Qamət Süleymanov: ““İlahiyyat” məscidinə gedənlərin çoxu bizim qardaşlardı” - MÜSAHİBƏ
27 may 2009 18:00 (UTC +04:00)

Qamət Süleymanov: ““İlahiyyat” məscidinə gedənlərin çoxu bizim qardaşlardı” - MÜSAHİBƏ

Bakıdakı “Əbu-Bəkr” məscidinin imamı, “Nərimanov rayon dindarları” Dini İcmasının rəhbəri Qamət Süleymanovun Lent.az-a müsahibəsi

Bu gün Ali Məhkəmədə “Əbu-Bəkr” məscidinin fəaliyyətinə icazə verilməsi barədə kassasiya şikayətinə baxılıb. Məhkəmə Bakı Apelyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb və kassasiya şikayətini təmin etməyib. Məscidin imamı, “Nərimanov rayon dindarları” Dini İcmasının rəhbəri Qamət Süleymanov bu və digər məsələlərlə bağlı Lent.az-ın suallarını cavablandırıb.

- Üçüncü məhkəmə instansiyası - Ali Məhkəmə – da “Əbu-Bəkr” məscidinin açılması barədə kassasiya şikayətinizi təmin etmədi. Məhkəmədən belə qərar gözləyirdinizmi?

- Təbii ki, biz, daha yaxşı qərar gözləyirdik. Çünki bu, Ali Məhkəmədir. Xüsusən də ona görə ki, bu məhkəmə istintaq başa çatandan sonra oldu. Əvvəl məscidi istintaq getdiyini əsas gətirərək açmırdılar. İstintaq da artıq bitib, bu yaxınlarda məscidə hücum edən terroristlərin məhkəməsi də başlayacaq. Ona görə də məhkəmədən daha yaxşı, müsbət qərar verilməsini gözləyirdik. Ancaq belə görünür ki, məsləhət deyil.

- Bundan sonra nə etmək fikrindəsiniz? Avropa Şurasının İnsan Haqları Məhkəməsinə müraciət etmək fikriniz varmı?

- Biz istəməzdik ki, vətəni hansısa başqa ölkədə məhkəməyə verək. Çünki vətənimizdi. Ancaq Azərbaycandakı məhkəmə instansiyalarının imkanlarından istifadə eləcəyik. Bizə elə gəlir ki. Bu məsələ Avropa məhkəməsinə çatmayacaq.

- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elçin Əsgərov deyib ki, “Əbu-Bəkr” məscidi əvvəl axır açılacaq, qapalı qalmayacaq...

- Bəli, biz də bilirik ki, əvvəl-axır açılacaq. Ancaq bu “axır” nə vaxt olacaq, Allah bilir. Bu ola bilər 1 il, 2 il, ya da 10 çəksin. Məscidlər mənəviyyatı saxlayan ən möhkəm yerləridir. Hansı ki, məhz məscidlər camaatımızda, millətimizdə mənəviyyatımızı saxlayıb. Bizim yeni məscidlər açmaqdansa, onları sökməyimiz heç də məqsədəuyğun deyil. Mənə elə gəlir ki, müəyyən adamlar bu məsələlərlə camaatda prezidentə və dövlətə qarşı mənfi fikirlər oyatmaq istəyir. Məscidlərin bağlanmasını və sökülməsini mən təxribat adlandırıram. Bu, dövlətə və prezidentə qarşı təxribatdır. “Nərimanov rayon dindarları” Dini İcması hər zaman Azərbaycan qanunlarına sayğılı olub və cənab prezident İlham Əliyevi dəstəkləyib. Biz heç vaxt dövlətimizə qarşı çıxmamışıq və radikalizmə qarşı ideoloji mübarizəmizlə digər məscidlərdən fərqlənmişik. Bizə hücumlar da məhz buna görə olub. Elə buna görə də bizə qumbara atdılar.

Bağlamaq istəyənlər gedib heç olmasa bir cümə günü məscidlərə baxsınlar. Artıq məscidlərdə yer yoxdur. Buna görə də, əksinə, yen məscidlər tikilməlidir. Necə ki, bu, başqa ölkələrdə belədir. Məsələn, Rusiyanın xəbərlərinə baxanda mütəmadi olaraq göstərirlər ki, yeri bir kilsə açılıb, hansısa kilsə təmirdən çıxıb və s. Anaq bizdə əksinə olaraq məscidləri bağlayırlar ki, bu da yaxşı əlamət deyil. Bu, mənəviyyatımıza qarşı çıxmaq deməkdir.

- Sizin üçün “Azərbaycan məscidi” və “Türk camesi” anlayışlarının fərqi varmı?

- Bizim üçün heç bir fərq yoxdur. Türklər də bizim qardaşımızdır, müsəlmandır. Məscid məsciddir, Allahın evidir.

- Bir neçə ay bundan əvvəl “Əbu-Bəkr” məscidində namaz qıldığınızı demişdiz. Hazırda namazı harada qılırsız?

- Mən yenə də namazı “Əbu-Bəkr”də qılıram. Biz istəyirik bu məscid açılsın. “Əbu-Bəkr” məscidi açılsa, digər məscidlərdə normal şərait olar, yəni o biri məscidlərə gedənlər xüsusən cümə günləri normal şəraitdə namaz qıla bilərlər, yəni darısqallıq olmaz.

- Namaz üçün “Əbu-Bəkr”ə tək gedirsiz?

- Bəli, hələlik içəri girməyə yalnız mənə icazə verilir, başqalarına icazə verilmir.

- “Əbu-Bəkr” məscidi bağlı olduğu bir vaxtda Siz icma üzvləri və tərəfdarlarınızla haradasa yığışıb görüş keçirirsinizmi?

- Evlərdə, məclis olanda görüşürük. Məsələn, bir də görürsən toy oldu, yaxud başqasının oğlu oldu, məclis düzəldir, biz də gedirik. Ancaq evə nə qədər adam yığışa bilər? Az. Ona görə də əsasən internet-forumlarda, “Əbu-Bəkr” məscidinin saytında əlaqə saxlayırıq, danışırıq. Bundan başqa, çoxlu zənglər də gəlir.

- “İlahiyyat fakültəsi” məscidinə gedənlər arasında Sizin tərəfdarlarınız olan şəxslərin olduğu da bildirilir. Hansı ki, həmin adamlar əvvəllər “Əbu-Bəkr” məscidində namaz qılanlardır...

- Bəli, “İlahiyyat fakültəsi” məscidinə gedənlərin çoxusu bizim məscidə gələnlərdir, qardaşlarımızdır. Ona görə də deyirəm ki, bizim məscid açılsa, həm “İlahiyyat fakültəsi” məscidi, həm də Qaraçuxur məscidi rahatlaşacaq, namaz qılanlar rahat şəkildə ibadətlərini edəcəklər. Ancaq biz əksini görürük. Yaxşı, “İlahiyyat fakültəsi” məscidi də bağlansa bu camaat hara gedəcək?

- Sizcə, hara gedəcək?

- Nə bilim vallah, onda yəqin camaat məcbur olub evlərdə yığışar. Yaxud, insanlar özlərinin müəyyən etdiyi yerlərə, məsələn “Təzə Pir” məscidinə və başqa məscidlərə gedə bilərlər. Başqa məscidlər də gərək bu qədər camaatı qəbul etməyə hazır olsun. Bu isə fitnəyə gətirib çıxara bilər. Məncə bu, təcrübəsiz adamın çox təcrübəsiz addımı idi.

- BDU-nun rektoru Abel Məhərrəmovun “İlahiyyat fakültəsi” məscidi barədə dediklərinə münasibətiniz necədir?

- Həmin məscid 15 ildir oradadır. Nə oldu ki, Abel müəllim indi nə isə danışdı. Bəziləri müəyyən prosesləri özündən uzaqlaşdırmaq, öz eyiblərini örtmək istəyir. Məscid Allahın evidir. Biz çalışmalıyıq ki, məscid çox olsun, insanlar rahat ibadətlərini etsinlər.

- Yer gəlmişkən, bu yaxınlarda Abşeron rayonunda bir qrup tərəfdaşınız tutulmuşdu. Onlar azad edildimi?

- Onları buraxdılar. Ancaq deyildiyi heç bir müqavimət-filan göstərməmişdilər. Sadəcə, onları gəlib məclisdən aparıblar. Birinə 3, qalanının hərəsinə 7 sutka iş vermişdilər. Necə lazımdı içəridə yatdılar. Müddət başa çatandan sonra çıxdılar. Ancaq müşahidə etdiyimiz bir şey bizi təəccübləndirdi. Belə ki, polislər qardaşlarla çox normal davranıblar, həmişəki kimi söyüş, təhqir olmayıb, həmçinin saqqal qırxmaq olmayıb. Qardaşlar buna təəccüblənib, biz də təəccübləndik...

Pərvin ABBASOV
# 1845

Oxşar yazılar