“Pensiyaların real yığım elementinin tətbiqində ehtiyatlı davranmağımız doğru yoldur”
03 fevral 2011 15:46 (UTC +04:00)

“Pensiyaların real yığım elementinin tətbiqində ehtiyatlı davranmağımız doğru yoldur”

“Dünya maliyyə böhranı Azərbaycanın sığorta-pensiya sistemində məhz üçpilləli sistemin tətbiqinin, dövlətin sosial müdafiədə aktiv rolunun saxlanılmasının və real yığım elementinin tətbiqi məsələsində ehtiyatlı davranmanın nə dərəcədə doğru olduğunu da sübut etmiş oldu”.


Lent.az-ın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov deyib. DSMF sədri bildirib ki, bu gün bir sıra inkişaf etmiş ölkələrin sığorta-pensiya sistemlərində islahatların aparılması üçün təkliflər səslənir. Bunlardan biri pensiya sistemində yığım komponentinin tətbiqi ilə bağlıdır. Bu istiqamətdə səslənən arqumentlər ondan ibarətdir ki, pensiya sistemində hazırkı qaydada yığım komponentinin tətbiqi maliyyə bazarlarının mövcud vəziyyəti ilə üst-üstə düşmür və bu səbəbdən də vəsaitlərin yerləşdirilməsində yaranan problemlər nəinki nəzərdə tutulan dividentləri, hətta inflyasiyadan qoruma imkanını da vermir. Digər tərəfdən, yığım hissəsinin pensiyaların cari maliyyələşdirilməsinə sərf olunmaması pensiya fondlarının büdcə kəsirini daha da dərinləşdirir, böhran halında isə tamamilə müflis olmalarına gətirib çıxarır. Bununla bağlı pensiyaların yığım hissəsinin perspektivinə dair təkliflərdə bir neçə variant səsləndirilir. Bunlardan biri pensiyaların yığım hissəsi məsələsinin tamamilə istisna edilməsidir. Başqa bir variant kimi bu komponentin könüllülük prinsipi əsasında tətbiqi irəli sürülür. Üçüncü variant isə yığım hissəsinin həcminin azaldılmasıdır.


Səlim Müslümov qeyd edib ki, Azərbaycan Respublikasının pensiya qanunvericiliyi də baza, sığorta və yığım hissələrindən ibarət olmaqla üçpilləli pensiya təminatını nəzərdə tutur. Ölkədə qurulmuş yeni sığorta-pensiya sistemi çərçivəsində əmək pensiyalarının baza və sığorta hissələrinin təyini və artırılması mexanizmləri uğurla tətbiq edilib və bu prosesdə dövlətin həlledici rolu, pensiyaçıların sosial müdafiəsinə birbaşa dəstəyi aydın görünür: “Yığım komponentinin tətbiqi ilə bağlı isə son dərəcə ehtiyatlı (konservativ) mövqe tutulub. Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2008-ci il tarixli 111 nömrəli sərəncamı ilə təsdiq edilmiş “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nda yığım komponentinin tətbiqinin daha mürəkkəb mərhələ olmaqla, ölkədə investisiya mühitindən, maliyyə və qiymətli kağızlar bazarının inkişafından və sığorta-pensiya sistemindən kənar digər amillərdən çox asılı olduğu xüsusilə qeyd olunub. Bunun üçün beynəlxalq təcrübənin öyrənilməsi, əvvəlcə sosial sığorta haqlarının fərdi hesabın yığım hissəsinə (fərdi yığım hesablarına) yönəldilməsi mexanizmləri və həmin vəsaitlərin idarə olunması qaydalarının düzgün müəyyən edilməsi, bundan sonra sosial sığorta haqlarının fərdi yığım hesablarına toplanmasına başlanılması müəyyənləşdirilib”.

DSMF sədrini deyib ki, baş vermiş maliyyə böhranının dərsləri, bu kontekstdə sistemlərin əhatəliliyi və çevikliyi son illərdə aparılan qiymətləndirmələrdə əsas meyarlar kimi götürülür. 2010-cu ildə bir sıra dövlətlərin sığorta-pensiya sistemlərində aparılan islahatlar Azərbaycanda qurulan modelin keçid dövrü ölkələri üçün örnək kimi tövsiyə edilməsinin heç də təsadüfi olmadığını təsdiqləməklə yanaşı, ölkəmizin islahatlarda qabaqcıl mövqeyini bir daha sübut etmiş olub. Bu baxımdan inkişaf etmiş bir sıra ölkələrdə pensiya sistemi ilə bağlı təklif olunan islahatların məzmunu xeyli diqqəti çəkir: “Təklif olunan variantlardan biri sistemin genişləndirilməsi məqsədilə hərbçilərin, daxili işlər orqanlarında çalışanların və bu kimi digər şəxslərin məcburi dövlət sosial sığortasına cəlb edilməsidir. Azərbaycanda bu istiqamətdə hələ dörd il bundan öncə islahat tədbirləri həyata keçirilib. 2007-ci il yanvarın 1-dən respublikamızda hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin məcburi dövlət sosial sığortasına cəlb edilməsinə və fərdi uçotla əhatə olunmasına, həmin şəxslərin əmək pensiyaları ilə təminatına keçilib. Bu tədbirlər nəticəsində hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin yeni sığorta-pensiya sisteminin üstünlüklərindən (natamam hərbi xidmət müddətinin pensiya məbləğlərinə təsirinin təmin olunması, hərbi qulluqçular və dövlət qulluqçularının gələcəkdə sığorta-pensiya sistemində yığım komponentinin tətbiqində iştirakı, pensiyalarının fondun hesabına verilən plastik kartlarla ödənilməsi və s.) istifadə etmələrinə imkan yaradılmışdır. Bundan başqa, bəzi ölkələrdə vaxtından əvvəl pensiyaya çıxan şəxslər üzrə ödəmələr pensiya sisteminin mürəkkəb problemlərindən biri kimi qiymətləndirilir, bu sahədəki güzəştlərin ləğvi əsas islahat istiqaməti kimi müəyyənləşdirilib”.


Səlim Müslümov xatırladıb ki, Azərbaycan Respublikasında hələ 2009-cu ildə bu istiqamətdə zəruri tədqiqatlar aparılaraq qanunvericiliyə müvafiq dəyişikliklər edilib. Sığorta-pensiya sistemi və dövlət sosial yardımı sistemlərinin bir-birindən ayrılması bazar iqtisadiyyatı şəraitində sosial müdafiənin gercəkləşdirilməsi baxımından ən arzu olunan variant kimi qiymətləndirilir.


Elxan Salahov
# 657

Oxşar yazılar