Qara məxməri çayın standartı təsdiqləndi
02 fevral 2011 14:14 (UTC +04:00)

Qara məxməri çayın standartı təsdiqləndi

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi “AZS 412-2011” “Pirotexnik məmulatlar. Ümumi təhlükəsizlik tələbləri” və “AZS 457-2011” “Qablaşdırılmış təmli və ətirli qara məxməri çay” dövlət standartlarını təsdiq edib. Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hər iki standartın tətbiq vaxtı 10 fevraldan müəyyən edilib.

Komitənin Texniki tənzimləmə və standartlaşdırma şöbəsi tərəfindən hazırlanmış “AZS 412-2011” (QOST R 51270-99) “Pirotexnik məmulatlar. Ümumi təhlükəsizlik tələbləri” standartı sənaye və məişət təyinatlı pirotexnika məhsullarına şamil olunur və bu məhsulların hazırlanması, sertifikatlaşdırılması, satılması və istifadəsi üçün məcburi olan ümumi təhlükəsizlik tələblərini təyin edir.

Qida məhsullarının standartlaşdırılması üzrə Texniki Komitə (TK 07) tərəfindən təqdim edilmiş “AZS 457-2011” “Qablaşdırılmış təmli və ətirli qara məxməri çay” dövlət standartı çəkilib qablaşdırılmış təmli (bitki, meyvə-giləmeyvə qarışıqlı) və ətirli (aromatizatorlu) qara məxməri çaya şamil edilir. Çay bitki, meyvə-giləmeyvə qarışıqlarının və aromatizatorların qatılması ilə hazırlanan qida məhsuludur.
# 760

Oxşar yazılar