Bakı Metropoliteninin stansiyalarının sayı 68-ə çatdırılacaq
26 may 2009 13:30 (UTC +04:00)

Bakı Metropoliteninin stansiyalarının sayı 68-ə çatdırılacaq

Bakı Metropoliteninin stansiyalarının sayının 68-ə çatdırılması planlaşdırılır.

Bu haqda “APA-ECONOMICS”-ə açıqlamasında məlumat verən Bakı Metropoliteninin rəisi Tağı Əhmədov ildə 1 stansiyanın istifadəyə verilməsinin nəzərdə tutulduğunu qeyd edib. Bu məqsədlə Bakı Metropoliteni İdarəsinə tunel qazan maşının alınması üçün 14 milyon dollar ayrılıb. Yeni avadanlığın istehsal gücü gün ərzində 25 metr tunel qazmağa imkan verir.

O, hazırda yeni texnologiyaların tətbiqi ilə çox orijinal memarlıq işi olan “Azadlıq” stansiyasının inşasının davam etdirildiyini deyib. Stansiyanın bu ilin dekabrında istifadəyə verilməsi nəzərdə tutulur.

T. Əhmədovun sözlərinə görə, yeni tikilən stansiyanın müasir olmasına baxmayaraq, tərtibatında Azərbaycan milli ornamentlərindən geniş istifadə olunub. Bununla yanaşı, stansiyanın tərtibatında Azərbaycanın 22-yə yaxın qədim tarixi abidəsi əksini tapıb.

Qeyd edək ki, hazırda Bakı Metropoliteninin 21 stansiyası və 1 deposu fəaliyyət göstərir.
# 898

Oxşar yazılar