Ağsu “perevalı”ndakı rəssam, Vısotski və mən…
15 may 2009 18:45 (UTC +04:00)

Ağsu “perevalı”ndakı rəssam, Vısotski və mən…

Səttar Bəhlulzadə, Mircavad Cavadov, Əşrəf Muradoğlu, Adil Mirseyid… və sən…

…Hələ Ağsu “perevalı”na yetişməmiş sürücümüzün “burada yaşayan rəssamla görüşmək istəmirsiniz” təklifindən sonra yol qardaşlarımız onu daha çox zəmanəmizin bəxtsiz, azacıq da çıldırmış sənətkarı olaraq xarakterizə etdilər. Elə mən də onlardan geri qalmadım. “Səttar Bəhlulzadə, Mircavad Cavadov, Əşrəf Muradoğlu, Adil Mirseyid… və sən…” sualım isə asket rəssamın əslində kim olduğunu özüm üçün aydınlaşdırmaq istəyimdən doğdu…

…Mən bu səfərə müşayiətçi olaraq qatılmışdım. Türkiyənin “Yedirenk” studiyasının Azərbaycandakı çəkilişlərinə yardım göstərirdim. Belə bir rəssam barədə ilk informasiyanı sürücüdən eşitməyim məni azacıq üzdü də. Təsəvvürümdə az qala “bomj” həyatı sürən birisi olaraq canlanması bu bilgisizlikdən doğdu. Ancaq görüşdük və məlum oldu ki…

Birinci freska

Dünən səhər yuxudan duranda dəli kimi özümü saldım “Tumas səliqəsi” ilə qalaqlanmış kitablarımın üstünə və gözüm Vısotskinin qapqara rəngli, meşin cildli kitabının üstündə dayandı. Vərəqləyib “Atılmış gəmi haqda ballada”nı tapdım. Vısotskinin diskini də axtardım ki, səhərin gözü açılmamış şeir gözümün qabağında, musiqi qulağımın dibində feyziyab olum, diski tapa bilmədim. Yəqin kimdəsə qalıb… Ancaq dəxli yoxuydu, iki həftə əvvəlki görüş barədə Qabil Abbasoğluna söz versəm də, hələ bir hərfini yazmadığım yazı birdən-birə içimi dağıtmağa başladı…

…И ушли корабли – мои братья, мой флот -,
Кто чувствительней – брызги сглотнули.
Без меня продолжался великий поход,
На меня же парусами махнули …

İkinci freska

O, Ağsu “perevalı”nda yaşayır. Təxminən 3-4 ildi havalar qızan kimi Bakının nəfəsçatladan havasından və adamlarından geniyib özünü verir təbiətin qoynuna. Burada gözəl bir qalereya yaradıb. Təsəvvür edin, ətrafda yalnız çayxanalar, kafelər, adına restoran deyilən kababxanalar və bunların arasında üstündən Azərbaycan bayrağı asılmış rəsm qalereyası. Buranın sahibi Çingiz Əzizovdur…

Üçüncü freska

Tərtəmiz özümüzünküdü. Qalereyadakı kitablardan və barəsində yazılar olan jurnallardan hötələk oxuyub anladığım bu oldu ki, uzun illər Azərbaycandan kənarda yaşayıb. Kənarlarda gözəl yaşamaq, işləmək, vəd olunan hörmət-izzəti tullayıb vətəni seçib. And olsun başıma ki, mən onda bir anormallıq görə bilmədim. Etiraf edim ki, əvvəlcə axtardım da. Müxtəlif illərdə böyük-böyük ali məktəblərdə oxuyub, axıra çatdırmayıb, tullayıb. Ancaq SSRİ Rəssamlar İttifaqının üzvü olub. Çingiz dünyada barmaqla sayılacaq qədər az olan sulu boya ilə rəsm çəkən rəssamlardandı. Yenə and olsun başıma ki, onun söylədikləri həqiqət, həqiqət, bir daha həqiqət idi…

Dördüncü freska

Çingiz Əzizov şair, filosof, rəssam və oxuduqlarını, yazdıqlarını, inandıqlarını həyatına tətbiq eləyən gözəl bir İnsandır. Özünə də dedim. Dedim ki, Çingiz, böyüklük çıxmasın, illər əvvəl mən Sənin indi seçdiyin yolla mənim indi seçdiyim yol arasında qalmışdım, çox vurhavurdan sonra indi seçdiyim yolu seçdim. Mən ona dedim ki, Çingiz, indi özümü arsızlığa qoymuşam, çünki bu arsızlıq mənə yaşamağa kömək edir. O isə dedi ki, bax, mən onu bacarmıram. “Sənə bir sual verim, ancaq incimə. Səttar Bəhlulzadə, Mircavad Cavadov, Əşrəf Muradoğlu, Adil Mirseyid… və sən… Nə tuta bildin?”
Çingizin ağzı açıldı və “dərdimi təzələdin” dedi… Çingiz dedi ki…

Beşinci freska

“Elə bilirsən, onlar bəxtsiz olublar, elə bilirsən, onlar itiriblər? Qətiyyən! İtirən bu millət, bu dövlət oldu, dostum! Bax, mən Azərbaycanın bu gözəl guşəsində – İsmayıllı meşələrində rəsm qalereyası düzəltmişəm. Yan-yörəmiz kafelərdi, çayxanalardı, mən onların fəaliyyətinə bir söz demirəm, lazımdı. Ancaq bu da lazımdı, axı. Təsəvvür elə, ya özümüzünkü, ya da bir əcnəbi gəlib meşənin içində mənim çəkdiyim bu rəsmlərə, düzəltdiyim fiqurlara baxır. Effekti düşün! Ona görə deyirəm ki, başladığım bu işə azacıq dəstək lazımdı. O dəstək bilirsən nədi? Mən pul-para, ləvazimat, yemək-içmək istəmirəm. Sadəcə, bax bu yerdə mənə rəsm qalereyası düzəltməyə icazə versinlər, vəssalam! Axı, bu əsərlər qurduğum çadırın altında məhv olur. Bunlar artıq mənə məxsus deyillər, bunlar hamısı Azərbaycanındı. Ona görə deyirəm, mən öləndə bunları özümlə aparası deyiləm, hamısı Azərbaycana qalasıdı. İndi özün de, itirən kimdi? Biz, yoxsa Azərbaycan?”

Altıncı freska

Mənim Çingizdən müsahibə almağa zəruri texniki və ruhi hazırlığım yoxuydu. Ancaq mən onu başa düşdüm. Çingiz bu dünyanın azar-bezarından, boğucu nəfsindən uzaqlaşmağın ən gözəl yolunu tapıb. Deyir, təbiət adamı heç vaxt aldatmır, həmişə sözün düzünü deyir.
Çingiz dünyaya gəlmiş və getmiş böyük sənətkarların yoluyla gedir. Bir yarpağın zərif mehdən titrəməsini duyması onun üçün dünyanın ən böyuk var-dövlətindən daha şirindir. Özü də maraqlıdı, o, Azərbaycan vurğunudu. Yoxsa Rusiyada “bir kəndi sənə veririk, burada Sənət Akademiyası qur” təklifini qulaqardına vurub özünü daş-kəsəyə salmazdı.

Yeddinci freska

Bilmirəm, Çingiz məndən inciyər, ya yox, ancaq yəqin ki, hind brəhmənləri kimi “daha bu dünyadan heç nə istəmirəm” sayaq həyat fəlsəfəsinə görə, Vısotskinin “Atılmış gəmi haqda ballada”sından sonra yerimdən oynadım, freskaları yazıya düzdüm. Mən onu tənha, saya oturmuş, bütün donanmanın tərk etdiyi gəmiyə bənzətdim. Onu da bilirəm ki, balladanın sonunda atılmış gəmi donanmasına “sizə çatacaq və sizi bağışlayacağam” deyərək, yoldaşlarına çatsa da, sırayla irəliləyən donanma öz sırasında ona yer vermir və tənha gəminin “axı, mən sizin yoldaşınızam və bu dünyada hamımıza dəniz də çatar, torpaq da…” deyə qıyya qoparmaqdan başqa çarəsi qalmır…

P.S.

Qalereyada Çingizi ziyarət eləyənlərin rəy kitabçasını vərəqlədim. Tanıdıqlarım da vardı, tanımadıqlarım da. Mən də kitabçaya fikrimi yazdım: “Çingiz Xan! Xan kimi tənha və güclü! İlham Tumas”.

P.S.

Kaş İsmayıllı rayon rəhbərliyi Çingizə rəsm qalereyası qurmağa imkan tanıyaydı…

İlham TUMAS
Ilham_tumas@mail.ru
# 2147
avatar

Adil Mirseyid

Oxşar yazılar