İqlim fəlakəti bizi haqlayıb – MÜSAHİBƏ
01 oktyabr 2009 14:00 (UTC +04:00)

İqlim fəlakəti bizi haqlayıb – MÜSAHİBƏ

Filippində daşqınlar, Avstraliyada qırmızı qum tufanı, Şərqi Afrikada dəhşətli quraqlıq, Amerikanın cənub-qərbində meşə yanğınları, Sakit okeanda və İndoneziyada zəlzələ, Gürcüstanda qar, Türkiyə və Azərbaycanda sel və daşqınlar... Bunlar hamısı son bir həftədə baş verən təbiət hadisələridir. Böyük dağıntılara, canlıların tələf olması ilə nəticələnən hadisələr.

Gözlənilməz təbiət hadisələrinin Azərbaycanda da baş verəcəyi barədə həyəcan doğuran proqnozlar hələ bir neçə il əvvəl səslənsə də, çoxları buna inanmırdı. İndi bu proqnozlar reallığa çevrilib, son bir ayda ölkənin müxtəlif regionları daşqınlara məruz qalır, sel sularının axınına tab gətirə bilməyən çaylar məcrasından çıxaraq yolları körpüləri evləri yuyub aparır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Elmi-Tədqiqat İnstitutunun direktoru Rza Mahmudovun Lent.az-a müsahibəsi qlobal iqlim dəyişmələri və onun Azərbaycana təsiri barədədir:

- Son dövrlərdə təhlükəli anomal proseslərin dinamikası artır, keçən əsrin sonlarından başlamış bu proses dünyada baş verən qlobal iqlim dəyişmələrinin nəticəsidir. Qlobal iqlim dəyişmələrinə səbəb olan əsas amil isə atmosferin yerə yaxın təbəqəsində orta illik temperaturun artmasıdır. Orta illik temperaturun dəyişməsi indiyədək dünyanın ayrı-ayrı regionlarında müxtəlifdir. Ancaq bütövlükdə 0,8-1 dərəcəyədək temperatur yüksəlib. Bu isə dünyanın mövcud iqlim sistemində rütubətin paylanmasını dəyişib. Burada əsas səbəb atmosferlə dünya okeanı səviyyəsində gedən istilik mübadiləsidir. Bu, həm də okeanlarda cərəyanların hərəkətinin dəyişməsinə səbəb olur. Okeanlarda cərəyanların hərəkət istiqamətini dəyişməsi isə dünyanın bu və ya digər regionunda quru ərazilərdə kəskin yağıntıların artmasına, yağıntının çoxillik normadan az olduğu ərazilərdə isə quraqlığa gətirib çıxarır. Ona görə də istənilən regionda sel, daşqın və təhlükəli hidrometeoroloji proseslərlə bağlı digər hadisələr baş verir. Qısaca desək, proses belədir: temperatur artırsa, buxarlanma da artır. Buxarlanma artırsa, buxarlanan su atmosferdə qalmır və yerə qayıtmalıdır. Yəni min illər ərzində Yer kürəsindən nə qədər su buxarlanıbsa, o qədər su yerə qayıdır. Bunun 14-15 faizi quruya, 84-85 faizi isə birbaşa okeana qayıdır.

- Son bir həftədə Azərbaycanda və dünyanın bir sıra ölkələrində baş verən təbiət hadisələri arasında ümumi cəhət varmı?

- Əlbəttə, var. Bayaq dediyim kimi, temperatur artması yağıntını artırır. Yağıntılar isə Şərqi Asiyada, Mərkəzi Amerikada, Avropa, Türkiyə, Yunanıstan, yaxud elə Cənubi Qafqaz ölkələrində daşqın və sellərin artmasına səbəb olur. Təbii ki, qlobal iqlim dəyişmələrinin təsirinə ən çox məruz qalan ölkələr sahil zonalarıdır. Yəni materiklərin sahil ərazilərində yerləşən quru zonalar. Bu ərazilər zəlzələlərlə əlaqəli sunami hadisələrinin, müxtəlif qasırğaların təsirlərinə daha çox məruz qalır. Materikdaxili ərazilərdə isə hava axınlarının təsiri tədrici olur. Amma Azərbaycanda olan qlobal iqlim şəraiti Azərbaycanın özündə formalaşmır. Bu formalaşma Şimali Atlantikadan, Şimaldan, Şərqdən, Cənubdan gələn hava kütlələri sayəsində baş verir. Məsələn, Cənubdan gələn hava kütlələri yayda istiləri artırırsa, Şimaldan və Şimal-Qərbdən gələn hava kütlələri yağıntını artırır. Orta çoxillik temperatur paylanmasına nisbətən Azərbaycanda temperatur 0,7-1 dərəcə artıb. Hətta deyə bilərəm ki, bu artım fəsillər üzrə müxtəlifdir. Qış aylarında temperatur artımı daha çox müşahidə olunur. Təbii ki, qışda temperatur artımı yüksək dağlıq ərazilərdə qar və buz örtüyünün sərhədinin yuxarı qalmasına səbəb olur. Yəni qışda düşən qar öz axını bəzən qış dövründə verir. Halbuki, qar yazda əriməlidir və çaylar bu dövrdə daşmalıdır. Bundan başqa, qışda temperaturun artması nəticəsində buz örtüklərində azalma prosesi baş verir. Bu proses az da olsa, Azərbaycanda da baş verir. Azərbaycanda ən çox temperatur artımı isə yüksək dağlıq ərazilərində müşahidə olunur. İndiki temperaturun qlobal, əsas nəticələrindən biri budur. Dünyada isə ən çox temperatur artımı Arktikada, Qrenlandiyada və Antarktidadadır. Bu ərazilərdə temperatur 2,5-3 dərəcəyədək artıb. Bu, orta illik göstərici baxımından böyük, dəhşətli rəqəmdir.

- Son illər qlobal iqlim dəyişmələri ilə bağlı elmi tədqiqatlar da çoxalıb. İndiyədək əldə olunan nəticələr nəyi göstərir?

- Bu gün tədqiqatlar və proqnozlar göstərir ki, dünyada həm antropogen, həm də təbii amillərdən olan istiləşmə təhlükəli həddə çatır. Yəni dünyanın istənilən regionunda anomal istiləşməyə, istiləşmə isə selə, daşqına, qasırğaya şərait yaradır. Bütün bunlar dünya iqtisadiyyatı, insanlar əziyyət çəkir. Ona görə də dünya siyasətçiləri, alimləri gec də olsa birgə tədbirlərlə problemin qarşısını almağa səy göstərməlidir. Heç olmasa, bu prosesdən dəyən ziyanları dəqiq proqnozlarla, düzgün tədbirlərlə, müvafiq layihələr həyata keçirməklə azaltmaq olar.

- Bu profilaktik tədbirləri bir qədər də konkretləşdirə bilərsinizmi?

- BMT-nin baş katibi Antarktidaya səfərindən sonra dünya dövlətlərinə müraciət edərək, yaxın 3-4 ildə dünya birliyi qlobal iqlim dəyişikliyi ilə bağlı ciddi tədbirlər görməsə, prosesin təhlükəli həddə çatacağını demişdi. Antropogen amillərin qarşısını almaq üçün atmosferə atılan zərərli qazların miqdarı azaldılmalı, meşə örtüyü qorunmalı, yerlərdə proqnoz dəqiqlik artırılmalı və bunlara vaxtında əməl olunmalıdır. Bu məsələdə mütləq tədqiqatçılarla, sinoptiklərlə, alimlərlə yerli icra hakimiyyəti orqanlarının əlaqəsi vacib rol oynayır. Amma görürsən ki, biri ağına-bozuna baxmadan çayların məcrasında ev tikib satdırır. Yaxud çay məcrasında istənilən formada qum, çınqıl daşınır. Bu, bağışlanmaz bir şeydir. Mən demirəm ki, çay yatağından qum-çınqıl daşımaq olmaz. Olar, amma mütəxəssislərin rəyi nəzərə alınmalıdır, çayın elə yerindən ki, orada doğrudan da axının dinamikasında və hərəkətində dəyişiklik baş verməyəcək. Amma biri gedib pulunu verib elə yerindən qum-çınqıl götürür ki, orada çayın yatağı intensiv yuyulmaya məruz qalır və hətta yaxınlıqda olan körpü üçün təhlükə yaradır. Nəticədə sel və daşqınlar zamanı yaxınlıqdakı əkin sahələri, yaşayış zonası ciddi ziyan çəkir.

- Son illər Azərbaycanın müxtəlif regionlarda qum-çınqıl karxanaları yaradılıb. Bu zaman müvafiq dövlət təşkilatlarının rəyi nəzərə alınıbmı?

- Əvvəla, bu məsələ mənim səlahiyyətimdən kənardır. Amma təbii ki, müvafiq qurumlardan mütləq rəy alınmalıdır. Bakı mərkəzində ağacları qırıb yerində tikinti işləri aparılır. Hacıbala Abutalıbov deyir ki, bunun üçün 49 təşkilatdan razılıq alırlar. Mən isə deyirəm ki, həmin 49 təşkilatın 48-dən alınan rəy formaldır, heç bir şeydir, əsas biridir. Əgər sürüşmə zonasında, yaxud 9 mərtəbəli binanın yanında 20 mərtəbəli bina tikilirsə, bu, normal sayıla bilməz. Amma sənədləri yoxlayanda görürsən ki, hamı həmin tikiliyə öz imzası ilə razılıq verib. Onların bir hissəsinin marağı var, digər hissəsini məcbur eləyiblər, digər hissəsi dövlət proqramına əsaslanaraq bu işi başlayıblar. Yəni bizdə qanuna riayət etməkdə, subordinasiyanı gözləməkdə, xüsusən də alim və mütəxəssislərin fikirlərinin eşidilməsində bir laqeydlik, hətta özbaşınalıq var, kim nə istəyir, onu da eləyir. İndi dediyiniz həmin qum-çınqıl karxanalarının sənədlərinə baxanda görürsən ki, hamısı düzdür, hər yerdən icazəsi var, amma təhlükəlidir.

Elxan SALAHOV
# 1343

Oxşar yazılar