Lotereya

İlqar Əlfioğlu
Mən lotereya bileti almıram.

Niyə?

Birincisi ona görə ki, babam belə deyərdi: “Hökumətlə qumar oynayanın ağlı yoxdu!” - Mən də bunu qulağımda əbədi sırğa eləmişəm.

İkincisi də ona görə ki, 90-cı illərin sonlarında bir yoldaş tanıyırdım, lotereya qurmuşdu. Mükafatları da maşın idi – birinci mükafat “Patfaynder”, ikincisi “Altima”, üçüncüsü “Sanni”. Hələ dördüncü mükafat da vardı – “Lada-07”...

Lotereya başa çatdı. Bir həftədən sonra “Patfaynder”i özü, “Altima”nı arvadı, “Sanni”ni oğlu sürməyə başladı...

Bircə “07”-nin taleyi mənimçün qaranlıq qalmışdı, bir azdan onu da öyrəndim: sürücüsünə vermişdi, kreditlə.

Amma...

Amma kim asan yolla pul qazanmaq, milyon udmaq istəmir ki?

O adamı mənə göstərin, ya ağlına, ya da səmimiyyətinə şübhəylə yanaşım.

Şəxsən mən elə bir adam tanımıram ki, lotereya satanların yanından biganə bir görkəmlə ötsün. Ötsə də, lotereya almadan keçib getsə də, azı iki dayanacaq “bəlkə mən də alaydım... heç olmasa bir dənəsini...” düşüncələriylə yoldaşlıq edir, gözlərini yumub xəyalında özünü bəxtinə cek-pot düşmüş adam kimi canlandırır, borclarını necə artıqlamasıyla ödəyəcəyi, işə hansı maşınla gələcəyini, “xruşovka”nın beşinci qatındakı evini hara dəyişəcəyini, yayı harda dincələcəyini, kimlərə “fors”, kimlərəsə yaxşılıq edəcəyini fikirləşir və gözləri önündə açılan inandırıcı, şirin mənzərədən riqqətlənib bal kimi xəyal dünyasından ayrılmaq istəmir...

Bu yaxınlarda lotereyada böyük məbləğ udmuş 10 amerikalının sonrakı taleyi barədə məlumata rast gəldim və oxuyandan sonra müdrik babamın ruhuna bir də rəhmət oxudum. Sizi də “Cekpotçuların Top-10-u” ilə tanış etmək istəyirəm; faydası var...

10-cu yer - Uilli Hert (3,1 milyon dollar)

1989-cu ilədək o özünü cəmiyyətdə hörmət qazanmış bir insan, gözəl ailə başçısı sayırdı. Lakin bəxtinə lotereya uduşu düşən gündən hər şey dəyişdi. Cəmi iki il ərzində arvadından boşandı, övladlarıyla görüşmək hüququnu itirdi və bütün var-yoxunu boş-boş şeylərə sərf edərək lap axırda qəsdən adam öldürməkdə ittiham olundu. Uillinin vəkili qəzetçilərlə görüşündə onun bütün pullarının boşanma xərclərinə və kokain asılılığından çıxmaq üçün sərf olunduğunu söylədi...

9-cu yer – Süzan Mullins (4,2 milyon dollar)

1993-cü ildə lotereyada altı rəqəmin hamısını düzgün tapan bu qadın əri və qızı ilə bir yerdə, kreditə götürdükləri evdə yaşayırdı. Təbiətən çox mərhəmətli olan Süzan həmin pulun köməyilə illik kreditlərini bağlamaq fikrindəydi. Lakin uduşdan 11 sonra bu ailənin artıq 154 min dollar borcu vardı. Borcun səbəbi tibbi sığortası olmayan kürəkənlərinin müalicəsinə çəkilən xərc olmuşdu...

8-ci yer – Evelin Adams (5,4 milyon dollar)

Lotereyada udmağın müşkül məsələ olduğunu hamı bilir. Evelin Adamsın bəxtinə isə bir yox, iki dəfə dalbadal uduş düşmüşdü. 1985-86-cı illərdə o iki dəfəyə 5,4 milyon udmuşdu...
Həmin “xoşbəxt” gündən iyirmi il sonra Adams artıq müflis idi, evini itirərək avtomobil meydançasındakı bir treylerdə yaşayırdı. Səbəb: məsrəflərin çoxalması, qumara aludəçilik. Adams jurnalistlərə belə demişdi: “Hamı məndən pul istəyirdi. Məni görən hər kəs əlini açıb pul umurdu. Mən də bütün ömrüm boyu kimsəyə “yox” deməyi öyrənə bilmədim. Əlimə bir şans da düşsəydi, elə bilirəm daha ağıllı olardım...”

7-ci yer – Aleks və Roda Tut (13 milyon dollar)

1990-cı ildə ər-arvad böyük cekpot tutmuşdular. Lakin 2006-cı ildə artıq çətin vəziyyətdə yaşayırdılar. Ailə vergiləri ödəməkdən yayındığına görə məhkəməyə düşmüşdü. Aleks həmin məhkəmə ərəfəsində ürək tutmasından öldü, Roda isə ağır xəstə olduğunu bəhanə gətirərək araşdırmadan boyun qaçırmağa cəhd göstərdi. Xəfiyyələr onun yalan söylədiyini isbat etdilər və qadına 2 il azadlıqdan məhrumetmə cəzası, bir də 1,1 milyon dollar cərimə kəsildi...

6-cı yer – Uilyam Post (16,2 milyon dollar)

Həmin lotereya biletini alanadək Uilyam sadə balıqçı idi. Lakin uduşdan cəmi bir neçə ay sonra artıq müflis olmuşdu. Bütün pullarını dəbdəbəli evlər, bahalı maşınlar, yaxtalar almağa, şübhəli biznes əməliyyatlarına pul buraxmağa sərf etmişdi. Maşın sürməyi yenicə öyrənmiş Uilyam özünə bir dəfə də minmədiyi ikimotorlu təyyarə də almışdı. 2006-cı ildə sinir çatışmazlığından nəfəsi kəsiləndə bir qara quruşu da yox idi. Ölümündən qabaq bir dostuna etiraf etmişdi ki, pulu olmayanda daha xoşbəxt imiş...

5-ci yer – Janet Li (18 milyon dollar)

Cənubu Koreyadan Amerikaya yaşamağa gələn bu qadın əlinə göydən düşmüş vəsaiti müxtəlif maarifçilik layihələrinə, ictimai və siyasi təşkilatlara dağıdaraq, cəmiyyətdə bəlli nüfuz qazanmışdı. O hətta Bill Klintonla birlikdə nahar etmək hüququnu da almışdı (Birləşmiş Ştatlarda belə naharlar prestij sayılır və iddiaçıya böyük pul bahasına başa gəlir). Uduşdan səkkiz il sonra artıq Canetin cəmi 700 dollar pulu qalmışdı və o, özünü müflis elan etdi...

4-cü yer – Ceffri Damper (20 milyon dollar)

Uduş əlinə düşən kimi, o qohumlarına, dostlarına çox bahalı hədiyyələr etməyə girişdi. Amma təəssüf ki, onun səxavətindən bəhrələnənlər arasında baldızı Viktoriya Cekson yox idi. 2005-ci ilin 26 iyulunda Viktoriya dostu Nataniellə bir yerdə Ceffrini oğurlayırlar ki, külli miqdarda pulun müqabilində azad etsinlər. Amma sövdələşmə alınmadığından lotereya milyonçusunu güllələyirlər. Hər ikisi ömürlük həbs cəzasına məhkum edilir...

3-cü yer – Billi Bob Harrell (31 milyon dollar)

Gözəl ailə başçısı olan Billi əlinə pul düşən kimi, başqalarına kömək etməyə başlayır. Pullarını qohumlarına, dostlarına, yetimlər evinə, kilsəyə xərcləyib qurtarır, ağır maddi duruma düşür. Uduşdan bir il sonra özünü güllələyir. Ölümündən bir az qabaq isə bir dostuna etiraf edir ki, lotereya uduşu onun həyatında baş verən hadisələrin ən dəhşətlisi idi...

2-ci yer – Ralf Stebbins (208 milyon dollar)

Ralf Stebbinslə arvadı Meri 2005-ci ildə Meqa Milyon Cekpotunu udanda ağıllı adamlar kimi, planlar qururdular: borcları ödəmək, ferma almaq, bütün vəsaiti mal-qaraya qoyaraq ömürlərinin sonunadək komfort içində yaşamaq... Lakin uduşdan cəmi 20 ay sonra Stebbins qızının gəzdiyi oğlanı öldürməyə cəhd göstərdiyi, icazəsiz silah saxladığı üçün məhkəməyə cəlb olunur. Düz iki aydan sonra, 43 yaşında isə ürək tutmasından vəfat edir...

1-ci yer – Cek Uitteker (315 milyon dollar)

Uduşu alandan bir neçə gün sonra Cek içkili halda maşın sürdüyü üçün həbs olunur. Bir neçə aydan sonra oğrular avtomobilinə girib içində 545 min dollar pul olan çantasını oğurlayırlar. Bir ildən sonra isə bir barda çalışan menecerə güllə atdığına görə yenə, daha uzun müddətə həbsxanaya düşür. Sonrakı taleyi bəlli deyil...

Bütün bu oxuduqlarınızdan sonra, kim yenə lotereyada udmaq istəyirsə, sağlığına qismət!

Şəxsən mənə lazım deyil...

LENT

21 Aprel 2019
20 Aprel 2019

Digər xəbərlər >>>