Bədbəxtlik reseptləri

Günel Mövlud
Biz şairlərdə bu nə qəribə bədbəxt olmaq bacarığıdır?!
Lorens Darrel, «Jüstin» (İskəndəriyyə dördlüyü-ndən)

Qurbanları dinlədik – indi qatilləri dinləməyin vaxtıdır. Dodaqlarımın qırağındakı yemlik yaşılını silməyi lazım bilmədiyim o uzaq uşaqlığımda oxuduğum detektiv romanlarından tutmuş, tarixdəki bütün diktatorlara, əlləri milyonların qanına bulaşmış hökmdarlara qədər, bütün ədəbi və tarixi qatillərə yazığım gəlib. İnsan heç vaxt oturduğu yerdə, öz kefindən, ya da bekarçılıqdan adam öldürmür. İnsanı qatilliyə aparan yolda bizim bilmədiyimiz elə əzablar gizlənir ki…o əzabları anlaya bilsək, hərəmiz bir qatili bağrımıza basardıq. Şəxsən mən bir qatilin başını dizlərimə sıxıb, əllərimin içiylə onun göz yaşlarını siləcəyimi dəqiq bilirəm. Bəlkə də hər qatilin öz bədbəxtliyini, onu didib-parçalayan ağrını bir az azaltmaq cəhdidir öldürmək. Bunu sizə həyatda insandan və insan hisslərindən dəyərli və müqəddəs heç nə tanımayan yazar deyir…

Qadınları dinlədik, indi kişiləri dinləmək vaxtıdır.

Yenə də uşaqlığımda oxuduğum yelbeyin gənc qız romanlarından tutmuş, müasir Hollivud filmlərindəki gözəlçə qəhrəmanlara, günümüzün qadın alverçilərinin qurbanlarına çevrilmiş real qadınlara qədər «yüngül əxlaqlı»lara münasibətim fərqli olub. Bağışlayın, daha doğrusu, onların müştərilərinə. Humanizm anlayışı yarısı yeyilmiş almaya bənzəyən insanpərvər yazıçılardan tutmuş, qatı feministlərə qədər hamı yekdilliklə qadından fiziki həzzi pulla satın alan kişiləri lənətləyib. Duyğusal romanlara, sinə dağlayan melodramlara, böyük salonlardakı feminist məruzələrinə qədər hər yerdə bu kişilər qadınları pis yola çəkən, tələb elədiklərinə görə «satlıq malı»n da yaranmasına səbəb olan qəddar və iyrənc məxluqlardır.

Siz bir dəfə də olsun, nəvazişə görə qadına pul ödəməyin kişinin özü üçün nə qədər təhqiramiz bir şey olduğunu düşündünüz? Bir bədənin istisini, bir insanın qoxusunu, insan əllərinin, dodaqların toxunuşunu bazardan dolmalıq ət alırmış sayaq, pul sayıb almağın nə qədər böyük ağrı olduğunu bilirsiniz? Kişi heç də həmişə harınlıqdan, əxlaqsızlıqdan qadın bədəninə pul ödəmir. Onu bədənini satan qadının yanına supermarketə girirmiş kimi aparan şey, çox vaxt özünün izah eləyə bilmədiyi qəribə bir bədbəxtlik olur. Bunu sizə ağrının, insan soyuqluğunun nə olduğunu bilən, bir ilıq təbəssümdən xoşbəxt olmağı bacaran yazar deyir.

Yaxşıları dinlədik, indi pisləri dinləmək vaxtıdır…

Mən həmişə kitab oxuyanda, kinoya baxanda, tanış-bilişin həvəslə nağıl elədiyi gerçək əhvalatlara, hadisələrə qulaq asanda, o romanlardakı, filmlərdəki, hadisələrdəki qatillərə, pislərə, zülmkarlara, aravuranlara, xəyanətkarlara acıyıram. Hələ uşaq vaxtı bütün kənd əhli ilə birinin evinə yığışıb baxdığımız filmlərdə axırda belələri həmişə ölür, həbs olunur, tək qalır, tərk edilirdi. Bu azmış kimi, o filmə baxanlar o pislərə nifrət eləyir, lənətləyirdilər. O vaxt qəribə və mütləq gizli bir sevgi olurdu içimdə o pislərə qarşı. Uşaq idim, amma elə uşaq vaxtı da bilirdim ki, qatilin də sevgiyə, insana ehtiyacı var. Onda hələ böyüyəndə şairlərə xas bir bacarıqla bədbəxt olacağımı bilmirdim. Amma o vaxt da ən böyük arzum bu idi:

- Dünyadakı bütün bədbəxtlərin başına sığal çəkə biləcək qədər iri bir əlim olaydı…

LENT

25 May 2019

Digər xəbərlər >>>