Nazir: “Məscid qanun çərçivəsində tikilibsə, onu sökməzlər” - MÜSAHİBƏ
14 sentyabr 2009 10:30 (UTC +04:00)

Nazir: “Məscid qanun çərçivəsində tikilibsə, onu sökməzlər” - MÜSAHİBƏ

Nazir: “Faktaraşdırıcı missiya Qarabağa səfəri Azərbaycanla Ermənistan arasında siyasi saziş imzalandıqdan sonra mümkün olacaq”

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin APA-ya eksklüziv müsahibəsi

- “Bakı-İslam Mədəniyyətinin Paytaxtıdır” ilinin keçirilməsi Azərbaycana nə verdi?

- Dünya miqyasında Azərbaycanın İslam mədəniyyətinə məxsusluğu və bu mədəniyyətin qorunub saxlanılmasında böyük rolunu bütün dünyaya nümayiş etdirdi. Digər tərəfdən, Azərbaycan öz təcrübəsi, öz nailiyyətləri və öz insanları ilə sübut etdi ki, İslam mədəniyyətinin özülləri üzərində müasir, yeni, tərəqqiyə yönəlmiş mədəniyyət və cəmiyyət qurula bilər. Bu tədbirlər Azərbaycanın mədəniyyətini və tarixinin tanıdılmasında çox böyük önəm daşıyır. Azərbaycanda keçirilən beynəlxalq konfranslar, dəyirmi masalar kölgədə qalmış problemlərin işıqlandırılmasına və onların həllinə yönələn tədbirlərin gerçəkləşdirilməsinə şərait yaradır. Azərbaycanın mədəniyyət potensialının, zəngin tarixi və mənəvi dəyərlərinin dünyada tanıdılmasında bu ilin çox mühüm əhəmiyyəti var. “Bakı-İslam Mədəniyyətinin Paytaxtıdır” ilindən irəli gələn vəzifələrin öhdəsindən gəlmək üçün həm bizim nazirlik, həm digər dövlət orqanları, həm də bütövlükdə bütün ictimaiyyət çox fəal işləməli idi. Deməliyəm ki, bu istəyimiz alındı. Bu il yanvarın sonundan etibarən silsilə tədbirlər keçirilməsinə başlanılıb. Bu tədbirlərin Azərbaycansayağı keçirilməsi çox böyük önəm daşıyırdı. İş orasındadır ki, Azərbaycan müxtəlif mədəniyyətlərin qovuşduğu geosiyasi və coğrafi məkanda yerləşir. Bizim də əsas məqsədimiz bu müxtəlifliyi, Azərbaycanın mədəniyyətlərarası dialoqa nümunə ölkə olmasını göstərmək idi. Bu silsilədən tədbirlərin zirvəsi isə Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə keçirilən Muğam Festivalı oldu.

- Bakının İslam mədəniyyətinin paytaxtı elan olunduğu ildə ölkədə məscidlərin sökülməsinə necə baxırsınız?

- Hər şey qanun çərçivəsində olmalıdır. Hansısa tikili qaydalara, qanunlara zidd inşa olunubsa, əlbəttə ki, lazımi ölçü götürülməlidir. Əgər məscid, yaxud başqa tikili qanun çərçivəsində inşa olunubsa, onu heç vaxt sökməzlər. İnanıram ki, gələcəkdə belə hallar az olacaq. Azərbaycan xalqı dininə dərin hörmətlə yanaşan xalqdır. Buna görə də inanıram ki, bu faktlar gələcəkdə artıq olmayacaq, çünki qanunun aliliyi təmin ediləcək.

- Azərbaycanın işğal altında olan ərazilərində dağıdılan tarixi və mədəni abidlərimizin bərpası ilə bağlı “Böyük qayıdış” proqramına oxşar proqramın və ya planın hazırlanması nəzərdə tutulurmu?

- Biz bütün cəmiyyətimizlə birgə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağı günü səbirsizliklə gözləyirik. Azərbaycanın tarixi abidələrinin, mədəniyyət ocaqlarının yenidən bərpası üçün imkan yaranmasını çox istəyirik. Biz heç zaman Qarabağı və işğal olunmuş rayonları layihələrimizdən kənarda görməmişik. Azərbaycanda turizm zonalarının müəyyənləşdirildiyi zaman da Qarabağ və işğal olunmuş rayonları xüsusi zona kimi təsdiq edilib. O torpaqlarda turizmin inkişafına dair xüsusi fikirlərimiz var. Amma torpaqlar qayıtdıqdan sonra öncə təhlil aparılmalıdır. Biz müxtəlif mənbələrdən məlumatlar alırıq və bilirik ki, həmin ərazilərdə olan Azərbaycanın tarixi abidələri, məscidləri, ziyarətgahları, memarlıq nümunələri, mədəniyyət ocaqları çox bərbad vəziyyətdədir. Yəqin ki, bütün bunların təhlili müəyyən qədər vaxt aparacaq və yalnız bu təhlildən sonra biz hansı işləri görəcəyimizlə bağlı qərar verəcəyik. Məhz bu təhlildən sonra dağıdılmış mədəni-tarixi abidələrimizin hansında bərpa, hansıda yenidənqurma işləri aparılmasını müəyyənləşdirəcəyik. Biz həmin abidələrin hansı vəziyyətdə olması ilə bağlı məlumatlar toplamışıq və artıq hansı istiqamətdə irəliləyəcəyimizi müəyyən etmişik. Amma real faktlar olmadan ciddi hazırlıqdan danışmaq çətindir. İlkin plan var, bu plan həmişə mövcuddur, biz də gündəlik nəzarət edirik. Siyasi saziş əldə olunandan sonra Azərbaycan memarları, Azərbaycanın tarixi abidələrinin mühafizəçiləri öz sözlərini deyəcəklər.

- UNESCO-nun faktaraşdırıcı missiyasının, eləcə də Avropa Şurasının Elm, Təhsil və Mədəniyyət Komissiyasının Dağlıq Qarabağa planlaşdırılan səfəri niyə baş tutmur?

- Biz üç ildir, bu missiyanı gözləyirik, ancaq müxtəlif bəhanələrlə səfər gecikir. Hər dəfə UNESCO-nun, Avropa Şurasının baş katibi burda olanda biz bu sualları onlara ünvanlayırıq. Biz bu səfərin tez gerçəkləşməsinin tərəfdarıyıq. Yəqin ki, qarşı tərəf vəziyyəti yaxşı dərk edərək real mənzərəni göstərməkdən çəkinir, müxtəlif siyasi bəhanələrlə bu missiyanın gəlişinə problem yaradır. Əlbəttə ki, beynəlxalq təşkilatlar həm bizim, həm də qarşı tərəfin maraqlarını nəzərə almaqla balanslı qərar verməlidir. Ona görə də bu proses gecikdirilir. Biz onlara təqdim etmək üçün hətta materiallar, sənədlər hazırlamışıq. Artıq komissiyanın bəzi mütəxəssisləri ilə işlərə də başlamışdıq, onların gəlişini gözləyirdik, ancaq əfsuslar olsun ki, olmadı. Mənə elə gəlir ki, bu məsələ yalnız və yalnız Azərbaycanla Ermənistan arasında siyasi saziş imzalandıqdan sonra mümkün olacaq.

- “Mədəniyyət haqqında” qanunun yenidən hazırlanması prosesinə başlanılıbmı, yeniliklər nədən ibarət olacaq?

- Azərbaycanda bu qanun 1998-ci ildə qəbul olunub və o vaxtdan heç bir dəyişiklik edilməyib. Ötən müddət ərzində isə Azərbaycan çox dəyişib. Bütövlükdə bu qanun həm Azərbaycanın gerçəkliklərini, eyni zamanda dünyada gedən mədəni prosesləri, yeni terminləri və anlayışlarını, aspektləri özündə əks etdirməlidir. Çünki Azərbaycan artıq beynəlxalq ailənin üzvüdür. Ancaq “Mədəniyyət haqqında” qanunun hazırlığı bir an içində aparıla bilməz, bu, geniş ictimaiyyətin iştirakı ilə həyata keçirilməlidir. Nəzərdə tutmuşuq ki, öncə Azərbaycanın mədəni strategiyasını nazirlik tərəfindən geniş müzakirəyə çıxaraq. Qanunun hazırlanması və qəbulu bu bir neçə mərhələdən ibarət olan prosesdir. Mənə elə gəlir ki, “Mədəniyyət haqqında” qanunda bir çərçivə müəyyənləşdirilməlidir. Yalnız ondan sonra şou-biznes haqqında ayrıca qanun, ya da “Mədəniyyət haqqında” qanuna əlavə qəbul edilə bilər. Mövcud olan “Mədəniyyət haqqında” qanun şou-biznes anlayışından tamamilə kənardır. Ona görə “Mədəniyyət haqqında” qanunu müasirləşdirmək lazımdır ki, bu sahənin də qanun çərçivəsində fəaliyyət imkanları genişləndirilsin.

- Fəxri adların verilməsi ilə bağlı son vaxtlar müəyyən qalmaqallar ortaya çıxıb. Hətta hazırda keçirilən səsli-küylü məhkəmələrdən birində də bununla bağlı maraqlı məqamlar açıqlanıb...

- Yaxşı ki, bu məsələdə adı çəkilən məmurların heç birinin mədəniyyət sahəsi ilə bağlılığı yoxdur. Üç ildən çoxdur, nazir vəzifəsində çalışıram, Sizi əmin etmək istəyirəm ki, mən və mənimlə birgə işləyən insanlar hansısa fəxri ad alan şəxsin çayını belə içməmişik. Şifahi təşəkkürdən başqa heç nə görməmişəm və görmək arzusundan da çox uzağam. Bu şayiələr həmişə olub və olacaq. Kim ad almaq istəyib, ancaq buna nail olmayıb, onlar bu cür iddialarla çıxış edirlər. Bu təbii prosesdir, rəqabətdə kimsə uduzub, kimsə udmalıdır. Əminəm ki, dövlət başçımızın imzaladığı bütün sərəncamlarda olduğu kimi, fəxri adların verilməsi prosesində də çox ədalətli prinsipə riayət olunur. Bu fəxri adları alan insanlar həqiqətən də bu adlara layiqdirlər. Azərbaycanda yeni nəsil yetişir, yeni müğənnilər, yeni ifaçılar, yeni mədəniyyət xadimləri meydana çıxır, özünü sübut edir. Sözsüz ki, bu proses gedəcək. Burada hansısa kriminal hadisə axtarmağı tövsiyə etməzdim. Bəzən mətbuatdan belə şeylər oxuyuram ki, hansısa müğənni hansısa məmura nə isə verib. Mən bu işlərdən tamamilə uzağam. Biz ciddi mədəniyyət, incəsənət və ədəbiyyat xadimlərinin fəaliyyətini dəyərləndirməyə özümüzdə kifayət qədər güc tapırıq. Kənardan tövsiyə vermək lazım deyil.

- Belə çıxır ki, fəxri adların verilməsini normal hal hesab edirsiniz?

- Mən mədəniyyət və turizm naziri vəzifəsinə təyin olunanda fəxri adların verilməsinin əleyhinə olduğumu demişdim. Yəqin ki, tədricən bu belə də olacaq. Amma bu gün bu ənənə mövcuddur, bu ənənəni dayandırmaq lazım deyil. Bu, insanlara həm maddi, həm mənəvi yardım, həm də yaradıcılıqlarına verilən qiymətdir. Yaradıcı insanlar öz əməyinin qiymətləndirilməsinin marağındadırlar. Hesab edirəm ki, mövcud vəziyyətdə bu, düzgün taktikadır.

- Mədəniyyət sahəsində çalışanların, bəzən isə onların ailə üzvlərinin adlarının cinayət hadisələrində hallanmasına münasibətiniz necədir?

- Çox mənfi. Hesab edirəm ki, mədəniyyət sahəsində çalışan, yaradıcılıqla məşğul olan insanın daxili dünyası, vicdanı hansısa kriminal və qanunvericiliyə zidd hərəkətlər etməyə imkan verməməlidir. Bəzən bizi kədərləndirən və Azərbaycanın mənəviyyatına uyğun gəlməyən hallar olur. Amma bu, həyatdır. Həyat, məkan, cəmiyyət özü nəyin yaxşı, nəyin pis olduğunu ortaya çıxarır.

- Mədəniyyət telekanalının açılması ilə bağlı vəziyyət nə yerdədir?

- Açığı, ilk əvvəllər belə fikir vardı, ancaq biz yüksək səviyyəli telekanal açmaq üçün tam hazır olmalıyıq. Son vaxtlar müxtəlif kanallarda mədəniyyətə ayrılan vaxt artıb, mövzular müxtəlifləşib. Mədəniyyət kanalının açılmasına təxminən bir-iki ildən sonra hazır ola bilərik. Bu kanalda kino sənəti də, yaradıcılıq, tənqidi problemlər, nəzəriyyələr və digər mövzular olmalıdır. Düşünürəm ki, biz tələssək də, bu kanal iki ildən tez açıla bilməz.

- Sökülmüş abidələrdən ibarət parkın salınması ilə bağlı imzalanan sərəncamın icrasına nə zaman başlanılması nəzərdə tutulur?

- Artıq iş başlanıb. Biz yerlərdə olan bütün memarlıq abidələrinin təsnifat və reyestrinin hazırlanmasına başlamışıq. Bu parkın salınması üçün Bakı şəhər İcra Hakimiyyəti və Arxitektura və Şəhərsalma Dövlət Komitəsi ərazi ayırmalıdır. Bizdə bir neçə belə abidə var, onlar qorunur. Yer müəyyənləşdirildikdən sonra biz tədricən həmin heykəlləri o parka yığacağıq. Həmin park elə yerdə olmalıdır ki, insanlar gəlib abidələri görə bilsin, onları təhlil edə bilsin. Bu yer hələ müəyyənləşməyib. BU məsələnin yaxın bir ay müddətində həllini tapacağını gözləyirik.

- “İstiqlal” abidəsinin hazırlanması ilə bağlı elan olunan müsabiqənin nəticələri məlumdurmu?

- Təəssüflər olsun ki, mən bu suala müsbət cavab verə bilmirəm. Çünki təqdim olunan layihələrin heç birində memarlıq, heykəltəraşlıq, fəlsəfə nöqteyi-nəzərindən Azərbaycanın istiqlaliyyətinə uyğun layihə təqdim olunmadı. Müsabiqənin yekunları o demək deyil ki, abidə mütləq qalib gəlmiş layihə əsasında inşa olunacaq. Biz layihələrin arasından yaxşısını seçdik, onları mükafatlandırdıq, amma qalibi elan etmədik. Hazırda “İstiqlal” abidəsinin hazırlanması üçün Azərbaycanın tanınmış ziyalıları ilə fikir mübadiləsi davam etdirilir. Eyni zamanda Almaniyanın memarları və heykəltəraşları ilə danışıqlar aparırıq. Hələlik “İstiqlal” abidəsinin nə zaman ucalacağı barədə bir söz deyə bilmərəm.

- “Eurovision-2009” yarışmasında erməni təmsilçilərinə səs vermiş Azərbaycan vətəndaşlarının istintaqa cəlb olunması məsələsinə artıq müsabiqənin təşkilatçısı Avropa Yayım Birliyi də qarışıb. Bu amil Azərbaycanın sözügedən müsabiqədə gələcək taleyinə təsir edə bilərmi?

- İlk əvvəl mən başa düşə bilmirəm ki, ermənilərə səs verən Azərbaycan vətəndaşları kimlərdir və nəyə görə ağıllarına belə fikir gəlib. Digər tərəfdən bu, heç bir məntiqə sığmayan addımdır. Digər tərəfdən həmin vətəndaşların istintaqa cəlb olunması məsələsi sadəcə mətbuatda yazılıb. Fikrimcə, Ermənistan tərəfi Azərbaycanın müsabiqədən kənarlaşdırılmasında maraqlı olacaq. Rəqabət insanların zövqlərinə cavab verməlidir. Amma vicdanı olan azərbaycanlı öz torpaqlarını işğal etmiş ermənilərin nümayəndəsinə səs verməməlidir. Bu, mənim mövqeyimdir.

- Mədəniyyət və Turizm Nazirliyi olaraq təmsilçilərimizin “Eurovision”dan sonrakı taleyi ilə maraqlanırsınızmı?

- Birincisi, Azərbaycanda şou-biznes və müasir musiqi bizim ciddi nəzarətimiz altında olsa da, bu daha çox gəncləri maraqlandıran bir müsabiqədir. Mən ötən il keçirilən müsabiqənin yekunlarına qayıtmaq istəyirəm. Müsabiqədən sonra hər iki istedadlı müğənni mənim yanımda oldu, biz fikir mübadiləsi apardıq. Onların yeni yaradıcılıq axtarışlarını mən dəstəklədim. Bu gün bizim bəstəkarlar onlarla işləyirlər, müxtəlif konsertlərdə çıxış edirlər. İnanıram ki, gələcəkdə onlar Azərbaycan estradasında dəyərli müğənniləri olacaq. Onların istedadı var, amma o istedadı inkişaf etdirmək lazımdır. Bu sahədə onlara hər bir yardım göstərməyə hazırıq. Bu ilki təmsilçilərimizə gəldikdə, Aysel Teymurzadə hələ tələbədir. Qızımız gərək institutu qurtarsın, düşünsün ki, gələcəkdə yaradıcılıq ilə məşğul olacaq, yoxsa ixtisası ilə? Bir daha vurğulayıram ki, onların istedadını inkişaf etdirmələri, Azərbaycanı tanıtmaları üçün hər cür yardıma hazırıq.

- Turizm mövsümünün başa çatmasına çox az müddət qalıb. Ölkəyə gələn turistlərin sayında artım varmı?

- Yarım illik nəticələr bu il Azərbaycana turist axınında cüzidə olsa artımın olduğunu göstərdi. Keçən il ölkəmizə gələn turistlərin sayında 40 faiz artım vardı, bu il həmin rəqəm aşağı düşməyib. Azərbaycanda inkişaf etməkdə olan infrastruktur turizmin inkişafına çox böyük təkan verir. Yolların bərpası, onların yenidən qurulması ölkəmizə turist axınına səbəb olur. Bu il rəqabət nəticəsində yerli əhali üçün otellərdə yerlərin qiymətləri 20 faiz aşağı düşdü. Fikrimcə, Azərbaycanda daha çox mehmanxana, turizm obyekti inşa olunsa, daha çox rəqabət olacaq və rəqabətin çoxalması həm keyfiyyətin artmasına, həm də qiymətlərin aşağı düşməsinə təsir göstərəcək.

- Azərbaycanın turizm obyektlərində qiymətlərin dünya standartlarından çox yüksək olmasının səbəbi nədir?

- Bu, açıq bazardır, əgər qiymətlər aşağı enmirsə, deməli tələbat var. Məni başqa bir məqam narahat edir, Azərbaycanda sərmayədarlar daha çox böyük otellərin tikilməsinə diqqət yetirməlidir. Fikrimcə, bu gün Azərbaycanda turizm sənayesinin inkişafına üç ulduzlu, çox baha olmayan otellərin inşası ilə başlamaq lazımdır. Azərbaycanda hazırda 50-dən çox otel tikilir. Bütün bu otellər barədə bizə mütəmadi olaraq məlumatlar verilir. Bu gün Bakıda tikilən əksər otellərin göstəriciləri dörd, və ya beş ulduzlu otel göstəricilərinə uyğundur. Sözsüz ki, bu tip otellərdə qiymətlər bizim arzuladığımız üç ulduzlu otellərin qiymətindən ucuz olacaq. Ona görə Azərbaycanda daha çox orta təbəqəyə uyğun otellərin tikilişinə əhəmiyyət verilməlidir. Bu otellərin fəaliyyəti də dünya standartlarına uyğun olmalıdır. Üç ulduzlu otel o demək deyil ki, orada qiymət və keyfiyyət aşağı olacaq. Ola bilər ki, həmin otellərin hovuzu, saunası olmasın, ancaq gündəlik olaraq təmiz yataq yerləri, bütün sanitariya qaydalarına cavab verən yeməkxanalar, sanitariya qovşaqları olmalıdır.

- Azərbaycandakı mehmanxanaların qiymətləri nazirliklə razılaşdırılmış şəkildə müəyyənləşdirilir?

- Bizim nazirlik qiymətləri deyil, otellərə verilən ulduz dərəcələrini müəyyən edir. Hər otelin öz qiymət cədvəli var və biz onların qiymətinə rəqabət şəraitində, infrastrukturun genişləndirilməsi ilə təsir edə bilərik. Azərbaycanda bütün mehmanxanalar özəldir. Əgər otelin sahibi daha çox pul qazanmaq istəyirsə, o qiymətləri mövcud duruma uyğun tərtib etməlidir. Bakı Turizm İnformasiya Mərkəzi bizim nazirlik tərəfindən yeni dövlət şəbəkəsi formalaşdırıb. Bu gün xaricdən hər bir insan internetə daxil olub otellərdə yer sifariş edə bilər. Əfsuslar olsun ki, bu şəbəkəyə heç də bütün otellər qoşulmayıb, yalnız ölkədə fəaliyyət göstərən otellərin cəmi 20 faizi bu şəbəkəyə qoşulmaqla bağlı qərar verdilər. Mən heç kəsi bu şəbəkəyə qoşulmağa məcbur edə bilmərəm. Azərbaycanın turist şirkətləri çox fəal işləyir, lakin yenə də xaricə gedən insanların sayı gələnlərin sayından bir az çoxdur. 2001-ci ildə fərqlər 70-80 faiz idi, indi isə 55-45, bəlkə də 60-40 faizdir.

- Bu il ərzində neçə mehmanxananın fəaliyyəti dayandırılıb?

- Biz bununla bağlı siyahı nəşr etmişik. Bəzi otellər olardı ki, Azərbaycan qanunvericiliyinə zidd olaraq öz fəaliyyətlərini lisenziyasız davam etdirirlər. Həmin o otellərdən təqribən 10-u dərhal vəziyyətin ciddiliyini dərk edib lisenziya almaq üçün müraciət ediblər. Təxminən 40-a yaxın otel lisenziyasız fəaliyyət göstərdiyi üçün fəaliyyəti dayandırılıb. Eyni zamanda elə otellər var ki, biz o otellərə lisenziya vermək fikrində deyilik. Sanitariya qaydalarına riayət edilməyən, insanların yaşayışı və istirahəti üçün lazımı şərait yaradılmayan otellərə lisenziya verməyəcəyik. Ona görə də hər bir otel sahibi oteldə tələblərə uyğun şərait yaratmalı və yalnız ondan sonra lisenziyanın əldə olunması üçün müraciət etməlidir.

- Azərbaycanda mehmanxanalara ulduzların verilməsi kriteriyaları necə müəyyənləşdirilir?

- Bu proses Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qərarı ilə təsdiq olunmuş təsnifata uyğun həyata keçirilir. Bu təsnifat dünya təcrübəsində tətbiq olunan təsnifatlara uyğundur.

- Azərbaycanın tanınmış memarı Mikayıl Üseynovun müəllifi olduğu, öz dövrünün çox gözəl arxitekturasına malik olan “Abşeron”, “Moskva” və “Azərbaycan” mehmanxanalarının sökülməsinə münasibətiniz necədir?

- Azərbaycanda dövlət mühafizəsi altında olan tarixi-mədəni irsimizin siyahısı var. Bu siyahıda olan bütün abidələr dövlət qanunları ilə mühafizə olunmalıdır. Zəlzələ zamanı, torpağın çökməsi zamanı həmin abidələrin bərpası mümkün olmadığı hallarda, onların sökülməsinə müstəsna hal kimi icazə verilə bilər. Amma bu, ciddi nəzarət altında və müxtəlif müvafiq dövlət orqanlarının mütəxəssislərinin iştirakı ilə həyata keçirilir. Otellərə gəldikdə, onların uçurdulub yenidən tikilməsi tam məntiqlidir. İlk öncə məsələ belə qoyulmuşdu ki, bu otellər yenidən qurulsun, yeni avadanlıqla təchiz olunsun, müasirləşdirilsin. Ölçülər, tədqiqatlar, mütəxəssislərin rəyi əsasında müəyyən olundu ki, Sovet dövründə tikilmiş bu mehmanxanalar artıq müasirləşməyə qadir deyirlər. Orada çərçivələrin quruluşu, kommunikasiyaların keçirilməsi üçün imkanlar, yeni ventilyasiya və istilik sistemlərin quraşdırılması üçün heç bir imkan yoxdur. Bu bina bəlkə 10 ildən artıq o vəziyyətdə durdu, keyfiyyətsiz xidmətlər təqdim edirdi. Ona görə də müstəsna hal kimi bu özəlləşdirilmiş obyektlərin sökülməsinə icazə verildi, amma onların yerində yeni mehmanxanalar tikilir. Həm paytaxtda, həm də regionlarda bu cür binaların saxlanması və bərpası üçün vəsait ayrılır.
# 952

Oxşar yazılar