Xeyransa Həsənova: “O oğulu mən tərbiyə eləmişəmsə, o mitinqə getməz” - MÜSAHİBƏ
12 may 2009 21:00 (UTC +04:00)

Xeyransa Həsənova: “O oğulu mən tərbiyə eləmişəmsə, o mitinqə getməz” - MÜSAHİBƏ

Layihə: “Onun Azərbaycanı”

“Onun Azərbaycanı” rubrikasının bu dəfəki qonağı adı ilə həyat tərzi tam üst-üstə düşən bir sadə, evdar bir xanımdır. Xeyransa xala məcburi köçkündür, Biləsuvar rayonundakı köçkün düşərgələrindən birində yaşayır. Həyat yoldaşı sürücüdür. Böyük qızı tələbə, digər iki övladı isə hələ ki məktəblidir. Dediyinə görə, məktəbli övladlarının da ali təhsil ocaqlarına daxil olmasından ağlı bir şey kəsmir. İbtidai təhsili çadır şəhərciyində alan böyük qızı istisnadır. Bu yaxınlara qədər ailələri çox böyük olub – baldızı, qayınanası, həyat yoldaşı, həyat yoldaşının 104 yaşlı bibisi, özü, üç övladı – hamısı bir yerdə yaşayıblar. Amma bu yaxınlarda baldızı ərə, böyük qızı şəhərə oxumağa, ərinin 104 yaşlı bibisi isə Allahın rəhmətinə gedib. Yəni Xeyransa xalanın yükü bir az yüngülləşib. Adının Xeyransa olmağına, tələbə anası olmasına, üzünün qırışıb, saçının ağardığına baxmayaraq, cəmi 39 yaşı var. Beləliklə, bu dəfə Azərbaycana Xeyransa xalanın gözləri ilə baxacağıq.

- Xeyransa xala, Azərbaycan necə ölkədir?

- Azərbaycan hər cəhətdən yaxşı ölkədir. Sakitdir. Davasız-şavasız yerdi. Heç bir dərdimiz-azarımız yoxdu. Bircə dərdimiz var - o da qaçqınlıqdı. Torpaqları da qaytarsalar, Azərbaycan lap yaxşı ölkə olardı.

- Bəs, burada xoşunuza gəlməyən şey yoxdu?

- Azərbaycanda xoşuma gəlməyən şey - cavanlarımızın geyimidi. Qız-gəlin geyinəndə bilinməlidi ki, bu azərbaycanlıdı. Gərək abırrı olsunlar, ora-buraların açmasınnar. Qızın-gəlinin yaraşığı abır-həyadı. Biz azərbaycannıyıq axı, urus, ingilis deyilik.

- Probleminiz elə təkcə budu?

- Yox, a bala, əlbəttə ki, bu döyül. Bilirsiniz də, qaçqınlara verilən yardımı kəsiblər. Dövlət gərək yardımı kəsməyəydi. Yaxşı evlər tikib veriblər, bax, içində hər şeyi var. Ancaq ərzağı kəsməsəydilər, dolanışığımız lap yaxşı olardı. İndi məsələn, bizim ailəyə bir o qədər təsir eləmir, amma elə adamlar var ki, dolanışığı lap pisdi. Onu da nəzərə almaq lazımdı. Bala, adam çatdırmır, bax, elə mən özüm uşaq oxuduram. Elə təkcə onun tələbatı elə nə qədərdi?! Bunu gərək nəzərə alaydılar...

- Televizora baxırsınız?

- Maraqlıdı, amma kənd yeridi, iş-güc çoxdu, vaxt tapa bilmirəm. Əsas konsertlərə qulaq asıram, xalq mahnılarına qulaq asıram, Baloğlan Əşrəfov-zad məsələn, çox xoşuma gəlir. Röyanın da oxumağından xoşum gəlir. Düzdü, deyillər ki, pis geyinir, açıq-saçıq geyinir, amma tay indi müğənnidi dana. Bir də aşıq mahnılarından yaman xoşum gəlir. Hə, hə, bir də Zəlimxan Yaqubdan! Ondan yaman xoşum gəlir. Mən özüm şeirə-zada meyli olan adamam. Şeir deməkdi, şeir oxumaqdı, şeirə qulaq asmaqdı, belə içimdən gəlir e bu şeylər. Amma şeir yazmağa-zada ürəyim qalxmır. Belə ki, əlimdən gəlmir dana. Amma Zəlimxan Yaqubun şeirləri də, danışığı da çox gözəldi. Kişi danışdıqca qaynayır e! Hə, yaman xoşum gəlir. Rəhmətlik qağamın (atasını deyir - G.M) da yaman xoşu gəlirdi ondan. Bunu qoyum, ona keçim, Allah ölənlərinizə rəhmət eləsin, rəhmətlik qağam “Əsli-Kərəm”dən elə deyirdi, elə bilirdin, aşıqdı ki, durub. Elə nənəm də (anası – G.M) şeir deyən idi. Səməd Vurğunun-zadın şeirrərin sinədən deyərdi. Bizə də yəqin, onnan keçib.

- Milli Məclisin iclaslarına baxırsınız?

- Yox bala. Maraqlı deyil. Bəlkə “Xəbərlər”də-zadda elə-belə, ötəri görəm. Yoxsa ki, ev arvadıyam, mənim nə işimə qalıb Milli Məclis-zad...

- Deyirsiniz ki, məktəbə gedən uşaqlarınız var. Onlara keçilən dərslərin səviyyəsindən razısınız?

- Uşağın özündə oxumağa həvəs olsa, o harda olsa, oxuyar. Bizim dövrümüzdə kolxoz işindən macal yoxudu dərs oxumağa, amma yenə oxuyurduq. İndi uşağa hər şəraiti yaradırıq, ayrıca otaq da veririk, amma yenə oxumur. Müəllim neyləsin? Şəxsən mənim uşaqlarıma dərs deyən müəllimlərin çoxu mənim özümə dərs deyən adamlardı. Tanıyıram, yaxşı müəllimlərdi. Uşaq oxumursa, müəllim neyləsin? İndiki məktəblərə baxıram, o Allah haqqı, hər şəraiti var, kompüter zalı, nə bilim, idman zalı. Tay uşağa bundan artıq nə şərait lazımdı? Oxusun da.

- Nəsə ürəkdən danışmırsınız e...

- Bala, mən o vaxt ürəkdən danışaram ki, torpaqlarımız alına. Nəysə, adam bu qaçqınlığı içində yük kimi gəzdirir. Düzdü, e, burada da öz elimizin-obamızın içindəyik, amma vətən vətəndi.

- Mitinqlərə münasibətiniz necədir?

- Pis! Çox pis! Küçələrdə mitinq eləyənəcən, torpaqların almaq haqda fikirləşsinlər. Elə işləri-gücləri prezidentdi. Prezident tək neyləsin e? Gör neçə milyon qaçqın varıydı, hamısını yerləşdirib. Gendən baxana halva gəlir e! Elə deyil, asan iş deyil axı. Prezidentin ətrafında gərək, o televizorda deyilən kimi, sıx birləşəsən ki, o da nəsə eləsin də. Nə istəyirlər prezidentdən? Vaxt varıydı, evimizdə rahat yata bilmirdik. Yenə bunlar gəldi, sakitçilik yarandı. Tay indi təzədən mitinq eləməyin adı nədi?

- Öz oğlunuz mitinqə getmək istəsə, qoyarsınız?

- O oğulu mən tərbiyə eləmişəmsə, o mitinqə getmək istəməz. Nə oğul, nə qız! Heç birinin mitinqdə bir azarı yoxdu.

- Ordumuz barədə nə deyə biləsiniz?

- Ordu olmasa, əsgərə gedən olmasa, vətən də olmaz. Nə bilim, deyillər ki, orduda əsgərlərə pis baxırlar, amma bizim qəsəbədən neçə uşaq qayıdıb əsgərlikdən, vallah yanaqlarından qan damır. Yəqin orduda pis gün görən uşağın elə özü pisdi.

- Rüşvətxorluqla aranız necədi?

- Bilmirəm, hələ ki, heç vaxt məndən rüşvət istəyən olmayıb. Özüm də yaxşı baxmıram. Adam gərək, bir-birinə can yandırsın. Yoxsa rüşvət almaq nə deməkdi?

- Maliyyə böhranını hiss eləyirsiniz?

- Bəs necə? Əlbəttə ki, hiss eləyirəm.

- Məsələn, necə hiss eləyirsiniz?

- İş güc bir az azalıb, nə bilim, yardımı kəsiblər. Məsələn, ərim əvvəllər “Kamaz” sürürdü, indi traktor sürür. Amma başqa dövlətlərə baxanda, Azərbaycana az təsir eləyib bu böhran. Azərbaycan xalqı dözümlü xalqdı, o hər bir ülgüdən çıxıb, hər şeyə üstün gəlib, yəqin ki, bu böhrandan da çıxar. Bizim hökumət əyilən hökumət deyil. İnanıram, bu böhran bizdən yan ötəcək.

- Azərbaycan xalqına nə arzulayırsınız?

- Arzu eləyirəm ki, yumruq kimi bir olaq, hamı bir-birinə can deyib, can eşitsin, torpaqlarımız geri alınsın – ağsaqqallarımız, ağbirçəklərimiz gedib, öz yerlərində yurdlarında canların allaha tapşırsınlar. Bu qərib yerdə ölənlərimizin sayı azalsın. Ən axırı da ki, maliyyə böhranı bizdən yan keşsin.

Söhbətləşdi: Günel Mövlud
# 1627

Oxşar yazılar