Türkiyənin Diyanet İşləri Vəqfinin Azərbaycandakı məscidlərindən yalnız birinin sərəncamı var - MÜSAHİBƏ
21 may 2009 13:10 (UTC +04:00)

Türkiyənin Diyanet İşləri Vəqfinin Azərbaycandakı məscidlərindən yalnız birinin sərəncamı var - MÜSAHİBƏ

Türkiyənin Azərbaycandakı səfirliyinin Dini işlər üzrə müşaviri Müzəffər Şahinin APA-ya müsahibəsi

- Son vaxtlar Azərbaycandakı türk məscidlərinin fəaliyyətinin dayandırılacağına dair məlumatlar daha da intensivləşib. Ümumiyyətlə, deyən bilərsinizmi, Azərbaycanda neçə türk məscidi var?

- Məscidləri “türk”, “azəri” və digər adlarla adlandırmaq, onları bu şəkildə bölgüyə almaq düzgün deyil. Ancaq mən deyə bilərəm ki, Azərbaycanda Türkiyənin Diyanet İşləri Vəqfi tərəfindən tikilən müəyyən sayda ibadət ocağı fəaliyyət göstərir. Onlardan bir neçəsi rayonlarda, bir neçəsi Bakı ətrafında, qalanları isə paytaxtdadır. Bir məscid isə Naxçıvan Muxtar Respublikasındadır.

- Bu məscidlərin konkret sayını və harada yerləşdiyini açıqlaya bilərsiniz?

- Türkiyənin Diyanet İşləri Vəqfi tərəfindən Azərbaycanda doqquz məscid tikilib. Onlardan biri bayaq qeyd etdiyimiz kimi Naxçıvanda yerləşir və “Kazım Qara Bəkir” məscidi adlanır. Biri isə Şəhidlər Xiyabanında yerləşən “Şəhidlər” məscididir. Bu məscid hazırda təmirə bağlanıb, işlər başa çatdırdıqdan sonra fəaliyyətini davam etdirəcək. Onlardan biri Bakı Dövlət Universitetinin “İlahiyyat fakültəsi” məscididir. Məscidlərdən biri Ceyranbatanda, biri Qaraçuxurda, biri isə Mehdiabadda yerləşir və həmin qəsəbələrin adını daşıyır. Bundan başqa, Ağdaşın Ləki qəsəbəsində yerləşən “Ləki” məscidi, Yevlaxda yerləşən “Çorum” məscidi və Qusardakı “Mustafa Kazdal” məscidi də bizim tərəfimizdən tikilib. Bu məscidlərdən hər birində bizim nümayəndəmiz var. Lakin bu yaxınlarda Yevlax və Ləkidəki məscidlərdə olan nümayəndələr Türkiyəyə qayıdıb. Onların yerinə hələlik heç kəs göndərilməyib.

- Onların qanunsuz inşa olunduğu bildirilir. Bu məscidlərin sənədi varmı?

- Bu məscidlərin heç birinə qanunsuz demək olmaz. Bu ibadət ocaqları 1993-96-cı illərdə tikilib. O zaman həmin məscidlər inşa olunarkən müvafiq rayonların İcra hakimiyyətlərindən icazə alınıb. Onlardan yalnız “Şəhidlər” məscidinin tikintisi ilə bağlı sərəncam var. Hazırda digər məscidlərlə bağlı sənədləşmə işləri aparılır.

- Bu məscidlərdə ümumilikdə nə qədər insan ibadət edir?

- Cümə namazlarında məscidlər dolur. Hətta “İlahiyyat fakültəsi” məscidində insanlar məscidin həyətində ibadət etməli olurlar. Məscidlərin bəzilərində ibadət edənlərin sayı 5-6 mindən artıqdır. Ümumilikdə isə adını çəkdiyimiz 9 məsciddə namaz qılanlar haradasa 20 min nəfərdən çoxdur.

Qeyd edək ki, APA-nın dünən yaydığı məlumatda Azərbaycanda 10-dək məscidin qanunsuz fəaliyyət göstərdiyi bildirilmiş, onlardan ikisinin adı qeyd olunmuşdu. Bu müsahibədə isə qalan məscidlərin də adı açıqlanır.
# 1240

Oxşar yazılar