Cəbhəyanı kəndlərin qazlaşdırılması gələn il başa çatacaq
03 fevral 2011 14:17 (UTC +04:00)

Cəbhəyanı kəndlərin qazlaşdırılması gələn il başa çatacaq

“Azəriqaz” İstehsalat Birliyi ARDNŞ-nin tabeçiliyinə verildikdən sonra təbii qazın təzyiqinin və həcminin artırılmasına nail olunub. Həmçinin qaz təchizatının yaxşılaşdırılması istiqamətində ciddi tədbirlər görülüb.

Lent.az-ın məlumatına görə, “Azəriqaz” İB-in baş direktoru Əkbər Hacıyev 2010-cu ilin yekunlarına həsr olunmuş mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, bütövlükdə regionlar üzrə 3768,8 kilometr tikinti-quraşdırma, 536 kilometr əsaslı təmir işləri yerinə yetirilib. Bu işlər nəticəsində 2010-cu il ərzində 51 kənd və qəsəbə, o cümlədən 73 682 yeni abonent təbii qazla təmin edilib: “Cəbhəyanı kənd və rayonların tam şəkildə qazlaşdırılması isə gələn il başa çatdırılacaq”.

Əkbər Hacıyev deyib ki, hazırda “Azəriqaz” sayğaclaşma prosesini də davam etdirir. Onun sözlərinə görə, indiyədək 77 minə yaxın abonentin mənzilində yeni sayğac quraşdırılıb. Həmçinin 81800 sayğac dəyişdirilib ki, bu da yığım faizinin artmasına öz müsbət təsirini göstərib: “Hazırda Bakıətrafı ərazilərlə yeni tipli “smartkart” sayğacları quraşdırılır. İndiyədək Bakıətrafı ərazilərdə quraşdırılan belə sayğacların sayı 56 minə çatdırılıb”.

“Azəriqaz”ın rəhbəri İstehsalat Birliyinin əsaslı təmir proqramından da danışıb. O qeyd edib ki, hazırda bu proqram Bakı şəhərində də davam etdirilir. Belə ki, bu proqrama uyğun olaraq, 2010-cu ildə paytaxtda 958 kilometr uzunluğunda qaz kəməri təmir edilib və yenidən qurulub.

Bundan başqa, 2010-cu ilin sentyabr-noyabr aylarında Siyəzən Kompressor Stansiyasında təmir-bərpa işləri aparılıb və stansiya artıq yanvarın 1-dən fəaliyyətə başlayıb edib. Əkbər Hacıyev deyib ki, hazırda bu stansiya Rusiyaya gündə 5,5-6 milyon kubmetr təbii qaz nəql edir. Astara Kompressor Stansiyası vasitəsilə isə İrana sutkada 1,5 milyon kubmetr təbii qaz ötürülür. Onun sözlərinə görə, İrana nəql olunan təbii qazın miqdarının artması ilə əlaqədar Astara Kompressor Stansiyasının yaxınlığında yeni Kompressor sexi inşa olunub və yaxın günlərdə o da istismara veriləcək.

Elxan SALAHOV
# 621

Oxşar yazılar