“Təhsil haqqında” qanunun çoxlu qüsuru var-MÜSAHİBƏ
19 iyun 2009 19:15 (UTC +04:00)

“Təhsil haqqında” qanunun çoxlu qüsuru var-MÜSAHİBƏ

Asif Cahangirov: “Mən öz təkliflərimi Prezident Administrasiyasına göndərəcəyəm”

Uzun müddətdən bəri ölkənin təhsil ictimaiyyəti, siyasi dairələrdə ciddi müzakirələrə səbəb olan, təkrar-təkrar yenidən hazırlan “Təhsil haqqında” qanun layihəsi nəhayət ki, bu gün qəbul olundu. Milli Məclisdə üçüncü oxunuşdan da keçən 6 fəsil, 47 maddədən ibarət qanun təsdiq olunmaq üçün prezidentə təqdim ediləcək.

Bununla belə, dəyişikliklərdən sonra da qanun layihəsini bəyənməyənlər çoxdur. Qanunun bu şəkildə qəbulunun əleyhdarları sənəddəki qüsurların təhsil sistemində əlavə problemlərə yol açacağını söyləyirlər. Elə respublikanın əməkdar müəllimi Asif Cahangirov da Lent.az-a müsahibəsində yeni qanundan tam razı qalmadığını bildirib:

- Ümumilikdə götürsək, qanunun bu şəkildə qəbul olunmasından mən müəyyən dərəcədə məyus olmuşam. Düzdür, orada müsbət cəhətlər də az deyil. Ən müsbət cəhəti onda görürəm ki, 5 yaşlı uşaqların da məktəbəhazırlıq təhsili qanunda əksini tapıb. Bu, çox böyük mütərəqqi addımdır və bunu Azərbaycan üçün strateji baxımdan əhəmiyyətli məsələ hesab edirəm. Bununla belə, qanunda çoxlu qüsur da var. Mən həm birinci, həm də ikinci oxunuşdan sonra Milli Məclisin Elm və təhsil komitəsinə təkliflər vermişdim. Hətta bir dəfə komitənin sədri, professor Şəmsəddin Hacıyevlə bununla əlaqədar görüşümüz də oldu. Təəssüf ki, mənim 220-dən çox təklif və iradlarımdan, problemli suallarımdan yalnız bir qismi qanunun son variantında öz əksini tapıb. Bir sıra konseptual, strateji, hüquqi məsələlər isə tam həll olunmayıb.


- Siz hansı məsələləri nəzərdə tutursunuz?

- Belə məsələlər az deyil. Onlardan biri qanunun 1.0.25 maddəsi ilə bağlıdır. Orada innovasiya anlayışının tərifi çox primitiv şəkildə verilib. Bu tərifdən belə çıxır ki, əgər bu gün müəllim ağ tabaşirdən istifadə edirsə, sabah təşəbbüs göstərərək rəngli tabaşirlərdən də istifadə etsə, bu, innovasiya adlanacaq. Əslində isə bu innovasiya deyil. İnnovasiya hazırda Azərbaycanda milli və fənn kurrikulumlarının tətbiq olunmasıdır. Amma bir neçə ildən sonra hansısa təşəbbüs əsasında bu kurrikulumlarda dəyişiklik edilsə, bu, innovasiya deyil, təkmilləşdirmə olacaq. Halbuki, qanunla elə bunların özü də innovasiya kimi qəbul olunmalıdır. Yaxud da götürək elmi tədqiqatları. Belə çıxır ki, hər hansı elmi tədqiqatın bütün nəticələri innovasiya kimi qəbul ediləcək. Belə getsə, təhsildə istənilən cüzi dəyişikliklər innovasiya adlanacaq. Bu isə qətiyyən düz deyil.

- Bəs, qanunda icbari təhsilin müddətinin göstərilməməsinə necə baxırsınız?

- Mənim bu maddə ilə bağlı fikirlərim daha genişdir. Qanunun son variantında ümumi təhsilin müddəti ümumiyyətlə, göstərilməyib. Orada yazılıb ki, ümumi təhsilin müddətini və icbariliyini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Dünyanın heç bir təhsil qanununda belə şey yoxdur ki, orada təhsilin müddəti, icbariliyi göstərilməsin. Hətta “Boloniya bəyannaməsi” tövsiyə xarakteri daşısa da, orada göstərilir ki, bakalavrda təhsilin müddəti 3-4 il, magistratura 1-2 il olmalıdır. Bizdə isə bu maddəni qanundan çıxarıb müvafiq icra hakimiyyəti orqanının öz öhdəsinə buraxıblar. Halbuki, Milli Məclisin birbaşa borcu və vəzifəsi idi ki, bütün aspektləri təhlil edib təhsil müddətini hər bir pillədə müəyyən etsin. Aydın məsələdir ki, icbari təhsil gəlib olacaq 9 illik orta təhsil. Təəssüf ki, bütün dünya təhsilin icbarilik müddətini artırdığı halda, biz geriyə gedirik. Yəni 11 illik icbari təhsildən 9 illik icbari təhsilə keçirik. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasında məhz Heydər Əliyevin təkidi ilə ümumi orta təhsil icbari təhsil kimi qəbul olunmuşdu. Bu, Azərbaycanın təhsil strategiyasına çox aydın yanaşma idi. Amma indi 11 illik icbari təhsildən 9 illik təhsilə keçirik. Bizim kimi Rusiya da 1992-ci ildə sovet dövründən qalmış icbari orta təhsildən 9 illik təhsilə keçib. Nə əldə etdilər?! 15 yaşlı uşaqların bir qismi küçələrə səpələndi, narkomaniya, cinayətkarlıq, əxlaqsızlıq baş alıb getdi. Məhz bunu nəzərə alaraq, 1996-cı ildə o vaxtkı prezident Putinin xüsusi göstərişi ilə icbari orta təhsilə keçid üçün hazırlıq işlərinə başladılar. Son tədqiqatlar da göstərir ki, Rusiyanın yeniyetmələrindən 80 faizi spirtli içkilərdən istifadə edir, 30 faizi isə bu içkiləri hər gün içir. Bütün bunlar 9 illik təhsildən sonra küçələrə səpələnmiş uşaqların hesabına baş verir. Kim qarantiya verir ki, bizi belə hallar gözləmir?

- 9 illik icbari təhsilin tərəfdarları bunu şagirdlərin dərsə ciddi yanaşmaması ilə əlaqələndirirlər və hesab edirlər ki, həmin uşaqlar daha səmərəli işlə məşğul olmaq imkanı qazanarlar...

- Bəli, dəyişikliyə bu cür izahatlar verilir. Amma mən bununla qətiyyən razılaşmıram. Uşaqların bu gün təhsildən yayınmasının səbəbi elmi-pedaqoji cəmiyyətimizin orta təhsili hamı üçün əlçatan edə bilməməsidir. Bunun günahını isə uşaqlarda görürük. Necə olur ki, Almaniyada, Britaniyada, Qazaxıstanda, Amerikada, Ukraynada yeniyetmələr 11-13 il orta məktəbdə icbari şəkildə təhsil ala bilir, Azərbaycanda yox?! Biz niyə icbari təhsilin öhdəsindən gələ bilmirik? Kəsəsi, bunların hamısı boş söhbətlərdir. Qanun imkan yaradır ki, sırf pedaqoji problem Azərbaycanın ziyanına olan ciddi maneəyə çevrilsin. Hər halda, mən düşünürəm ki, belə səhv yanaşmaların olduğu qanun tez bir zamanda qəbul olunmasına lüzum yox idi. Nəzərə alsaq ki, qanun ölkə prezidenti tərəfindən təsdiqlənir, mən öz təkliflərimi Prezident Administrasiyasına göndərəcəyəm.

Elxan SALAHOV
# 2010

Oxşar yazılar