Oqtay Şirəliyev: “Bəzi tibb işçiləri xəstələrə dərman aldırır”
03 fevral 2011 11:59 (UTC +04:00)

Oqtay Şirəliyev: “Bəzi tibb işçiləri xəstələrə dərman aldırır”

Səhiyyə Nazirliyində geniş kollegiya iclası keçirilib. Lent.az-ın Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, tibb müəssisələrinin baş həkimləri və Elmi Tədqiqat İnstitutlarının direktorlarının iştirakı ilə keçirilən iclas əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi məsələlərinə həsr olunub.

Səhiyyə naziri Oqtay Şirəliyev səhiyyə və tibb elmi sahəsində son illər ərzində görülən işlər, aparılan islahatlar haqda məlumat verib. O, görülən işlərin nəticəsi kimi bir sıra tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsini, əsaslı təmir yaxud yeni tikilib istifadəyə verilən və tam müasir tibbi avadanlıqlar habelə dərman və qida ilə təchizatının yüksəldiyini vurğulayıb. Oqtay Şirəliyev hazırda əhaliyə verilən dərman preparatlarının siyahısının genişləndirilməsinin nəzərdə tutulduğunu bildirib.

Nazir qeyd edib ki, bu gün qan problemi də həll olunur. Hazırda mərkəzləşdirilmiş qaydada stasionar tibb müəssisələri lazım olan qan və qan komponentləri ilə tam təmin olunur və bu proses daha da sadələşdirilmiş qaydada həyata keçirilir. Görülən işlərin nəticəsi kimi, stasionarlarda çarpayıların işi də yaxşılaşdırılıb. Əvvəlki illərlə müqayisədə il ərzində çarpayı 80-85 gün işləyirdisə 2010-cu ilin hesabatına görə bu göstərici 203-ə çatıb ki, bu da çox böyük irəliləyişdir .Stasionarlara respublika üzrə 2010-cu ildə 560 minə yaxın xəstə müraciət edib.

Oqtay Şirəliyev çıxışında kadr potensialının yaxşılaşdırılması məsələsinə də toxunub. O, görülən işlərin uğurlu nəticəsi kimi, sertifikasiya prosesinə xüsusi diqqət çəkib və bu prosesin artıq öz uğurlu nəticəsini göstərdiyini dilə gətirib. Nazir bildirib ki, kollegiya iclasının əsas səbəblərindən biri də artıq yaradılmış mövcud şəraitdə arada olan bir sıra problemləri də müzakirə etməkdir. Əldə olunan uğurlarla yanaşı problemlərdən də danışan Oqtay Şirəliyev deyib ki, xəstələrlə davranış qaydalarına xüsusi diqqət və qayğı yetirilməli, şikayətlərin aradan qaldırılması üçün bütün lazımı tədbirlərin vaxtında görülməli, xəstələrin müalicə işi protokollara əsasən aparılmalıdır. Nöqsanların aradan qaldırılması işindən danışarkən nazir qeyd edib ki, son vaxtlar gələn şikayətlərin əsasını əvvəllər olduğu kimi müalicə və müayinə işləri deyil, əksinə həkimlik peşəsinə xələl gətirə biləcək diqqətsizlik, qayğısızlıq bəzi hallarda hətta səhlənkarlıq təşkil edir.

Qeyd olunub ki, xəstəxanaların kifayətləndirici həcmdə dərman preparatları və sarğı materialları ilə təmin olunmasına baxmayaraq, bəzi tibb işçiləri tərəfindən xəstələrə, onların yaxınlarına hələ də dərman aldırmaq hallarına rast gəlinir: “Bu barədə nazirliyə müraciətlər hələ də daxil olmaqdadır. Xəstələrdən və onların qohumlarından, xüsusilə də doğum evlərində müxtəlif bəhanələrlə qeyri-rəsmi ödənişlərin tələb olunması halları da var. Belə hallara qarşı barışmaz mübarizə aparılmalıdır. Eyni zamanda xəstəxanalarda sanitariya-epidemioloji rejimə nəzarətin gücləndirilməsi, səliqə sahmana, təmizliyə və nizam-intizam qaydalarına riayət olunması da vacibdir”.

Oqtay Şirəliyev nazirliyin struktur bölmələrin rəhbərlərinə xəstəxanaların fəaliyyətinin ciddi nəzarətdə saxlanılmasını, mütəmadi reydlərin aparılmasını, aşkar edilmiş nöqsanların qısa müddətdə aradan qaldırılması üçün konkret tədbirlərin görülməsini tapşırıb. Nazir çıxışının sonunda vurğulayıb ki, sadalanan nöqsanların aradan qaldırılması üçün təkcə tibb müəssisəsinin rəhbərliyi deyil, vəzifəsindən asılı olmayaraq müəssisəsində çalışan hər bir kəs səy göstərməli, əlindən gələni əsirgəməməlidir və yalnız bu zaman istənilən nəticələr əldə etmək mümkündür.
# 509

Oxşar yazılar