Babamın ölməyi

İlqar Əlfioğlu
Yeni il!

Köhnə olduğu qədər yeni, insanı yaşamağa məcbur edən hiss-həyəcanın sərgiləndiyi; çox vaxt cəmi bircə gün yaşamağa məhkum ümidlərin dalbadal doğulduğu; şəhərin il ərzində yalnız bu gün nəfəs aldığı cürbəcür qoxuların dörd bir yana səpildiyi bayram…

Küknar iynələrinin vanilli biskvitə, zəfəranlı plovun fişənglərin kükürdünə qarışaraq burum-burum eşilib burnumuzdakı iy reseptorlarını qıcıqlandırmaqla bizi iştaha gətirən, axşamkı bayrama hazırlayan qoxusu…

Və səs-küy…

Bu gün heç nəyə məhəl qoymaq fikrində olmadığını bütün ətrafa nümayişkaranə bir tərzdə göstərməyə çalışan adamların donqultusu; insan qaynaşan yol ayrıcında durmuş, fürsət tapıb qarşısındakı ət çəpərdə gördüyü hər dəliyə burnunu soxmağa can atan maşınların həmişəkindən daha hövsələsiz siqnalları…

Başqa vaxt kəllə qapağımızı başımızdakı papaqla bir yerdə qaldırmağa qadir olan bu səs-küy də bayramdan xəbər verir.

Hər yanda bir canlanma, bir oyanış… Millət tələsir… Əlidolu tələsir… Mağazalarda basabas, bazarlarda basabas… Bu gün hamı ya nəsə alır, ya da nəsə satır. Alanlar, əgər imkanı varsa, ehtiyatını bu bayram günləri yeyə biləcəklərindən qat-qat artıq tutur. Bayramın səhəri evdən çıxmamaq üçün elə hey alır, alır, alır…

Və diqqətli olsanız, bütün bu bayramsayağı tələskənlik, yüyürüşmə, canfəşanlıq, bir sözlə, bayram görüntülərdən ibarət ümumi mənzərədə uşaqları – bu günün əsl sahiblərini seçərsiniz. Maraqla ətrafına boylanan, bu fövqəladə canlanmaya dünyanın bütün nurunu toplamış girdə gözlərindəki təəccüblə baxan, bayramın hər anından möcüzə gözləyən, qarşıdakı təkrarolunmaz hadisələrin müjdəsindən nəfəsi kəsilə-kəsilə dəqiqələrini sayan, bayrama köklənmiş uşaqları…

Bu bayram onların bayramıdır…

* * *

Bu bayram havasında kişilərin həyatını mən üç dövrə bölərdim:
-Şaxta babanın varlığına inandığı;
-Şaxta babanın varlığına inanmadığı;
-Özünün Şaxta babaya çevrildiyi dövr.

İndi həyatının üçüncü dövrünü yaşayan və hər şeydən çox nəvələrinin Şaxta babası olmağı arzulayan, amma bu arzusuna hələ də çata bilməyən birisi kimi, mən hər bayram rəhmətlik babalarımı xatırlayıram: Səhlik babanı, Seyfulla babanı və Şaxta babanı. Onların hər üçü mənim həyatımda artıq yoxdur. Birinci ikisinin bu dünyaya vida deməsi yaddaşımda solğun bir mənzərədir, amma Şaxta babam onların hər ikisindən qabaq ölsə də, hər şeyi lap dünən olubmuş kimi xatırlayıram…


1959-cu ilin 30 dekabrı…

Yaman tələsirdik. Yaşadığımız Həmşəri palanından Baksovetin yanına xeyli yol vardı. Bizim uşaq baxçası Teymur Quliyevin mülkündəydi (indi həmin binada İran səfirliyi yerləşir), anam dostum Azadla mənim əlimdən tutub baxçadakı yeni il şənliyinə aparırdı. Hər ikimiz dovşan paltarımızı axşamdan geyib yoxlamışdıq… Yaraşırdı… Şəklimiz də var o paltarda, üzümüzün bütün cizgilərindən bəxtiyarlıq yağır…

İçəri girəndə inanmadıq; gözümüzün öyrəşdiyi mənzərədən əsər-əlamət yox idi. Baxçamız sehirli bir saraya dönmüşdü – bər-bəzək, dəb-dəbə…

Ağzımızı ayırıb nəhəng yolkaya, altındakı oyuncaqlara baxırdıq. Ayı, maral, tülkü, xoruz paltarı geymiş tərbiyəçilərimiz başımızı qatmaq, bizi məclisin baş qəhrəmanı olan Şaxta baba həzrətlərinin və gözəl Qar qızın gələcəyi xoşbəxt ana hazırlamaq üçün dəridən-qabıqdan çıxır, biz balacalarsa uzaq Şimal buzlaqlarından marala minib görüşümüzə gələn babamıza deyəcəyimiz şerləri təkrarlayırdıq…

Xanımana müəllimə pəncərədən boylandı və bizə sarı çönüb Şaxta babanın az sonra gələcəyini elan etmək istəyirdi ki, yaman pis iş oldu: qəflətən tualetə getməyim gəldi. Ayağımın birini qaldırıb o birisini qoya-qoya, bir az dözdüm. Amma yox, gördüm ki, getməsəm olmayacaq. Bilmirdim əynimdəki dovşan paltarını çıxara biləcəkdimmi, amma yenə də sıradan xəlvətcə aralandım, divarın dibiylə sivişib dəhlizə çıxdım, tualetə tərəf yüyürdüm. Yaman tələsirdim – axı Şaxta babaya xoşgəldini mən eləyəsiydim; gecikə bilməzdim…

Dəhlizdən qalın pərdəylə ayrılmış tualetə yaxınlaşanda ordan bir hənirti gəldiyini duydum, amma dayanmaq olmazdı, iş-işdən keçə bilərdi. Əlimlə pərdəni qaldıranda dəhşətə gəldim: Düz qapının ağzında Qar qız paltarı geymiş bir xala durmuşdu, əsəbi-əsəbi “Tez ol da, ay başıbatmış, qurtar!” deyirdi.

Başqa vaxt olsaydı, bəlkə də qorxub qaçardım, amma indi yox: indi geriyə yol yox idi…
Bizim tramvaydakı qırmızıdodaq konduktora bənzəyən arvadın düz qoltuğunun altından keçib tualetə soxuldum… Şaxta baba içi pambıqla sırınmış gümüşü ulduzlu qırmızı kürkünü süpürgənin dəstəsindən asmış, dik papağını da ağacın başına keçirmişdi, qurşağı yerdə, özü isə bərk məşğul idi…

Nəylə? Adam tualetdə nəylə məşğul olar?

Mənim dağ kimi güvəndiyim Şaxta babam elə orda, gözlərimin qabağında keçindi…
Şaxta baba mənim həyatımdan elə həmin gün çıxıb getdi, bayramla bağlı bütün arzu-istəklərimi də həmişəlik çalıb apardı…

* * *

İndi hamınızda təbəssüm doğuran bu hadisənin beş yaşı tamam olmamış bir uşaq üçün nə boyda bir sarsıntı olduğunu yəqin məndən başqa kimsə anlamaz…

* * *

Özümə söz vermişəm: əlimə fürsət düşsə, balacaların Şaxta babalı ömrünü imkanım yetincə uzadardım. O qədər uzadardım ki, ömürlərinin ən yetkin çağlarında belə, ildə heç olmasa bir gün – Yeni il axşamı o gözəl nağıla inansınlar. Onda yaşamaq da asan olardı, yaşatmaq da…

Siz də buna can atın. Bəhanə axtarmayın. Axı uşağa unudulmaz bayram keçirmək pula, vara, vaxta yox, yalnız istəyə bağlıdı. Bu istəyi onlara çox görməyin…

Hamınızın nağıl bayramı mübarək və inanın ki, gələn ilimiz heç bir halda bu ilimizdən pis olmayacaq!


[email protected]

LENT

25 Aprel 2019

Digər xəbərlər >>>