Səhiyyə Nazirliyi baş həkimlər və aptek rəhbərləri ilə müşavirə keçirdi
03 fevral 2011 14:43 (UTC +04:00)

Səhiyyə Nazirliyi baş həkimlər və aptek rəhbərləri ilə müşavirə keçirdi

Səhiyyə Nazirliyində Bakı şəhərində fəaliyyət göstərən ambulator tibb müəssisələrinin baş həkimlərinin və imtiyazlı apteklərin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib. Lent.az-ın Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, iclas şəkərli diabet xəstələrinə göstərilən tibbi xidmətin səviyyəsinin daha da yaxşılaşdırılmasına həsr edilib.

Əsas müzakirə olunan məqam son illər dövlət tərəfindən həyata keçirilən tədbirlər nəticəsində şəkərli diabet xəstələrinin aşkar edilməsi işinin yaxşılaşdırılması, xəstələrin qeydiyyata düşməsi məsələsinin stabil qaydada və vaxtında həyata keçirməsi, onlara pulsuz olaraq özünənəzarət vasitələri olan qlükometr və dərman preparatları ilə təmin olunması işinin təşkili olub. Müşavirədə qeyd edilib ki, şəkərli diabetdən əziyyət çəkən xəstələrin elektron kartları ilə təmin olunması sahəsində müsbət işlər görülüb və nəticədə təkcə Bakı şəhərində qeydiyyatda olan 40 minə yaxın şəkərli diabet xəstəsinin 25 mininə artıq bu kartlar təqdim olunub.

Müşavirədə görülən işin səmərəsini daha da artırmaq üçün əsas məqama da toxunulub. Bu da verilən dərman preparatlarının həkimlər tərəfindən düzgün və lazımı qaydada müəyyən olunması, təyinatı və yönləndirilməsi işidir. Bu baxımdan tibb müəssisələrinin rəhbərlərinə xüsusi tapşırıq və tövsiyələr verilib.
# 709

Oxşar yazılar