Qatır Məmməd o günü niyə görmədi? - ARAŞDIRMA
08 may 2009 15:30 (UTC +04:00)

Qatır Məmməd o günü niyə görmədi? - ARAŞDIRMA

"Qatır Məmmədin dəstələriylə döyüşmək üçün Xan Xoyskinin başçılığı altında Gorana 3 alay göndərilir".
Yəqin ki, xatırladınız. Hamımızın sevə-sevə baxdığımız məşhur "Qatır Məmməd" filmindəndir. Ümumiyyətlə, film boyu qəhrəmanın dəfələrlə Müsavat Ordusunun ayrı-ayrı qoşun birləşmələrini məğlub etdiyinin, qurulmuş tələlərdən bacarıqla qurtulduğunun şahidi oluruq. Belə bir təəssürat yaranır ki, goranboylu qaçağın öhdəsindən gəlmək üçün Müsavat hökuməti xüsusi xidmət orqanlarını işə cəlb edir, özünün ən bacarıqlı sərkərdələrini onunla döyüşə göndərir, hətta yardım üçün ingilislərə belə müraciət edir. Sonda bütün bu həngamələrin nə ilə bitdiyi hamıya məlumdur: gözəl sərkərdəlik qabiliyyətinə malik Qatır Məmməd müsavatçılarla ingilislərin düzüb-qoşduqları hərbi əməliyyatdan qurtulur, ingilis-müsavat qoşunlarının mühasirəsini yararaq "Qızıl Ordu"yla birləşməyə can atır. Ancaq sonda satqın Müsavat zabiti Əzizin namərd gülləsinin qurbanı olur. Beləcə, "Qatır Məmməd o günü görmür...".
Ancaq Qatır Məmməd o günü heç görə də bilməzdi. Özü də sözün bütün mənalarında: həm tarix, həm də özünün yaşam və düşüncə tərzi baxımından...


Gəncə qaçaqları

Bu mövzuya marağım bir neçə il əvvəl ANS-də hazırladığım sənədli filmin ssenarisi üzərində arxiv materialları ilə işləyərkən yarandı. "Cümhuriyyət qurbanları" adlı sənədli film üçün 1920-ci il Gəncə qiyamı məsələsini araşdırırdım. Bu qiyamda önəmli rol oynamış məşhur qaçaqlardan Sarı Ələkbər və Qaçaq Qənbərlə bağlı materialları nəzərdən keçirdikcə, sadəcə maraq xətrinə həmin dövrlərdə məşhur olmuş Goranboy qaçaqları ilə maraqlandım. Açığı, fikrimdə tutduğum birinci adam məhz Qatır Məmməd idi. Ancaq o dövrün mətbuatını, arxiv materiallarını nə qədər ələk-vələk elədimsə, onun inqilabi fəaliyyəti barədə heç bir fakta rast gəlmədim. Sonradan bir neçə tədqiqatçıdan məsələylə bağlı məsləhət istədim. Rəyini soruşduğum tarixçilərin demək olar ki, hamısı Qatır Məmmədin Azərbaycandakı bolşevik inqilabına heç bir dəxli olmadığını dedilər. Beləcə, həmin vaxtdan zaman-zaman Qatır Məmməd barədə rastıma çıxan materialları toplamağa başladım. Etiraf edim ki, araşdırma tam başa çatmadığından, indi diqqətinizə çatdıracaqlarımın sadəcə, həmin araşdırmadan kiçik bir parça kimi qəbul olunmasını istərdim. Çünki söhbət Sovet dövrü DTK-nın leqal kəşfiyyatçısı kimi xarici rezidenturalarda işləmiş mərhum dostum Əsildar Hüseynbəylinin xatirələrindən, bir də Qatır Məmmədin yerlisi, goranboylu ağsaqqal Daniyel müəllimin eşitdiklərindən, xatırladıqlarından gedir. Ona görə də hadisələri qabaqlamayıb birbaşa keçək Əsildar müəllimin şəcərəsi barədə ilkin məlumatlara...

"Quşbaz Hüseyn"in oğlu Hacı Həsən

19-cu əsrin əvvəllərində Əsildar müəllimin ulu babası Hüseyn kişi arvadı Həvva ilə Gəncə ətrafında özlərinə yurd salırlar. Sonradan bu yurd ətrafında onların qohum-əqrəbalarından ibarət Goran adlı kənd formalaşır. Hüseyn kişi özünün yeganə oğlu Həsənlə təsərrüfat qurur. Toyuqçuluqla da məşğul olduğuna görə, böyük at ilxısına, mal-qara sürüsünə və quşçuluq fermasına sahib olan Hüseyn kişiyə hamı "Quşbaz Hüseyn" deyərmiş. Hüseyn kişi qısa müddətə varlı-hallı sahibkara çevrilir. Deyilənlərə görə, hətta bir dəfə oğlu Həsənlə Gəncə tərəfdən gələn bir dəstəni yolkəsənlərin hücumundan qoruduğu üçün Çarın qiymətli medalı və böyük məbləğdə pul mükafatı ilə mükafatlandırılır. Bundan sonra Hüseynin təsərrüfatı daha da genişlənir. Əsildar müəllim xatırlayır ki, bu gün də Kəpəz yaylaqlarında babası Hüseyn kişidən nişanələr qalıb: "Hüseyn bulağı", "Hüseyn daşı"...
Həsən özü də atası kimi çox təsərrüfatçı və dindar adam olub. Bir neçə dəfə Həccə getdiyinə görə, hamı onu Hacı Həsən adlandırırmış. Həsənin birinci arvadı Fatmadan iki uşağı qalıb: Əsildar müəllimin atası Cahangir və əmisi Hüseyn. Sonradan Fatma dünyasını dəyişir və Hacı Həsən Birinci Dünya Müharibəsinin başlanmasına az qalmış ikinci dəfə evlənir. Qatır Məmmədin taleyini Hacı Həsən nəslinin tarixi ilə bağlayan da bu ikinci evlilikdir. Məhz bu evlilikdən doğan nəticələr üzündən Qatır Məmməd tarixdə sadəcə, mərd, qorxmaz qaçaq deyil, həm də inqilabçı kimi düşüb...

Məmmədin Gülüstanı...

Qatır Məmməd o vaxtlar Goran tərəfdə çox məhşur adamıymış. Hamı onun cəsarətli və qorxmaz şəxsiyyət olduğunu gözəl bilirdi. Onun hətta Hacı Həşənlə də yaxşı münasibətlərdə olduğu söylənilir. Məmmədin əsas işi ətraf yollarda varlıların karvanına hücum etmək, talanlar təşkil etmək olub. Günlərin birində uzun müddətdən bəri axtarılan Qatır Məmməd çar polisləri tərəfindən tutulur və ömürlük həbsə məhkum edilərək Sibirə etap olunur. "Qatır"ın həbsindən bir il keçməmiş Hacı Həsən həbsdə olan Məmmədin arvadı Gülüstana vurulur. Gözəlliyi ilə Hacını özünə əsir etmiş Gülüstana elçi gedirlər. Və nəinki Gülüstandan, deyilənə görə, hətta Məmmədin qohumlarından da razılıq alınır. Təbii ki, Hacı Həsən bütün bunları gələcəkdə iki nəsil arasında qan düşmənçiliyinin düşməməsi üçün edir. Beləliklə, Həsən kişi ilə Gülüstanın təmtəraqlı toy mərasimi təşkil olunur.
İllər keçir, Gülüstan Hacı Həsən üçün dörd oğul doğur. Ancaq onların xoşbəxt ailə romanları fevral inqilabından sonra Qatır Məmmədin Sibirdən vətənə dönüşü ilə başa çatır. Hacı Həsənin onun kəbinli arvadını almasını haqlı olaraq heç cür qəbul etməyən Qatır Məmməd onu özünün qan düşməni elan edir və hər cəhdlə oldürməyə çalışır. Hacı Həsənin Qatır Məmmədlə danışıqlara getmək istəyi qürurlu qaçaq tərəfindən rədd edilir. Beləcə, iki nəsil arasında zaman-zaman silahlı atışmaya qədər çıxan toqquşmalar olur. Belə döyüşlərin birində Qatır Məmməd Hacı Həsənin cavan bir qohumu tərəfindən öldürülür...

"İnqilabçı" Qatır Məmməd

Budur, qəhrəman Qatır Məmməd haqqında Əsildar Hüseynbəylinin rəvayət etdiyi, belə demək mümkünsə, birinci həqiqət! İnqilabla, bolşeviklərlə qətiyyən əlaqəsi olmayan, əslində, toxunulmuş namusunun qisasını almağa çalışan bu qorxmaz adamın "qırmızı tarix"də nəyə görə inqilabçı kimi təqdim olunmasının səbəbləri barədə təbii ki, çox baş sındırmağa ehtiyac yoxdur. Birincisi, Qatır Məmmədin hələ sürgündən qabaq əsasən varlıların qəniminə çevrilməsi onun barəsində kasıb-kusubun, deməli, həm də inqilabın adamı obraza yaratmağa kömək edib. Bir də Qatır Məmmədin taleyi belə məsələlərdə yeganə olay deyil. O dövrdə bir çox qaçaqların tarixdə belə təqdim olunmasına böyük ehtiyac vardı. Ancaq bunun daha əsaslı səbəbi barədə məncə, Hacı Həsənin nəvəsi rəhmətlik Əsildar Hüseynbəylidən yaxşı kimsə danışa bilməz. Əsildar müəllim yazır ki, hələ DTK-da işlədiyi dövrlərdə Qatır Məmməd haqqında roman yazan rusiyalı bir yazıçının müsahibəsində "Qatır Məmməd inqilab düşmənlərinin əlaltısı sahibkar Hacı Həsən tərəfindən öldürülüb" ifadəsini oxuyandan sonra əlindəki arxiv materiallarıyla MK-nın İdeoloji işlər üzrə müavini Şıxəli Qurbanovun yanına gedir. Şıxəli Qurbanov məsələni araşdırır və təbəssümlə ona deyir: “İndi nə edək, Azərbaycanda fəhlə-kəndli inqilabının fəhlə-kəndli rəhbərləri olmayıb, Rəhbərsiz isə proletar inqilabı olmaz”.
Ancaq bunlarla belə Şıxəli Qurbanov gənc çekist Əsildar Hüseynovun DTK arxivlərindən təqdim etdiyi faktlardan sonra həmin yazıçının əsərindən Hacı Həsənin adının çıxarılmasına nail olur...

İkinci “həqiqət”

Qatır Məmməd barədə qısa hekayəti burada bitirmək olardı. Ancaq bu gün onunla bağlı Goranboy camaatının yaddaşında xeyli xatirələr var və maraqlıdır ki, hamısı da bir-birindən fərqlənir. Məsələn, Qatır Məmməd haqqında tamam başqa versiyada bir əhvalat da var…
Bu əhvalatın müəllifliyi Goranboy ağsaqqalı Daniyel Məmmədova məxsusdur. Bəzi məqamlarda qocaman müəllim mənim toxunduğum faktları ciddi şəkildə inkar etdiyindən, bu mövzunun tükənmədiyi qənaətindəyəm.
Daniyel müəllim də Quşbazoğlu Həsənin ikinci dəfə Gülüstan adlı bir qadına evləndiyini yazır, ancaq bildirir ki, bu qadın Məmmədin arvadı olmayıb. Qocaman müəllim hesab edir ki, Məmmədin arvadı rayonun Borsunlu kəndindən Həbibə adlı bir qadın olub və bu qadın 80-ci illərdə vəfat edib. Hökumət onu kommunal mənzillə təmin edibmiş.
Daniyel Məmmədov iddia edir ki, əslində Məmmədlə Hacı Quşbazoğlunun düşmənçiliyi arvad üstündə olmayıb. Əvvəlcə Hacının yaxınları Məmmədin qardaşını, ardından Məmmədgilin qohumları da onun adamlarını öldürürlər və beləcə, qan düşmənçiliyi başlayır.
Daniyel müəllim bildirir ki, Məmmədin bolşeviklərlə əlaqəsi barədə xəbərlər sovet quruluşundan sonra yayılıb. Düzdür, Müsavat zamanı Məmmədin yanına Bakıdan adamlar gəlib-gedirmiş, lakin məqsədləri nə imiş, bu barədə rəsmi bilgi olmayıb. Məmmədin ən yaxın adamı olan "Gödək" ləqəbli İbrahim 50-ci illərdə Daniyel müəllimin də yanında danışırmış ki, inqilab vaxtı Məşədi Əzizbəyovun adamları ilə əlaqələri olub.
Gödək İbrahimin dediklərinə görə, yerli varlıların və bəylərin aramsız hücum və dedi-qodularından bezən Məmməd Şimali Qafqazda müvəffəqiyyətlə əməliyyat aparan 11-ci ordu ilə birləşmək üçün Dağıstana keçmək qərarına gəlir. 1919-cu ilin sentyabr ayında Kür çayını keçmək üçün gecənin düşməsini gözləməli olurlar. Qarxun kəndi yaxınlığında meşədə dayanırlar. Qatır Məmməd milçəklərdən qorunmaq üçün dəsmalını üzünə salıb mürgüləyir. Gödək İbrahim Məmmədin və özünün atını Kürdə çimdirmək üçün çaya gedir, ətrafı qorumağı isə Alı və Əziz qardaşlarına, bir də Abdulla adlı öz qohumuna tapşırır.
Qatır Məmməddən ayrılmaq və özlərinə mal-mülk qurmaq üçün varlıların təbliğatına uyan və bunun üçün imkan axtaran, həm də ev-eşiyindən ayrı düşmək istəməyən Alı və Əziz qardaşları Abdulla ilə sözləşib, Qatır Məmmədi öldürmək qərarına gəlirlər. Beləliklə, Abdulla keşikdə durur, Əziz isə öz tüfəngi ilə yatmış Məmmədin başına 2-3 metrlikdən güllə atır. Məmməd elə dəsmal üzündəcə ölür. Abdulla, Alı və Əziz yəhərli saxladıqları atlarına minib, geri çapırlar. Atları çimdirib qayıdan Gödək İbrahim elə bilir ki, Alıyla Əziz yollara baxmağa gediblər, Məmməd də yatıb. Bir qədərdən sonra o biri yoldaşları da gəlib görürlər ki, nə Alının, nə Əzizin, nə də Abdullanın atı yoxdur. Məsələ aydınlaşır, həmin dörd nəfər də başsız qaldıqlarından hərəsi bir tərəfdə gizlənir.
Daniyel müəllim onu da yazır ki, hacının yanına gedib Məmmədi öldürdüklərini deyən Alı, Əziz və Abdullanı Quşbazoğlu qapısından söyüb qovur. Aradan 8-9 ay keçəndən sonra sovet hökuməti qurulur. Alı və Əziz qardaşlarını camaatın gözü qarşısında güllələyirlər. Abdulla isə Samux rayonunda yaşayan uzaq qohumugildə gizlənərək sağ qalır və 1930-cu illərin axırlarında öz əcəli ilə ölür…

İlham TUMAS
Ilham_tumas@mail.ru
# 3582

Oxşar yazılar