Nizami Süleymanov: “1 milyard pulum olsa, Zirəddinə 100 dollar verib baxdırmaram” – MÜSAHİBƏ
23 oktyabr 2009 18:00 (UTC +04:00)

Nizami Süleymanov: “1 milyard pulum olsa, Zirəddinə 100 dollar verib baxdırmaram” – MÜSAHİBƏ

Azərbaycan Milli Yaradıcılıq Akademiyasının prezidenti, akademik Nizami Süleymanovun yeni ixtirası barədə xəbər yaman maraqla qarşılandı. Ancaq bu yeniliyi “falçılıq” kimi dəyərləndirənlər də, ona inanmaq istəyənlər də oldu. Mən də 10-a yaxın fotoşəkil götürüb, getdim akademikin qəbuluna. Əvvəlcə özümlə apardığım fotoşəkilləri verdim. Nizami müəllimin köməkçisi şəkilləri apardı o biri otaqda yoxlamağa. Yoxlama bitənə qədər də bizim söhbətimiz başa çatdı.

- Siz əsasən hansı formada olan, hansı formada çəkilmiş fotoşəkillərlə insanın həyatda olub-olmadığını müəyyənləşdirə bilirsiniz?

- İndiki mərhələdə son illərdə rəqəmsal fotoaparatla çəkilmiş fotoşəkillərdən istifadə etməklə 95-100% ehtimalla həmin adamın sağ olub-olmadığını müəyyənləşdirə bilirik. İnsanın şəkildə qrup halında deyil, tək olması daha yaxşı olardı. Şəkildə insan gözüaçıq olmalıdır. Çünki müəyyən olunub ki, insan gözü qapalı halda şəkil çəkdirərsə, onun energetik aurası fotoda əks olunmur. Ancaq gözüaçıq olduqda, barmağın izi kimi eynən fotoya keçir.
Rəqəmsal aparatlarda yaddaş kartı olur, şəkil çəkildikdə o, eynən karta köçür. Ancaq əvvəlki çəkilmiş şəkillər lentlə çəkilirdi, lent kimyəvi preparatlar vasitəsilə emal olunurdu, sonra o, şəkilə çevrilməkdən ötrü kağızlardan istifadə olunurdu və s. Yəni, həmin şəkillərdə kimyəvi müdaxilə gözün aurasında müəyyən dəyişikliklərə gətirib çıxarırdı. Düzdür, hələ ki, kimyəvi müdaxilə olunan, yəni əvvəlki vaxtlarda çəkilmiş şəkillərdən nəticə alacağımızdan ümidimizi üzməmişik. Hazırda 50-50-yə ehtimalı ilə həmin şəkillərdən də istifadə etməklə fikir yürüdürük. Ancaq dəqiqliklə deməkdən ötrü biz 95-100% əmin olmayana qədər bu işi boynumuza götürə bilmərik.

- Şəklin tək olması şərti nədən ötrüdür?

- Bir şəkildə iki və daha çox insan olarsa, orada göz dalğaları qarışır. Onda da çətinliklər yaradır.

- Əgər Sizə bütün şərtlərinizi ödəyən fotoşəkil təqdim olunarsa, onun sahibi barəsində dəqiq məlumat verəcəyinizə 100% təminat verirsinizmi?

- Hələ ki, tədqiq etdiyimiz şəkillərlə bağlı yanlışlıq olmayıb. Sadəcə olaraq istisna hallar ola bilər. Məsələn, ola bilər ki, şəkildəki şəxs haradasa yerin altında bir bunkerdə gizlədilib. Mən Lent.az-a verdiyim ilk açıqlamamda da demişdim ki, göz mənbədir, fotoşəkildəki göz isə qəbuledicidir. Yəni, mümkündür ki, gözdən kənara, atmosferə dalğalar çıxa bilmirsə, bu zaman bizim çətinliyimiz ola bilər. Ona görə də fotoşəkli tədqiq etməkdən də ötrü həmin şəkil bizdə bir neçə gün qalmalıdır.

- Yaxın adamı itkin düşən şəxslərdən Sizə müraciət edən olubmu?

- Bir nəfər vardı, bilirdik ki, onun qohumu itkin düşüb. Özümüz müraciət etdik. Həmin adam 5-6 ay əvvəl Moskvaya gedib. Orada sürücü işləyib. Vağzallardan birinə sərnişin gətirib, sonra isə başqa bir sərnişini hansısa ünvana aparmaq adı ilə vağzaldan çıxıb. O vaxtdan həmin adamdan və avtomobilindən xəbər çıxmayıb. Baxmayaraq ki, onun qohumları Moskvanın bütün hüquq-mühafizə orqanlarına xəbər edib. Ancaq nə ölüsündən, nə dirisindən xəbər yoxdur. Biz onun fotoşəkillərini istədik. Onun sağ olduğunu 100% dəqiqliklə tapdıq. Qohumlarına da dedik ki, sağ qalmasına başımızla cavabdehik. Bundan başqa, Lent.az-dakı xəbərdən sonra yaxın adamları itkin düşən bir neçə nəfər mənə müraciət edib.

- Bu tapıntınızın itkin düşən insanlarla bağlı məlumat verməkdən başqa hansı xeyirləri olacaq?

- Bizim eksperimentlərin nəticəsi olaraq ümumiyyətlə gözlə bağlı dalğalardan istifadə etmək olar. Məlum olur ki, insanların gözündə pozitiv və neqativ dalğalar var. Bu zaman bizi bir şey düşündürməyə başladı ki, min illərdən bəri deyilən “gözdəymə”, “mənfi aura” və s. nə deməkdir. Bizim üsullar imkan verir ki, bir insanın gözünün mənfi, yaxud müsbət auralı olduğunu dəqiqliklə deyə bilək. Mənfi auralı insan nəinki özü nəyəsə baxsa, hətta onun fotosunun üzərinə nəyisə qoysaq, güclü mənfiliklər əmələ gələcək. Məsələn, təcrübə üçün avtomobilin kiçik bir dəmir lövhəsini mənfi auralı insanın fotosunun üzərinə qoy. 2-3 dəqiqədən sonra apar onu avtomobildə bir yerə bağla, bərkit. Avtomobilin çəkiş gücü kəskin azalacaq, motorun səsi artır, qaz əyləci bərkiyir, yanacaq məsrəfi artacaq və s. Əgər həmin adam təyyarəyə minsə, təyyarədə qəza olma ehtimal yüksələr. Nəticədə həmin insan özü də daxil olmaqla təyyarədəkilərin hamısı həlak olar. Ona görə də bütün aeroportlarda gözün aurasını yoxlayan aparatlar quraşdırılmalıdır. Mənfi auralı insanlar ya təyyarəyə buraxılmamalı, yaxud qabaqlayıcı tədbirlərlə, məsələn, gözünə eynək taxılmaqla buraxılmalıdır. Əgər müraciət olunsa, biz belə bir cihazı Bakıdakı aeroportda quraşdırarıq.
Adi vəziyyətdə isə üzərrik yandırmaq, yaxud üzərliyi yandırmadan otağa qoymaq lazımdır. Tədqiqat aparıldıqda onun böyük möcüzə olduğu məlum olur. Üzərlik mənfi auranı silmək üçün ən ideal variantdır. Çünki onda böyük müsbət aura var. İnsanlara məsləhət görərdim ki, üzərlərində, ciblərində az miqdarda üzərlik ovuntusu gəzdirsin. Əgər cibində gəzdirmək istəmirsə, evdə üzərliyi şəklinin üstünə qoysunlar. Qoy o üzərlik orda qalsın.
Bir misal da deyim. Əgər kim istəyirsə, öz avtomobilinin fotosunu çəkib internetlə bizim e-mailə göndərsin. Bizim bioenerji aparatımız var. Şəkli həmin aparata qoyuruq, beləliklə də avtomobil məsafədən pozitiv enerjiylə yüklənir. Türkiyədən bizə belə şəkillər çox göndərilib, hətta Amerikadan da olub. Avtomobil pozitiv enerjiylə yüklənəndən sonra onun çəkiş gücü artır, zəhərli qaz buraxması azalır, yanacağa qənaət olunur və s.

- Bunu kütləvi istifadəyə tətbiq etməyi planlaşdırırsınızmı?

- Əgər bizə böyük müəssisələr müraciət etsələr, onlara müsbət cavab verərik. Hazırda isə avtomobillərin içərisinə yapışdırılması üçün “BNK-1” lövhələri istehsal edirik. Lövhəni avtomobilə yapışdırmaqla avtomobildəki neqativ enerji silinir, ora pozitiv enerji daxil olur. Nəticədə yanacağa 5-30% qənaət olunur, tüstünü və zərərli qazları (CO, CH) kəskin azaldır və mühərrikin gücünü artırır. Biz bunu Azərbaycan Texniki Universitetinin alimlərilə birlikdə yaratmışıq, artıq onun sertifikatını da almışıq.

- “BNK-1” lövhəsinin bir ədədinin qiyməti neçəyədir?

- 1 manatdır. Bu, pozitiv enerjinin batareyasıdır. Bundan alıb istifadə edənlərə məsləhət görürük ki, onu ayda bir dəfə dəyişsinlər.
Ancaq pozitiv və neqativ enerji məsələləri bizə tamamilə aydın olandan sonra onun başqa sahələrdə tətbiqi problemlərinin həlli üçün də addımlar atmağa başlamışıq. Bunun müəyyən qrup metallarda, neft sənayesində tətbiqi uğurlu nəticələr verib. Alkoqollu içkilərdə zəhərli maddələrin azaldılması üçün tətbiqinə də başlamışıq və apardığımız eksperimentlər 100% nəticə verib. Laborator müayinələri nəticəsində sübut olunub ki, pozitiv enerji verməklə spirtli içkilərdə insan orqanizmi üçün zərərli olan zəhərli maddələr kəskin halda azaldılır. Səhiyyə, Kənd Təsərrüfatı və İqtisadi İnkişaf nazirlikləri də bunun ekspertizasını aparıblar. Onlar bunu rəsmi sənədlərlə təsdiq ediblər. İnsana zərərli olan fəsadların aradan qaldırılmasından başqa, həmin pozitiv enerjilə təmizlənmiş içkini içən insanın ağzından pis qoxu gəlmir. Səhər duranda başı, dizi ağrımır və s. Artıq müvafiq dövlət qurumları alkoqollu içkilər istehsal edən müəssisələrə məktublar yazıb ki, “bunu tətbiq edin”. Ancaq təəssüflər olsun ki, bu işi hələ də bir araq zavodu tətbiq etmir. Yarıaçıq, yarıbağlı etiraf edirlər ki, onsuz da bizim məhsullar satılır. Əslində isə bunun tətbiqi üçün elə də böyük vəsait tələb olunmur. Bizim istehsalçılar hələ bu üsuldan istifadə etməsə də, xaricilər – Almaniya, İsveçrə, Rusiya, Türkiyə və s. ölkələrdən maraqlanıblar.
Bundan başqa, telefonlarda olan güclü şüalanmanın azaldılması üçün apardığımız işlər də nəticə verib. Güclü şüalanma insan orqanizminə zərərlidir, bunu hamı bilir. Azərbaycanda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən akkreditasiyadan keçmiş “Cimex” MMC sənaye-sanitariya laboratoriyası bizim “BNK-TL” kartını yoxlayıb. Məsələn, həmin kartın istifadəsini şəbəkəsi “Bakcell” (920-960 MHz) olan “Motorolla” telefon aparatına tətbiq edərək yoxlama zamanı elektromaqnit şüalanmanın azalması 69,9% olub. Ancaq təəssüf ki, onlar bu işə çox biganə yanaşırlar. “BNK-TL” kartları telefonun batareyasının altına qoyulur. Sonra qapağı bağlanılır. Hələ ki, bu kartlar satışa çıxarılmayıb.

- Bu qədər yenilik edən şəxs hər halda külli miqdarda qazanc da götürər...

- Bilirsiz, biznes sirlərini heç kim açmaq istəməz. Mən də həmçinin. Hər halda, ac qalmırıq. Bizim xaricdə də işlərimiz tətbiq olunur, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü kimi dövlətdən də pis maaş almıram.

- Söhbətimizə dəxli yoxdur, ancaq hər halda yəqin ki, cəmiyyət üçün maraqlıdır. Siz Zirəddin Rzayevlə bağlı nə deyə bilərsiniz? Necə düşünürsünüz, o həqiqətənmi fövqəladə istedada malik birisidir?

- Mən onunla heç vaxt ünsiyyətdə olmamışam. Ancaq deyə bilərəm ki, mən bir alim kimi elmi əsası, elmi izahatı olmayan məsələləri qəbul edə bilmirəm. Ancaq bu, o demək deyil ki, onların dediyi yoxdur. Bəlkə də var. Ekstrasens deyir ki, otur sənin taleyini deyim. Axı hansı əsasla deyirsən? Ekstrasenslərdə konkretlik olmur.

- Belə çıxır ki, Zirəddin Rzayevə də inanmırsız...

- Yenə deyirəm, mənim onunla heç bir ünsiyyətim olmayıb. Sadəcə olaraq bilirəm ki, o insanlar hissiyyatlarına əsaslanırlar. Onun doğru deyib-demədiyini zaman göstərəcək. Zirəddin haqqında nə müsbət, nə də mənfi heç nə deyə bilmərəm. Ancaq bu işlərin 99,99% hallarda elmi əsası olmur və belələri dərdli insanların dərdilə oynayır. Bu da böyük günahdır.

- Zirəddin Rzayev TNT telekanalında bir verilişə də çəkilmişdi. Hər halda nə isə deyə bilərsiniz...

- Ay qardaş, 124 min peyğəmbərə verilməyən səlahiyyət hər hansı bir arvad falçıya, yaxud kişi falçıya necə verilə bilər?!

- Sizin nə demək istədiyinizi anlayıram. Ancaq axı niyə qəti danışmırsız?

- Mən onların heç birinə inanmıram. Ancaq camaata deyə bilmərəm ki, inanın, yaxud inanmayın.

- Siz Zirəddin Rzayevin dediklərinə inanırsınız?

- Şəxsən mənim 1 milyard dollar da pulum olsa, Zirəddin desə ki, 100 dollara baxıram, mən gedib ona baxdırmaram. Bir ona yox, heç birinə inanmıram. Psixiatr Nadir İsmayılovu yəqin tanıyırsız. Mənə dedi ki, “falçı” və “ekstrasenslərin” neçəsi mənim xəstəm olub. Nadir müəllim bir dəfə öz həmkarları ilə birlikdə komissiya şəklində onlardan birinin qəbuluna da gedib. Qapıda böyük növbə var imiş. İçəriyə bir nəfər tanınmış adamın köməkliyilə çox çətinliklə daxil olub. Görüb ki, falçı öz xəstəsidir. Qayıdıb deyib ki, “Nadir müəllim, qoyundurlar da...” Bunu Nadir İsmayılov kitabında da yazıb...

Pərvin ABBASOV

pervinabbasov@mail.ru

P.S Yəqin oxucuya maraqlıdır ki, görəsən Nizami müəllim Lent.az-ın əməkdaşının onun yoxlaması üçün apardığı şəkillərdəki şəxslərin ölü və diri olmasını düzgün tapdımı? Gəlin bu cavab sirr kimi qalsın, belə daha maraqlıdı...
# 3103

Oxşar yazılar