“İslam dini süni mayalanmaya qarşı deyil” – MÜSAHİBƏ
08 may 2009 18:00 (UTC +04:00)

“İslam dini süni mayalanmaya qarşı deyil” – MÜSAHİBƏ

Bu məsələyə real baxsaq, ginekoloq hamiləliyin süni yollarla kəsilməsini heç vaxt istəməz. Çünki, bu, ginekoloqlar üçün gəlir mənbəyidir və onlar bunu heç vaxt əldən verməz.

Milli Məclisin hazırladığı “Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında” qanun layihəsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı. Bir neçə ay əvvəl parlamentdə müzakirəyə çıxarılan bu layihəyə dindar təbəqənin nümayəndələri, hətta bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə də qarşı çıxdı. İndi ara sakitləşib, mübahisəyə səbəb olan “surroqat ana” kimi ifadələr qanun layihəsindən çıxarılıb. Mahiyyət isə dəyişməyib və layihə müəllifləri bu sənədin Milli Məclisdə qəbul olunması üçün növbəti mübarizəyə hazırlaşır.

Lent.az bu layihədə fikir ayrılıqların səbəb olan məsələlərlə bağlı Həkimləri Təkmilləşdirmə İnstitutunun dosenti, ailə təbabəti kafedrasının müdiri Səadət Mahmudovanın fikirlərini öyrənib. O, həm də Səhiyyə Nazirliyinin milli koordinatoru kimi bu layihənin hazırlanmasında və müzakirələrdə yaxından iştirak edib.

- Bu qanunun qəbulu hansı zərurətdən ortaya çıxıb?

- Reproduktiv sağlamlıq və ailə planlaşdırılması indi bütün dünyada prioritet sahəyə çevrilib. Dost və qonşu Türkiyədə bu proses çoxdan başlayıb. Bir neçə il əvvəl Türkiyənin bu sahədəki təcrübəsini öyrənmək üçün biz mütəxəssislər bir qrup millət vəkili ilə birlikdə oraya getmişdik. Mən ilk dəfə bu proqramın nə demək olduğunu həmin səfərdə anladım və başa düşürük ki, bu qanun layihəsi mütləq qəbul olunmalıdır.

- Bəs, müzakirələrin bu qədər yubanmasına səbəb nədir?

- Bu layihənin hamının qəbul edə biləcəyi şəkildə hazırlanıb orta çıxarılması asan məsələ deyil. Əsas məqsəd bu layihənin Milli Məclis səviyyəsində qəbul olunmasıdır. Həm də layihənin həyata keçirilməsi üçün böyük maliyyə vəsaiti tələb olunur. İkinci tərəfdən, ictimaiyyət də bu layihəyə qarşı son dərəcə aqressivdir. Ancaq biz həkimlər xəstəliklərin sayının azalmadığını görürük və gələcək fəsadlarını təsəvvür edirik. Ona görə də çalışırıq ki, bu layihə qanun şəklində qəbul olunsun və onun icrasına mümkün qədər tez başlansın. Çünki xəstəliklərin bir hissəsi genetik, yəni nəsildən-nəslə keçən xəstəliklərdir. Artıq Səhiyyə Nazirliyi tərəfindən tibb işçilərinin vəzifələri təsdiq edilərkən bu siyahıya ilk dəfə olaraq, ailə həkimi vəzifəsi də daxil edilib. Bu, ailələrin sağlamlığının qorunması istiqamətində atılan böyük bir addımdır. Ailə həkimi ümumi profilli həkim olacaq və xəstəni müayinə etdikdən sonra lazım gəldikdə onu müvafiq sahə üzrə mütəxəssisin yanına göndərəcək. İndi isə ümumi profilli həkimlər hətta doğuşu da qəbul edir və ailə planlaşdırmasını da həyata keçirir. Uzun illərdir, bunu ginekoloq səviyyəsində həyata keçirirlər. Amma bu məsələyə real baxsaq, ginekoloq hamiləliyin süni yollarla kəsilməsini heç vaxt istəməz. Çünki, bu, ginekoloqlar üçün gəlir mənbəyidir və onlar bunu heç vaxt əldən verməz. Lakin əgər bu iş xaricdəki kimi, ailə həkimi səviyyəsində həll edilsə, problem aradan qalxar. Çünki ailə həkimi həmin ailənin bütün sosial problemlərini bilir və buna görə məsələnin həlli yolları barədə düzgün qərar vermək imkanına malik olur.

- İctimaiyyətdə tez-tez fikirlər səslənir ki, bu layihə reallaşmayacaq. Sizin buna münasibətiniz necədir?

- Bəzən cəmiyyət hansısa yeniliyi qəbul edə bilmir. Bu baxımdan, reproduktiv sağlamlıq və ailə planlaşdırılması proqramı da həyata keçməyə bilər. Ona görə də biz bu yeniliyi cəmiyyətə çatdırmaq və onun xeyirli olduğunu insanlara inandırmaq üçün çox iş görməliyik. Bunun üçün müəyyən müddət də lazımdı ki, psixoloji hazırlıq tədbirləri görə biləsən. Bir çoxlarına sübut etmək lazımdır ki, doğrudan da bu proqram Azərbaycana, onun gələcək nəsillərinə lazımdır. Çünki arzu olunmayan hamiləlik sonradan xoşagəlməz fəsadlara səbəb olur və bunu hamı anlamalıdır. Bu yaxınlarda Rusiyada hamilə bir qadının qəfildən temperaturu qalxdığına görə, onu 2 saat ərzində avtomobillə bu həkimdən o həkimə, o xəstəxanadan bu xəstəxanaya aparmışdılar və nəticədə həmin qadın elə avtomobildəcə qanaxmadan dünyasını dəyişmişdi. Baxın, həmin qadının ailə həkimi olsaydı, xəstəxanaya nə vaxt getməli olduğunu əvvəlcədən bilərdi və çətinlik yarandıqda həkim özü lazımi tədbirləri görərdi. İnanın ki, Azərbaycanda, hətta Bakının özündə də belə hadisələr çox olur. Məsələn, onkoloji şiş xəstəliyi olan bir nəfəri müayinə etdirmək üçün 5-6 xəstəxananı gəzdirirlər. Bütün bunların hamısı həm xəstənin sağlamlıq durumunun daha da pisləşməsinə, həm də əlavə maliyyə itkilərinə gətirib çıxarır. Üstəlik, belə hallar xəstəliyin vaxtında müayinə və müalicə olunmasını da ləngidir. Elə xəstəliklər var ki, onun müayinəsi və müalicəsi üçün vaxt itirmək olmaz. Xüsusən də o xəstəliklər ki, insan orqanizmində gizli və ağır formada gedir. Biz bu məsələni uzun müddətdir müzakirə edirik və yəqin ki, müzakirələr hələ davam edəcək. O vaxta qədər ki, reproduktiv sağlamlıq və ailə planlaşdırılması məsələsi konseptual şəkildə həll olunsun.

- Bu xidmət növü Azərbaycanda yeni olduğu üçün tibb işçiləri özləri də proqramın mahiyyətindən xəbərsizdir. Bu problemin aradan qaldırılması üçün hansısa tədbirlər görülürmü?

- Bu işlər yavaş-yavaş yoluna qoyulacaq. Təbii ki, proqramı işləyib hazırlamış ekspert qrupları həm əhali, həm də həkim-mütəxəssislər arasında maarifləndirmə işləri aparır. Mən özüm dərs proqramında reproduktiv sağlamlığın tədrisinə dair bir neçə saat ayırmışam ki, heç olmasa, həkimlərimiz bunu lazımi səviyyədə mənimsəyə bilsin. Ümumiyyətlə, bu məsələ kənardan asan görünür, bəziləri elə hesab edir ki, reproduktiv sağlamlıq yalnız hamiləliyin süni yolla qarşısının alınmasına yönəldilib. Halbuki, bu layihənin arxasında genefondun qorunması, əhalinin sağlamlığının təmin olunması kimi çox böyük bir iş dayanır. Nəzərə almaq lazımdır ki, insanlar nə qədər sağlam mühitdə yaşayarsa və vaxtında tibbi profilaktika aparılarsa, səhiyyə sisteminə o qədər az maliyyə sərf olunacaq. Biz bu problemi həll edə bilsək və insanlar bu proqramın effektliliyinə inanıb vaxtlı-vaxtında lazımi tibbi yardım alsalar, çoxlu vəsaitə qənaət etmiş olarlar. Əvəzində bu vəsaiti daha dərin xəstəliklərin qarşısının alınmasına yönəltməklə, başqa xəstəliklərin də qarşısını vaxtında ala bilərik.

- Bəzən süni mayalanmanı milli-mənəvi və dini dəyərlərə zidd hesab edirlər. Bu barədə nə deyə bilərsiniz?

- Yəqin ki, biz islamı yaxşı bilmədiyimizə görə bu söhbəti qaldırırıq. Yəni islam dini əhalinin hansısa bir hissəsinin xəstə olmasını təlqin etmir. Onsuz da indi süni yollarla hamiləliyin dayandırılması prosesi gedir. Bunun qadınların sağlamlığına və genefonda nə qədər zərbə vurduğunu qoyaq bir tərəfə, çox zaman statistika da düzgün aparılmır. Əgər islamda deyilirsə ki, insanlar sağlam həyat tərzi keçirməlidir və spirtli içki içməməlidir, onda bu layihəyə də qarşı çıxmaq məntiqsiz görünür. Çünki bu layihə məhz insanların, xüsusən də qadın və uşaqların sağlamlığının qorunmasına yönəlib. Biz həm də istəmədən hamiləliyin yaranmasının qarşısını almaq istəyirik. Arzu olunmayan hamiləliyin süni yolla dayandırılması dünyaya gəlməyə hazırlaşan körpənin məhvi deməkdir və bu, islamda ən böyük günahlardan biri sayılır.

- Proqram reallaşarsa, sonsuz olan kişilərdə nəsil artımı problemi necə həll olunacaq? Sağlam kişilərdən toxumalar necə götürüləcək?

- Bir şeyi nəzərə almalıyıq - hər kəs öz nəslinin davam etməsi üçün övlad istəyir. Ona görə də biz süni mayalanma yolu ilə övlad dünyaya gətirilməsinin qanuni yolunu tapmalıyıq. Hər halda, bu layihə mərhələli şəkildə həyata keçirilməlidir. Ancaq sonsuz kişilər donorlar vasitəsilə özlərinin övladı olması məsələsini həll etməlidir. Ümumiyyətlə, xəstənin kişi və ya qadın olmasının fərqi yoxdur, süni mayalanma ilə dünyaya övlad gətirən valideynlər donorların seçilməsi məsələsində özləri qərar verməlidir. Sonradan “bu filan qadından, yaxud da filan kişidən olan uşaqdır” kimi söz-söhbətlərin ortaya çıxmaması üçün ailə özü seçim etməlidir. Sadəcə, dövlət bu işdə belə ailələrə yardım edəcək. Ona görə də biz təklif edirik ki, donorların tapılması və onun maliyyələşməsi üçün dövlət tərəfindən müəyyən vəsait ayrılsın.

Elxan SALAHOV
# 1668

Oxşar yazılar