Tofiq Bəhramovun 86 illiyi qeyd olundu - FOTO
29 yanvar 2011 14:38 (UTC +04:00)

Tofiq Bəhramovun 86 illiyi qeyd olundu - FOTO

Lent.az-ın məlumatına görə, Azərbaycan futbolunun 100 illik yubiley tədbirləri çərçivəsində AFFA-nın əməkdaşları, futbol ictimaiyyətinin nümayəndələri Tofiq Bəhramovun məzarını ziyarət edib, abidəsinin önünə əklil və gül dəstələri qoyublar. AFFA-nın baş katibi Elxan Məmmədov çıxış edərək Tofiq Bəhramovun nəinki Azərbaycan və keçmiş SSRİ, ümumilikdə dünya futbolunun tarixində silinməz izlər qoymuş şəxslərdən olduğunu bildirib. Futbol veteranı, ümumittifaq dərəcəli hakim Rüstəm Rəhimov isə Tofiq Bəhramovla bağlı xatirələrini danışıb, onu hər zaman böyük ehtiramla yad etdiyini deyib.


Qeyd edək ki, Tofiq Bəhramov 1925-ci il yanvarın 29-da Bakıda anadan olub. Futbolçu karyerasına 1940-cı ildə başlayan T.Bəhramov əvvəlcə “Spartak”ın gənclərdən ibarət komandasında çıxış edib. Daha sonra isə “Neftyannik”ə dəvət olunub. Lakin onun futbolçu karyerası istədiyi kimi alınmayıb. Ayağından aldığı zədə karyerasını erkən başa vurması ilə nəticələnib. Bununla belə, futbolun vurğunu olan Tofiq Bəhramov sevimli məşğuliyyətindən ayrılmaq istəməyib və hakim kimi bu idman növündə öz fəaliyyətini davam etdirmək qərarına gəlib.


1951-ci ildən SSRİ çempionatının oyunlarına təyinat alıb, 1964-cü ildən isə beynəlxalq oyunları idarə etmək hüququ qazanıb. O, Nikolay Latışevdən sonra dünya kubokunun final mərhələsində hakimlik etmiş ikinci keçmiş ittifaq referisi olub. T.Bəhramov keçmiş SSRİ-də avrokubokların finalında hakimlik etmiş ilk referi kimi də tarixə düşüb. Bundan başqa, 1972-ci ildə Qitələrarası kubokun finalında “Ayaks” (Hollandiya)- “İntependyente” (Argentina) matçını idarə edib.


1966-cı il dünya çempionatının oyunları həmyerlimizi futbolla maraqlanan hər kəsə tanıtdırıb və Tofiq Bəhramovun adının tarixdə qalmasına şərait yaradıb. Almaniya və İngiltərə milliləri arasında baş tutan final oyununda Cefri Hertsin mübahisəli qolunu qeydə alan Bəhramovun qərarının doğru olduğunu sonradan bütün dünya bilib. Həmin ərəfədə “Qızıl fit”lə yalnız baş hakimlər təltif olunub. Tofiq Bəhramova bu oyundan sonra Böyük Britaniya kraliçasının özü “Qızıl ilahə” mükafatını təqdim edib. O, həmin qarşılaşmada laynsman funksiyasını yerinə yetirsə də, Britaniya kraliçası “Qızıl fit”i və "Qızıl ilahə"nin kiçik modelini həmyerlimizə təqdim edib. Bəhramov haqqında sənədli film də çəkilib. 1992-ci ildə AFFA yaranarkən T.Bəhramov Hakimlər Komitəsinin sədri, daha sonra baş katib vəzifələrində çalışıb.


Dünya futbol tarixinə “Qızıl fit” almış yeganə laynsman kimi düşən Tofiq Bəhramov 1993-cü il martın 26-da dünyasını dəyişib. Tofiq Bəhramovun futbolda xidmətləri çox olub. Elə ona görə də ölkənin bir nömrəli idman arenası - Respublika stadionu onun adını daşıyır. Stadionun girişində dünyada ilk dəfə mərhum hakimə abidə də ucaldılıb. 2004-cü il oktyabrın 14-də keçirilən abidənin açılış mərasimində FİFA prezidenti Yozef Blatter, UEFA-nın hazırkı prezidenti Mişel Platini, 1966-cı ildə Tofiq Bəhramovu məşhurlaşdıran qolun müəllifi Cefri Herst və AFFA-nın mərhum prezidenti Ramiz Mirzəyev iştirak edib.
# 957
avatar

Pərvin Abbasov

Oxşar yazılar