Heydər Əliyev Fondu Pakistanda məktəb tikib
09 may 2009 14:00 (UTC +04:00)

Heydər Əliyev Fondu Pakistanda məktəb tikib

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun APA-ya müsahibəsi

- Heydər Əliyev Fondunun yaradılmasından 5 il ötür. Belə bir Fond yaratmaq təşəbbüsü necə yaranıb, məqsəd nə idi?

- XX əsr Azərbaycan tarixinə dövlətçilik rəmzi, Vətənə və xalqa sonsuz məhəbbət və xidmət nümunəsi kimi daxil olan Heydər Əliyev ömrü hər bir vətəndaş üçün örnəkdir. Bu dahi şəxsiyyət həyatın bütün sahələrinə, cəmiyyətin bütün təbəqələrinə diqqət və qayğı göstərməyi bacarır, millətin gələcəyi naminə strateji əhəmiyyətli işlərə xüsusi önəm verir, gənc nəslin də bu ruhda, bu amalda böyüməsini zəruri hesab edirdi. Heydər Əliyev Fondu yaradılarkən ulu öndərin ömür yolunu, həyat amallarını davam etdirmək başlıca məqsəd olub. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr məhz Heydər Əliyevin fikir və ideyalarını, fəlsəfə və ideologiyasını yaşatmaq, davam etdirmək istəyinə əsaslanır. Ötən beş il göstərdi ki, Heydər Əliyev Fondu məram və məqsədlərinə doğru inamla irəliləyir, ictimai həyatda mühüm rol oynamaqla cəmiyyətin etimadını qazanır və müasir Azərbaycanın inkişafına öz töhfələrini verir.

- Fondun fəaliyyət istiqamətinə hansı sahələr daxildir? Bu müddətdə Fond tərəfindən hansı işlər görülüb, hansı layihələr həyata keçirilib?

- Heydər Əliyev Fondunun fəaliyyəti geniş və çoxşaxəlidir. Həyata keçirilən layihələr təhsil və səhiyyə sisteminin, mədəniyyətin inkişafına, ölkəmizin dünyada tanınmasına, mədəni irsimizin qorunmasına, xalqın rifah halının yüksəlməsinə istiqamətlənir. Müasir tələblərə cavab verən yeni təhsil ocaqlarının inşası, tarixi-mədəniyyət obyektlərinin yenidən qurulması, muzey və muzey mərkəzlərinin yaradılması, dini məbədlərin və tarixi abidələrin bərpası, zəngin mədəniyyətimizin təbliği, Azərbaycan həqiqətlərinin dünyaya yayılması, sosial həyatın inkişafı, ekoloji təhlükəsizliyin təmin olunması diqqət yetirilən istiqamətlərdir. Fond ictimai təşkilat kimi cəmiyyət həyatında fəal rol oynamaqla yanaşı, həm də onun potensialına, hərtərəfli dəstəyinə güvənir; həmfikir və əqidə yoldaşlarını bir araya gətirərək ümumi səyi, fəaliyyəti lazım olan məcraya yönəldir. Əgər Fondun müxtəlif sahələrdə həyata keçirdiyi layihələrə nəzər salsaq, etibarlı tərəfdaşların ümumi işdə böyük payının şahidi olarıq. Bu, təbiidir. Çünki Heydər Əliyev Fondu fəaliyyətini xeyirxah insanların dəstəyinə arxalanaraq həyata keçirir. Humanizmə, mərhəmət və nəcibliyə söykənən fəaliyyətin nəticəsidir ki, bu gün Fond insanların ümid yerinə çevrilib. Hər gün Fondun ünvanına gələn saysız-hesabsız məktublar bunu təsdiq edir.

- Fondun əsas diqqət yetirdiyi məsələlərdən biri təhsil sahəsidir. Bu sahədə fəaliyyətiniz hansı prinsiplərə əsaslanır?

- Azərbaycan cəmiyyətində bərabər təhsil imkanlarının yaradılmasını, gənc nəslin biliklərə yiyələnməsini və ölkəmizin dünya təhsil sisteminə inteqrasiyasını prioritet məsələlərdən hesab edən Heydər Əliyev Fondu yarandığı gündən təhsilin inkişafına yönəlmiş proqram və layihələr həyata keçirir. Təhsil sahəsində reallaşan «Yeniləşən Azərbaycana yeni məktəb» layihəsi Fondun həyata keçirdiyi böyük layihələrdən biridir. Bu layihə bir çox təşkilat və ictimaiyyət tərəfindən dəstəkləndi və qısa müddət ərzində Azərbaycanın bütün regionlarında məktəb inşası geniş vüsət aldı. Layihə çərçivəsində respublikanın müxtəlif bölgələrində 283 yeni məktəb inşa edildi. Bu, yeni şəraitdə, müasir tələblər səviyyəsində təhsil almaq imkanı qazanan 75 mindən artıq şagirdin həyatında ciddi dəyişiklik, yenilikdir. Əgər bu gün biz ucqar dağ kəndində yaşayan məktəblinin internet vasitəsi ilə ümumrespublika olimpiadasında iştirakının şahidi oluruqsa, bu, artıq görülən işin ilkin bəhrəsi, təzahürüdür. Hazırda layihə davam edir. Yaradılan işçi qrupu tərəfindən respublikanın müxtəlif bölgələrində monitorinqlər aparılır, təmirə və ya yenidənqurmaya ehtiyacı olan məktəblər müəyyənləşdirilir. Ardıcıl davam edən «Təhsilə dəstək» layihəsi hər il şəhid, məcburi köçkün, aztəminatlı ailələrin birinci sinif şagirdlərini çanta və məktəb ləvazimatı ilə sevindirir. 2008-ci ildə layihənin miqyası genişlənərək respublika üzrə bütün birinci sinif şagirdlərini əhatə etdi. Layihə çərçivəsində ali və orta ixtisas məktəblərinin kitabxanalarına təqdim olunan çoxsaylı poliqrafik nəşrlər - dərsliklər, dərs vəsaiti, dünya ədəbiyyatı nümunələri Azərbaycan gəncinin hərtərəfli inkişafına, geniş dünyagörüşünə malik vətəndaş kimi yetişməsinə +kömək məqsədi daşıyır. Daim əyani vəsait çatışmazlığı ilə üzləşən məktəblərimiz bu gün 140 adda müxtəlif fənlərə aid plakatlarla təmin olunub, ölkə üzrə bütün təhsil ocaqlarına 1 milyon 400 min ədəd əyani vəsait paylanılıb, bu isə tədrisin səviyyəsinin yüksəlməsinə xidmət edir. «Təhsilə dəstək» layihəsi ölkəmizin hüdudlarından kənarda da həyata keçirilir. Pakistan İslam Respublikasında baş vermiş zəlzələ nəticəsində Müzəffərabad şəhərində yararsız vəziyyətə düşmüş və hazırda 650-dən çox şagirdin təhsil aldığı məktəb məhz Heydər Əliyev Fondunun bu layihəsi çərçivəsində inşa edilib. Bu gün uşaq bağçalarının təkcə yenidən qurulması deyil, həm də ən müasir tələblərə cavab verməsi istiqamətində iş aparılır. Fondun həyata keçirdiyi layihələr çərçivəsində artıq 11 uşaq bağçası istifadəyə verilib. Bu uşaq müəssisələri müasir avadanlıq, tədris vəsaiti – plakatlar, multimedia diskləri, oyunlar və s. ilə təmin olunub.

- Uşaqlara qayğı Fondun prioritet istiqamətlərindən biridir. Bu baxımdan «Uşaq evləri və internat məktəblərinin inkişafı» Proqramını önə çəkmək olar. Proqram ata-ana qayğısından məhrum uşaqların həyatında ciddi dönüşə təkan verdimi?

- Proqramın başlıca məqsədi belə uşaqlar üçün əvvəlkindən tam fərqli bir şərait, sözün əsil mənasında, ailə mühiti yaratmaqdır. Fondun prezidenti Mehriban xanım Əliyevanın, eləcə də əməkdaşlarımızın davamlı ziyarətləri uşaq evlərinin, internatların həyatında ciddi dönüş yaradıb. Başlıca məqsəd budur ki, uşaqlar bütün qayğılardan azad olub yalnız təhsilləri ilə məşğul olsunlar. Layihə çərçivəsində Fondun himayə etdiyi 31 uşaq müəssisənin sosial vəziyyətində, məişət və təhsil sistemlərində əsaslı dəyişikliyə nail ola bilmişik. Bu gün ata-ana qayğısından məhrum olmuş uşaqlar üçün tətillərin təşkil edilməsi, onların asudə vaxtlarının səmərəli keçirilməsi üçün yay düşərgələri yaradılır. Uşaqların bir çox idman cəmiyyətlərində, müxtəlif dərnəklərdə məşğulluğu belə problemlərin aradan qaldırılmasına kömək edir. Nizami rayonundakı 1 saylı uşaq evinin nəzdində inşa olunmuş yaşayış binası, bir sıra regionda yaradılmış yataqxanalar 18 yaşdan yuxarı qızların mənzil probleminin həllinə yönəlib. Heydər Əliyev Fondu uşaq evlərində tərbiyə alanların taleyi ilə maraqlanır, həyatlarının önəmli anlarında, toy günlərində yaxından iştirak edir, yeni qurulan ailələrə hərtərəfli yardım göstərir.

- Fondun fəaliyyəti dövründə həyata keçirdiyi yaddaqalan layihələr arasında mədəniyyət, xüsusən də muğam layihələri var...

- Əsrlər boyu formalaşan, nəsildən-nəslə keçərək yaşayan muğam bu gün yeni intibah dövrünü yaşayır. Azərbaycanın ənənəvi musiqisi olan muğam YUNESKO-nun Bəşəriyyətin Şifahi və Qeyri-maddi İrs Siyahısına daxil edilib. Mədəni irsin qorunması baxımından muğamın təbliği və inkişafına kömək Heydər Əliyev Fondunun aktiv fəaliyyət istiqamətidir. Gerçəkləşən layihələr möhtəşəm mədəniyyətimizi qorumaq, inkişaf etdirməklə yanaşı, həm də sivil dünyada öz layiqli yerimizi tutmağa, xalqımızı tanıtmağa imkan yaradır. Bu sahədə ilk layihələrimizdən biri «Qarabağ xanəndələri» musiqi albomunun nəşridir. Musiqi albomunda 24 virtuoz muğam ustadının ifası cəmlənib. Mehriban xanımın diqqət və səyi nəticəsində iş prosesinə peşəkar mütəxəssislər cəlb olunub, məhv olmaqda olan lent yazıları toplanaraq yenidən musiqisevərlərə təqdim olunub.

Fondun Azərbaycan muğamına həsr olunmuş digər nəşri «Muğam ensiklopediyası»dır. Burada təmsil olunan ustad və gənc xanəndələrin yaradıcılığı, muğam dəstgahları və digər əsərlər ilk dəfədir ki, muğam irsimizin tam mənzərəsini yaradır. Fond muğam müsabiqələri və festivallara dəstək verir, yaşlı sənətkarlarımıza, yeni istedadlı ifaçılarımıza dayaq olur. Fondun dəstəyi ilə paytaxtda Beynəlxalq Muğam Mərkəzi, Ağcabədidə Muğam Mərkəzi istifadəyə verilib, Ağdaşda musiqi məktəbi inşa olunur. Müasir mədəniyyətimizin inkişafında xidmətləri olan insanlara diqqət ayıran Fond ustad sənətkarlarımız Əlibaba Məmmədov, Habil Əliyev və Arif Babayevin yaradıcılığından bəhs edən musiqi albomları hazırlayıb. Erməni terrorunun qurbanı olmuş tanınmış bəstəkar və pianoçu Rafiq Babayevin yaradıcılığından bəhs edən musiqi albomu mədəniyyətimizin təbliği ilə yanaşı, terror faciələri yaşayan xalqımızın ağır itkilərinə ehtiramı təcəssüm etdirir.

- Sizin fəaliyyətiniz təkcə milli mədəniyyətimizlə məhdudlaşmır.

- Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə tanınması ilə yanaşı, xalqımızın dünya musiqi mədəniyyətinə yaxından bələd olması istiqamətində davamlı iş gedir. Hazırda Fond 2010-cu ilin Şopen ili elan olunması ilə əlaqədar Polşanın Azərbaycandakı səfirliyi ilə birgə bir neçə layihənin həyata keçirilməsinə diqqət ayırır. Fondun xətti ilə paytaxtda D.Şostakoviçin 100 illik yubileyi qeyd olunub, beynəlxalq Rostropoviç festivallarının təşkili artıq ənənəyə çevrilib. Milli ustad sənətkarlarımızla yanaşı, Fond tərəfindən həmyerlimiz M.Rostrapoviçin həyat və yaradıcılığından bəhs edən musiqi albomu hazırlanıb. Yeri gəlmişkən qeyd edim ki, indiyədək bir neçə adda musiqi albomlarımız festivallarda, kitab sərgilərində yüksək keyfiyyəti ilə seçilib, birinci yerə layiq görülüb. Dünya mədəni irsinə laqeyd qalmayan Fond yerli tarixi-mədəniyyət abidələri ilə yanaşı, Fransanın Versal sarayında nümayiş etdirilən iki abidənin, Strasburqda kafedral kilsənin, paytaxtda məscidlə bərabər, provaslav və katolik kilsələrin bərpasını həyata keçirir.

- Bu gün Azərbaycan cəmiyyətində belə bir fikir formalaşır ki, Fondun səhiyyə problemlərinin həllinə göstərdiyi qayğıdan hamı yararlana bilər. Bunu yəqin ki, Fonda ünvanlanan məktublar da təsdiq edir.

- Son illər Azərbaycanda səhiyyə sisteminin müasirləşməsi sahəsində mühüm işlər həyata keçirilir, tibb ocaqlarında müasir avadanlıqlar quraşdırılır, əhaliyə göstərilən xidmətin səviyyəsi yüksəlir. Heydər Əliyev Fondu tibb ocaqlarının, uşaq müalicə-profilaktika müəssisələrinin yenidən qurulmasında, müasir avadanlıqla təchizatında iştirak edir; xarici ölkələrdən mütəxəssislərin yerli klinikalara dəvət olunmasında, treninqlərin keçirilməsində, həkimlərin mübadiləsində köməyini əsirgəmir; dünyanın bir sıra aparıcı tibb müəssisələri, səhiyyə şirkətləri ilə əməkdaşlıq edir. İndiyədək «Fresenius Medikal Care», «Karl-Storz», «Servier» şirkətləri tərəfindən Fonda bağışlanmış müasir tibb avadanlığı – hemodializ və endoskopik aparatlar ölkənin tibb müəssisələrində uğurla tətbiq olunur. Bununla belə, hər gün Heydər Əliyev Fonduna ünvanlanan yüzlərlə məktubun bir çoxu insanların sağlamlıqla bağlı problemlərindən bəhs edir. Şübhəsiz ki, hər müraciətə müsbət cavab vermək imkanında olmasaq da, vətəndaşların sağlamlıqla bağlı problemlərinə diqqətlə yanaşmağa çalışırıq. Şəhid, məcburi köçkün ailələrinə, aztəminatlı ailələrin problemlərinə həssaslıqla yanaşır, ilk növbədə, bu kateqoriyadan olan insanlara köməyi zəruri hesab edirik. Ötən beş ildə Fonda müraciət etmiş vətəndaşlardan 10 minə yaxını müayinə və müalicə kursu keçib, 763 nəfər respublikanın müxtəlif tibb müəssisələrində cərrahiyyə əməliyyatı olunub, 100 nəfərdən çox xəstənin əməliyyat və müayinəsi xarici ölkələrdə aparılıb. İlk layihələrdən biri kimi bu gün də davam edən «Diabetli uşaqlara ən yüksək qayğı» layihəsi 14 yaşına qədər qeydiyyatda olanların dərman preparatı ilə təmin olunmasına yönəlib. Artıq istifadəyə tam hazır olan Talassemiya Mərkəzi ölkədə ən müasir müalicə metodlarını tətbiq etməyə imkan yaradacaq. Bu mərkəz regionda qan xəstəliklərinin müalicə və profilaktikasında əhəmiyyətli irəliləyişə təkan verəcək.

- Fondun beynəlxalq münasibətləri necə qurulur? Hansı beynəlxalq təşkilatlarla əməkdaşlıq edirsiniz? Bu əməkdaşlıq hansı sahələri əhatə edir?

- Avropanın və dünyanın beynəlxalq donor təşkilatları ilə qurulan birbaşa əlaqələr fəaliyyətimizi Azərbaycandan kənarda genişləndirməyə imkan verir. Fondun şəffaf fəaliyyəti bir təşkilat kimi müsbət imicin formalaşmasına xidmət edir. Yeri gəlmişkən, Heydər Əliyev Fondunun maliyyə fəaliyyəti «Ernest & Young» beynəlxalq audit şirkəti tərəfindən yoxlanılıb və yüksək qiymətləndirilib. Əməkdaşlıq etdiyimiz bir çox təşkilat artıq öz ölkələrində Heydər Əliyev Fondunun təcrübəsindən yararlanır, analoji layihələr gerçəkləşdirir. Hazırda Fondun ABŞ, Rusiya, Türkiyə və Rumıniyada nümayəndəlikləri fəaliyyət göstərir. Nümayəndəliklər təmsil olunduqları ölkələrin ictimai həyatında fəal rol oynamağa çalışır. Fondun Moskva nümayəndəliyinin fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Nümayəndəlik mədəni və sosialyönümlü layihələrin həyata keçirilməsində fəallıq nümayiş etdirir. Moskvadakı etno-mədəni komponentli məktəblə sıx əlaqə qurularaq soydaşlarımızın təhsil aldığı məktəb zəruri texniki avadanlıqla təmin edilib, kitabxana Azərbaycan nəşrləri ilə zənginləşdirilib. Heydər Əliyev Fondu BMT-nin İnkişaf Proqramı, BMT-nin Əhali Fondu, YUNESKO, İSESKO, ABŞ-ın «Vital Voice» qeyri-hökumət humanitar təşkilatı, «Save the children» təşkilatı və digər nüfuzlu təşkilat və fondlarla əməkdaşlıq edir. Beynəlxalq əməkdaşlığın digər aspektlərinə də toxunmaq olar. Fond Azərbaycanda və onun hüdudlarından kənarda beynəlxalq konfransların keçirilməsinə dəstək verir. YUNESKO, İSESKO, Vaşinqton Elmlər Akademiyası, Latın Mədəniyyəti Akademiyası, İslam Konfransı Təşkilatının Gənclər Forumu ilə birgə keçirilən beynəlxalq konfranslar mədəniyyətlərarası dialoqa, tərəfdaşlıq əlaqələrinin qurulmasına, eləcə də Azərbaycanın dünyada tanınmasına xidmət edir.

- İşğal altındakı ərazilərdə Azərbaycanın tarixi-mədəniyyət abidələrinin ermənilər tərəfindən dağıdılmasının dünya ictimaiyyətinə çatdırılması üçün Fond tərəfindən hansı tədbirlər görülür?

- Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması başlıca hədəflərimizdən biridir. Fondun prezidentinin bu məsələyə xüsusi önəm verdiyini qısa vaxtda görülən işlər sübut edir. Bu istiqamətdə ilk layihə «Qarabağ həqiqətləri» toplusunun hazırlanmasıdır. Qısa, lakin bütün mahiyyəti əks etdirən bu toplu bir neçə dilə tərcümə olunmuşdur. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə birgə layihənin davamı olaraq «War Against Azerbaijan: Targeting Cultural Heritage» («Azərbaycana qarşı müharibə: Mədəni irsin hədəfə alınması») kitabı ingilis dilində işıq üzü görüb. Kitaba işğal olunmuş rayonlarımızın hər birində olan mədəni sərvətlərimizin siyahısı, xəritələr, habelə Ermənistan ərazisində və işğal altındakı ərazilərdə tarixi-mədəniyyət abidələrimizin əvvəlki və indiki vəziyyətini əks etdirən videomateriallar əlavə edilib. Bu istiqamətdə işləri davam etdirməklə yanaşı, Fond hər il xarici ölkələrdə Xocalı soyqırımının anma mərasimlərini təşkil edir, dünya ictimaiyyətinə bu dəhşətli olayla bağlı obyektiv məlumat çatdırmağa çalışır. Bu məqsədlə Heydər Əliyev Fondu Azərbaycanın xarici ölkələrdəki bütün diplomatik nümayəndəliklərini təbliğat materialları ilə təmin edir.
Zaman ötdükcə, görülən işlərin miqyası böyüməkdə, layihələrimizin sayı artmaqdadır. Az vaxtda kifayət qədər təcrübə toplayan Fond bu gün qurub-yaratmaq əzmində və fəaliyyətini genişləndirməkdədir. Bununla belə, 5 il əvvəl olduğu kimi, bu gün də Fond hər işdə xalqın dəstəyinə arxalanır və bu etibardan güc alır.
# 1921

Oxşar yazılar