Cüdo aləminin ailə başçısı – “CANLI ƏFSANƏ”
20 oktyabr 2010 19:40 (UTC +04:00)

Cüdo aləminin ailə başçısı – “CANLI ƏFSANƏ”




Söhbətin istiqamətini bildikdən sonra danışmağa başladı...


51 ildir Sumqayıtda


1945-ci ildə Qusar rayonunun Həcəxur kəndində anadan olmuşam. Kəndimiz dağlıq ərazidə yerləşdiyindən, mayadək qar qalırdı. Orada çoxlu fiziki cəhətdən hazırlıqlı uşaqlar var idi. Məndə də fiziki hazırlığın bünövrəsi Həcəxurdan gəldi. 1-ci sinfi anamgilin kəndi Kirdə oxumuşam. Vəziyyət elə gətirmişdi ki, ailəmiz Nabranda qalırdı. Rəhmətlik atam Nabrandakı balıq vətəgələrində işləyirdi. Amma orada məktəb yox idi. İşlər mövsümi idi. Ona görə də məni anamgilin kəndindəki məktəbə qoydular. Sonradan atam Bakının Balaxanı qəsəbəsinə işləməyə gəldi və ailəlikcə köçdük. 2-3-cü sinifləri mən Balaxanıda başa vurdum. Daha sonra atam səhhəti ilə əlaqədar rayona qayıtdı. Mən də 4 – 6-cı sinifləri atamgilin kəndində bitirdim. 1959-cu ildə Sumqayıt şəhərindəki Kimya Texnologiyası texnikumuna daxil oldum. Elə o vaxtdan – 51 ildir ki, Sumqayıtda yaşayıram.

Böyük idmana yaranan həvəs

Orta texniki təhsilimi kimyaçı kimi alsam da, bəxtimdən, texnikumda bədən tərbiyəsi müəllimimiz Azərbaycanın əməkdar məşqçisi, sambonu respublikamıza yaymış İsmayıl Əhmədov idi. O, özünə sambo bölməsi açmışdı. Biz tələbələr də həmin bölməyə yazıldıq. Mən fəal təsir bağışladım. Fiziki hazırlığım yaxşı idi. Demək olar ki, il yarımdan sonra – 1961-ci ildə gənclər arasında Azərbaycan birinciliyinin qalibi oldum. O vaxtlar indiki kimi 3-4 yaş qrupunda deyil, 2 yaş qrupunda yarışlar keçirilirdi. Bu nailiyyətlərimi davam etdirdim. 1962-ci ildə də gənclər arasında Azərbaycan birinciliyinin qalibi oldum. Növbəti il isə Rusiyanın Qorki (indiki Nijni Novqorod – red.) şəhərində “Spartak” cəmiyyətləri üzrə SSRİ birinciliyində qızıl medal qazandım. Elə həmin il Saratov şəhərində cəmiyyətlər arasında SSRİ birinciliyi keçirilirdi, həmin yarışda bürünc medala layiq görüldüm. Beləliklə, idman karyeramda irəliləyişlər başladı və məndə idmana həvəs daha da artdı.

Əsgərlikdə “matras”dan tatami düzəldib

Amma o dövrdə idmana indiki kimi diqqət yetirilmirdi. İndi idmana qayğı çox böyükdür. Texnikumu bitirdikdən sonra mənim idman nailiyyətlərimə məhəl qoyan olmadı. Baxmayaraq ki, respublika birinciliyinin qalibi olmuşdum. Nəticədə mən 1964-cü ildən etibarən hərbi xidmətimi Qazaxıstanın Şevçenko şəhərində (indiki Aktau vilayəti) tikinti batalyonunda çəkməli oldum. Lakin mən idmana həvəsimi hərbi xidmətdə də nümayiş etdirdim. İnadkarlıq göstərərək, öz bacarığımı büruzə verərək, komandirlərin hörmətini qazanaraq, əsgərlər arasında sambo bölməsi açdım və ona rəhbərlik etdim. Mənə 100-dək sırıqlı verdilər, onların düymələrini kəsdim. “Matras”lar verdilər, onlardan tatami düzəltdim. Olmayan yerdən bölməni yaratdım və müəyyən müvəffəqiyyətlər əldə etdik. Mənim rəhbərliyim altında əsgərlər vilayət birinciliyində güləşdilər. Təkcə samboya deyil, sərbəst və yunan-Roma güləşinə də maraq yaratmışdım. Yarışlarda həm özüm çıxış edirdim, həm də əsgər yoldaşlarımı hazırlayırdım. Qubanın Digah kəndindən olan Rafiq Mirzəyev, Samuxdan Yusif Yusifli, Bərdədən Saleh Əliyev, Ağcabədidən Arif Əliyev kimi azərbaycanlılar və ruslar, qazaxlar, özbəklər, gürcülər müəyyən uğurlar əldə etdilər. Mən ictimai əsaslarla məşqçi kimi çalışırdım. Hərbi hissə komandirinin təqdim etdiyi fəxri fərmanları indiyədək də saxlamışam.

“İndi də fəxarətlə qəzetlərdəki şəkillərimi göstərirəm”

1967-ci ildə hərbi xidməti başa vurdum. Məndə idmana maraq əsgərlikdən qayıtdıqdan sonra da davam etdi. Hərbi xidmətdən öncə 1963-cü ildə texnikum təhsilimi başa vurarkən, təyinatla Sumqayıt Superfosfat Zavoduna göndərildim. Zavodda il yarımlıq fəaliyyətim dövründə aparatçı köməkçisindən növbə rəisi vəzifələrinədək inkişaf etdim və superfosfat sexinin açılışında iştirak etdim. Yeni açılan obyekt kimi tez-tez “Vışka”, “Kommunist” qəzetlərində məqalələr dərc olunurdu. İndi də fəxarətlə ailəmə, tanışlarıma, qohumlara, nəvələrimə qəzetlərdəki şəkillərimi göstərirəm. Yəni, o vaxtlar yeni, qabaqcıl obyekt idi, həm də bütün respublika üçün superfosfat gübrəsi istehsal edirdi. Demək istəyirəm ki, idmandan əlavə, kimyaçı kimi də fəaliyyət göstərmişəm. Əsgərlikdən qayıtdıqdan sonra həmin müəssisədə fəaliyyətimi davam etdirdim.

“Rəcəblilər nəslinin idmanda ilk addımları mənimlə atılıb”

Eyni zamanda, idmanla da məşğul olurdum, güləşirdim. 1972-ci ildə sambo üzrə respublika çempionu oldum, idman ustası adını aldım. Mərkəzi Şuranın yarışlarında, ümumittifaq yarışlarında, turnirlərdə güləşməkdən əlavə, məşqçilik fəaliyyətinə də başladım. O vaxtlar indiki Azərbaycan Dövlət Neft Akademiyasının Sumqayıtdakı filialı Ali Texniki Təhsil Məktəbi adlanırdı. Orada işləyirdim. Həmin vaxt cəmi 23 manat maaş alırdım. Amma böyük həvəslə çalışırdım. Mənə 2 sinif otağı vermişdilər. Otağa döşək sərib məşq keçirdim. Xeyli yetirməm vardı. Mənim davamçılarım, qardaşlarım bölmələrə yazıldılar. Bizim Rəcəblilər nəslinin idmanda ilk addımları mənimlə atılıb. Sonradan özümdən kiçik qardaşlarım idmana gəldilər. Məmməd Rəcəbli, Fərhad Rəcəbli, Əhəd Rəcəbli idman ustası, yığma komandamızın üzvü oldular. Qardaşlarımdan sonra oğlum Zaur Rəcəbli güləşməyə başladı. SSRİ birinciliyində gümüş medal qazandı. Hazırda Sumqayıtdakı Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbində məşqçi kimi çalışır. Digər övladım Elxan Rəcəbli isə cüdo üzrə Azərbaycan milli komandasının üzvüdür. 2001-ci ildə dünya çempionatında bürünc medal əldə edib. Hərbçilərin dünya çempionatlarının qalibi və bir neçə dəfə mükafatçısıdır. Hazırda nəvələrim güləşirlər. Zaurun oğlu Cəsur Asiya ölkələrindən olan uşaqlar arasında yarışda ikinci yeri tutub. Hazırda 18 yaşı var. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsidir. Ondan kiçiyi Şamil yığmamızın üzvüdür. Qardaşım oğlu Murad Rəcəbli ölkə çempionudur, az öncə Belarusun paytaxtı Minskdə keçirilən Dünya Kubokunda qüvvəsini sınayıb. Muradın atası Fərhad Rəcəbli bir neçə gün öncə usta cüdoçular arasında Avropa çempionatında gümüş medala layiq görülüb.

Ani qərar

Sonradan fəaliyyətim genişləndi. Əyani bölmədə cəmi 200 nəfər tələbəsi olan məktəbimiz ali məktəblər arasında güləş, sambo, cüdo üzrə qalib olurdu. Bu fəaliyyətimə görə məni “Burevestnik” Könüllü Tələbə İdman Cəmiyyətinin baş məşqçisi seçdilər. Sonradan isə yığma komandanın baş məşqçisi vəzifəsinə dəvət etdilər. Bunadək mənə Ali Texniki Təhsil Məktəbində kafedra müdiri vəzifəsini təklif etmişdilər. Saat 14:00-da Elmi Şura yığışıb məni kafedra müdiri kimi təsdiqləməli idi. Səhər saatlarında Azərbaycan SSR Bədən Tərbiyəsi və İdman Komitəsinə çağırdılar. Dedilər ki, komandanın yarısı sənin uşaqlarındır, istəyirik ki, yığmanın baş məşqçisi olasan. Mən seçim arasında qaldım. Ya kafedra müdiri kimi sırf tədris işi ilə, ya da böyük idmanla məşğul olmalı idim. Mən böyük idmanı seçdim. İndi də bu qərarıma peşman deyiləm. Beləliklə, Azərbaycan yığma komandasının baş məşqçisi oldum. Komandamızın özəyi sonradan yüksək nəticələr göstərən tanınmış cüdoçularımızdan ibarət olub. 1992-ci il Barselona Yay Olimpiya Oyunlarının qalibi olan Nazim Hüseynovun uşaqlığı bu komandada keçib. İndiki baş məşqçi Ağayar Axundzadə o vaxt mənim köməkçim idi. 1989-cu ildə respublikamızda olan ictimai-siyasi vəziyyətlə əlaqədar mən Sumqayıtda qalaraq yerli cüdoçularla Respublika Yüksək İdman Ustalığı Məktəbində işimi davam etdirməyə başladım. Nəyə görə getdiyimin təfərrüatlarına varmaq istəmirəm. Axundzadə isə yığmanın baş məşqçisi oldu.

Onu ən çox sevindirənlər...

Yetirmələrim arasında məni hamıdan əvvəl qardaşım Fərhad Rəcəbli sevindirib. O, nəinki məni, ümumiyyətlə, Azərbaycan cüdo ictimaiyyətini fərəhləndirib. 1978-ci ildə SSRİ yığmasının tərkibində ilk azərbaycanlı cüdoçu kimi Macarıstanda keçirilmiş Avropa çempionatında iştirak edib və 3-cü yeri tutub. Çox gərgin yarış keçib. 7 görüşdə qalib gəlib, yalnız 1 görüşdə uduzaraq, bürünc medala layiq görülüb. Bu, Azərbaycan cüdo tarixinə ilk böyük nəticə kimi düşüb. Tələbələrim arasında isə qardaşlarımdan əlavə, SSRİ birinciliklərində yer tutan idmançılar olublar. Respublikamızda ilk beynəlxalq dərəcəli usta Qüdrət Pəncəliyev, mktəblilərin spartakiadasının ilk qalibi Faiq Ağayev mənim tələbələrimdir. Ağayev 1981-ci ildə Litvanın Kaunas şəhərində məktəblilərin spartakiadasının qalibi, 1982-ci ildə isə sambo üzrə gənclər arasında dünya çempionu olub. Bu da hədsiz sevincimizə səbəb olub. Çünki o vaxtlar spartakiada dövlət səviyyəli tədbir kimi dəyərləndirilirdi. 1981-ci ildə Belarusun paytaxtı Minskdə Fərhad Rəcəblinin SSRİ çempionatının bürünc mükafatçısı olması da tarixi fakt kimi qaldı. 7 il sonra isə o, Qazaxıstanın paytaxtı Almatıda təşkil olunan SSRİ çempionatında gümüş meqal qazandı. Qardaşım finalda Avropa çempionu Pestnyakla bərabər səviyyədə güləşdi. Hakimlərin rəyi ilə - buna xante deyirlər - qələbəni Pestnyaka verdilər. Bununla belə, Fərhad Rəcəbli sonradan İtaliyada keçirilmiş Qran-prinin qalibi oldu və beynəlxalq dərəcəli usta adını aldı. Bu, ən böyük sevindirici hal idi. 1983-cü ildə Qüdrət Pəncəliyevin SSRİ xalqlarının Spartakiadasında Azərbaycan idmançıları arasında ilk dəfə 3-cü yerə çıxması və sonradan beynəlxalq yarışın qalibi olaraq, beynəlxalq dərəcəli usta adını alması respublikamızın yığma komandasının hədsiz sevincinə səbəb oldu. Çünki bu, ilk azərbaycanlının uğuru idi. Öncəki spartakiadalarda 2-3-cü yerləri tutanlar olmuşdu, amma onlar Azərbaycanda yetişən idmançılar deyildilər. Rusiyada yetişən idmançılar idilər, hərbçilər kimi komandamıza daxil olmuşdular. Amma öz yetirmənin uğurunu görmək daha fərəhlidir.

“Mən bununla fəxr edirəm”

1981-ci ildə cüdo məşqçiləri arasında ilk dəfə mənə Azərbaycanın əməkdar məşqçisi adı verildi. Cüdo məşqçiləri arasında ilk dəfə 1984-cü ildə Ali Sovetin fərmanı ilə Bədən tərbiyəsi və idman xadimi adını almışam. 2007-ci ildə Tərəqqi medalı ilə təltif olunmuşam. Hazırda paralimpiyaçı cüdoçulardan ibarət milli komandamızın baş məşqçisiyəm. 2001-ci ildə tələbəm İlham Zəkiyev hərbi xidmətdən gözlərinin nurunu itirib qayıtdı. Əsgərlik vaxtı erməni snayperinin gülləsinə tuş gəldi. Bundan sonra Zəkiyevi gözdən əlillərin yarışına hazırlamalı oldum. Mexaniki olaraq, digər əlil cüdoçular da mənim boynumda oldular. O vaxtdan paralimpiya yığmamızla işləyirəm. Hazırda komandamız çox güclüdür. Həm 2004-cü il Afina, həm də 2008-ci il Pekin Yay Paralimpiya Oyunlarında tələbəm İlham Zəkiyev qızıl medala layiq görülüb. Pekin Yay Paralimpiya Oyunlarında daha 3 cüdoçumuz da mükafatçılar sırasına düşüb. Daha sonra Avropa çempionatında ümumi komanda hesabında birinci yeri tutmuşuq. Ardından komanda formasında Rusiyanı yenərək, çempion olmuşuq. Yəni, 1959-cu ildən etibarən, Rəcəblilər ailəsində ilk addımlar mənimlə atılıb. Artıq respublikamızda da, ondan kənarda da, bütövlükdə cüdo aləmində Rəcəbliləri bir idmançı ailəsi kimi tanıyırlar. Mən də bununla fəxr edirəm.

“Bizim dövrdə idmana belə qayğı yox idi”

Hazırda məşqçini tələbəsinin nailiyyətinə görə yüksək mükafata layiq görürlər. Yaşadığım evi mənə dövlətimiz verib. Prezidentin sərəncamı ilə almışam. Amma o dövrdə belə məsələlər yox idi. Əvəzində qalaq-qalaq fəxri fərmanlar var idi. Hansı ki, onların heç birinə çörək pulu da düşmürdü. Amma onlar sənin həyatın, işin idi. O vaxtlar pul mükafatı da demək olar ki, yox idi. Stimulumuz ad, hörmət qazanmaqdan ibarət idi. Mən indiki uşaqlara yaxşı mənada qibtə edirəm. Bizim dövrdə idmana belə qayğı yox idi. Prezidentimiz sağ olsun. Həqiqətən də idmançıya insan kimi, idmana isə bir iş kimi yanaşırlar. O vaxtlar demirdilər ki, idmançımız getdi, bayrağımızı qaldırdı. SSRİ dövründə biz Azərbaycanın bayrağını uzaqbaşı spartakiadalarda qaldırırdıq. Sonrasını isə biz yox, SSRİ yığmasının məşqçilər heyəti həll edirdi. Məsələn, qardaşım Fərhad Rəcəbli SSRİ çempionatında bürünc medal qazandıqdan sonra Sovet İttifaqının yığma komandasına düşdü. Orada isə ona SSRİ-nin baş məşqçisi rəhbərlik edirdi. İstəyəndə Avropa, dünya və ya olimpiadalara aparırdılar, istəməyəndə yox. Aparmayanda adını qoyurdular ki, guya hansısa arayışı yoxdur. Amma indi idmançılarımızın xoşbəxtliyi ondadır ki, Azərbaycan yığmasında yer alırlar, Avropa və dünya çempionatları, olimpiadalarda çıxış edirlər. Məsələn, 1995-ci ildə Azərbaycanın 40 nəfərlik nümayəndə heyəti İngiltərənin Bat şəhərində keçirilən Avropa Yeniyetmələrinin Olimpiya Festivalında iştirak edirdi. Heyətin tərkibində atletlər, üzgüçülər, velosipedçilər və digər növlər üzrə idmançılar yer almışdı. Həmin vaxt cüdo yığmamızın baş məşqçisi idim. Tələbəm İntiqam Məmmədov nümayəndə heyətimizin üzvləri arasında medal qazanan yeganə idmançı oldu. Məmmədov yarımfinalda rusiyalı ilə güləşirdi. Rusiya millisinin baş məşqçisi vaxtilə SSRİ yığmasının məşqçisi olmuş Xoxlov idi. Bir-birimizi tanıyırdıq. Yanaşı dayanaraq, öz yetirmələrimizin çıxışına tamaşa edirdik. Fərəhli haldır ki, mənim tələbəm onun yetirməsini yendi və finala yüksəldi. Doğrudur, finalda belaruslu rəqibinə uduzaraq, ikinci yeri tutdu. Amma hər halda yeganə medalı məhz İntiqam Məmmədov qazandı. Sovet dövründə olsaydı, elə edərdilər ki, Məmmədov belə nüfuzlu yarışda nəinki yer tutardı, heç SSRİ yığmasına düşməzdi. Amma Azərbaycan müstəqillik qazandıqdan sonra idmançılarımız digər ölkələrlə bərabər hüquqda çıxış edir, hətta nüfuzlu yarışların qalibi olurlar. Müstəqillik hər bir sahədə olduğu kimi, idmanda da bizə çox şey verib. Ona görə də idmana göstərdiyi qayğıya görə, bütün idmançılarımız və məşqçilərimiz adından prezidentimizə təşəkkür edirəm. 2007-ci ildə cüdo üzrə dünya çempionatı Braziliyada keçirildi. Orada Azərbaycanı demək olar ki, tanımırdılar. Amma Elnur Məmmədli və İlham Zəkiyevin sayəsində bayrağımız qalxanda, himnimiz səslənəndə hamı gəlib soruşurdu ki, Azərbaycan harada yerləşir? Onlara ölkəmizin coğrafi mövqeyini izah edirdik. Bunun özü ölkəmizi tanıtmaq deməkdir. Biz bununla fəxr edirdik.

Paralimpiya cüdosunun fərqi

Paralimpiyaçı cüdoçuların yarışları yalnız gözdən əlillər arasında keçirilir. Belə cüdoçular isə 3 qrupa bölünürlər. Amma yarış eyni olur. Məsələn, ikiqat paralimpiya çempionumuz İlham Zəkiyev heç görmür. Buna B1 qrupu deyirlər. Amma başqa bir idmançı görmə qabiliyyətini müəyyən dərəcədə itirib, gözləri torlu görür. Bu isə B2 qrupuna daxildir. B3 qrupu da var. Bunları bir-birindən ayırmaq həkimlərin, müvafiq komissiyanın işidir. Amma hər üç qrupda yer alan cüdoçular yalnız çəki dərəcələri üzrə bölünürlər. Yarış qaydalarında isə ədalətli bir qərar var ki, sağlam cüdoçular bir-birindən 4 metr aralıda duraraq, mübarizə aparırlarsa, paralimpiyaçı cüdoçuları bir-birinə hakim yaxınlaşdırır, onların bir-birindən tutmasını təmin edir və sonra güləşməyə start verir. Yəni, gözləri tamamilə görməyən cüdoçu rəqibini tutmuş halda olur. Qalan məsələlərdə - güləşmə qaydaları, fəndlər, onların xalla qiymətləndirilməsi, vaxtda heç bir fərq yoxdur. Hamısı eynidir.

“Xaricdən qayıdanda ən çox suvenirlər alıram”

İndiyədək xeyli ölkədə olmuşam. Hər bir ölkənin maraqlı cəhətləri var. Fəxr edirəm ki, hansı ölkədə oluruqsa, Azərbaycanı təmsil edirik. Ona görə də yarış vaxtı və yarış zalından kənarda elə hərəkət etməliyik ki, “Halal olsun, bunlar Azərbaycandan gəliblər” desinlər. Biz idman xadimlərinin üzərinə bu şərəfli vəzifə də qoyulub. Daim idmançılarımızın ləyaqətli hərəkətləri ilə fəxr etmişəm. İdmançılar təmsil etdikləri ölkəyə layiq hərəkət etməli və ölkəni yaxşı tərəfdən tanıtmalıdırlar. Yarış elədir ki, səhərdən axşamadək zalda olursan. Amma imkan daxilində hər bir ölkənin gəzməli-görməli yerlərinə də baş çəkmişik. Məsələn, Fransada olduğumuz vaxt yolüstü Parisdəki Eyfel qülləsinə çıxdıq. Şəkillər çəkdirdik. Xaricdən qayıdarkən, ən çox aldığım əşya suvenirlər olub. Doğrudur, indiyədək ev şəraitim elə idi ki, gətirdiyim əşyaları üzdə qoymağa yerim yox idi. Mənə yeni mənzil verildikdən sonra suvenirləri rəfə qoymuşam. Onlara baxanda olduğum ölkələri – Macarıstan, Rusiya, Almaniya, Türkiyə, Fransanı xatırlayıram. Eyni zamanda qazandığımız medallar, kuboklar, xatirə hədiyyələrini gətiririk. Əslində, istədiyimiz də bunlardır. Başqa bir şey istəmirik.

“Hamı necə, biz də elə”

Mənim 4 övladım – 2 oğlum, 2 qızım var. Qızlarım ərdədirlər. Oğlanlarım isə Zaur və Elxandır. Hər ikisi cüdoçudur. Hər bir övladımdan 2 uşaq olmaqla, 8 nəvəm var. Zaurun övladlarından danışdım. Qalanlarının isə hələlik yaşları azdır. Hazırda ailəmizin sonbeşiyi Elxanla birgə qalırıq. Aramızda münasibət gözəldir. Evimizdə başqa söz-söhbət yoxdur. Ailəlikcə dinə-imana inanan, namaz qılan insanlarıq. Ailəmizdə içki söhbəti yoxdur. Ona görə də saflıq var, mehribançılıq var. Dolanacağımız da şükür Allaha. Hamı necə, biz də elə. Bir fərqimiz var ki, idmançılarımızın nəticələri olanda biz məşqçilər müəyyən mükafatlar alırıq. Bu da maaşımızdan əlavə gəlirimiz sayılır.

Hazırda 65 yaşım olsa da, maşallah, özümü yaxşı hiss edirəm. Bu da, loru dildə desək, özümə yaxşı baxmağımla əlaqədardır. Uşaqlıqda siqaret çəkmişəm. Amma məşqə gələndə ilk müəllimim mənə baxdı, gördü ki, qüvvəli olsam da, tez yoruluram. Dedi ki, siqaret çəkirsən. Yalandan çəkmədiyimi dedim. Amma sonra siqareti atdım. İndi uşaqlara deyəndə ki, nə vaxtsa siqaret çəkmişəm, inana bilmirlər. Məşqçilik fəaliyyətim dövründə neçə-neçə insanı siqaretdən aralamışam. Sovet dövründə az-maz içirdim. Rusların xasiyyəti vardı: “Gəlişin münasibətilə”, “Gedişin münasibətilə”, “Çempionluq münasibətilə”. Hətta onların bir sözləri vardı: “Kim içmirsə, bizimlə deyil”. Yarışlara gedəndə buradan ruslara pay aparırdıq. Yəni, belə şeylər olub. Amma haqqın yoluna gələndə mən bunların hamısını tərgitdim. Azacıq içdiyim dövrdə başım ağrıyırdısa, indi özümü gümrah hiss edirəm. Deməli, insanı yıxan içki və siqaretdir. Üçüncüsü isə hərəkətsizlikdir. Düzdür, indi əynimə kimono geyinib uşaqlarla güləşmirəm. Amma hərəkətli oluram. Hansısa fəndi göstərirəm. Bu zaman fəndi tənbəlcəsinə yox, ürəkdən nümayiş etdirirəm. Uşaqlarla basketbol, voleybol, futbol oynayıram. Təlim-məşq toplantıları vaxtı idmançılarımla birgə qaçıram. Bütün bunlar sağlamlıq əlamətləridir. Digər tərəfdən, yeməyimə də fikir verirəm. Elə olub ki, orucluq vaxtı toya getmişəm, iftar açılanadək dözmüşəm. İftardan sonra isə qidama nəzarət etmişəm. Qarın başdan aşağıda yerləşir. Axşamlar yoldaşımı da götürüb, 11-ci mərtəbədən aşağı düşürəm. Bu da sağlamlığıma xeyirlidir.

Elşən Məmmədov
# 2743

Oxşar yazılar