“Əsassız yoxlamalar aparanlar barədə tədbirlər görüləcək”
04 fevral 2011 13:42 (UTC +04:00)

“Əsassız yoxlamalar aparanlar barədə tədbirlər görüləcək”

Azərbaycanda 20-dək dövlət qurumu öz səlahiyyətləri çərçivəsində sahibkarlıq subyektlərində yoxlamalar aparır. Amma bu yoxlamaların böyük əksəriyyəti bir-birini təkrarlayan faktları özündə əks etdirir. Lent.az-ın məlumatına görə, bu barədə Azərbaycan Sahibkarlar Konfederasiyasının rəhbəri Məmməd Musayev Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, Nazirlər Kabinetinin qərarı ilə bir çox sahibkarlıq obyektlərində, xüsusən, kənd təsərrüfatı ilə məşğul olan müəssisələrdə əsassız yoxlamaların aparılması məqsədəuyğun sayılmır. Əksinə, əsassız yoxlamalar aparan müəssisələr, dövlət orqanları barədə müvafiq tədbirlər görülə bilər. M.Musayevin sözlərinə görə, sahibkarlar çox vaxt həm vergi, həm də digər orqanlar tərəfindən əsassız yoxlamalara məruz qalır. Bunlar isə həmin sahibkarlıq fəaliyyətinin inkişafına əngəllər törədir.

Bu maneələrin aradan qaldırılması üçün müvafiq dövlət qurumları, mərkəzi hakimiyyət müvafiq tədbirlərə əl atır. Qanunvericiliyin təkmilləşdirilməsi, o cümlədən, ərizə və şikayətlərin yerindəcə araşdırılması üçün müvafiq qurumlar qarşısında məsələ qaldırılıb. Konfederasiya sədri onu da deyib ki, sahibkarlığın səmərələşdirilməsi üçün bir sıra layihələr hazırlanıb. Bu layihələrdən biri sahibkarlarla vergi orqanları arasında münasibətləri tənzimləyir. Onun sözlərinə görə, sahibkarlar vergi əməkdaşları ilə təmasda olmadan öz məlumatlarını vergi orqanlarına ötürə biləcəklər.

M.Musayev deyib ki, bu məlumatlar informasiya texnologiyaları əsasında vergi orqanlarına ötürüləcək. Bu isə həm əsassız yoxlamaların qarşısını ala biləcək, həm də vergi orqanlarının sahibkarlar barədə lazımi məlumatları vaxtında almasına gətirib çıxaracaq. Onun sözlərinə görə, artıq 16 rayonda sahibkarlarla vergi orqanları arasında birbaşa məlumatların ötürülməsi üçün texniki təchizat tədbirləri başa çatdırılıb.

Elxan SALAHOV
# 810

Oxşar yazılar