“Azərbaycanda məni ekstrasens kimi unutsunlar” - MÜSAHİBƏ
05 oktyabr 2009 22:15 (UTC +04:00)

“Azərbaycanda məni ekstrasens kimi unutsunlar” - MÜSAHİBƏ

Parapsixoloq-ekstrasens Zirəddin Rzayev bir daha Azərbaycanla bağlı proqnoz verməyəcək


Z.Rzayevin Vesti.az saytına müsahibəsi


Moskvaya bu dəfəki səfərimdə ilk növbədə həmyerlimiz məşhur parapsixoloq-ekstrasens Zirəddin Rzayevlə görüşmək niyyətindəydim. Ancaq bu şəhərdə yaşayan azərbaycanlı tanışlarım məni hər vəchlə bu görüşün çətin baş tutacağına inandırmaq istəyirdilər: «Onu Moskvada tapmaq olur ki, bilirsiniz, növbəsinə nə qədər adam yazılıb»…

Ancaq mən onunla görüşmək üçün bütün imkanlarımdan yararlanmağa çalışdım. Çətinliklə də olsa, köməkçisinin vasitəsilə telefon əlaqəmiz baş tutdu və elə həmin gün işlədiyi poliklinikada görüşdük.


- Söhbətimizə bu sualla başlamaq istəyirəm: bəlkə, əvvəlcə, Moskvadakı fəaliyyətiniz, işinizlə bağlı danışasınız?

- Hazırda iki mərkəzdə fəaliyyət göstərirəm. Onlardan biri «Liniya Jizn» adlı parapsixologiya ilə məşğul olan elmi mərkəzdir. Burada insanlara parapsixoloji xidmətlər göstərilir. İkinci fəaliyyət yerim xəstəxanadır, həkim-psixoloq vəzifəsində çalışıram. Bundan əlavə ekstrasens kimi insanlara xidmət edirəm, eyni zamanda, elmi işlə məşğulam. Mənim elmi işimin mövzusu «Psixologia və fəlsəfə»dir. Çünki psixologiya və fəlsəfəni bir-birindən ayrılıqda təsəvvür etmək mümkün deyil. Əslinə qalsa, psixologiya elmi də fəlsəfədən ayrılıb və fəlsəfənin bir qoludur. Mənim fikrimcə, bütün elmlər fəlsəfədə cəm olmuşdur, fəlsəfədən ayrılmışdır. Fəlsəfə elmlərin atası, köküdür, o cümlədən, psixologiya.

İşimlə bağlı onu deyə bilərəm ki, qrafikim çox sıxdır. Demək olar ki, dostlarımın əksəriyyəti məndən küsüb. Çünki işdə olanda zənglərə cavab verə bilmirəm, işdən sonra da yorğun gəlirəm evə. Gecələr elmi işlə, kitablarla, internetlə məşğul olduğumdan çox vaxt yuxusuz qalıram, əlavə boş vaxtım olmur deyə, bütün bu işlər məni həddən artıq yorur. Ancaq nə edim ki, bu mənim həyat tərzimdir. Guya cümə və bazar günləri istirahət günlərimdir. Ancaq bu sözdə istirahətdir, əslində, həmin günlər mənim üçün digər iş günlərindən ağır keçir.

- Son vaxtlar Azərbaycanla az-az əlaqə saxlayırsınız. Əvvəllər Bakıya tez-tez yolunuz düşər və bir neçə gün qalardınız. Ancaq Bakıya bu günlərdə baş tutan sonuncu səfəriniz cəmi bir gün çəkdi. Mətbuat səhifələrində də sizə az-az rast gəlirik. Bir sıra qəzetlərdə özünüz, verdiyiniz proqnozlar haqqında birmənalı olmayan fikirlər səslənir. Bu barədə nə deyə bilərsiniz?

- Mən Azərbaycanımı, vətənimi çox sevirəm. İstər iqtidar, istərsə də müxalifət düşərgəsindən çoxlu dostlarım, sevdiyim insanlar var. Mənim Vətənimə olan sevgimə baxmayaraq, bəzilərini öyrədib əleyhimə yazılar yazdırır, əleyhimə təhqiramiz danışmağa təhrik edirlər. Ancaq mən belələrinə əhəmiyyət vermirəm. Tarixdə buna bənzər hadisələr çox olub. Çox uzağın söhbəti deyil ki, Quranımızı təhrif edib, «Şeytan ayələri» adlı kitab dərc elədilər. Peyğəmbərimizin karikaturasını çəkdilər. Azərbaycanın özündə Mir Mövsüm ağa haqqında müxtəlif neqativ fikirlər var. Bu gün elə bir dahi, tanınmış şəxsiyyət tapmaq olmaz ki, onun əleyhinə pis danışmasınlar, o cümlədən, Zirəddin Rzayevin. halbuki mən özümü dahi hesab eləmirəm. Ancaq sizə bir inümunə deyim: vaxtilə Janna D Arkı sehrbaz adlandırıb tonqala atanlar və bütün xristian dünyası ölümündən sonra onu müqəddəs insan kimi qəbul etdi.

- Dediyinizdən belə çıxır ki, kimlərsə sizin əleyhinizə kampaniya təşkil ediblər. Elədirsə, təşkilatçıların adlarını açıqlaya bilərsinizmi?

- Mən bu barədə artıq heç nə demək istəmirəm. Vətənimə, millətimə, torpağıma – hamısına qurban olum. Ancaq Azərbaycanda yaşamaq və fəaliyyət göstərmək mənim üçün olduqca çətindir. Özümə söz vermişəm ki, bundan sonra Azərbaycan və onun gələcəyi ilə bağlı heç bir qəzetə proqnoz verməyəcəyəm. Çünki mən proqnoz verəndə, mətbuat, xüsusilə bir sıra bulvar qəzetləri dediklərimi yozub, haqqımda çirkab, iftira dolu böhtanlar yazırlar. Görünür, Azərbaycanın gələcəyi ilə bağlı mənim proqnoz verməyim kimlərisə narahat edir. Ona görə də, haqqımda şayiələr uydururlar: «Zirəddin Rzayev satanistdir», «ruslara, ermənilərə qulluq edir», «spirtli içkilərə aludədir», «eyş-eişrətlə məşğul olur», «restoranlarda yaşayır», «2006-cı ildən Rusiyadadır». Halbuki mən 2008-ci ildə Azərbaycan vətəndaşı kimi xarici pasport almışam. Bu ağ yalandır, iftiradır.

- Azərbaycanla bağlı hər hansı proqnoz verməyəcəyinizi qeyd etdiniz. Amma indiyə qədər müəyyən proqnozlar vermisiniz. Həmin proqnozlarınızı bir daha təsdiqləyirsinizmi?

- 2012-ci illə bağlı “Vesti.az” saytına verdiyim proqnozlardan sonra Rusiyada müxtəlif televiziya verilişləri hazırlanıb. 2012-ci ilin dünyanın sonu olduğu barədə iddialar var. Hətta Maya tayfaları, Nostardamus, Vanqa həmin il üçün qorxulu proqnozlar veriblər.
Ancaq mən bir daha təkrar edirəm: Azərbaycanla bağlı verdiyim proqnozları, bütün sözlərimi geri götürürəm. Bu addımı dediklərimin təhrif edildiyinə görə atıram. Mənim adımdan elə şeylər yazırlar ki, təəccüblənməkdən başqa çarə qalmır.

Məsələn, guya ki, mən demişəm ki, son zəngdə terror aktı baş verəcək. Bunu adını reklam etmədiyim qəzet sensasiya kimi oxucuya çatdırıb. Halbuki məqaləni oxuyanda məlum olur ki, şayiə əsasında yazılıb və heç bir fakta söykənmir. Açığı, çox qəribədir ki, mənə böhtan atan qəzetlərin hamısı bulvar qəzetidir, haqqımda şantaj, uydurma dərc edən ciddi qəzetə rast gəlmədim. Bax, qardaşım, ona görə də özümə söz vermişəm ki, qəzetlərə Azərbaycanın gələcəyi ilə bağlı müsahibə verməyim. Sizə də o qədər yol gəlmisiniz, qonaqsınız, deyə istisna etdim.

- Çox sağ olun.

- Allaha and olsun, doğru sözümdür, elə yalanlar yazır, şər-şəbədələr qoşurlar ki, adamın əli hər yerdən üzülür.

- Siz həmişə qeyd edirsiniz ki, fəaliyyətinizin yalnız bir qayəsi var: insanlara vicdanla xidmət etmək. Bəs nədən hansısa bir məqaləyə görə, geri çəkilirsiniz…

- Qardaşım, mən insanlara xidmətimi məhdudlaşdırmıram. Onlarla indi də məşğul olur, fərdi proqnozlar verirəm. Həmvətənlərimin gələcəyi, işləri, taleyi sağlamlığı məni həmişə maraqlandırır və daim diqqət mərkəzimdədir.

Məni ağrıdan başqa məsələdir: Rusiyada mənim kimi yüzlərlə ekstrasens var. Ancaq Azərbaycanda yalnız məni təftiş etməklə məşğuldurlar. Əgər Zirəddin hər hansı xoşagəlməz hadisə barədə əvvəlcədən proqnoz veribsə, bunu təbii qarışlamaq lazımdır. Çünki bütün görücülərin proqnozlarının əksəriyyəti faciələrlə, fəlakətlərlə bağlıdır. Yazırlar ki, «Zirəddin Rzayev xalqı qorxuda saxlaryır». Ancaq bunlar dərk eləmirlər ki, iyirmi birinci əsrdə yaşayarıq. Müasir elmin, texnologiyanın imkanları o qədər genişdir ki, alimlərimiz zəlzələni, tufanı, qasırğanı qabaqcadan proqnoz edə bilirlər. Onda bu proqnozlar da camaatı qorxuda saxlayır? Məncə, belə öncədən xəbəvermələr yalnız ruhi xəstələrdə qorxu yarada bilər. Fikrimcə, mənim proqnozlarımı təftiş edənlər, əleyhimə danışanlar da ruhi xəstədirlər. Çünki sağlam ruhlu, normal təfəkkürlü insanlar gələcəklə bağlı proqnoz verilən pis hadisələri normal qəbul edirlər.

- Azərbaycanla bağlı təsdiqini tapmayan hansısa proqnozunuz olubmu?

- Verdiyim proqnozların təhrif edilərək yanlış təqdim olunmasını nəzərə almasaq, hamısı özünü doğruldub. Xalq bunların hamısını yaxşı bilir. Ancaq indi mən nə edim ki, mənə inanmaq əvəzinə, dediklərimi yalan yozurlar. İstəyirəm mənim bu sözlərimi olduğu kimi çap edəsiniz: eybi yoxdur, məni Vətənimdə qürbətdə yaşayan məşhur bir azərbaycanlı kimi qəbul eləsinlər, ancaq görücü kimi tanımasınlar, ekstrasens kimi unutsunlar. Doğrusu, bəzi soydaşlarımın mənə qarşı olan bu qərəzli münasibəti qəlbimdə pis bir iz buraxdı. Amma bu o demək deyil ki, baş verənlər, ümumilikdə, mənim Vətənimə, millətimə olan münasibətimi dəyişib. Əksinə, yanıma gələn hər bir soydaşımızı canla-başla qəbul edir, əlimdən gələndən artığını etməyə çalışıram. Ancaq yenə deyirəm: tutduğum bu yolda Azərbaycanla bağlı tam sükutdur.
Ədəbiyyatımıza nəzər salanda yadıma dahi klassiklərimiz Füzuli, Nəsimi və Nizami düşür. Füzuli şikayət elədi, ömrü boyu səfalət içərisində yaşadı, Nəsimi üsyan elədi, dərisindən soyuldu, Nizami nəsihət elədi və ömrü boyu hörmətli bir şeyx oldu. Mən də nə şikayət, nə üsyan eləmək istəyirəm, sadəcə olaraq, Nizaminin tutduğu yolu tutmuşam. Nəsihət edəcəyəm ki, Azərbaycanın vətəndaşına qarşı böhtan atmasınlar, yalan yazmasınlar və Allahlarını unutmasınlar. Bir də bilirsiniz nədən inciyirəm? Mənə qarşı böhtanlar, yalanlar ayaq açıb yeriyəndə gərək, onların cavablarını verib yerlərində oturdaydılar. Yadımdadır, ATV-dəki birinci çıxışımdan sonra eşiyə çıxmaq istəyəndə böyük bir insan seli qarşımı kəsib məni buraxmaq istəmirdi. İnsanlar məni sıxışdırır, məndən mədəd umurdular. Ancaq sonradan mənim əleyhimə başqa verilişlərdə danışanlara həmin xalq gedib öz sözünü demədi, münasibətini bildirmədi. Yaxşı, bəs mən nəyə görə, kimin uğrunda mübarizə aparmalıyam, proqnozlar verməliyəm? İmam Hüseyn kimi böyük bir şəxsiyyəti Kufə xalqı çağırıb dedi ki, «gəlin, arxanızda dururuq, bizə rəhbər olun». İmam Hüseyn onları eşidib gələndə hamısı ondan üz çevirdi.

- Azərbaycandan yanınıza gələnlərin arasında vəzifəlilər də varmı?

- Mənim pasientlərimin, demək olar ki, yüzdə yetmiş faizini azərbaycanlılar təşkil edir. Onlar müxtəlif təbəqələri təmsil etmələrinə baxmayaraq hamısını böyük rəğbətlə qarşılayıram, hamısına çox böyük məhəbbətim var, ömrüm boyu da xalqımın qulluğunda hazıram. Vəzifəli şəxslər isə məni həm ora dəvət edirlər, həm özləri bura gəlirlər, həm də telefonla zəngləşirik. Onların da qulluğunda böyük məhəbbətlə dayanıram və bundan çox məmnunam.

- Adlarını çəkə bilərsiniz…

- Xeyr, ancaq onların arasında millət vəkilləri, icra başçıları, polis rəisləri və vəzifəcə onlardan qat-qat yüksəkdə duran insanlar var.

- Azərbaycan hakimiyyətindən vətənə qayıdıb fəaliyyət göstərməklə bağlı hansısa dəvət almısınız?

- Mənə çox təkliflər olunub. Qayıtmağımın əvəzində ev təklif ediblər, klinikada fəaliyyət göstərməyimi xahiş ediblər. Ancaq mən Azərbaycana gəlmərəm, mən Mirzə Ələkbər Sabirin qorxduğu xalqdan qorxuram.

Həmişə fikirləşirəm ki, Rusiyada yaşasam da, Rusiyada ölsəm də, mən Azərbaycan torpağında dəfn olunacağam, kəfənlə torpağa basdırılacağam. Mən azərbaycanlıyam, Tanrı bu gücü mənə Azərbaycanda verib. Ancaq mən Azərbaycanda fəaliyyət göstərmək fikrində deyiləm və olmayacağam da.

Bu yaxınlarda Bakıya bir günlüyə, Aygünün konsertinə gəlmişdim. Orda mənə sual verdilər ki, Aygünlə Namiqin axırını necə görürsünüz, birlikdə qalacaqlar, yoxsa ayrılacaqlar. Dedim ki, mən bu barədə proqnoz vermək istəmirəm, onların ikisi ilə də gözəl münasibətim var və istəmərəm ayrılsınlar. Dedilər, dost kimi yox, siz görücü kimi konkret deyin və Türkiyədən nümunə gətirdilər ki, orada görücülər müğənnilər haqqında nəsə deyəndə bundan incimirlər. Mən dedim ki, Azərbaycan Əqrəb bürcündədir,
Əqrəb çox aqressiv olduğundan bizim millət çılğın və emosionaldır. Ona görə də, Türkiyə ilə Azərbaycan bir-birindən fərqlənir.

- Rusiyada sizin fəaliyyətiniz üçün hər cür şərait yaradılıb. Necə hesab edirsiniz, bəlkə bütün bunlar haqqınızda şayiələrin yaranmasına səbəb olur…

- Bizim çoxlu sayda böyük alimlərimiz, şəxsiyyətlərimiz Rusiya vətəndaşları olublar. Təkcə Müslüm Maqomoyev barədə hansı rusa yaxınlaşıb soruşsan, o göz yaşını saxlaya bilməyəcək. Maqaomayevi kimilərin sayı indi də kifayət qədərdir. Onları bir-bir sadalamaq çox uzun çəkər. Hər biri Azərbaycanı çox ləyaqətlə təmsil edirlər, fəaliyyətləri Azərbaycana, azərbaycanlılara fayda verməyə yönəlib, o cümlədən də, mənim. Mənə müraciət eləyən yüzlərlə azərbaycanlıya kömək edirəm. Axı bu necə pis qarşılana bilər? Bunu yalnız mənəviyyatı çirkabla dolu olanlar pis yoza bilərlər. Biz Azərbaycandan kənarda yaşayıb fəaliyyət göstərsək də, varlığımız, fəaliyyətimiz Azərbaycan və xalqımız üçündür.

Bu gün bir çox xarici ölkələrdən mənim yanıma kömək ummağa gəlirlər. Amerikadan, Hindistandan, Ukraynadan Norveçdən bütün ölkələrdən mənə dəvətlər gəlir. Bu yaxınlarda İsrail televiziyasından bu ölkəyə çəkilişə dəvət ediblər. Belə olan halda dünyanın qəbul etdiyi Zirəddini təhqir eləmək, elə Azərbaycan xalqını təhqir etməkdir.

Psixologiyada etnik qrupların psixologiyasını öyrənən etnopsixologiya deyilən bir sahə var. Orda hər bir xalqın dastanlarına, rəvayətlərinə baxıb həmin xalqı öyrənirlər. Bizim kökümüz Dədə Qorqud dastanımızdan gəlir. Dastanı oxuyanda da aydın olur ki, on iki boyun hamısında qardaş qardaşa qənim kəsilib, qanın töküb. Bax, biz həmin millətik. Bu gündə Azərbaycanda vahid birlik yoxdur. Nəyə görə partiyalara bölünməliyik, bir-birimizin ayağından çəkməliyik.

- Sizin qəbulunuza düşməyin necə çətin və baha başa gəldiyini eşitmişdim, bunun canlı şahidi də oldum…

- Mən sizinlə razıyam. Ancaq bu gün Rusiyada fəaliyyət göstərən ekstrasenslərin qəbul qiymətləri ilə tanış olsanız, əminəm ki, belə sual verməzdiniz. Yəni məndən qat-qat baha qiymətə qəbul edənlər var.

- Rusiya ilə bağlı proqnozlarınız necədir?

- Mənim proqnozların əksinə yozulduğuna görə, mətbuata bir daha açıqlama verməyəcəyimi özümə söz vermişəm. Mən hazırda daha çox elmi işim maraqlandırır, onu tez başa çatdırmaq üçün çalışıram. İnşallah müdafiə edib elmlər namizədi olsam, şəxsi klinikamı yaratmaq niyyətindəyəm. Onu da etiraf edim ki, çox yorulmuşam, bəzən bezdiyimdən bu sənəti tərk edib biznesə qoşulmaq istəyirəm. Fikirləşirəm ki, belə bir addım atsam camaata deyim ki, Tanrı verdiyi gücü məndən aldı. Çünki iftiralara, böhtanlara mənim qəlbim tab gətirə bilmir.

- Azərbaycanda gizli elmlərin inkişafı və gələcəyi barədə nə deyə bilərsiniz?

- Azərbaycanda gizli elmlərin inkişafına inanmıram, bu mənim üçün mümkünsüz kimi görünür.

- Nəyə görə?

- Əgər Azərbaycanda görücü, ekstrasens yoxdursa, görücünü, ekstrasensi qəbul etmirlərsə bu sahə necə inkişaf edə bilər? Azərbaycanda hələ sovet hakimiyyətindən qalma materializm nəzəriyyəsi hökm sürməkdədir.

- Bəs Tofiq Dadaşovu da ekstrasens kimi qəbul etmirsiniz?

- Mən Tofiq Dadaşov haqqında pis fikirlər söyləmək istəmirəm, onun hər hansı qabiliyyətinin olub-olmaması barədə də heç nə deməyəcəyəm. Ancaq onun bir dəfə efirdə işlətdiyi bir söz mənim xoşuma gəlmədi. Ona telejurnalist sual verəndə «sən Allaha inanırsan», konkret cavabı bu oldu: «mən yaxşılığa, məhəbbətə, sevgiyə inanıram». Yəni cavabdan qaçdı, «Allaha inanıram», demək əvəzinə, «sevgiyə, məhəbbətə inanıram» dedi. Təbii ki, onun bu cavabı məni razı salmadı və bu əqidəsini qəbul eləmirəm. Axı Allah olmasa, biz olmazdıq, biz olmasaq, yaxşılıq, məhəbbət və sevgi olmazdı. Allah olmasa, yaxşılıq, məhəbbət, sevgi hardan olsun?

Ancaq mən Azərbaycanda bir ekstrasens tanıyıram, o da torpaq altında yatır. Etibar
Erkini deyirəm, Allah ona rəhmət eləsin.
# 4273

Oxşar yazılar