“Ramil Usubov təhsil müəssisələrinin qorunması ilə bağlı xüsusi tapşırıqlar verib” - MÜSAHİBƏ
25 sentyabr 2009 15:15 (UTC +04:00)

“Ramil Usubov təhsil müəssisələrinin qorunması ilə bağlı xüsusi tapşırıqlar verib” - MÜSAHİBƏ

DİN-in idarə rəisi təhsil məktəblərin mühafizəsinin neçəyə başa gəldiyini açıqlayıb

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru Mədət Quliyevin APA-ya müsahibəsi

- Artıq dərs ili başlayıb. Təhsil müəssisələrinin mühafizəsi istiqamətində hansı işlər görülür? Məktəblərin mühafizəsi üçün Baş Mühafizə İdarəsinə müraciətlər daxil olubmu?

- Bakı şəhərində və respublikanın digər rayon və şəhərlərində təhsil müəssisələrinin mühafizəyə götürülməsi ilə bağlı müraciətlər var və bu proses davam etməkdədir. Müraciət edən məktəblər Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi tərəfindən mühafizəyə götürülüb. Həmçinin, onu deməliyəm ki, ölkədə fəaliyyət göstərən hər bir təhsil müəssisəsinin mühafizə olunması barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən xüsusi tapşırıqlar verilib və bu tapşırıqlar tərəfimizdən yerinə yetirilir.

- Bəzi məlumatlara görə, Təhsil Müəssisələrinin mühafizəsinin təşkilində maliyyə məsələləri ilə bağlı bəzi anlaşılmazlıqlar var... Ümumiyyətlə, bu proses necə tənzimlənir?

- Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi nazirliyin tərkibində yeganə baş idarədir ki, özünü maliyyələşdirmə prinsipi ilə işləyir. Bununla əlaqədar onu deməliyəm ki, bizə müraciət edən təhsil müəssisələrinin hər birinin maliyyə vəsaiti olmalıdır. Onlar Baş Mühafizə İdarəsi ilə müqavilə əsasında mühafizə məsələsini həll edirlər. Yeni dərs ili başlayandan respublikanın rayonlarında, xüsusən də Bakı şəhərində yerləşən təhsil müəssisələrində bu məsələlər qarşılıqlı anlaşma əsasında həll olunur və təhsil ocaqları mühafizəyə götürülür.

- Təhsil müəssisələrinin mühafizəsi üçün Təhsil Nazirliyi Daxili İşlər Nazirliyinə müraciət edibmi?

- Bu məsələ Təhsil Nazirliyinin birbaşa Daxili İşlər Nazirliyinə rəsmi müraciəti əsasında həyata keçirilmir. Buna ehtiyac da yoxdur. Təhsil müəssisəsi hansı rayonun ərazisində yerləşirsə, həmin rayonun mühafizə şöbəsinə rəsmi müraciət etməlidir. Daxil olan müraciətdən sonra biz həmin təhsil müəssisəsini mühafizəyə götürürük.

- Azərbaycanda bu günədək neçə təhsil müəssisəsi mühafizəyə götürülüb?

- Təhlükəsizlik baxımından bu rəqəmi açıqlamaq istəmirəm. Amma onu deyim ki, xeyli sayda məktəbdə artıq texniki işlər aparılıb, təhlükəsizlik kameraları quraşdırılıb. Maddi imkanı yaxşı olan təhsil müəssisələri isə mühafizə xidmətinin silahlı əməkdaşları tərəfindən mühafizə olunur.

- Bir məktəbin mühafizəsi üçün təxminən nə qədər maliyyə vəsaiti tələb olunur?

- Bizim idarəmiz vergi ödəyicisidir və bu məsələ Nazirlər Kabineti tərəfindən tənzimlənir. Mühafizənin qiymətləndirilməsi isə iş saatları ilə müəyyənləşir. Bir məktəbin bir ay ərzində səhər saat 8-dən, axşam saat 6-ya kimi mühafizəsi təxminən 1500-1800 manata başa gəlir. Əgər təhsil müəssisəsi sutka ərzində polis tərəfindən mühafizə olunursa, onda bu rəqəm təxminən 3 000 manata yaxındır. Biz başa düşürük ki, bu rəqəmlər məktəblər üçün böyükdür. Ona görə də çalışırıq ki, müraciət edən məktəblərin mühafizəsinə bir polis nəfəri cəlb edək. Bir mühafizəçi beş gün ərzində səhər saat 8-dən axşam saat 6-dək təhsil müəssisəsini mühafizəsini təşkil edərsə, onda bu rəqəm təxminən 1000-1200 manata başa gələr. Bir daha deyirəm ki, daxili işlər naziri cənab Ramil Usubov məktəblərin mühafizəsi ilə bağlı xüsusi göstəriş verib. Nəzərə alsaq ki, bu gün Daxili İşlər Nazirliyi respublikada kiriminogen durumu tam nəzarətdə saxlayır, ölkədə əmin-amanlıq hökm sürür, əminliklə deyə bilərəm ki, təhsil müəssisələri də yüksək səviyyədə mühafizə olunacaq.

- Təhsil müəssisələrinin mühafizə olunması üçün Baş Mühafizə İdarəsinin yetərincə əməkdaşı varmı?

- Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi özünü maliyyələşdirən orqan olduğundan bizimlə müqavilə bağlamaq istəyən müəssisələrin sayı artdıqca, təbii ki, mühafizəçilərin də sayı artırılır. Hazırda mühafizə xidmətinin 8 000-dən artıq əməkdaşı var. Mühafizə edilməli olan obyektlərin sayı isə 10 000-dən çoxdur. Buna baxmayaraq, mühafizə idarəsində mühafizəçilərinin sayı ilə bağlı hələlik heç bir problem yoxdur. Mühafizəçilərin işə qəbulu isə cənab nazirin birbaşa diqqətində olan məsələdir. Mühafizə idarəsində işə qəbul olunan şəxslərin fiziki hazırlığı, zahiri görünüşü və professional hazırlığı əsas götürülür. Bu gün Azərbaycan inkişaf etmiş ölkələrdən biridir. Çalışırıq ki, ölkədə mühafizənin təşkili də beynəlxalq standartlara uyğun olsun.
# 1574

Oxşar yazılar