Azay Quliyev: “Dövlət heç vaxt QHT-ləri narazı salacaq işlərə getməyəcək” - MÜSAHİBƏ
01 iyul 2009 11:15 (UTC +04:00)

Azay Quliyev: “Dövlət heç vaxt QHT-ləri narazı salacaq işlərə getməyəcək” - MÜSAHİBƏ

“Bəziləri üçün bu hadisələr bir rupor rolu oynadı”

QHT-lərlə bağlı qanunvericiliyə dəyişiklik edilməsi mövzusu son üç həftədir ki, gündəmi işğal edib. Nəhayət, dünən parlamentdə “Qeyri-hökumət təşkilatları haqqında” qanuna əlavə və dəyişikliklər yeni variantda qəbul edildi. Belə ki, QHT-lərin qeydiyyatına görə inzibati məsuliyyəti, məcburi qeydiyyatı, QHT üzvlərinin məcburi reyestrinin aparılmasını nəzərdə tutan müddəalar layihədən çıxarıldı. Fondlarla bağlı nizamnamə kapitalı 50 min manatdan 10 min manatadək azaldıldı. Qanunda Azərbaycanda yaşayan əcnəbilərin QHT yaratmaq hüququ tanınır, həmçinin, QHT-lərin filial və nümayəndəlilərinin yaradılması üçün yeni norma müəyyənləşdirilib. Əsas narahatlıqlardan biri olan QHT-lərin auditinin aparılması təklifi də layihədən çıxarıldı.

Qanun layihəsi qəbul edildi və bu istiqamətdə parlament hələ ki, öz işini bitirib. Lakin mövzu ilə bağlı suallar hələ də bitməyib. 3-cü sektor nümayəndələrinin əksəriyyəti dünən Milli Məclisdə qəbul edilən qərarın QHT-lərin indən sonrakı fəaliyyətinə necə təsir edəcəyi ilə maraqlanırlar. Lent.az-ın bu barədə suallarını Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev cavablandırır.

- Parlamentin dünənki qərarından sonra nələrin dəyişdiyini söyləyə bilərik?

- QHT-lərlə bağlı bu mövzu son günlərin ən aktual mövzusuna çevrildi. Bəli, QHT-lərlə bağlı dəyişən məsələlər oldu.

Birincisi, qanunvericilik təkmilləşdirildi. İkincisi, QHT-ləri narahat edən, fəaliyyətlərini məhdudlaşdıran bütün müddəalar, bəndlər aradan qaldırıldı. Üçüncüsü, bütövlükdə QHT-lərin fəaliyyəti qanunvericilikdə yeni bir müstəvidə davam edəcək. Dördüncüsü, müəyyən boşluqlar, öz texniki həllini gözləyən məsələlər də müsbət mənada aradan götürüldü.

- Dünən gün ərzində mövzu ilə bağlı bir neçə beynəlxalq rəyin də şahidi olduq. Rəylər bir az qəribə səslənirdi, konkret nəyəsə etiraza rast gəlmədik, amma razı olduqlarını da bəyan etmədilər. Sizcə vəziyyətin bu cür olmasının səbəbi nədir?

- Bunun səbəbi, məncə, məlumatsızlıqdır. İnformasiya az olanda təbii ki, insanlar qəti qərar verə bilmirlər. Mən də onları yaxşı başa düşürəm. Layihənin yeniləşdirilmiş forması parlamentdə yalnız dünən paylanıldı. İyun ayının 19-dan 29-dək bu mövzu ilə bağlı daxil olan təklif və rəylər parlamentin Hüquq siyasəti və Dövlət quruculuğu komitəsində ciddi şəkildə araşdırıldı. Bu müddət ərzində komitə ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və təklifləri hazırlayan işçi qrupu arasında çox məhsuldar görüşlər oldu. Eyni zamanda, biz QHT-lər ilə bir sıra görüşlər keçirdik. Bütün bunların nəticəsində də müəyyən analizlər, rəylər ortaya çıxdı. Artıq qərarlar da formalaşdı. Yalnız iyunun 29-da mən komitənin gəldiyi qərarla bağlı ictimaiyyəti məlumatlandırdım. Yəni belə bir intensiv, dinamik müzakirələr keçdi. Dünəndən bəri də bu barədə KİV-ə geniş məlumatlar verməkdə davam edirik. Hesab edirəm ki, bir neçə müddətdən sonra artıq qaranlıq heç nə qalmayacaq. Cəmiyyət konkret hansı müddəaların qəbul edildiyi və bunların QHT-lərin fəaliyyətində necə müsbət rol oynayacağı barədə hərtərəfli məlumatlar alacaq. Müəyyən müddət keçdikdən sonra bu sahədəki problemlər də avtomatik olaraq aradan qalxacaq. Qanunun dəyişikliklər edilmiş son variantı QHT-lərə Dövlət Dəstəyi Şurasının saytında yerləşdirilib.

- Şuranın qanun layihəsi ilə bağlı bir çox təklifləri var idi, bunlar nəzərə alındımı?

- Əlbəttə. Bundan başqa bizə bir sıra QHT-lər tərəfindən də təkliflər daxil olmuşdu ki, bunlar da tərəfimizdən səsləndirildi. Hətta bunlar da nəzərə alındı. Yeri gəlmişkən onu da demək istəyirəm ki, son günlərdə yaşadıqlarımız həm də bir müzakirə mədəniyyəti formalaşdırdı. Qanunvericiliyin qəbulunda ictimaiyyətin fikrinin nəzərə alınması ənənəsini daha da möhkəmləndirdi. Bu, həm də demokratiyanın göstəricisi kimi qəbul edilməli, parlamentdə hər bir vətəndaşın sözünün eşidilməsi kimi qiymətləndirilməlidir. Fürsətdən istifadə edib, bu mövzu ilə bağlı müzakirələrdə iştirak edən bütün tərəflərə, xüsusilə də Komitəyə öz minnətdarlığımı bildirirəm. Parlament hər zaman vətəndaş cəmiyyəti ilə dialoqun pəncərəsini açıq saxladı, təkliflərin işgüzar şəraitdə müzakirə olunmasına şərait yaratdı.

- Bu sahədə artıq ikinci dəfədir belə qızğın müzakirələrin şahidi oluruq. QHT-lərə Dövlət Dəstəyi Şurası yaradılanda da xeyli müzakirələr keçirilmişdi...

- Bilirsiniz, QHT-lər olmadan ölkədə bir çox demokratik institutların oturuşmasından söz gedə bilməz. Bu gün Azərbaycanda QHT sektorunun mövcud olması həm də demokratiyanın mövcud olması deməkdir. Bu hadisə bir daha sübut etdi ki, Azərbaycanda QHT sektoru formalaşıb, ölkədə demokratiya var, dövlət, Milli Məclis vətəndaşların, onların toplaşdığı qurumların fikirlərinə laqeyd deyil, demokratik cəmiyyətin qaydalarına hörmət edir, ən önəmlisi isə odur ki, cənab prezidentin vətəndaş cəmiyyəti ilə bağlı siyasətinin dönməz olduğu məlum oldu. Son iki ildə dövlət QHT-lərə qayğı ilə yanaşdığını bəyan edib. Ortada da ciddi əməllər var. Elə Şuranın yaradılması, dövlət büdcəsindən QHT-lərə maliyyə ayrılması buna əyani sübutdur.

- Dəyişikliklərin qəbulu narazı QHT-lərin etirazını aradan qaldıracaqmı?

- Bəli, narazılar vardı və QHT sektorunun bütün spektrini əhatə edirdi. Onların hazırda narazı olmasına əsas yoxdur. Dövlət heç vaxt QHT-ləri narazı salacaq işlərə getməyəcək. Amma sizə onu da deməliyəm ki, təəssüf, aramızda elələri var ki, onların məqsədi heç də QHT-ləri müdafiə etmək deyildi. Bəziləri üçün bu hadisələr bir rupor rolu oynadı. Həmin insanlar üçün QHT yalnız başqa məqsədlərinə çatmaq üçün bir vasitədir. Onların arasında siyasi məqsədlər güdənlər, kənar maraqları müdafiə etmək istəyənlər də var. Çox yaxşı ki, belələrinin sayı azdır, epizodik rollarda rastlaşırıq. Onlar yaxşı bilməlidirlər ki, bu formada dövlətçiliyə müdaxilə edə bilməzlər. Hətta bu gün qəribə informasiyalar alırıq, məlum olur ki, bir çoxlarını bu cür müsbət sonuc təmin etmir, pəjmürdə olublar. Hətta ən məqbul variant onları razı salmır, çünki onlar üçün bütün bəhanələr aradan qalxıb, bəzilərinin düşündükləri plan pozulub.

- Qəbul edilən qanunu ideal saymaq olarmı, yoxsa gələcəkdə hələ nələrisə düzəltmək lazım gələcək?

- Əlbəttə, həyatda ideal heç nə yoxdur. Amma onu deyə bilərəm ki, indiki mərhələ üçün qanun keçərlidir. Hazırda mövcud olan boşluqların aradan qaldırılmasında qanun öz müsbət təsirini göstərəcək. Təbii ki, cəmiyyət inkişaf etdikcə, tələblər artdıqca, yeni situasiyalar yarandıqca inkişaf tempinə uyğun olaraq qanunvericilikdə də bunlar öz əksini tapmalıdır. Ona görə də mən istisna etmirəm ki, bir neçə ildən sonra QHT-lər haqqında qanuna qayıdılsın. Hətta bu gün belə təklif kimi irəli sürmək olar ki, QHT-lərlə fondlar haqqındakı qanunvericiliyi bir-birindən ayıraq. Baxmayaraq ki, bunlar çox yaxın fəaliyyət sahələridir, amma missiyalar fərqlidir və bunları ayırmaq olar. Və yaxud QHT-lərin işinə bilavasitə təsir edəcək Xeyriyyəçilik haqqında qanun qəbul edək. Ümumiyyətlə, bu istiqamətdə təkmilləşməyə həmişə ehtiyac var. Hazırkı mərhələdə isə məsələni bu cür yekunlaşdırmaq olar.

Səbinə Əvəzqızı

# 886
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar