“Bəzi rayonların hərbi komissarları işdən çıxarılıblar” - MÜSAHİBƏ
13 avqust 2009 12:45 (UTC +04:00)

“Bəzi rayonların hərbi komissarları işdən çıxarılıblar” - MÜSAHİBƏ

Eldar Sabiroğlu: “Müdafiə Nazirliyinin Mərkəzi Aparatında struktur islahatları həyata keçirilir”


Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlunun APA-ya müsahibəsi

- Son vaxtlar bəzi mətbuat vasitələrinin hədəfində Müdafiə Nazirliyi daha çox dayanır. Bunun səbəbi nədir?

- Doğrusu, səbəbin nədən ibarət olması bizim üçün də maraqlıdır. Niyə bu hadisələr baş verir? Nə üçün Müdafiə Nazirliyi sağdan, soldan hücumlara məruz qalır? Suallar çox ola bilər. Ancaq burada hansısa bir münasibətin olduğunu axtarmaqdan uzağam. Yazmağı necə qadağan etmək olar? Amma digər tərəfdən qərəzli kompaniyanın sel kimi şığıdığını görəndə adamı təəccüb bürüyür. Bəziləri yaxşı bir bəhanədən yapışıblar, guya ki, onların bu mövqeyi yalnız ordunu istəkdən irəli gəlir. Deməli, biz qalırıq tərəddüdlər içində, inanaq, ya inanmayaq?! Bəzi tənqidçilər təkidlə bildirirlər ki, nə deyiriksə bunların hamısı istəkdən irəli gəlir. Təki belə olsun. Qalır bircə şey - istəyin üzərindəki pərdəni qaldırmaq. Yəni görək ki, bu həqiqətən belədir, yoxsa əksinə. Bax bu zaman niyyətin nədən ibarət olduğu tam çılpaqlaşır. Hətta məsələyə düzdün yanaşmadıqlarını və doğru söyləmədiklərini sadəcə olaraq irad tutanda dözülməz olurlar.

İki-üç qəzetin və yorulmaq bilmədən hər gün şayiələr yaymaqla Müdafiə Nazirliyini hədəf götürən yenə də üç-dörd tanış sifətin simasında demək olar hər gün bu tipli iftira və böhtanlarla rastlaşırıq. Mən indi kiçicik haşiyə çıxmaq istəyirəm. Bəzən olur ki, biri digərinə qarşı qərəzini, kin-küdurətini, şəxsi ambisiyasını uzun müddət sürdürür və nəhayət günlərin birində papağını qarşısına qoyaraq daha bəsdir deyir. Bunun özü də müəyyən müsbət keyfiyyətlərdən xəbər verir. Ancaq Müdafiə Nazirliyinə qarşı aparılan qərəzli kompaniyanın iştirakçıları deyəsən, dayanmaq barədə qəti düşünmürlər. Əlində tribuna olmaq o demək deyil ki, sənin yazdıqların və dediklərin büsbütün doğrudur, əsla sənə toxunmaq olmaz, olarsa tufan baş qaldırar. Təəssüflənirəm ki, bəzi media kapitanlarımızın jurnalistik yaradıcılığında bu dərin kök salıb. Heç belə istəməzdik. İctimaiyyət də bunun fərqindədir.

- Konkret nəyi nəzərdə tutursunuz?

- Mən daha çox ona cavab vermək istəyərdim ki, bəziləri istəklərində nə qədər səmimidir? Yaxud bizi bu deyəcəyimizdən divara dirəsələr də, qeyd etməyi vacib sayırıq ki, sifarişçilərin caynağından xilas olmaq üçün onlar heç düşünürlərmi? Məncə hədələr, ironiyalar, təhqirlər lazım deyil. Hətta bilirsinizmi bizi bəzən nədə atəşə tuturlar? Niyə Azərbaycan Ordusunu deyil, erməni ordusunu tənqid edirsiniz və ya erməni ordusundan niyə çox danışırsınız? Dəhşətli burasıdır. Deməli belə çıxır ki, biz də burda otura-otura həmin şəxslərə qoşulub ordumuzu yerlə-yeksan etməliyik. Belə şey olarmı?

- Hər gün mətbuatda ordu haqqında müxtəlif məlumatlar gedir. Əslində nə baş verir və ordunun hazırkı vəziyyəti necədir?

- Əvvəla, Müdafiə Nazirliyinə qərəzli münasibət məsələsini bütün mətbuatın ayağına yazmaq olmaz. Nazirlikdə heç kim bu fikirdə deyil ki, orduda hər şey idealdır və heç bir problemimiz yoxdur. Ordu elə bir mexanizmdir ki, onu tam formalaşdırmaq istiqamətində hər gün iş getməlidir, axtarışlar aparılmalıdır. Müdafiə Nazirliyinin rəhbərliyi öz fəaliyyətində bunu əsas tutaraq prosesə daha dərindən və elmi yanaşır. Gəlin götürək dünyanın ən təcrübəli və ən güclü ordularını. Onlarda bu gün bizim ordumuzda baş verən hadisələrdən daha ağır hadisələr baş verir. Lakin bununla biz öz doğma ordumuzda nəyisə gizlətmək fikrində deyilik. Biz deyəndə ki, Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü ordudur, bunu əsassız söyləmirik. Adlar çəkmək istəmirəm. Keçmiş SSRİ-dən ayrılan müstəqil dövlətlər içərisində Azərbaycan Ordusu onların bir çoxundan həm maddi-texniki təchizatına, həm peşəkar zabit korpusuna, həm də əsgərin döyüş qabiliyyətinə görə tamamilə fərqlidir. Daha dəqiq ifadə etsəm, üstünlüklərimiz çoxdur. Keçən il ordunun 90 illik yubileyi ilə bağlı hərbi paradın yüksək səviyyədə baş tutması, bu yaxınlarda prezident, Ali Baş Komandan İlham Əliyevin şəxsən izlədiyi Silahlı Qüvvələrin birgə təliminin yüksək peşəkarlıqla hazırlanması onu göstərir ki, Azərbaycan əsgəri istənilən ekstremal şəraitə hazırdır. Heç kimə asan gəlməsin, əsgərimiz 20 ilə yaxındır səngərdədir. Min kilometrə yaxın təmas xəttində əsgər və zabitlərimiz gecə-gündüz vətənin keşiyini çəkir. Onun əziyyət və zəhmətini yerə vurmaq olmaz. Və ya baş verən hansısa bu və ya digər xoşagəlməz hadisə ilə bütövlükdə orduya qiymət vermək, onu zəif şəkildə ictimaiyyətə təqdim etmək ədalətsizlikdir.

- Orduda qəsdən adamöldürmə hallarının artdığı barədə çox danışılır. Doğrudanmı, belə hallar çoxalıb və belədirsə bunun səbəbi nədir?

- Mən deməzdim ki, artıb. Ancaq son aylar bir neçə ölüm hadisəsi baş verib. Əlbəttə ki, bu Müdafiə Nazirliyi üçün ağrısız ötüşə bilməz. Hər bir əsgərin itkisi bizim üçün çox kədərlidir. Burda bir psixoloji məqamı nəzərdən qaçırmaq olmaz. Həyatda, ümumiyyətlə, bir-birini görməyən, bir dəfə də olsun ünsiyyət saxlamayan, bir-birini tanımayan minlərlə gənci bir neçə günün içərisində bir yerə toplayaraq, necə deyərlər, bir dam altına yığırlar. Hərəsi də müxtəlif düşüncə tərzinə və tərbiyəyə malikdir. Belə bir vəziyyətdə bu gənclərin bir-birinə daha yaxından bağlanması, alışması bəzən baxırsan ki, problemsiz ötüşmür. Adi söz üstündə mübahisə yaranır. Və bəzən də heç bir əsaslı səbəb olmadan görürsən silaha əl atılır. Bu zaman da bədbəxt hadisə baş verir. Əsgəri yetişdirməyi təkcə bir qurumun üzərinə, ordu rəhbərliyinin öhdəsinə buraxmaqla kifayətlənmək olmaz. Gənc orduya çağırılan qədər müəyyən hazırlıqlara malik olmalıdır. Əsgərin vətənpərvərlik tərbiyəsi ailədən, məktəbdən, cəmiyyətdən başlayaraq orduya doğru gəlməlidir.

Müdafiə Nazirliyinin rəhbərliyi orduda qəsdən adamöldürmə hallarına qarşı qətiyyətlə mübarizə aparır və çalışır ki, bu cür halların sayı artmasın. Bəzən gözləmədiyin halda hadisə baş verir ki, öncədən onun qarşısını almaq mümkün olmur. Mən burada diqqəti bir əsas məsələyə yönəltmək istərdim ki, Müdafiə Nazirliyi, şəxsən nazir Səfər Əbiyev baş verən hər hansı cinayət hadisəsinin açılmasında və cinayətkarın məhkəmə qarşısında dayanmasında daha çox maraqlıdır. Bu məsələdə, ümumiyyətlə, nəyisə gizlətməkdən söhbət belə gedə bilməz.

- Azərbaycan Ordusunda "dedovşina"nın olması barədə yeni yazılanlar həqiqət nə dərəcədədir?

- Bununla bağlı dəfələrlə öz mövqeyimizi bildirmişik. Vəziyyət heç də bəzi KİV-lərin yazdığı kimi deyil. İndi həqiqətən ordumuzda "dedovşina" kimi mənfi mühit yoxdur. Ayrı-ayrı hallarda əsgərin əsgərə qarşı müəyyən xoşagəlməz münasibətləri olur ki, bunu da "dedovşina" kimi qiymətləndirmək olmaz. Buna hərbi nizamnamə qaydalarının pozulması halı kimi baxmaq daha doğrudur. Bəzən eyni ayın çağırışçıları arasında mübahisə düşür. Bunun "dedovşina" ilə nə əlaqəsi var? Ancaq baxırsan ki, mətləbi dəqiq bilmədən əsassız informasiyanı dövriyyəyə buraxırlar. Nə qədər də aydınlıq gətirsək ki, yox vəziyyət bu cür olmayıb, yozmaların, müxtəlif cür yanaşmaların əl-ayağını yığışdırmaq olmur.

- Müdafiə Nazirliyinin rəhbərliyinin dəyişdiriləcəyi və hətta mülki şəxsin ordu rəhbərliyinə gətiriləcəyi barədə məlumatlar dolaşır. Bu məlumatlar həqiqətə söykənirmi?

- Bu barədə məlumatlar qəzet səhifələrində indi yox, bəlkə də bir neçə ildir ki, dolaşır. Lakin həqiqətin nə yerdə olduğu hamıya məlumdur. Bu mənim subyektiv fikrim olsa da, qeyd etməliyəm ki, indiki müharibə şəraitində Azərbaycanın müdafiə nazirinin hərbi şəxs olması daha məqsədə müvafiqdir. Bir də bu məsələ dövlətin səlahiyyətində olan bir işdir.

- Bəs iki generalın istefaya göndərilməsi və ştat dəyişikliyi barədə dərc edilən məlumatlar haqda nə deyə bilərsiniz?

- Həmin o iki general barədə mətbuatda kifayət qədər yazılıb. Onlar ordudan tərxis olunaraq təqaüdə göndəriliblər. Yəqin ki, öz arzuları nəzərə alınıb.

Ordu elə bir mexanizmdir ki, orada islahatların aparılması, struktur təkmilləşdirilməsi hər zaman aparıla bilər. Hazırda belə bir dəyişikliklər Müdafiə Nazirliyinin Mərkəzi Aparatında həyata keçirilir. Biz əminik ki, bu dəyişikliklər nazirliyin fəaliyyətinə müsbət təsir göstərəcək.

- Məlumatlara görə, artıq 20 rayonun hərbi komissarı vəzifəsindən uzaqlaşdırılıb. Bu doğrudurmu?

- Konkret rəqəm söyləməkdə çətinlik çəkərdim. Ancaq son zamanlar bəzi rayonların hərbi komissarları həqiqətən tutduqları vəzifədən azad ediliblər. Onların bəzisi sərəncama götürülüb, bəzisi təqaüdə gedib, bəziləri isə işlərində yol verdikləri nöqsanlara görə tutduqları vəzifədən uzaqlaşdırılıblar.

- Hərbi çağırış qaydalarına edilən dəyişikliklərdən sonra hansı yeniliklər var?

- İndi hər şey göz qabağındadır. Hərbi çağırışla bağlı cənab prezident İlham Əliyevin tövsiyəsi ilə aparılmış təkmilləşdirmə işi çox uğurlu nəticələr verdi. Xalqımız bu dəyişiklikdən olduqca razıdır. Müəyyən xırda texniki məsələlər var ki, onları da qarşıdakı çağırış aylarına qədər aradan götürə biləcəyik və beləliklə, çağırış sistemində heç bir problem olmayacaq.

- Müdafiə Nazirliyi "Yeni Müsavat" qəzetini və iki hərbi eksperti məhkəməyə vermisiniz. Onlar isə məhkəmədə başqa iddialarla çıxış edəcəklərini deyirlər. Sizin buna münasibətiniz?

- Bu, onların hüququdur. Ancaq ortada konkret fakt var. Bundan danışmaq gərəkdir. Lakin göründüyü kimi faktdan yayınmağa çalışırlar. Mən onların başqa "dəlillərini" oxuyarkən çox təəccüb elədim. Deyəsən, indi bizi qorxutmağa başlayıblar. Müdafiə Nazirliyi "Azərbaycan əsgəri nə yeyir" məqaləsinə görə məhkəməyə müraciət etmək istəyir. Bunu özləri yazıb və biz də sübutunu xahiş edirik. Pişik yeməyi nə vaxt əsgərə verilib, bunları kim gətirib və s və ilaxır . Bu haqda sənədlərin, dəlillərin ortaya qoyulmasını gözləyirik. Bu zaman kimin problem yaratdığı və böhtançı olduğu üzə çıxacaqdır. Qeyd edirlər ki, biz həmin şəxsləri məhkəmə ilə hədələyirik. Çox uğursuz ifadədir. Onları məgər top, tüfənglə hədələmişik? Müdafiə Nazirliyi bütün mübahisələrin hüquq müstəvisində həllinin tərəfdarıdır. Ona görə də məhkəməyə müraciət etdik.

- Bəziləri belə fikirlər səsləndirirlər ki, Müdafiə Nazirliyində qapalılıq yenə üstünlük təşkil edir. Qurumun mətbuat xidməti çox zaman informasiyaları, necə deyərlər, ütülənmiş formada ictimaiyyətə çatdırır. Bu deyilənlərdə həqiqət varmı?

- Mən bunun əksini düşünürəm. Müdafiə Nazirliyi bir hərbi struktur kimi cəmiyyətə indi daha çox yaxındır. Demək olar qapalılıq aradan qaldırılıb. Hər şey açıqdır. Bizim xidmət nazirliyin fəaliyyəti, orduda baş verən bu və ya digər hadisələrlə bağlı ictimaiyyətə müntəzəm məlumatlar verir. Ola bilsin bundan daha çoxunu arzulayırlar. Burdaca bir məqamı açıqlamaq istərdim. Müharibə şəraitinin olduğunu nəzərdən qaçırmaq olmaz. İstisna hallarda bəzi məsələlərin açıqlanmamasını düzgün qəbul etmək lazımdır. İnanın ki, elə şeylər var ki, onlardan heç mətbuat xidmətinin rəisi kimi mənim xəbərim olmur. Bu da çox normal haldır. Biz hər şeyi açıb tökə bilmərik. Düşmən pusquda durub, hər şeyi izləyir və təhlil edir.
# 859

Oxşar yazılar