DGK sədri: “Mənə gələn müraciətlərə özüm şəxsən baxıram”
03 fevral 2011 17:48 (UTC +04:00)

DGK sədri: “Mənə gələn müraciətlərə özüm şəxsən baxıram”

Xaricdən gətirilən avtomobillərin gömrük postlarında qeydiyyata alınması və qiymətləndirilməsi proseduru çox açıq və şəffafdır. Lent.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev xaricdən Azərbaycana gətirilən minik avtomobillərinin gömrük orqanlarında rəsmiləşdirilməsi barədə jurnalistlərin suallarını cavablandırarkən belə deyib. O qeyd edib ki, ölkəyə gətirilən bütün növ minik avtomobilləri barədə məlumatlar Dövlət Gömrük Komitəsinin yeni hazırlanan internet saytında yerləşdirilib.

“Bizim saytda virtual qəbul bölməsi də var və təxminən 2 ay ərzində hər gün bu saytla mənə müraciət edənlərin müraciətinə özüm şəxsən baxıram. Bu müddətdə avtomobillərin rəsmiləşdirilməsi ilə bağlı 1 və ya 2 müraciət olmuşdu” - deyə, komitə sədri əlavə edib.

Aydın Əliyev onu da bildirib ki, bu cür şikayət və müraciətlərin əsas səbəbi vətəndaşların maarifçilik səviyyəsinin aşağı olmasıdır. Onun sözlərinə görə, Dövlət Gömrük Komitəsi belə qərara gəlib ki, əməkdaşlar vaxtın çoxunu vətəndaşların gömrük qanunvericiliyi barədə biliklərinin artmasına sərf etsin: “Bəzən vətəndaşlar hesab edir ki, ölkəyə gətirdiyi maşın 5 min manata başa gəlirsə, rüsum niyə artıq olur?! Lakin hamı bilməlidir ki, ölkəyə gətirilən hər bir yüngül minik avtomobilinə gömrük orqanları tərəfindən 3 növ vergi tətbiq olunur və onların 2-si mütləq rəqəmlə götürülür. Bəzən rüsumların çoxluğu avtomobilin mühərrikinin böyük olmasından yaranır. Ancaq vətəndaşların bunu nəzərə almır. Ona görə də mən müvafiq strukturlara tapşırıq vermişəm ki, belə məsələlərlə bağlı hər bir müraciət edənə geniş şəkildə izahat versinlər. Çünki belə çıxır ki, insanların çoxu qanunları bilmədiklərindən rəsmiləşdirmə zamanı aldadıldıqlarını düşünürlər və buna görə şikayət edirlər”.

Elxan SALAHOV
# 963

Oxşar yazılar