Aynur Sofiyeva: “Mən “surroqat ana” məsələsinin əleyhinəyəm” - MÜSAHİBƏ
16 sentyabr 2009 11:15 (UTC +04:00)

Aynur Sofiyeva: “Mən “surroqat ana” məsələsinin əleyhinəyəm” - MÜSAHİBƏ

Yaxın vaxtlarda Azərbaycanda qadınların nikah yaşı artırılacaq. Bu məqsədlə Milli Məclisin payız sessiyasında Ailə Məcəlləsinə dəyişiklik edilməsi nəzərdə tutulub. Məcəlləyə dəyişikliklər üçün hazırlanmış təkliflər sırasında ailələrdə sağlamlıq və mülkiyyət hüquqlarının təminatı məsələləri də var. Belə ki, nikaha daxil olma zamanı sağlamlıq haqqında arayış və nikah müqaviləsinin də tələb kimi qoyulması nəzərdə tutulur.

Təkliflərin əsas müəllifi isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir. Komitənin ailə məsələləri üzrə sədr müavini Aynur Sofiyeva ilə müsahibəni təqdim edirik:

- Biz öz ailə modelimizlə fəxr edə bilərik. İndi bizim əsas vəzifəmiz bu dəyərlərimizi, ailə institutumuzu mənfi təsirlərdən qorumaqdır. O təsirlərdən ki, biz ona “inkişaf”, “Avropaya inteqrasiya” deyirik. Amma bəzən inkişafın özündə də mənfi təsirlər olur. Bütün bunlar Azərbaycan ailəsinə öz təsirini göstərir. Ümumiyyətlə, dünya təcrübəsinə baxsaq, görərik ki, bu gün Avropada ailə institutu məhv olmaq üzrədir. Hazırda Avropada il ərzində bağlanmış nikahlara nisbətdə boşanmalar 30 faizdən 60 faizə qədər dəyişilir. Azərbaycanda bu istiqamətdə vəziyyət stabil və müsbətdir. Belə ki, ölkəmizdə bu göstərici 10-11 faizi keçmir. Bu da onu göstərir ki, hələlik dərinləşməyə gedən problemimiz yoxdur. Amma yenə də bu istiqamətdə çalışmalıyıq.

- Siz bu sahədəki vəziyyəti nəyin əsasında analiz edib nəticə çıxarırsınız?

- Biz ailə məsələlərinə qanunvericilik baxımından müxtəlif istiqamətlərdə fikir veririk. Qanunvericiliyin təkmilləşməsinə həmişə ehtiyac duyulur. Biz 2006-cı ildən ailə məsələsi üzərində işləyirik və müvafiq dəyişiklikləri Milli Məclisə təqdim etmişik. Bu gün Azərbaycan ailəsində erkən nikah kimi problem var və bu problem artıq dərinləşməyə doğru gedir. Statistik rəqəmlər göstərir ki, erkən nikahların sayında müəyyən artım var. Məsələn, 2007-ci ildə 14-17 yaşlı analardan doğulan uşaqların sayı 2567 idisə, 2008-ci ildə bu rəqəm 3633-dür. Bu baxımdan da biz Milli Məclisə təklif vermişik ki, nikah yaşı qızlar üçün 17-dən 18-ə qaldırılsın. Bu təklif cəmiyyət tərəfindən müsbət qarşılanır və yəqin ki, ilin sonunadək dəyişikliklər qəbul olunacaq.

- Nikah yaşını qaldırmaqda məqsəd nədir?

- Bəzən deyir ki, bu, ailədaxili məsələdir və heç kəsin müdaxilə etməsinə icazə yoxdur. Amma bu, elə bir məsələdir ki, gələcəkdə millətimizə, genefondumuza, demoqrafik vəziyyətə təsir edə biləcək məsələlərdir. Ona görə də bu məsələni ilk növbədə valideyn bilməlidir. Erkən yaşda öz qızlarını nikah bağlamağa məcbur etmək çox vaxt valideynlərin istəyi ilə baş verir. Onlar başa düşməlidirlər ki, erkən yaşlı uşaqları məcbur etməklə övladlarının psixoloji durumuna təsir edirlər. Bu uşaqlar kiçik yaşlarında ailə kimi məsuliyyətli məsələnin öz zərif çiyinlərinə götürmək məcburiyyətində qalırlar. Erkən nikahın fəsadlarından biri də tibbi baxımdan olan problemdir. Yenə statistik rəqəmlərə əsaslansaq, xəstə doğulan uşaqların böyük faizi erkən yaşda ailə qurmuş anaların payına düşür. Digər bir problem isə nikah bağlanan zaman tibbi arayışların təqdim olunmaması ilə bağlıdır. Biz bu məsələnin də həlli üzərində çalışırıq və Milli Məclisə təklif vermişik ki, nikah bağlanan zaman tibbi arayışlar təqdim olunması imperativ xarakter daşısın. Bu məsələ zaman-zaman cəmiyyətin müzakirəsinə çıxır.

- Bu məsələnin reallaşmasına mane ola biləcək amillər nədir?

- Təəssüf ki, bu məsələdə insan haqlarını, milli mentalitet məsələsini önə çəkənlər var. Bəziləri deyirlər ki, nikah bağlanan zaman gənclərin bir-bir birindən tibbi arayış istəməsi insan hüquqları baxımından da doğru deyil. Əgər insanın hansısa probleminin digər tərəfin bilməsi insan hüquqlarının pozulması kimi başa düşülməməlidir. Hüquqlarımız olduğu kimi, vəzifələrimiz də var. O zaman xəstəliyini gizlədərək qəsdən başqasının sağlamlığına zərər vurmaq da insan hüquqlarının pozulması kimi başa düşülməlidir. Biz inkişaf etmiş ölkələrin təcrübəsindən də görürük ki, bu məsələ artıq qanunvericilikdə məcburi hal alıb.

- Yeri gəlmişkən, Azərbaycanın Ailə Məcəlləsində bu barədə hansısa müddəa varmı?

- Əlbəttə, var. Ailə Məcəlləsində, nikah zamanı tibbi arayış könüllülük prinsipinə əsaslanır. Bir faktı da qeyd etmək istərdim ki, tibbi arayışın nəticəsi nikah faktına təsir edə bilməz. Gənclərin bunu bilməsi çox vacibdir. Bizim məqsədimiz sadəcə tərəflərin məlumatlandırılmasıdır.

- Müəyyən analizlər aparmısınızmı ki, bu məsələ sovet dövründəkindən nə ilə fərqlənir?

- Komitə bütün mövcud imkanları səfərbər edərək, araşdırmalarla məşğul olan ayrıca sektor yaradıb və onun qüvvəsi ilə böyük məsələləri həll etməyə çalışır. Amma Uşaq ili ilə bağlı proqramda məhz müasir ailə modelinin araşdırılması da qeyd olunub. Biz artıq bu istiqamətdə işlərə başlamışıq. Belə araşdırmaları əvvəl də aparmışıq və görürük ki, bu cür problemlər bütün dövrlərdə olub. Bunların arasında qan qohumluğu, erkən nikah problemləri də var.

- Son dövrlər süni mayalanma məsələsi də çox müzakirə olunur. Bu barədə siz necə düşünürsünüz? Komitənin bununla bağlı mövqeyi, hansısa təklifi varmı?

- “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin müzakirələrində biz də iştirak etmişik. Belə fikirləşirik ki, bu qanun layihəsi qəbul olunmalıdır. Amma burada bir neçə məsələ var ki, onlar cəmiyyət tərəfindən tam qəbul olunmur. Müəyyən məsələlər var ki, mən də onunla razı deyiləm. Mən şəxsən “surroqat ana” məsələsinin əleyhinəyəm. Bu, bizim millətimiz, Azərbaycan üçün qəbul olunmayan məsələdir. Siz özünüz də deyirsiniz ki, bu gün bəzi insanların sağlamlığında müəyyən problemlər var. Onlar da dünyaya uşaq gətirmək sevincini duymaq istəyirlər. Ona görə də əgər valideynlərin özlərinin süni mayalanma imkanı varsa, bundan istifadə etmək olar, qəbulediləndir. Amma donor vasitəsi ilə dünyaya uşaq gətirmək məsələsini mən şəxsən qəbul etmirəm.

- Bu təcrübə inkişaf etmiş ölkələrin çoxunda var və hamı buna normal yanaşır. Bəs, siz niyə qəbul etmirsiniz?

- Burada mentalitetdən başqa digər məsələlər də var. Belə məsələlər qanunvericilikdə daha incə işlənilməlidir. Məsələn, donor gizli saxlanmalıdır. Amma Azərbaycan çox kiçik ölkədir, elə faktlarla qarşılaşa bilərik ki, yaxın qohumlar heç özləri də bilmədən ailə qura bilər. Yəni belə faktların da olması mümkündür. O cümlədən, “surroqat ana” məsələsi. İki qadından biri təbii, digəri isə uşağı doqquz ay daşıyıb dünyaya gətirən, qanını-canını verən anadır. Amma hələ də ortaq bir məxrəc tapılmayıb ki, bunlardan hansısa birinin uşağa heç bir aidiyyəti yoxdur, hər ikisinin burada rolu var. Ona görə də mən bu məsələni qəbul edə bilmirəm. Bu, indi də dünyada böyük bir etik problemdir.

- Problemin həllinin başqa alternativi varmı?

- Var, uşaq evlərində yetərincə uşaq böyüyür. Əgər ailə bu problemlə yaşayırsa, niyə gedib övladlığa uşaq götürməsin?! Belə imkan olduğu halda qeyri-təbii vasitələrlə uşaq dünyaya gətirməyin mənası nədir?! Təəssüf ki, Azərbaycanda milli mentalitetdən irəli gələn müəyyən problemlər var, valideynlər kənardan uşaq qəbul eləmək istəmir. Necə olur ki, süni mayalanmaya, “surroqat ana”ya gedirlər, amma ata-anasız qalan sağlam uşaqları götürməyə razı olmurlar.

- Bəzən övladlığa uşaq götürməməyi qanunvericiliyin mürəkkəb, qadağaların həddən artıq möhkəm olması ilə əlaqələndirirlər…

- Əslində belə də olmalıdır. Belə sözləri biz də eşidirik, amma mən bunları məntiqli hesab etmirəm. Qaydalar sadə ola bilməz, axı. Biz bu məsələnin içərisində olduğumuzdan hansı problemlərin yaşandığını bilirik. Təsəvvür edin ki, uşağı övladlıq adı ilə götürüb digər məqsədlər üçün istifadə edirlər. Ona görə də uşaqları övladlığa verməkdən qabaq dövlət bütün məsələləri araşdırmalı, yüz ölçüb-biçdikdən sonra qərar verməlidir. Hər adama övladlığa uşaq vermək olmaz. Bu gün dünyada uşaq orqanlarının satılması, uşaq alveri kimi cinayətlərin olması, bu qadağaların mürəkkəbləşməsini labüdləşdirir. Belə faktlara görə uşaqların övladlığa verilməsi məsələsində məsuliyyəti bir qədər də artırır.

- Uşaqların övladlığa verilməsi qaydalarının sadələşdirilməsi, əvəzində sonrakı mərhələdə uşağın ailədə böyüməsi üzərində nəzarətin artırılması mümkündürmü?

- Belə bir mexanizm üzərində iş gedir. Sadəcə, bizim komitənin səlahiyyətinə aid olan məsələ xaricə övladlığa verilənlərlə bağlıdır. Daxildə uşaqların övladlığa verilməsi ilə bizim komitə məşğul olmur.

- Azərbaycanda xaricə övladlığa vermə daha çoxdur, yoxsa daxilə?

- Yox, xaricə övladlığa vermə azdır, məsələn, son iki ildə cəmi 8 uşaq övladlığa verilib. Xaricə övladlığa verilən uşaqlar xüsusi qayğıya ehtiyacı olanlardır, yəni hansısa əlilliyi, fiziki qüsurları olan uşaqlardır.

- Nikah müqaviləsinin bağlanması zərurəti nədən yaranıb?

- Bizə müraciət edən insanların üçdəbiri bu problemlərlə qarşılaşan adamlardır. Nikah pozularkən qadın və uşaqlar problemlərdən ən çox əziyyət çəkən tərəf kimi qalır. Bununla bağlı bizə çox sayda müraciətlər daxil olur. Hazırda Ailə Məcəlləsinin 38 və 40-cı maddələrində nikah müqaviləsinin könüllülük prinsipinə əsaslanması əksini tapıb. Bu müqavilə ailədə tərəflərin əmlakla bağlı razılığını nəzərdə tutur. Amma indi bəzi ailələr, xüsusilə qadın və uşaqlar bu məsələdə çox böyük problemlə qarşılaşırlar. Çünki bəzən ailə qurularkən oğlanın valideynləri onun əmlakını başqalarının adına keçirir və beləliklə, gəlin üçün bir növ gözləmə mövqeyində dayanırlar, xoşlarına gəlsə, saxlayırlar, əks halda, boşanırlar. Təəssüf ki, belə hallarla daha tez-tez qarşılaşırıq. Halbuki, belə vəziyyətlərdə qadın uşaqları ilə birgə çölə atılır, hətta bəzən valideynləri də onu qəbul eləmir. Ona görə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu istiqamətdə gənclərin maarifləndirilməsini özünün prioritet vəzifəsi hesab edir. Ailə məcəlləsinə təklifimiz isə bundan ibarətdir ki, ailə quran gənclərə nikah müqaviləsi və onun əhəmiyyəti barədə məlumat verilsin. Belə bir müqavilə bağlayıb-bağlamamaq isə yenə də onların öz öhdəsinə buraxılacaq. Bu zaman valideynlər də övladlarına öz məsləhətlərini verə bilərlər. Mənə elə gəlir ki, bütün valideynlər bu haqda düşünməlidirlər.

- Son illər Azərbaycanda boşanmaların artması barədə yayılan məlumatlar nə dərəcə doğrudur?

- Bu fikirlər mətbuatda da tez-tez səslənir. Amma statistik rəqəmlərlə biz məşğul oluruq və bilirik ki, bu sahədə stabillikdir. Yenə deyirəm, bu gün boşanmalar 11 faizdən aşağıdır. 2007-ci ildə 81 min 300 nikahdan 8 min 100 boşanma halı baş vermişdir. 2008-ci ildə isə 79 min nikaha 7 min 900 boşanma düşür. Bu isə təxminən 10 faiz edir. Təəssüf ki, bu gün Avropada qeyri-rəsmi nikahlara(vətəndaş nikahlarına) üstünlük verirlər. Bu meyllər tədricən Azərbaycana da gəlməkdədir, artıq belə faktlar var. Bizim qarşımızda duran əsas vəzifələrdən biri də bu meyllərin qarşısını almaqdır. Vətəndaş nikahları elə bir məsədir ki, onun statistikasını göstərə bilmərik. Çünki onlar qeyri-rəsmi nikahlardır.

- Bəs, onun statistikası necə hazırlanır?

- Qeyri-rəsmi doğulan uşaqların sayından. Məsələn, 2008-ci ildə doğulan 152 100 uşaqdan 18 421-i qeyri-rəsmi nikahdan doğulan uşaqlardır. Amma onların müəyyən faizi dünyaya gələn, amma sənədləşdirilməyən uşaqların payına düşür. Xüsusən regionlarda bəzi valideynlər məsuliyyətsizlik ucbatından doğum haqqında şəhadətnamə almırlar. Bundan başqa kəbin əsasında evlənmiş ailələrdə doğulan uşaqlar da qeyri-rəsmi doğulan körpələrin siyahısına daxil edilir.

Elxan SALAHOV
# 1640

Oxşar yazılar