyyəsi çox aşağıdır”.


Daha sonra tanınmış hüquqşünas Ələsgər Məmmədli Teleradio proqramlarına verilən tələblər mövzusunda geniş məruzə ilə çıxış edib. O televiziya işçilərini maraqlandıran sualların hüquqi aspektlərdən cavablandıraraq teleaparıçılar üzərinə düşən məsuliyyətdən danışıb.

Xatırladaq ki, MTRŞ tərəfindən teleradio aparıcıları üçün treninq kursları ilin sonunadək davam edəcək.

Elxan SALAHOV
# 658

Oxşar yazılar