Nazirliyin 6 işçisi işdən çıxarılıb, 116 nəfərə töhmət verilib
01 fevral 2011 17:49 (UTC +04:00)

Nazirliyin 6 işçisi işdən çıxarılıb, 116 nəfərə töhmət verilib

Fevralın 1-də əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov yanvarın 28-də keçirilmiş kollegiya iclasında müzakirə olunmuş məsələlərlə bağlı toplantı keçirib. Toplantıda nazirliyin Aparat işçiləri, idarə rəisləri də iştirak edib.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, toplantıda nazir Fizuli Ələkbərov məruzə ilə çıxış edib. O, bildirib ki, hökumətin ötən ilin nəticələrinə həsr olunmuş yığıncağında prezident İlham Əliyevin qarşıya qoyduğu məsələlərə daha diqqət və məsuliyyətlə yanaşılmalı, ortaya çıxan problemlər operativ şəkildə həll olunmalı, əhaliyə göstərilən xidmətin səviyyəsi artırılmalıdır.

Ayrı-ayrı sahələrdə hələ də müəyyən problemlərin mövcud olduğunu deyən nazir deyib ki, ötən il vəzifələrinin icrası zamanı yol verdikləri nöqsanlara görə 6 nəfər işdən çıxarılıb, 116 nəfərə töhmət verilib. Bundan başqa 34 nəfərə xəbərdarlıq edilib, 1 nəfərlə bağlı fəaliyyətində qanun pozuntusu aşkar edildiyindən hüquq mühafizə orqanlarına müraciət olunub. Daha 2 nəfər isə 2011-ci ildə vəzifəsindən azad edilib: “Bütün bu radikal addımlara baxmayaraq, əhaliyə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində arzuolunan nəticəyə nail olunmayıb”.

Fizuli Ələkbərov işlərin keyfiyyətini daha da yaxşılaşdırmaq məqsədi ilə xüsusi komissiyanın yaradılmasını, o cümlədən 1 həftə ərzində əhalinin müraciətlərini yerində araşdırmaq üçün işçi qrupunun tədbirlər planının tərtib olunmasını tapşırıb. Onun sözlərinə görə, işinin öhdəsindən layiqincə gələ bilməyən əməkdaşlara qarşı bundan sonra daha ciddi tədbirlər görüləcək. Nazir, vətəndaşların ünvanlı sosial yardım üçün müraciəti zamanı tələb olunan sənədlərin bir qədər də azaldılmasının vacibliyini də bildirib və qeyd edib ki, bununla bağlı təkliflər hazırlanır.

Elxan SALAHOV
# 642

Oxşar yazılar