Füzuli Hüseynov: “Sənətçilərə verilən fəxri adlar ləğv edilməlidir” - MÜSAHİBƏ
21 oktyabr 2009 14:00 (UTC +04:00)

Füzuli Hüseynov: “Sənətçilərə verilən fəxri adlar ləğv edilməlidir” - MÜSAHİBƏ

Azərbaycan Dövlət Akademik Milli Teatrın aktyoru, səhhətindəki problemlərə görə uzun illər səhnədən uzaq düşən Füzuli Hüseynov APA-ya müsahibə verib.


Aktyorun öz istəyi ilə adının qarşısında “Əməkdar artist” titulunu yazmadıq, çünki Füzuli Hüseynov bu fəxri addan imtina etdiyini dedi.

- Səhhətinizdə yenidən problemlər var? Niyə axsayırsınız?

- Səhhətimdə ciddi problem yoxdur, şükür Allaha. Sadəcə ayağım əzilib, gəzməkdə bir az çətinlik çəkirəm.

- Yıxılmısınız?

- Yox, büdrəmişik. Hələ yıxılmamışıq, yıxa bilməzlər.

- Niyə görünmürsünüz? Sizi heç tamaşalarda, filmlərdə də görmürük...

- Görünmürəm, ona görə ki, burada deyildim. Son bir neçə ay ərzində bir neçə ölkəyə getmişəm. İtaliyanı, İspaniyanı gəzdim, başqa yerlərə də getdim, sonra isə qayıtdım Vətənimə. Bu illər ərzində dördə yaxın tamaşada rol oynamışam. Burada olanda hər gün teatra gəlib gedirəm, yəni işdə oluram. Düzdür, çox tamaşalara dəvət olunsam da, çox az tamaşada oynamağa razılıq verirəm. Çünki mənim öz kriteriyalarım var. Unudulmamaq üçün o kriteriyaları tapdaya bilmərəm. Təklif olunan hər şeyə razılıq vermirəm. Çünki həmin təkliflər məni qane etmir.

- Sizinlə əlaqə saxlayanda Rusiyada idiniz. Səfərinizin məqsədini bilmək olarmı?

- Rusiyaya tez-tez gedib gəlirəm. Orada biznes qurmuşam. Ancaq biznesimi hansı yöndə qurduğumu açıqlamayacağam. Şükür Allaha, işlərim yaxşı gedir, özüm-özümü dolandırıram.

- Sizdən müsahibə almaq istəyimizi bildirəndə, maraqlı insan olmadığınızı dediniz. Hətta onu da qeyd etdiniz ki, “Əməkdar artist” titulunu adınızın qarşısında işlətməyək. Səbəb nədir?

- Çünki adımın qarşısında bunun deyilməsini istəmirəm. Ümumiyyətlə bir şey deyim ki, mən fəxri adların verilməsinin əleyhinəyəm. Ona görə də “Əməkdar artist”, “Xalq artisti” adlarını qəbul etmirəm. Maraqlıdır ki, “əməkdar artist” rus dilində “zaslujennıy artist” kimi tərcümə edilir. “Zaslujennıy” nə deməkdir? Yəni haqq edən, haqqı çatan... İndiyədək bu ad verilməmişdisə, haqq etməmişdim? Ya da ki, əgər bir aktyor, sənət adamının “Xalq artisti” adı yoxdursa, ancaq xalq tərəfindən sevilirsə, o xalqın artisti deyil? Bu fikir çox yanlış bir şeydir. Mən onun tərəfdarıyam ki, elə məndən başlayaraq, bütün aktyorlara verilən fəxri adlar ləğv edilsin.

- Deməli, öz-özlüyünüzdə “Əməkdar artist” fəxri adından imtina etmisiniz?

- Tamamilə doğrudur. Mən bu addan imtina etmişəm və fəxri adların ləğv edilməsini istəyirəm. Bunun gec-tez baş verəcəyini bilirəm. Çünki bu cür davam edə bilməz.

- 10 il səhnədən ayrı düşdünüz. Bunun səhhətinizdəki problemlərlə əlaqəli olduğunu bildirirdilər...

- Düz 10 il səhnəyə çıxmadım. Səhhətimdə problemlər var idi. Şükür Allaha ki, həmin problemləri dəf etməyi bacardım. İndi çox yaxşıyam, səhhətim də tam yerindədir. Özümü çox yaxşı hiss edirəm. Uzun müddət müalicə olundum və müalicə yaxşı nəticələndi. Düzünü desəm, 10 il səhnədən ayrı qalmağım tək səhhətimlə bağlı deyildi. O vaxt siyasi durum elə idi ki, teatr heç kimin vecinə deyildi. Həmin vaxt teatr bir az ucuzlaşdı, hətta bir ara teatra heç kim gəlmirdi, insan özünü lazımsız hiss edirdi. Təmir, toz-torpaq, siyasi hadisələr hər şeyi haqladı. Bizim o vaxtkı deputatlarımız daha çox aktyorluq edirdi, nəinki bizim professional aktyorlarımız. Bütün bu hadisələrdən dolayı istər-istəməz teatrdan aralandım, bezdim bütün bunlardan, səhhətimlə yanaşı, bu da bir səbəb oldu. Düşündüm ki, teatr artıq heç kimə lazım deyil...

- 10 il fasilədən sonra isə Sizi Akademik Milli Teatrın səhnəsində “Misir gecələri” tamaşasında Məleykə Əsədovanın tərəf müqabili gördük. Bunu yaradıcılığınızda səhnəyə böyük qayıdış hesab edirsiniz?

- Qətiyyən yox. Heç o tamaşadakı rolumdan da razı deyiləm. Bilirsiniz, bu tamaşada oynamağım üçün Məleykə Əsədova bir ay düşdü üstümə və inandıra bildi. Mərhum Əlabbas Qədirov bildirdi ki, “Yerimiz var, gəl qəbul edək, işlə, sən bizim kollektivimizin üzvüsən”. Mən də gəldim, ilişdim.

- Dediniz rolunuzdan qəti razı deyilsiniz. Bəs 10 ildən sonra tamaşaçı qarşısına niyə o rolla qayıtdınız?

- Bilirsiniz, hərdən insan heç bir şey olmayan yerdə quru çörək yemək məcburiyyətində qalır. Bu da elə bir şeydir. Yaxşı təklif olmayan yerdə formada qalmaq üçün məcbursan ki, nə isə edəsən. Artıq 10 ilə yaxın idi səhnəyə çıxmırdım, ona görə razılıq verdim. Bununla mən bir növ özümü sınadım ki, səhnəyə çıxsam, yeriyə, danışa, qəlibə düşə biləcəyəmmi? Bu suallara cavab tapmaq üçün bunu etmək özümə lazım idi. Bu tamaşada oynadıqdan sonra insanlar ümid verirdilər ki, “hə, alına bilər”. Özüm də əmin oldum ki, səhnədə addımlaya bilərəm. Amma tamaşaçılar məni bir daha “Misir gecələri”ndəki o obrazda görməyəcəklər. Çünki artıq həmin tamaşa repertuardan çıxarılıb. Mən tutduğum heç bir işə görə peşman olmuram, amma bir də o işi tutmaram. Yəni bir də o tamaşada oynamaram... Bununla belə, indi düşünürəm ki, nə isə etmək olar, teatr mütləq və mütləq lazımdır. Mənim kənarda durmaqdansa, teatrın içində olub kiçicik də olsa töhfə verməyim, nə isə yardım etməyim, nə isə göstərməyim daha yaxşı olardı. Bu gün deyirəm ki, teatrı düzəltmək, çox yaxşı teatr mühiti yaratmaq və gözəl tamaşalar hazırlamaq lazımdır. Azərbaycanda olan teatrların bir hissəsi tamamilə bağlanmalıdır, qalan teatrlarda isə aktyorların hamısının yaşayışı yaxşı olmalıdır, dövlət teatr üçün çox yaxşı şərait yaratmalıdır. Amma repertuar siyasəti heç kimdən asılı olmamalıdır. Hesab edirəm ki, bir il müddətinə bunların hamısını etmək olar və bir ildən sonra dünya miqyasına çıxıb Azərbaycanı tək neft ölkəsi kimi yox, həm də teatr və kino ölkəsi kimi təqdim etmək olar.

- Siz konkret hansı teatrların bağlanmasının tərəfdarısınız?

- Deyəsən, artıq bu prosesə başlanılıb. Regional olaraq Şəki, Gəncə, Lənkəran teatrı qalmalıdır. Opera və Balet Teatrımız, Kukla Teatrımız, Pantomima Teatrı qalmalıdır. Akademik Milli Dram Teatrı ilə Azərbaycan teatr tarixini əsası qoyulub, çox qədim teatrdır. Musiqili Komediya Teatrında hansısa dəyişikliklər olmalıdır. O teatra başqa ad qoysalar, məsələn, Satira Teatrı adı versələr daha yaxşı olar. Onsuz da istədiyimiz musiqili komediyalar yoxdur. Hər halda region teatrlardakı həmkarlarım mənim bu sözümdən inciməzlər, ancaq fəaliyyətləri lazımlı deyil. Onsuz da bir iş görmürlər. Estoniyada belə bir vergi sistemi var – teatr sahəsini saxlamaq üçün alkoqollu içkilərə və tütün məmulatlarına bir neçə faiz əlavə vergi qoyulub. Həmin vergi bir bazada toplanır və aktyor xəstələnəndə, təqaüdə göndəriləndə, teatrın səfərləri zamanı istifadə olunur. Çox olub ki, keçirilən festivallara getməyə pul, sponsor tapılmayıb. Ya da ki, dövlətdən yazıb xahiş edirsən, dəfələrlə rica edirsən ki, bu vergidən bizi azad elə, işıq pulunu az elə... Kollektivin içində bir təmizlik işləri aparılması, lazımlı kadrların saxlanması gərəkdir. Daha dayısı var deyə, kimdənsə qorxub, nəyəsə görə bir iş görülürsə, bu iş heç zaman effekt verməyəcək. Düzdür, tamaşa da göstəriləcək, yüksək səviyyədə reklamı da olacaq, ancaq hamı biləcək ki, bu istənilən tamaşa deyil. Ona görə də bu işlərin hamısı təmənnasız olmalıdır.

- Deməli, Azərbaycan teatrının bugünkü durumunu Siz bu cür qiymətləndirirsiniz?

- Bu gün Azərbaycan teatrının vəziyyəti heç də yaxşı deyil. Bunu tam açıq deyirəm. İlk növbədə, burada haqqı tapdananlar çoxdur, yəni normal, düzgün, haqqına, yerinə gələcək şeylər çoxdur. O cümlədən də, hələlik Azərbaycan teatrına diqqət yetərincə deyil.

- Sizi son illər filmlərdə də görmürük. Niyə çəkilmirsiniz? Belə çıxır ki, kino sahəsi də Sizi qane etmir?

- Teatrla bağlı dediklərim elə kino sahəsinə də aiddir. Üç ildən artıqdır ki, prezidentin kino sahəsinin inkişafına dair fərmanı var, ancaq kinostudiyada barmaq üstünə barmaq qoyulmayıb. Kino sənəti məhv olub gedir. Filmləri elə adamlara verirlər ki, o filmlərdə çəkilmək belə ürəyindən keçmir. Deyirsiniz, çəkilmirsiniz. Bütün filmlərə çağırırlar, hətta seriallara da. Soruşuram, kim çəkir, deyirlər, haradasa fəhləlik edir, yazıqları gəlib, film veriblər. Kino oyuncaq deyil axı. Artıq professionallardan heç kim işləmir. Vəziyyəti bu cür qiymətləndirin - Füzuli Hüseynov nə düşdü yeməkdənsə, ac qalmağa üstünlük verir.

- Xaricdə çox olursunuz. Hər halda beynəlxalq arenaya çıxmaq şansınız var. Bəs niyə bu şansdan istifadə etmirsiniz?

- Qətiyyən elə bir şansım yoxdur. Çox təəssüflər olsun ki, bizim milli qapanma, milli ruhumuz var, biz öz yerimizə daha çox bağlıyıq. Bu halın baş verməsi üçün bütöv bir proqram olmalıdır. Yəni, hamımız bir yerdə çıxmalıyıq dünya arenasına... Yoxsa təkbaşına nə isə proqram hazırlayım, çıxım italyan dilində çıxış edim, bunu istəmirəm. Çünki belə mümkün deyil. Tutaq ki, Füzuli getdi, İngiltərəni fəth elədi, gəldi, nə olsun? Kimdir Füzuli? Azərbaycandan gəlib. Azərbaycan haradır? Bilmirlər. Ancaq Azərbaycan teatrının tarixi görün hara gedib çıxır. İslam ölkələri arasında ən qədim tarixi olan teatr Azərbaycan teatrıdır. Məsələnin kökü bilirsiniz nədədir? Məsələn, Rusiyada gəzdiyin küçəni, parkı o qədər təmiz görürsən ki. Amma hansısa həyətə gir, çirk-pasdan tərpənmək olmur. Bizdə isə küçələr çirk-pas, toz içində, evlər, həyətlər isə təmizdir. İki cür ruh - milli qeyrət və fərdi qeyrət var. Bizdə daha çox fərdidir, yəni mənimlə işin yoxdur, ancaq qonşuma nə istəyirsən elə. Lakin bunlar bir yerdə olmalıdır ki, biz bir tərəfə çıxa bilək. Olmasa, mümkün deyil.

- Sizcə, bu sahədə sadaladığınız problemlərin həlli üçün hansı addımlar atılmalıdır?

- Mədəniyyət və Turizm Nazirliyi var, baş nazirin humanitar məsələlər üzrə müavini var, Prezident Administrasiyasında bu sahə üzrə şöbə var. Bütün struktur hazırdır, sadəcə oturub rahat və düzgün, ağıllı şəkildə bunları həyata keçirmək lazımdır. Qanunlar da var. Sadəcə, bunların hamısını həyata keçirmək və normal davam etdirmək lazımdır. Ən əsası isə büdcədən ayrılan pulun doğru-düzgün istifadə olunması lazımdır. Vəssalam, qurtardı getdi. Hər çətin situasiyadan çox rahat və asan çıxış yolu var, ölüm xaric... Teatrın inkişafı ilə bağlı da sərəncam verilib, içində hər şey var, teatrların içərisindəki avadanlıqlardan tutmuş xaricə tələbə göndərilməsinə kimi. Çox ideal sənəddir, heç nə kənarda qalmayıb. Ancaq hanı, icra olunurmu? Buyurun, gedək kinostudiyaya, vəziyyəti öz gözünüzlə görün. Günahkarı tapmaq, ondan bunun cavabını soruşmaq çətindir məgər? Bu cür davam etsə, Azərbaycan teatrı daha da cılızlaşa bilər. Məhv olsa, cılızlaşmağından daha yaxşıdır. Amma çox heyf... Teatr və kino sahəsində çox şey edə bilərdik. Heç bir neft milyarderi dünya ictimaiyyətində Azərbaycan haqqında və millətimiz haqqında “O olmasın, bu olsun” filminin yaratdığı təəssüratı yarada bilməz, bu mümkün deyil.

- Azərbaycanda peşəkar aktyorlara verilən qiymətdən razısınız?

- Ümumi teatr aləmində olan aktyorlara verilən qiymət çox zəifdir. Bugünkü aktyorun aldığı əmək haqqı 200 manatdır. Televiziyaya gedirlər, qonorarını vermirlər. Bunun işi budur, ay qardaş, bunun pulunu niyə vermirsən? Deyirlər, gəl çəkil, ancaq pulumuz yoxdur. O zaman çəkilmirəm, pulun yoxdur, çəkmə. Bu mənim işimdir, bu mənim peşəmdir, mən buna görə haqqımı almalıyam.

- Deyirsiniz, təklif edilən zaman seçim edirsiniz. Bəs, bəyənmədiyiniz təklif gəlsə və bunun müqabilində yaxşı pul verilsə, razılaşarsınız?

- Bəli, razılaşaram. Ya yaxşı pula çəkilərəm, ya yaxşı işə. Amma bunun müqabilində yaxşı iş ola bilər və deyə bilər ki, iş yaxşıdır də, bizə kömək edin, canla-başla edərəm. Mən özümə hansısa rolu oynamamaq kimi sədd qoymamışam. Elə bir kritereya yoxdur, sadəcə məsələ əsərdən, rejissordan, hansı nöqtədən yanaşmadan asılıdır. Narkoman və rüşvətxor rolunda məmnuniyyətlə oynayaram, baxır necə əsərdir, necə narkomandır. Ömrümdə rüşvət almamışam, bəlkə ondan sonra verdilər. Heç zaman mənim heç bir rolu oynamaq istəyim olmayıb, nə də bunu ürəyimdən keçirməmişəm. Mən nə rolu oynamaq istəyirəmsə, gedib evimdə oynaya bilərəm. Çoxu deyir ki, mən filan rolu oynamaq arzusundayam. Oynamaq istəyirsən, get oyna, kim sənə mane olur ki? Bura teatrdır, bura kollektivdir. Teatrda məsləhət görülürsə, filan rol verilir, razılıq verirsənsə, oynayırsan, yox olmursa, mənim içimdə heç bir rol oynamaq istəyim yoxdur. Bir də “Mənim tamaşam, mənim rolum” deyirlər, belə bir şey yoxdur, heç kimin tamaşası ola bilməz, teatrın tamaşası var. Sən sabah yoxsan, ancaq sənin yerinə kimsə çıxıb oynayacaq həmin rolu. Heç “Mənim tamaşaçılarım” da demək düzgün deyil. Ona görə də deyirdim ki, maraqsızam müsahib kimi...

- Yaradıcılığınız boyunca özünüzü bir aktyor kimi tam aça bilmisinizmi?

- Yox açmamışam, aça bilməmişəm. Daha çox imkanım olub, elə indi də var. Ancaq bundan tam istifadə olunmayıb. Bu günə kimi heç bir rolumda Füzuli Hüseynovu oynamamışam. Bəlkə də bu, nə zamansa olacaq.

- Biznesdən əldə etdiyiniz gəlirlə şəxsi teatr açmağı düşünmürsünüz?

- Qətiyyən belə fikrim yoxdur. Teatr açmaq çox ağır şeydir. Şəxsi teatr açıb saxlamaq həddindən artıq çətindir. Teatr mütləq dövlətin maddi himayəsi altında, lakin daxilən sərbəst olmalıdır. Dünyanın heç bir yerində fərdi teatrlar normal fəaliyyət göstərmir. Bakıda “İbrus” Teatrı var, çox yaxşı tamaşalar da hazırlanır. Rüstəm İbrahimbəyovun şəxsi teatrı olan “İbrus” Teatrında elə bilirsiniz vəziyyət yaxşıdır? Orada aktyorlar 50 dollar maaş alırlar. Rüstəm İbrahimbəyovun beyninə də, ağlına da, insanlığına da çox böyük hörmətim var. O teatrda bir müddət işləmişəm, məşqlərimiz də olub. Ancaq həmin tamaşa sonra hansısa səbəbdən saxlandı.

- Çox maraqlıdır, nədənsə Sizin rol aldığınız bir neçə tamaşa sonradan saxlanılıb...

- Bu vəziyyəti ayağımın ağırlığı ilə əlaqələndirirəm. Həmin tamaşanın dayanmasının səbəbləri məndən asılı deyil. Elə ondan sonra da o teatrdan ayrıldım. Orada konkret ştat yoxdur.

- Problemlər Füzuli Hüseynovu yenidən səhnədən ayıra bilərmi? Bunun üçün özünüzə vaxt qoymusunuz?

- Əlbəttə, ola bilər. Həyatda baş verəcəkləri heç kim poza bilməz. Eləcə də mənim teatrdan ayrılmağımın mümkünlüyünü heç vaxt istisna etmirəm. Belə bir misal var ki, “Örkən nə qədər uzun olsa, yenə gəlib doğanaqdan keçəcək”. Bu Vətəndir, buradan hara gedəcəyik ki? Teatrdan ayrılıb başqa sahədə, başqa yerdə işləməyi inkar eləmirəm. Hələlik Allah imkan verir, əlimiz-ayağımız yerindədir. Baxaq. Deyə bilmərəm, bu suala cavab vermək həqiqətən də çətindir. Mən məqsəd və ya konkret zaman qoymuram. Bu, hər an ola bilər, bir ay bundan sonra da... Buna hansısa söz, münasibət də səbəb ola bilər.

- Özünüz niyə film çəkmirsiniz?

- Gərək onda Hollivuda gedim. Mənim film çəkməm üçün minimum 100 milyon dollar lazımdır. Onu verən olmasa, bunu çəkə bilmərəm. Sponsor tapmaq isə qeyri-mümkündür. Azərbaycanda sponsorlar elə şeylərə heç vaxt pul xərcləmirlər, onların xərcləməli yerləri çoxdur. O 100 milyonu çox şeyə xərcləyə bilərlər, amma filmə, teatr yox.

- Hər halda bunun səbəbini tək maliyyəyə bağlamaq düzgün deyil...

- Razıyam. Maliyyəyə münasibətlə bağlıdır, professionalların artıq itib getməsi ilə bağlıdır. Hər kəs bir qarın çörəyin xətrinə, nəyinsə və ya kiminsə xətrinə elədisə, bu iş heç zaman baş tutmayacaq. Burda ancaq prinsip olmalıdır, ölümdürsə, ölümdür, qalımdırsa, qalım. Nəsiminin dərisi soyulmalı idisə, soyuldu bitdi. Buna getməsən, heç vaxt nə sənə baxacaqlar, nə də oxuyacaqlar. Yazıçılarımızı niyə oxumurlar, kitablarını niyə almırlar? Almayacaqlar da, çünki məddahlıq edirlər. O vaxt İsa Hüseynovun, Anarın əsərlərini əldə tapa bilmirdik. Nə qədər tamaşaçı gəlirdi teatra. Amma indi efirə çıxanlar nə dediklərini özləri də anlamırlar. Yazıçı, şair dilindən asılmalıdır, boğazından kəndirdən sallanmalıdır. Bax, onda onları oxuyurlar. Bizim Ramiz Rövşənimiz, Vaqif Səmədoğlumuz var, ancaq onlar da bunların içində əriyib gedir. Çox heyf... Teatra bilet alıb gələn varmı? Yoxdur, çünki buna vaxt yoxdur. Tamaşaların afişaları heç yerdə vurulmur, bu, bütöv bir sistemdir. Ancaq bir günün içində bunları ləğv etmək mümkündür. Bircə günün içində bunları ləğv edirsən, teatrın yolları da açılır. Hər halda nə səbəbdənsə hələlik bunu etmək istəmirlər. Belə davam etdikcə də tamaşaçı teatra gəlməyəcək. Axı teatr cəmiyyətin güzgüsü, millətin simasıdır. Teatrdan aldığınız ləzzəti heç bir milyondan, milyarddan ala bilməzsiniz. Söhbət yaxşı tamaşadan, yaxşı aktyor oyunundan gedir. Götürək elə Akademik Milli Dram Teatrını... Üç-dörd dramaturqun əsərlərinin səhnəyə qoyulması düzgün siyasətin qurulmamasının göstəricisidir. Məsələn, Əli Əmirli çox yaxşı dramaturqdur, çox yaxşı şeylər də yaza bilər, ancaq tələbat nəyədirsə, onu yazır.

- Kliplərdə çəkilməyə dəvət alırsınız?

- Dəfələrlə təkliflər gəlib, ancaq razılıq verməmişəm, İnşallah, heç zaman bu yola əl atmaram. Düzdür, təklifləri rədd etdikdən sonra müğənnilər inciyiblər məndən, ancaq görüşəndə izah etmişəm ki, istəmirəm. Hər gün gözləri yağır etmək istəmirəm. Çünki klip böyük sənət əsəri deyil, heç kiçik də sənət əsəri deyil, reklam xarakterli bir şeydir. Ya da mən istədiyim pulu onlar verməyəcəklər, onda çəkilmək nəyə lazımdır? Heç zaman eləməmişəm, eləmərəm də... Səhnədə nə dediyini və niyə dediyini anlayan hər bir aktyor və aktrisanı mən özümün güclü və sevimli tərəf müqabilim hesab edirəm. Bu gün müğənnilərin, aktyor və aktrisaların xeyli hissəsi nə dediyini və niyə dediyini, nə oxuduğunu bilmir. Çıxıb nəyinisə, qızıllarını, paltarlarını göstərir. Mən bunlardan uzağam və belə şeyləri sevmirəm. Necə ki, “Misir gecələri”ndən ayrıldım.

- Son bir neçə ildə “Hökmdarın taleyi”, “Cavad xan” kimi bir neçə tarixi film çəkilib. O filmlərdə də görmədik Sizi...

- “Hökmdarın taleyi” filmində Bakı xanı Hüseynqulu xan obrazına çağırılmışdım, sonra o filmdə baş verən bəzi xoşagəlməz problemlər, rejissor dəyişikliyi yaşandı, mən də uzaqlaşdım. Cavad xan filminə də Rövşən Almuradlıdan təklif aldım, müəyyən şeylərlə razılaşmadım və bildirdim ki, mən o filmdə yoxam. Müəyyən prinsipləri gördüm və bu qərarı verdim.

- Tələbə yetişdirməyi düşünmürsünüz?

- Heç vaxt edə bilmərəm bunu, çünki özümü müəllim hesab etmirəm. Mənim özümün öyrənməyə çox böyük ehtiyacım var. Mən Nəsir müəllimin verdiyini heç vaxt heç kimdən almamışam. Əgər mən Nəsir müəllimin bir barmağının bildiyini bilsəydim, müəllimlik edərdim. Bilmirəmsə, niyə etməliyəm? Düzdür, indi dəb düşüb, kimə baxırsan, müəllimlik edir, tələbə hazırlayır, sonra da danışırlar ki, mənim tələbəm belə-elə... Bəs hanı o tələbələr?

- Yaxınlarda Sizi hansı tamaşada görə biləcəyik?

- Əli Əmirlinin “Sevən qadın” əsəri var, bir-iki dəfə oynamışıq onu, mövsüm açıldıqdan sonra isə hələ oynamamışıq. Kiçicik bir problemim var, həll olunsa, yenidən o tamaşada məni görəcəksiniz. Bu zamana kimi oynadığım hər hansı tamaşaya heç vaxt kimisə çağırmamışam. Kiməsə rol ifa etdiyim tamaşaya baxmaq üçün dəvətnamə də vermirəm. Görürəm, premyeralara çıxanda nə qədər dəvətnamə alıb paylayırlar, hamısına deyirlər ki, bizə gül gətirin. Kimə ki güllər gedir, bilirəm ki, qohumlarıdır. Bu zamana kimi heç vaxt hansısa qohumumu çağırmamışam ki, gəl mənim premyerama bax. Heç vaxt bunu etmərəm...
# 2261

Oxşar yazılar