Azərbaycanda müdafiə təyinatlı məmulatların istehsal həcmi 2,4 dəfə artıb
31 yanvar 2011 17:29 (UTC +04:00)

Azərbaycanda müdafiə təyinatlı məmulatların istehsal həcmi 2,4 dəfə artıb

Lent.az-ın Müdafiə Sənayesi Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, müdafiə sənayesi naziri Yavər Camalov bildirib ki, 2010-cu ildə nazirliyin müəssisələrində 7 yeni istehsal sahəsi yaradılıb və istismara verilib.


Silahlı Qüvvələri müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatlarla və xalq təsərrüfatını maşınqayırma, cihazqayırma, elektrotexnika, rabitə sahələrində istifadə olunan avadanlıq və ehtiyat hissələri ilə təmin etmək üçün yaradılan bu istehsal sahələri artıq tam gücü ilə fəaliyyət göstərir. 2009-cu illə müqayisədə ötən il nazirlik üzrə istehsal olunan müdafiə təyinatlı məmulatların istehsal həcmi 2,4 dəfə, mülki məhsulların həcmi isə 7,3 faiz artıb. Hesabat dövründə istehsal olunan məmulatların çeşid sayı 2009-cu ilə nisbətən 17 faiz artıb.


Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə və mülki təyinatlı məmulatlar beynəlxalq sərgilərdə nümayiş olunur. İlk dəfə 2009-cu ildə beynəlxalq sərgidə 27 adda müdafiə təyinatlı məmulatla təmsil olunan Müdafiə Sənayesi Nazirliyi 2010-cu ildə qatıldığı 3 beynəlxalq sərgidə (“SOFEX-2010”, “MSPO”, “AAD-Afrika Aerospace Defence-2010”) 60 addan çox məmulat nümayiş etdirib. Eyni zamanda nazirlik ötən ilin noyabr ayında Özbəkistanda keçirilən Azərbaycan Respublikasının ilk Milli Sərgisində 59 adda ikili və mülki təyinatlı məmulat nümayiş etdirib. Bu gün Müdafiə Sənayesi Nazirliyi aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın inkişaf etmiş 20-dən çox dövlətinin 60-dan çox şirkət və firmaları ilə sıx əməkdaşlıq edir.


İclasda nazir müavinləri Yəhya Musayev və Tofiq Rəfiyev 2010-cu il üzrə nazirliyin tabeli birlik və müəssisələrinin istehsal, elm, maliyyə, sosial və digər sahələrdə fəaliyyətlərinin yekunları barədə məlumat verdikdən sonra birlik və müəssisələrin fəaliyyətləri haqqında müəssisə rəhbərlərinin hesabat xarakterli çıxışları dinlənilib.
# 624

Oxşar yazılar