Gültəkin Hacıbəyli: “Mən həm xoşbəxtəm, həm yox” - MÜSAHİBƏ
02 sentyabr 2009 12:00 (UTC +04:00)

Gültəkin Hacıbəyli: “Mən həm xoşbəxtəm, həm yox” - MÜSAHİBƏ

Lent.az-ın “Persona” rubrikasında bu dəfə qonağımız millət vəkili, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Gültəkin Hacıbəylidir. Gültəkin xanımla söhbətimizdə xoşbəxtlik, ailə həyatı, dostluq, müəllim kimi fəaliyyəti və ölkənin təhsil sahəsindəki vəziyyət əsas mövzular oldu.

- Bir xanım üçün xoşbəxtlik nə deməkdir?


- İnsan dünyan necə qavrayırsa, necə görürsə, həyatı necə dəyərləndirirsə, həyatda öz missiyasını necə qiymətləndirirsə, ona müvafiq də xoşbəxtlik meyarı olur. Ancaq subyektiv xoşbəxtlik meyarlarının arasında bir ümumiləşmə apararaq bir ümumi model də cızmaq mümkündür. Xoşbəxtliyi geniş mənada götürdükdə bir vətəndaş olaraq xoşbəxt olmadan qadın, ya kişi kimi tam xoşbəxtlikdən danışmaq mümkün deyil. Əksinə, bir vətəndaş kimi xoşbəxt ola bilərsən, ancaq ailəndə hər şey normal olmaya bilər.
Söhbət bir qadından gedirsə, ilk öncə yaxınlarının, doğmalarının can sağlığı ən vacib şərtdir. Bununla yanaşı, insanın cəmiyyətdə də mövqeyi olmalıdır.

- Konkretləşdirsək, Gültəkin xanım nə dərəcədə xoşbəxtdir?


- Mən həm xoşbəxtəm, həm yox. Bir qadın kimi mən özümü xoşbəxt hesab edirəm. Birincisi, mənə əziz olan insanların hamısı, valideynlərim, bacım, qardaşım, övladım, həyat yoldaşım həyatdadır. Mən Allaha inanan bir insan kimi hər gün dualarımla ona təşəkkür edirəm. Xoşbəxtliyin vacib bir elementi də ruzi deyilən bir anlayışıdır. Allaha şükür, heç kimə ehtiyacım yoxdur. Üçüncüsü, normal ailə sahibiyəm, övladım var. Allah dünyanın ən şirin neməti, ən böyük payı olan övlad payını verdiyi üçün xoşbəxtəm. Dördüncüsü, cəmiyyətdə öz mövqeyimi, yerimi tapmışam. İnsanın sevdiyi işlə məşğul olması çox böyük xoşbəxtlikdir. Vəzifə ehtirası ilə alışıb-yanan, daha yüksək vəzifə üçün çalışan bəzi insanlar var, onları naşükür hesab edirəm. Bəzən də mənə deyirlər ki, 10 ildir ki, siyasətdəsən, nə üçün vəzifəyə getmək istəmirsən, yerində sayırsan. Həmişə bu sualları təəccüblə qarşılayıram. Deyirəm ki, axı millət vəkilindən də yüksək vəzifə var? Səmimi olaraq hesab edirəm ki, xalqın bilavasitə səsi ilə seçilənlər ən yüksək, şərəfli missiyanı həyata keçirən insanlardır. Sözsüz ki, bu, ilk öncə prezidentdir. Yaşından asılı olmayaraq, prezident millətin mənəvi lideri, ağsaqşalı, böyüyüdür. Dinimiz də xalqın önündə gedən insanı müqəddəslik səviyyəsinə yüksəldir, çünki onu xalq seçir.
Allahıma, seçicilərimə çox minnətdaram ki, bu gözəl, şərəfli işi, millətin önündə getmək missiyasını mənə həvalə edib. Sözsüz ki, valideynlərimə minnətdaram, məni bu yüksəkliyə onların əməyi qaldırıb. Bununla yanaşı, səmimi olaraq deyirəm, hər zaman dualarımda Heydər Əliyevə allahdan rəhmət diləyirəm. Millət vəkilini xalq seçir. Ancaq Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Azərbaycanın ilk nümayəndə heyətini Heydər Əliyev formalaşdırib. Sözsüz ki, Azərbaycan cəmiyyətində tanınmağım da, ilk öncə, AŞ PA-dakı nümayəndə heyəti çərçivəsindəki fəaliyyətimə görə olub. Xoşbəxtliyimin səbəbləri çox olsa da, bu xoşbəxtliyin tamlığına əngəl olan səbəb birdir: Torpaqlarımızı izğaldan azad etməyənədək heç bir azərbaycanlı özünə “Mən xoşbəxtəm” deyə bilməz. Bu, keçmişimiz və gələcəyimiz qarşısında günah olardı.

- Azərbaycan həm də bir Şərq ölkəsidir və verəcəyim sual yəqin ki, qəribə qarşılanmayacaq. Həyat yoldaşınız ictimai fəaliyyətinizdə sizi nə dərəcədə başa düşür, dəstəkləyir?


- Azərbaycan dünyəvi dövlətdir, amma buna baxmayaraq, biz müsəlmanıq, dinimizə də böyük rəğbətlə, hörmətlə yanaşırıq. Bu, əslində, İslam dininin mahiyyətini təhrif etməkdən doğan bir yanaşmadır. Heç bir din qadınlara İslamda olduğu qədər böyük hüquqlar verməyib. Dinimizə görə, cənnət anaların ayaqları altındadır. Qadının övladı üzərində olan haqqı misilsiz haqdır. İslam dinində bir məsələ də var, bunu ilk dəfə eşidəndə təəccüblənmişdim. Dinimizə görə, övladına süd verən ananın haqqını belə ananın həyat yoldaşından, uşağın atasından tələb etmək haqqı var. Əslində ana dünyaya gətirdiyi övladına südünü yox, canını da verməyə hazırdır. Bununla yanaşı, dinimiz anaya nə qədər böyük dəyər verir! Ancaq təəssüflər olsun ki, dinimizi təhrif edən insanlar İslam ölkələrində qadınların hüquqlarının olmaması ilə bağlı fikirlər yayırlar. Mən çox arzulayardım ki, bir çox Avropa ölkələrində də qadınlara olan münasibət Azərbaycandakı kimi olsun.
Düzdür, cəmiyyətimizdə qadınlara qarşı zorakılıq problemləri də var. Özüm Avropa Şurasının qadınlara qarşı zorakılıq üzrə proqramının koordinatoru olaraq bu istiqamətdə kifayət qədər məlumatlıyam. Lakin bununla yanaşı, bu məsələ daha çox kişilərin səviyyəsinə, dünyagörüşünə, mənəviyyatına bağlı bir məsələdir. Müşahidələrimə əsasən deyirəm ki, Azərbaycan kişilərinin böyük əksəriyyəti xoşbəxtlikdən bu xəstəliyə mübtəla deyillər.
Həyat yoldaşım Bakı Dövlət Universitetinin (BDU) coğrafiya fakültəsini bitirib, iş adamıdır. Heç vaxt həyat yoldaşımdan işimlə bağlı hər hansı məhdudiyyətlər görməmişəm. Əksinə, mən tez-tez millət vəkili kimi seçicilərimlə görüşlərə- Goranboya gedirəm. Belə səfərlərin əksəriyyətində həyat yoldaşım məni müşayiət edir. Problemlərinin həllində imkan çərçivəsində kömək edir.

- Gültəkin xanım ev işlərinə necə, vaxt çatdırır?


- Həyatda çox şeylər əlimdən gəlir. Hətta uşaqlıqda telefon aparatı xarab olanda onu düzəltmişəm, harasa mismar vurmaq lazım olanda, onu etmişəm, ancaq uşaqlıqdan ev işlərinə, mətbəxə marağım olmayıb. Düşünmürəm ki, ev işlərini öyrənmək mənim üçün problem olardı. Hətta orta məktəbdə, ali məktəbdə oxuyanda bir neçə dəfə mətbəxdə cəhdlərim olub, atam da bu cəhdlərimi yüksək qiymətləndirib. Amma səmimi deyim ki, mətbəxdə çalışmağa vaxt çatmır. Mətbəxdə anamın, yaxud kiminsə köməyinə ehtiyacım olur. Amma övladın varsa, anasansa, “yox” sözünü deməyə haqqın yoxdur. O baxımdan ekstremal vəziyyətlərə düşəndə deyərdim ki, üzü ağ çıxmışam. Bişirdiklərimi övladım bəyənib və çox tərifləyə-tərifləyə də yeyib. (gülür) Ancaq mütəmadi mətbəx işləriylə məşğul olduğumu deyə bilmərəm.

- Ancaq deyirlər ki, kişinin ürəyinə yol mədəsindən keçir…


- Kişilər üçün önəmlisi işdə olan zaman mətbəxdə yeməyin kim tərəfindən bişirilməsi deyil. Önəmli olan işdən qayıdarkən həyat yoldaşı tərəfindən süfrənin açılması, yeməyin təqdim olunmasıdır. Hər bir qadın kimi bu işlər də mənim üzərimdədir. Bu baxımdan mənə elə gəlir ki, bu məsələləri tənzimləyirəm.

- Parlamentdə dost qazana bilmisinizmi?


- 10 ildir ki, parlamentdəyəm. Yanılaraq mən çox vaxt parlamentdə iş başlayır əvəzinə, “dərsimiz sentyabrın 15-i başlayır” “dərsimiz qurtardı” kimi ifadələr işlədirəm. Ya da yanılaraq parlamentdəki deputatlar haqqında “tələbə yoldaşlarım” ifadəsini səsləndirirəm. 5 illik deputat fəaliyyəti müddəti əslində bir tələbəlik müddətidir. Bu müddətdə bir-birinə tələbəlikdən də yaxın olursan. Çünki Milli Məclisdəki fəaliyyətin müddətində xaricə səfərlərin tez-tez olur. Misal var, deyirlər ki, insanı yolda tanıyarlar. Mənim elə qohumlarım var ki, onlarla daha az ünsiyyət saxlayıram, nəinki parlamentdəki deputat həmkarlarımla. AŞ PA bir nümayəndə heyətimiz var. O nümayəndə heyətinin üzvləriylə o qədər doğmalaşmışıq, yaxınlaşmışıq… 3 aydan bir Strasburqa səfər edirik. Vaxt çatanda artıq darıxmağa başlayırıq.
Parlamentdə də özümə dost hesab etdiyim insanlar çoxdur. Deputat həmkarlarımın hamısına hörmətlə yanaşıram. Bu sırada ilk növbədə Gövhər xanım Baxşəliyevanın adını çəkmək istəyirəm. Çox ləyaqətli insan, gözəl ziyalıdır. Məlahət xanım İbrahimqızı ilə də artıq on ilin sınağından keçmiş bir dostluğumuz var. Milliliyi və vətənpərvərliyinə görə onu özümə doğma bir insan hesab edirəm. Amma keçmiş parlamentimizdən də mənə çox yaxın olan insanlar var. Məsələn, Aynur Sofiyeva ilə yaxın münasibətlərimiz bu günə qədər də qalmaqdadır. Kişi həmkarlarım sırasında da istər indiki, istərsə də ötən parlamentdən dostlarım var.

- Yeri gəlmişkən, necə hesab edirsiniz, dəcəl uşaqdan gələcəkdə yaxşı deputat çıxar, yoxsa…


- Mən dəcəl olmamışam, amma çox “kaprizli” uşaq olmuşam. Bu gün oğlum müəyyən “kaprizlər” edəndə atam həmişə zarafatla mənə baxıb deyir ki, görəsən bu, kimə oxşayır. Valideynlərimin dediyinə görə, uşaq vaxtından xarakterim, prinsiplərim olub və o prinsipləri uşaqlıq imkanlarım çərçivəsində qorumağa çalışmışam. Mən Hüseyn Cavid adına 312 saylı orta məktəbi qızıl medalla bitirmişəm. Sinfimizdə hansı uşaq hiss etsə də, haqqı tapdanır, mənə müraciət edirdi. Vəkili olaraq ictimai əsaslarla müəllim qarşısında onun hüquqlarının müdafiəsinə qalxırdım. Düzü, bu, müəllimlərimin hamısı tərəfindən yaxşı qarşılanmırdı. Bəzən bəlkə də məni ürəyində demaqoq da adlandıran olurdu.
Bayaq dedim, iki ali təhsilim var. Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə daxil olmuşam və əla qiymətlərlə oxumuşam, Tələbə Elmi Cəmiyyətinin sədri olmuşam. Şərqşünaslıqdan sonra test yolu ilə atamdan xəbərsiz yüksək balla BDU-nun hüquq fakültəsinə daxil olmuşam. Ancaq bu fakültədə qiyabi təhsil alırdım, çünki artıq işləyir, aspiranturada oxuyurdum. Hüquq fakültəsini də fərqlənmə ilə bitirdim.
Atam heç vaxt hüquq fakültəsində oxumağımı istəməyib. Atamın arzusu məni həkim görmək olub, mən də uşaqlıqdan hüquqşünas, vəkil olmaq istəmişəm. Ona görə də hüquqa yaxın olması üçün şərqşünaslıq fakültəsini seçdim. Şərqşünaslığa getməyimə də sevinirəm. Çünki mən dili çox sevirəm. Bir xalqın tarixi, mənəviyyatı, mədəniyyəti, etnopsixologiyası haqqında onun dilindən çox informasiya verən mənbə yoxdur.

- Tərcümeyi-halınızda beş xarici dil bildiyiniz qeyd olunur. Necə öyrənmisiniz?


- Ərəb dilini şərqşünaslıq fakültəsində öyrənmişəm. Eyni zamanda fakültədə dördüncü kursdan etibarən fars dili də tədris olunurdu. Fars dilini bilməyi xüsusi nailiyyət hesab etmək olmaz. Çünki ərəb dilinə az və ya çox dərəcədə bələd olan hər bir insana fars dilini öyrənmək üçün bir-iki ay lazımdır.
Sözsüz ki, günümüzdə ingilis dilini öyrənməsən, cəmiyyətdə öz yerini tapmaqda çətinlik çəkərsən. İngilis dilini şərqşünaslıq fakültəsində təhsil aldığım illərdən öyrənmişəm. Dərsdən çıxıb müəllimim Mark Fyodroviç Popovun yanına gedirdim. Çox gözəl bir müəllim idi, indi də onu minnətdarlıq hissləriylə anıram, dünyasını dəyişib. Tək dili yox, həyatda çox şeyləri insana öyrədirdi.
Daha sonra fransız dilini öyrənməyə başladım. Amma fransız dilini təkmilləşdirməyə hələ çox ehtiyac var. Rus dilinə gəlincə, böyüdüyümüz mühitdə, həyətdə məndən və bacımdan başqa hamı rus bölməsində oxuyub. Yalnız atam prinspial olaraq bizi Azərbaycan məktəbinə qoydu. Düzdür, ali təhsil almaq üçün xaricə getmək, daha mükəmməl universitetlərə üz tutmaq daha yaxşıdır. Lakin orta təhsili hər bir insanın öz dilində alması onun bir şəxsiyyət, vətəndaş kimi yetişməsində çox böyük rol oynayır. Ona görə də atama çox minnətdaram ki, anamın ciddi cəhdlərinə, çevrədəki insanların övladlarını rus dilli təhsilə yönəltməsinə baxmayaraq, məni və bacımı 132 saylı məktəbə göndərdi.

- Yeri gəlmişkən, sizə hansı sualın verilməsini istəyərdiniz?


- İstəyərdim ki, soruşasınız ki, Azərbaycan cəmiyyətindən, ictimai-siyasi həyatından hansı gözləntiləriniz var. Bu suala böyük məmnuniyyətlə cavab verərdim. Mənim cəmiyyətdə çox ciddi islahatların olması ilə bağlı gözləntilərim var. Hər bir islahatın kökündə ilk növbədə onun maddi-texniki bazasının hazırlanması, infrastrukturun yaranması durmalıdır. Azərbaycanda təhsilin infrastrukturunun yaranmasına çox böyük vəsait qoyulub. Son bir neçə ildə 1700 orta məktəbin tikilməsi və təmir edilməsi bəlkə də son 70 ildə Azərbaycanda görülməyən bir işdir. Mən bu işə görə həm prezidentə, həm də “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsini həyata keçirən həmkarımız, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanıma təşəkkürümü bildirirəm. Mənim gözləntilərim də bu sahədə görülən işlərdən doğur.

Səhiyyə sahəsində də çox gözəl baza yaradılıb. Azərbaycanın ucqar bölgələrində, Qazaxda, Bərdədə, Lənkəranda, Yevlaxdakı diaqnostika mərkəzlərinin, xəstəxanaların anoloqu heç Gürcüstanın paytaxtı Tiflisdə belə yoxdur, mən hələ Ermənistandan danışmıram. Amma bunun müqabilində sözsüz ki, növbəti addım səhiyyənin məzmun göstəricilərinin yüksəlməsiylə bağlı olacaq.
Milli mənəvi dəyərlərin qorunması istiqamətində xüsusən Heydər Əliyev Fondu tərəfindən çox böyük işlər görülüb. Azərbaycan mədəniyyətinin dünyada tərənnümü, muğamın, aşıq yaradıcılığının dünya mədəni irsinin vacib hissəsi kimi YUNESKO tərəfindən tanınması, mədəniyyətimizin müxtəlif sferalarının qorunması istiqamətində işlər həyata keçirilir. Əminəm ki, bu baza yaranandan sonra növbəti addım olaraq milli mənəvi dəyələr, türkçülük, islam, yəni bayrağımızın istiqamət verdiyi bu dəyərlər üzərində milli ideologiyanın formalaşması, təbliği istiqamətində çox böyük işlər görüləcək.
Bu yaxınlarda Ali Məhkəmənin binasını da ziyarət etdim. Avropa ölkələrinin əksəriyyətində Ali Məhkəmənin belə gözəl binası yoxdur. Belə bir infrastruktur yarandıqdan, hakimlərin sosial təminatı yüksəldikdən sonra sözsüz ki, hakimlərə qarşı tələblər daha da ciddiləşəcək.

- Nəhayət, siz həm də müəllim kimi çalışmısınız, BDU-da, Qərb Universitetində dərs demisiniz. Gültəkin xanım necə müəllimədir?


- Beşinci kursun yanvar ayında hörmətli müəllimimiz, ərəb filologiyası kafedrasının müdiri, akademik Vasif Məmmədəliyev mənə birinci kurslara ərəb dili ixtisası üzrə dərs deməyi təklif etdi. Bunu mən gözləmirdim, çünki beşinci kursda oxuyurdum. Həmin qrupda Reyhan Qonaqova adlı çox səviyyəli bir müəllimə dərs deyirdi. Başlanğıcda Reyhan müəllimin qruplarında 15 şagird olurdusa, birinci semestrdən sonra o qrupda beş-altı tələbə qalırdı. O qrupu Vasif müəllim mənə həvalə etdi. Düşünürəm ki, kifayət qədər də uğurlu oldu. Bir neçə il BDU-da ərəb dili ixtisası üzrə dərs dedim. Sonra uzun müddət Qərb Universitetində çalışdım. Qərb Universitetində öncə filoloji ixtisaslar üzrə dərs deyirdim. BDU-da hüquq fakültəsində sonuncu kursda oxuyanda Qərb Universitetində hüquq ixtisasları üzrə də mənə dərs ayırdılar. Bunun da bir səbəbi vardı. Qərb Universitetində dərslər ingilis dilli idi və ingilis dilli hüquq fənnindən dərs deyən mütəxəssis görünür ki, az idi.
BDU-nun beynəlxalq hüquq fakültəsində də müəllim kimi çalışmışam. Necə müəllim olduğumu kollektivim, fakültə rəhbərliyi, tələbələrim deyə bilər. Yəqin ki, pis müəllim olmamışam ki, Qərb Universitetində uzun müddət işlədikdən sonra deputatlığa namizəd məsələsi ilə bağlı fikir yarananda da məni ən çox dəstəkləyən və təkidlə bu işə sövq edən Qərb Universitetinin kollektivi oldu. Bu barədə yalnız bir şeyi əminliklə deyə bilərəmki, bir müəllim kimi vicdanım həmişə təmiz olub.
Bu gün təhsil sistemində ciddi islahatlara ehtiyac var. Mən ürək ağrısı ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nəticələrini təhlil etdim. İldən-ilə keçid balları aşağı salınır. Bu, ən azı təhsildə durğunluğun, gerçəkdə isə, geriləmənin göstəricisidir. Bu, xüsusilə insanı ona görə ağrıdır ki, Azərbaycanda təhsilə olan qayğı heç bir bölgə ölkəsində yoxdur. Mən çox inanıram ki, təhsilimizin başında duran insanlar da bu göstəricilərdən ciddi nəticə çıxaracaqlar və onlar üçün prezidentimiz, Heydər Əliyev Fondu tərəfindən yaradılmış bu gözəl şəraiti layiqincə qiymətləndirə biləcəklər…

Ramiz Mikayıloğlu
# 2853

Oxşar yazılar