Vicdanla çəkilən haqq-hesab

Günel Mövlud
Он говорил: - Я пуст, Я пуст. -
Я говорила: - Где-то, где-то... -
Он говорил: - И пусть. И пусть.
Входи и позабудь про это.


(Bella Axmadulina)


1937-ci ildə, Stalinin hər yerdə, evdə, işdə, həyətdə, həyatda, hətta yuxularında belə hamının başının üstünü cəllad kimi kəsdirdiyi vaxtda, Moskvada bir tatar oğlu və italyan əsilli rus qızının evində Bella adlı qız doğuldu. O, bu günlərdə dünyasını dəyişmiş məşhur rus şairəsi, tərcüməçi, ssenariçi, aktrisa Bella Axmadulina idi.

Stalinin qəzəbinin hələ soyumadığı vaxtlarda yazdığı «Doktor Jivaqo» əsərinə görə Boris Pasternakın başına gətirilənlərdən yəqin ki, hamının xəbəri var. Həmin illərdə canını salamat, işini rahat istəyən ədəbiyyat adamlarının hamısı Pasternaka «yıxılana balta vuran» prinsipi ilə yanaşdılar. Gənc yazıçılar isə gələcək ədəbi karyeralarını dişlərinin zəhərini Pasternaka axıtmaqda görürdülər.

Həmin illərdə Bella Axmadulina Ədəbiyyat İnstitutunun tələbəsi idi. Pasternakın Yazıçılar Birliyindən qovulması üçün imza toplama aksiyası onun institutunda da keçirilirdi. O vaxt bu sənədə hamı imza atmışdı. Məşhur yazıçılar, şairlər, tərcüməçilər, pedaqoqlar, tələbələr...İşində qalmaq, təhsilini davam etdirmək üçün başqa yol onsuz da yox idi. Və bu imza toplama onsuz da formal bir şey idi – Patsernakı onsuz da qovacaqdılar.
O vaxt həmin sənədə imza atmayan tək cəsarətli adamlardan biri də 20 yaşlı Bella Axmadulina idi. Bella Axmadulina bu sənədə qol çəkmədi və bu hərəkətinə görə onu institutdan xaric elədilər.

Aradan iki ilə yaxın bir müddət keçdi və ehtiraslar soyuyanda Bella təzədən instituta bərpa olundu.

Bellanın etirazı qəhrəmanlıq kimi görünməyə bilər. Razıyam, bu, bəlkə lap xırda fədakarlıqdı. Amma məsələ başqadı.

Bir neçə il əvvəl, Rusiya telekanallarının birində, növbəti yuvarlaq yaşını qeyd edən Bella Axmadulina barədə sənədli film nümayiş olunurdu. Jurnalistin “Onsuz da bilirdiniz ki, həmin sənədə imza atmamağınız heç nəyi dəyişmir. Pasternakı mütləq qovacaqdılar. Sizsə təhsilinizi, gələcəyinizi təhlükəyə atırdınız. Niyə?” – sualına Bella belə cavab vermişdi:

- Düz deyirsiz, bilirdim ki, imzam heç nəyi dəyişmir. Amma Pastrenak məsələsində mən öz vicdanımla haqq-hesabımı ömürlük çürütdüm. Mən xəyanətkar olmamağı hələ gəncliyimdə özümə öyrətmək istədim. Və bacardım.

Mən Bella Axmadulinanın poeziyasının elə də vurğunu deyiləm. Bəlkə də bir vaxtlar olub ki, onun şeirləri olduqca yeni, maraqlı ədəbiyyat hesab olunub. Amma öz zövqümdən çıxış edərək deyirəm ki, ədəbiyyata doğrudan da dəxli olan bu qadının istedadı məsələn, bizim Aqşin qədər parlaq olmayıb. Bu yazar yekəxanalığı mənim Axmadulinanın barəsində danışdığım tarixçəsini eşidəndən bəri onu çox sevməyimə və şairin ölüm xəbərini eşidəndə, hələ də davam edən hüznü yaşamağıma mane olmadı.

Marina Svetayeva deyirdi ki, «ya predpoçitayu tvoreniyu tvortsa»....sənətkarın özü yaratdıqlarından gözəl, yaratdıqlarından xeyirli, yaratdıqlarından vicdanlı olmalıdır. Bella kimi...

LENT

20 May 2019
19 May 2019

Digər xəbərlər >>>