2013-cü ilədək pensiya təyinatı tam avtomatlaşdırılacaq
03 fevral 2011 15:58 (UTC +04:00)

2013-cü ilədək pensiya təyinatı tam avtomatlaşdırılacaq

“2011-ci ildə əhaliyə ödənişlər DSMF-nin xərclərinin 97,2 faizi səviyyəsində və ya 1916,98 milyon manat proqnozlaşdırılır”.


Lent.az-ın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov deyib. Səlim Müslümov bildirib ki, əhaliyə ödənişlərin 2011-ci il üçün nəzərdə tutulmuş proqnozu 2010-cu ilə nisbətən 200 milyon manat və ya 11,7 faiz çoxdur. Onun sözlərinə görə, DSMF-nin əsas maliyyə sənədinin - 2011-ci il üçün büdcəsinin icrası ilə bağlı Azərbaycan Prezidentinin verdiyi tapşırıqlar Fondun orqanları qarşısında mühüm vəzifə kimi durur: “İnanıram ki, əvvəlki illərdə olduğu kimi, bu büdcənin icrası da xalqımızın həyat səviyyəsinin yüksəldilməsinə yönəldilmiş ali siyasətin reallaşdırılmasına mühüm töhfə verəcək”.


DSMF sədri nəzərə çatdırıb ki, 2011-ci ildə əmək pensiyalarının ödənişi xərclərinin proqnozu 1852,4 milyon manat nəzərdə tutulur ki, bu da 2010-cu ilə nisbətən 11,4 faiz və ya 189,9 milyon manat artıqdır. O qeyd edib ki, bu il “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq islahat tədbirləri davam etdiriləcək. Bura sığorta-pensiya sisteminin perspektiv inkişafının aktual modelləşdirmə əsasında proqnozlaşdırılmasının təmin edilməsi, avtomatlaşdırılmış pensiya təyinatı sisteminə keçidin təmin olunması məqsədi ilə tədbirlərin həyata keçirilməsi, dövlət sosial sığorta sistemində sığorta olunanların fərdi məlumatlarının qorunması mexanizmlərinin gücləndirilməsi, fondun mərkəzi aparatı və yerli orqanları arasında elektron məlumat mübadiləsini təmin edən korporativ şəbəkənin qurulmasının başa çatdırılması, fondun fəaliyyətinin avtomatlaşdırılması istiqamətində işlərin yerinə yetirilməsi və digər mühüm vəzifələr daxildir.


Səlim Müslümov bildirib ki, hazırda mühüm tədbirlərdən olan pensiya təyinatının avtomatlaşdırılması istiqamətində işlər sürətlə davam etdirilməkdədir. Dövlət Proqramında pensiya təyinatının tam avtomatlaşdırılması yolu ilə əməliyyatların vahid mərkəzdən aparılmasına keçidin təmin edilməsi 2013-cü ildə nəzərdə tutulub. Fond bu prosesin Dövlət Proqramında müəyyən olunan qrafikdən əvvəl həyata keçirilməsini hədəf kimi qarşıya qoyub və bu, MDB məkanında ilk göstərici olacaq. Ayrı-ayrı sığortaolunanlar üzrə 2006-cı ildən sonrakı illərdə ödənilən sığorta haqları barədə bəyannamələrin qəbulu, onların hesablara işlənilməsi sürətlə davam etdirilir: “Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayının 1 milyon 800 min nəfərə yüksəlməsi, mövcud pensiyaçıların sayının 1 milyon 292 min nəfər təşkil etməsi və fərdi uçot sahəsindəki qanunvericiliyə əsasən sosial müdafiə hüquqlarının gerçəkləşdirilməsi üçün uçota götürülməli olan göstəricilər sistemi nəzərə alınarsa, bu işin necə genişmiqyaslı olmasını aydın görmək mümkündür”.

Elxan Salahov
# 609

Oxşar yazılar